Azərbaycan diasporu və Xocalı
soyqırımı
Yeni strateji hədəflər
hansılardır və nəticəni necə əldə etmək
olar?
Problemləri olan hər bir ölkə diasporun fəaliyyətindən
yararlanmaq və güclü diaspor formalaşdırmaq istəyir. Azərbaycanda
da bu qəbildən olan ölkələr sırasına
daxildir. Çünki elə bir coğrafi
mövqedə yerləşmişik ki, geopolitik savaşlar
ölkəmizə qarşı diqqəti artırır və
bu əksər hallarda ciddi basqılarla nəticələnir.
Elə Qarabağ probleminin yaranma səbəbi də
dünyada gedən geosiyasi oyunlara dayanır. Məhz geosiyasi qarşıdurma nəticəsində
dağılan SSRİ-nin varisi olan Rusiya MDB-yə təsir
imkanlarını əlində saxlamaq üçün bölgədə
münaqişəli ocaqlar və bunun üçün
münbit şəraitlər yaratmağa başladı. Biz Qarabağ probleminin yaxın zamanlarda həllini
düşünərkən, eyni səbəbdən Abxaziya və
Osetiya, daha sonra isə Krım problemi meydana çıxdı.
Qarabağı itirmişik və bu proses zamanı tarix boyu
unutmayacağımız ağrılı səhnələrin
şahidi olmuşuq. Bu səhnələrdən biri də bu il 25-ci ildönümü olan Xocalı
soyqırımıdır.
Hər bir Azərbaycan vətəndaşı səy
göstərməlidir ki, Xocalı soyqırımı kimi bənzər
olaylar bir daha başımıza gəlməsin. Bunun üçün
dünya mediası ilə ciddi iş aparılmalı və Azərbaycanın
haqq səsi dünya ölkələri, beynəlxalq təşkilatlarla
yanaşı, xarici QHT-lər və dünya ictimaiyyətinə
çatdırılmalıdır. Bu səbəbdən
də Azərbaycan diasporunun üzərində ciddi məsuliyyət
yükü var. Amma reallıq vəziyyətin o qədər də
ürəkaçan olmaması qənaətini yaradır.
İlk olaraq bu istiqmətdə görülən
işlərə, qazanılan uğurlara, problemlərə və
onun köklərinə nəzər salaq.
Diasporun yoxsa, diplomatiyanın qələbəsi?
Xocalı
soyqırımını qəbul edən ölkələrin
siyahısına - məsələn, Meksika, Pakistan, Kolumbiya,
Peru, Honduras kimi ölkələrə baxarsaq burada aydın bir
mənzərə ortaya çıxır. Göründüyü
kimi Xocalı soyqırımına Azərbaycan diasporunun zəif
olduğu, bəzən isə ümumiyyətlə,
olmadığı ölkələrdə qiymət verilib.
Ona görə də qazanılan uğurlar Azərbaycan
diplomatiyasının adına
yazılmalıdır.
Buradan da məlum olur ki, Xocalı soyqırımı ilə
bağlı qəbul olunmuş qərarlarda Azərbaycan
diasporunun elə də ciddi rolu olmayıb. Bunun müxtəlif
səbəbləri var və bu səbəblərin hər biri
ayrıca mövzudur. Bizim məqsədimiz
isə Azərbaycan diasporunun indiyə qədər
atdığı bəzi hallarda effektsiz, heç bir təsir
yükü olmayan, yeknəsəq tədbirlərdən
qurtulmağın yollarını araşdırmaq və daha
effektli, yeni strateji istiqmətləri necə müəyyənləşdirmək
barədə düşünməkdir.
Onu da bildirək ki, Azərbaycan dövlətinin xarici
siyasətində əsas prioritet istiqamətlərdən biri
olan bu soyqırımın beynəlxalq aləmdə
tanıdılması, eləcə də obyektiv qiymət verilməsi
ilə bağlı davamlı işlər aparılıb. Heydər
Əliyev Fondunun dəstəyi ilə “Xoclıya Ədalət”
Kampaniyası çərçivəsində müxtəlif
işlər görülüb. Azərbaycan
diasporu da bu istiqamətdə müəyyən addımlar
atıb, amma gəlin razılaşaq ki, diasporumuzun bu yöndə
fəaliyyəti nəticə etibarilə yetərsiz olub.
Təəssüf ki, diaspor dövlət siyasətinin
prioritet istiqamətlərin birinə lazımi qədər dəstək
verə bilməyib.
Acı həqiqət
Xüsusilə
Avropa ölkələrində Azərbaycan diasporunun təsir
imkanlarının az olması kimi acı həqiqəti
qəbul etməliyilk. Bunun bir səbəbi də
erməni diasporunun uzun illər ərzində burada fəaliyyət
göstərməsi və oturuşmasıdır. Erməni lobbisinin güclü tərəflərindən
biri də bu ölkənin diasporunu formalaşdıran fərdlərin
bizdən fərqli olaraq daha çox intellektual sahələrdə
çalışmalarıdır. Bu faktor
da xüsusən Avropada Xocalı soyqırımına qiymət
verilməsini çətin duruma salır.
Onu da bilməliyik ki, dünya yalnız Avropadan ibarət
deyil və soyqırıma Avropanın hansısa dövlətinin
verdiyi qiymətlə, başqa bir Asiya və ya Afrika ölkəsinin
verdiyi qiymət hüquqi baxımdan eyni mahiyyət
daşıyır. Ona görə də inkişaf etmiş
dövlətlərlə yanaşı dünyanın digər
istiqamətlərinə də nəzər salmağın
vaxtı çatıb.
Yeni
strateji hədəflər
Hazırda dünya düzəni dəyişir. Dəyişən
dünyada Afrikanın önəmi artır və daha çox
cəlbedici olmağa başlayır. Məlumdur
ki, qlobal savaşların arxasında dayanan əsas məsələ
təbii sərvətlərlə bağlıdır. Enerji və digər təbii ehtiyatlar uğrunda
dünya savaşı gedir və bu da yeni istiqamətlər
müəyyənləşdirir. Bu səbəbdən
də neftlə və digər təbii sərvətlərlə
zəngin olan Afrika ölkələri daha cəlbedici
görünür. O da məlumdur ki, bundan sonra artıq
xüsusən bəzi Avropa ölkələrinin Afrikanı
istismar etməsi əvvəlki tək rahat olmayacaq. Bunun səbəblərindən biri də Afrika
ölkələrinin artıq öz sərvətlərinə
sahib çıxma istəyi, eləcə də texnoloji cəhətdən
inkişaf etməkdə qərarlı olmalarıdır.
Qeyd
etdiyimiz kimi yeni dünya düzəni və bu proses çərçivəsində
dünyaya təsir edən amillər, iqtisadi böhran,
geopolitik savaşlar bizim bölgədən də yan keçmədi.
Xüsusən qlobal güclərin idarə etdiyi
prosesin Türkiyədə qırılma nöqtəsindən
sonra qardaş ölkənin timsalında bizim də xeyrimizə
olan amillər yarandı.
Bütün bu proseslərdən Türkiyənin ən
böyük qazanclarından biri, bəlkə də
çoxlarının təxmin edə bilmədiyi və ya
hesablamadığı gözəgörünməz silah –
sevgi idi. Türkiyə bu prioseslərin nəticəsi olaraq
İslam ölkələrinin və xüsusilə Afrika
xalqlarının sevgisini qazandı ki, bu da qardaş ölkənin
bu istiqamətdəki xarici siyasətində uğur
qazanması üçün ciddi rol oynayacaq amilə
çevrilib.
Son zamanlar Türkiyə prezidentinin Afrika ölkələrinə
mütəmadi səfərləri də təsadüfi deyil və
bu bölgənin də dünyada ciddi rol oynayacağı,
bunun nəticəsində də inkişaf edəcəyi
proqnozlaşdırılır.
Hazırda Afrika ölkələrində Türkiyə
şirkətləti çox ciddi fəaliyyət göstərirlər,
iri həcmli investisya yatırırlar və.s. Bunun nəticəsi
olaraq Afrikada fəaliyyət göstərən türklərin
sayı artır və bunlar da Türkiyənin Afrikada diasporunu
formalaşdırırlar.
Türkiyənin
Azərbaycandakı səfirliyindən aldığımız
məlumata görə, Türkiyənin 26 Afrika ölkəsində
səfirlik və onun nəzdində ticarət
müşavirliyi var. Bu ölkələrlə ticarət
dövriyyəsi ümumilikdə 20 milyard dollara yaxındır
və bu rəqəmlər artmaqdadır.
Yeni geosiyasi mənzərədən necə yararlanaq?
Biz isə bu yeni geosiyasi mənzərədən yararlan
bilərik. Xocalı soyqırımını Afrika ölkələrində
qəbul etdirməyimiz müzakirə olunası mövzudur.
Təbii ki, Türkiyənin rəsmi olaraq buna dəstək
verməsini gözləmirik. Sadəcə
Türkiyə pərdəarxası olaraq bu prosesə dəstək
verə bilər. Burada əhəmiyyətli rolu Türkiyənin
diplomatik korpusları ilə yanaşı, Afrikada diasporunu
formalaşdıran iş adamları oynaya bilər. Azərbaycan diasporu ilə Türkiyə diasporunun
birlikdə hücum takltikasına keçməsi praktiki olaraq
reallaşmalı və bu faktor bütün istiqamətlərdə
həyata keçirilməlidir.
Türkiyədə
fəaliyyət göstərən Afrika üzrə mütəxəssis
Huriyyə Yıldırım bildirdi ki, Türkiyə və Azərbaycanın
Afrika ölkələri üzərində bu cür təsir
imkanlarına malik olması hazırda çox çətindir:
“Afrikada bu təsirə sahib olmaq üşün afrikalı
liderlərin Türkiyəyə simpatiyası yetərli deyil. İctimaiyyətin dəstəyi də vacibdir. Təəssüf ki, bu qitədə ictimai
diplomatiyamız hələ ki yetərsizidr. Bunun gerçəkləşməsi
üçün dövlətlərarası siyasi, iqtisadi və
hərbi əlaqələr mövcud səviyyədən daha
irəlidə olmalıdır. Daha sonra isə
Afrika xalqlarının simpatiyasını qazanmalı və
daha çox təbliğat aparmalıyıq. Bundan başqa qitədə mənafe güdən
qlobal oyunçuların da təsirləri çox önəmli
faktordur...Beynəlxalq əlaqələrdə isə suveren, bərabərhüquqlu
prinsipi olduğu üçün hər hansı bir Afrika
ölkəsi ilə Avropa ölkəsi arasında
soyqırımı tanıma ilə bağlı hüquqi cəhətdən
bir fərq yoxdur”.
Çətin
də olsa mümkündür
Təbii
ki, bu proses asan başa gəlməyəcək. Yaranan
mühit onu deməyə əsas verir ki, Afrikada erməniləri
bu istiqmətdə məğlub edə bilərik və bu
Türkiyənin də işinə yarayacaq. Cibuti isə bir başlanğıc rolunu oynaya bilər.
Bu yaxınlarda Cibutinin Milli Assambleyası (Parlamenti) plenar
iclasında mütləq səs çoxluğu ilə
Xocalı soyqırımına dair qətnamə qəbul etdi. Qətnamədə
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalı və Xocalıda törədilmiş qətliam
soyqırım aktı kimi tanınır, günahkarların
müvafiq beynəlxalq prinsiplərə uyğun olaraq cəzalandırılmalı
olduğu bəyan edilir. Milli Assambleya BMT Baş
Assambleyasının və Təhlükəsizlik
Şurasının, eləcə də digər beynəlxalq təşkilatların
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin
yerinə yetirilməsini tələb edir, eyni zamanda beynəlxalq
ictimaiyyəti və beynəlxalq təşkilatları bu qərarların
yerinə yetirilməsi üçün Ermənistana təzyiq
göstərməyə çağırır.
Türkiyədə
fəaliyyət göstərən Beynəlxalq Strateji
Baxış İnstitunun (OUTLOOK) başqanı, analitik Yusuf
Çinar bildirdi ki, dünyada qondarma erməni soyqırım
iddialarını tanıyan ölkələrin böyük
hissəsi Avropa ve Latın Amerikası ölkələridir:
“Erməni iddialarını qəbul edənlərin əksəriyyəti
erməni lobbisinin güclü olduğu dövlətlərdir.
Erməni lobbisinin ən önəmli silahı təhsildir.
İntellektual qruplar vasitəsilə ölkələrə
basqılar həyata keçirirlər. Afrikada
bu anlamda erməni lobbisinin təsirinə məruz qalmayıb”.
Analitik
bildirdi ki, Türkiyə Afrika ölkələri ilə Qərb
kimi imperialist üslubunda deyil, bərabərhüquqlu hörmətə
əsaslanan isti münasibətlərini inkişaf etdirib: “Bu
faktor da erməni lobbisinin bu ölkələrdə
gücsüz olmasına təsir edib. Təəssüf
ki, Türkiyə və Azərbaycan diasporu arasında bərabər
və koordinasiyalı formada yürüdülən strategiya
yoxdur. Erməni lobbisi Afrikada həm də
ona görə güclü deyil ki, onların təməl hədəfi
iqtisadi və siyasi cəhətdən gücü olan ölkələrdir”.
Yusuf Çinar hesab edir ki, Türkiyə həm Xocalı soyqırımı, həm də qondarma erməni iddiaları mövzusunda gizli diplomatik yollarla, eyni zamanda ictimai təşkilatlar, diaspor və.s vasitəsilə Azərbaycanla birlikdə hərəkət etməlidir: “Əgər bu strateji xarakter daşıyan işbirliyi reallaşsa Türkiyə və Azərbaycan ciddi uğurlar əldə edəcək. Eyni zamanda Türkiyənin özü də qondarma erməni soyqırımına qarşı daha effektiv çözüm əldə edə bilər. Hüququi baxımdan isə hər hansi bir Afrika ölkəsi ilə inkişaf etmiş Avropa ölkəsinin soyqırımı qəbul etməsi arasında bir fərq yoxdur. Sadəcə dünya siyasətinə təsiri olan ölkələrin bu addımı atması dünyada rezonans yaradır. Afrikada əhalisi və iqtisadiyyatı kiçik olan ölkəllərin xocalı soyqırımını qəbul etməsi güclü dövlətlərdə olduğu kimi səs gətirməyəcək. Amma gələcək perspektiv üçün çox önəmlidir. Buna görə də böyük dövlətlərlə yanaşı kiçik dövlətlərdə də Xocalı soyqırımının qəbul edilməsi üçün birgə proqram hazırlanmalıdır. Bu ancaq yaxşı orqanizə edilmiş koordinasiyalı bir fəaliyyətlə mümkündür”.
Beynəlxalq İnsan Haqları Avrasya Forumunun rəhbəri Abdullah Buksur isə diqqətə çatdırdı ki, Afrikanın bütün böyük dövlətlərində Türkiyənin təmsilçiliyi mövcuddur: “Xocalı soyqırımının Afrika ölkələrində tanıdılması istiqamətidnə ictimai bir təşəbbüsə ehtiyac var. Buna iki ölkənin insan haqları sahəsində fəaliyyət göstərən ictimai təşkilatları da dəstək verə bilər...”.
Əli Zülfüqaroğlu
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim edilir.
Xalq Cəbhəsi.- 2017.- 14 fevral.-
S.7.