Azərbaycanlı alimin
monoqrafiyası Almaniyada çapdan
çıxıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzəri və inşaat mexanikası kafedrasının müəllimi, professor Ramiz İsgəndərovun “Möhkəmləndirilmiş və zədəli konstruksiyaların mühitdə dayanıqlığı” monoqrafiyası Almaniyada, “LAP LAMBERT Academic Publishinq” nəşriyyatında çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun rəyi əsasında təsdiqlənib. Müəllif əsərində özlü-elastiki mühitdə olan möhkəmləndirilmiş konstruksiya elementlərinin zədələnməsi nəzərə alınmaqla dayanıqlığının dinamik hesablanması üçün yeni fiziki və riyazi model təqdim edib. Bu model xarici mühit xarakteristikalarının xüsusiyyətlərini - reologiyanı, tezlikdən asılılığı və s. nəzərə alır.
Monoqrafiya dayanıqlıq və rəqslər məsələsi ilə məşğul olan mühəndis-mexaniklər, doktorantlar, universitetlərin mexanika-riyaziyyat fakültələrinin müəllim və tələbələri, həmçinin ali texniki məktəblərin əməkdaşları üçün dəyərli mənbə ola bilər.
Xalq cəbhəsi.- 2017.- 11 fevral.- S.14.