“Dövlət Televiziyasını çox
sevirəm”
Şərqiyyə
Hüseynova: “Həyatımın 38 ili orda keçib”
Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova ilə müsahibəni oxucularımıza təqdim edirik:
-Şərqiyyə xanım, həyatınızı
bütövlükdə televiziyaya həsr
etmiş birisiniz...
-Sizə hətta dəqiq deyim. Mən televiziyaya 1967-ci ildə gəlmişəm. Bu il 70 yaşım, televiziyada işləməyimin 50 ili tamam olur. O vaxt mən televizyaya gələndə 19-20 yaşım vardı.
-20 yaşınızı, ümumiyyətlə o illəri necə
xatırlayırsınız?
-Adətən, yaşlı adamlar keçmişi xatırlayanda deyirlər ki, filan şeylər o vaxtlar belə deyildi, daha yaxşı idi və sair. O illər bizim cavanlıq illərimiz idi. Hər insan yaşlaşanda cavanlıq illəri üçün darıxır, o illəri əzizləyir.
O illər də mənimçün maraqlı illər idi. Televiziya yenicə yaranmaqda idi, 6 diktor vardı, tamaşaçılar bizi böyük rəğbətlə qarşılayırdılar, tanıyırdılar. Necə ki indi cavan aparıcıları tanıyırlar... Elə aparıcılar da var ki, 70-80 yaşına çatsa da onları tanımırlar. Çünki efirdə öz sözlərini deyə bilmirlər.
Yenə deyirəm o dövr maraqlı idi, amma indi də televiziyada çox maraqlı verilişlər var, gənclər böyük həvəslə çalışırlar. İndi də televiziyada işləmək asan deyil.
-İlk illər, deyəsən,
efirdən uzaq qaçmısınız.
-Yox, uzaq qaçmırdım. Televiziya və radioda iki dildə - Azərbaycan və rus dillərində verilişlər nümayiş olunurdu. Atam hərbçi olduğuna görə mən rus məktəbini bitirmişdim. O illərdə bizim hərbçilərimiz Sovetlər Birliyinin müxtəlif respublilarında, hətta xarici ölkələrdə xidmət edirdilər.
Ona görə mənim rus dilində danışığım Azərbaycan dilindən daha təmiz idi. İncəsənət İnstitutuna daxil olandan sonra Müxlis Canızadə mənim dilimi əməlli-başlı özümə qaytardı. Məni o illərdə səsimə və rus dilinə görə televiziyada saxlamaq istəyirdilər. O zaman rus dilli verilişlər çox olduğuna görə rusdilli diktorlara ehtiyac var idi. İndi bir o qədər də ehtiyac yoxdur, çünki verilişlərin hamısı Azərbaycan dilindədir.
Təbii ki, zəhmət çəkməsən heç nəyə nail ola bilməzsən. Nə olsun, bir az istedadın, səsin, efirə düşən siman var, çalışmasın, işləməsən heç nə əldə edə bilməzsən.
-Doğrudurmu ki,
sizə görə rejissor Ramiz
Mirzəyevə töhmət verilib?
-Bizim ikimizə də töhmət verilib. Səhv etmirəmsə, Ramiz Mirzəyevlə demək olar ki, eyni vaxtda televiziyaya gəlmişdik. 1967-ci ilin qışı idi. Radioda işləyən çox gözəl səsə malik diktor Ramiz Mustafayev mikrorayondan gəlib xalçalar haqqında verilişi oxumalı idi. Mən də praktikant idim. Möhkəm qar yağdığına görə Ramiz müəllim mikrorayondan gələ bilmədi.
Bir də gördüm otağımın qapısı açıldı, Ramiz Mirzəyev içəri girdi. Soruşdu ki, sən bu gün növbətçisən? Dedim, növbətçiyəm. Dedi, burda bir mətn var, onu oxumaq lazımdır. Mətnə baxanda dəhşətə gəldim. O vaxt redaksiyada mətn makinadan çıxandan sonra redaktorlar onun üzərində əlavəlar edirdilər.
Dedim, Ramiz, mən bunun öhdəsindən gələ bilməyəcəm, çünki həm ağırdır, həm də bir çox sözləri heç başa düşmürəm. Dedi, sənin ixtiyarın yoxdur, razı olmayasan. Güc-bəla ilə məni studiyaya itələdi, 40 dəqiqəlik verilişin nə əvvəli bilindi, nə sonu...
Verilişboyu başa düşmədiyim sözləri necə gəldi demişəm. Səhəri bizi çağırdılar, Ramizə şiddətli töhmət verdilər, məni isə işdən çıxartdılar. Dedilər ki, martda müsabiqə olacaq, əgər istəsən get hazırlaş, sonra gəl müsabiqəyə qatıl. Çarə yox idi, Müxlis müəllim məni hazırlaşdırdı. Yenidən müsabiqədən keçdim.
Qəribəsi nədir? Biz 2006-cı ildə Ramizlə birlikdə xalq artisti adına layiq görüldük, indi də Prezident təqaüdünə... O vaxt çəkişməsəydik, indi də bərkiməzdik.
-Bu hadisə Ramiz
müəllimlə münasibətlərinizə təsir etmədi
ki?
-Qətiyyən. Mən sevindim ki, Ramizi işdən çıxartmadılar. Çünki Ramiz çox istedadlı rejissordur. Yaradıcı ailədə anadan olub. Mən özümə əmin idim ki, martda müsabiqəyə qatılıb, keçəcəm. Bilirdim ki, çalışmalıyam.
Açığı deyim, televiziyaya bir o qədər meylim yox idi, yay aylarında gəlib, qışda televiziyadan çıxası oldum, amma o qısa müddət ərzində mən ora bağlandım. Fikirləşirdim ki, daha heç bir yerdə işləyə bilmərəm. Ancaq burda olmalıyam. Şükür Allaha ki, belə alındı.
Mən Dövlət
Televiziyasını çox sevirəm. Həyatımın
38 ili orda keçib. Qalanını isə digər kanallara həsr etmişəm. O biri kanallar da
bizim kanallardır, dövlət
televiziyasının törəmələridir. Dövlət
Televiziyasının darvazasının yanından keçəndə
istəyirəm o boyda
binanı qucaqlayım. Bu yaxınlarda orda nümayiş olunan verilişlərin birinə dəvət olunmuşdum. Darvazadan studiyaya gedənə qədər yavaş-yavaş hərəkət edib, hər bir şeyi yadımda saxlamaq
istəyirdim.
Xalq cəbhəsi.-
2017.- 16 fevral.- S.16.