“Bizi tənqid edən ağsaqqallar
müdrik olsunlar”
Azərbaycanın xalq
artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz
Əlizadənin APA-ya müsahibəsi (ixtisarla)
- Firəngiz
xanım, Bəstəkarlar İttifaqında işləriniz necədir?
- Müstəqillik
dövründə Bəstəkarlar İttifaqı musiqimizin
inkişafı üçün çox səmərəli
çalışır. Misal üçün Azərbaycanda
7 Beynəlxalq Musiqi Festivalı keçirilirsə, onlardan
dördündə Bəstəkarlar İttifaqı təşkilati
və yaradıcılıq sahəsində iştirak edir.
Bunlardan ikisinin - “Muğam aləmi” və “İpək
Yolu” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəriyəm.
Bu baxımdan işimiz göz
qabağındadır. Azərbaycan Bəstəkarlar
İttifaqı saysız-hesabsız tədbirlər
keçirir. İl boyu bəstəkarlarımızın
müəllif konsertlərini, yubiley tədbirlərini
keçirməklə yanaşı, hətta bir sıra bəstəkarlarımıza
həsr olunmuş musiqi festivalları təşkil etmişik.
Məsələn, Vasif Adıgözəlovun, Ramiz Mustafayevin,
Tofiq Bakıxanovun, Azər Dadaşovun əsərlərindən
ibarət musiqi festivallarını qeyd edə bilərəm. Konsertlərlə yanaşı, bəstəkar və
musiqişünaslarımızın
yaradıcılığı ilə bağlı elmi
konfranslar, yeni nəşr olunmuş kitabların təqdimatını
keçiririk. Bütün bu tədbirlər həm
İttifaqın Üzeyir Hacıbəyli adına
konsert salonunda, həm Dövlət Filarmoniyasında və
Bakının digər konsert salonlarında keçirilir. Azərbaycan
Bəstəkarlar Təşkilatı respublikanın bölgələrini
də əhatə edir və bu gün 5 bölgə təşkilatı
fəaliyyət göstərir: Naxçıvanda, Qarabağda,
Gəncədə, Lənkəranda və Şəkidə.
Azərbaycan Bəstəkarlar İttifaqının
kitabxanasında bəstəkarlarımızın
partituraları, bütün orkestr partiyaları ilə birgə
qorunub saxlanılır, konsertlərdə istifadə olunur. Məsələn,
masamın üstündə Azərbaycan Dövlət
Filarmoniyasının rəhbəri, gözəl pianoçu
Murad Adıgözəlzadənin bir neçə məktubu
var. Təkcə 2017-ci ildə bir neçəsini
almışıq. Bu o deməkdir ki, bizim
kitabxanamız olmasa, filarmoniyada konsert həyatı
mümkün deyil. Ona görə ki,
partituralar da, orkestr partiyaları da bizdədir. Məktub yazılandan sonra həmin partituraları
aparıb ifa edirlər, sonra qaytarırlar ittifaqa.
- Mənə
görə siz bəstəkar kimi Avropa ölkələrində
Azərbaycandan daha çox tanınır və qəbul
edilirsiniz...
- Bu haqda
danışmağım düz çıxmaz. Sadəcə,
deyə bilərəm ki, bu il yubileyimlə
bağlı Avropa və Amerikada yubiley tədbirlərinə
hazırlıq gedir.
- Siz sədr
seçiləndə ittifaqdan çıxan bəstəkarlar
oldu. Bir az geri qayıdaq: səbəb nə
idi, hansı məsələlərdə anlaşa bilmədiniz?
- Səbəbin
nə olduğunu yəqin ki, siz daha yaxşı bilərsiniz. Məntiqlə düşünəndə tapmaq
çətin olmaz.
- Bəstəkar
kimi qəbul etməyə bilərlər...
- Sizə
təqdim etdiyim sənədlərdə görə bilərsiniz
ki, dünyanın ən nüfuzlu musiqi nəşrləri
haqqımda materiallar dərc edib. Almaniya, Amerika qəzetlərində
və jurnallarında xoş sözlər yazırlar.
Bu jurnallar, qəzetlər göz qabağındadır,
konsertlərim hamıya bəllidir, internetdə
yayımlanıb, əsərlərimi ən məşhur
orkestrlər ifa edir. Deməli, səbəb başqadır.
Yoxsa hesab edirlər ki, mənim o qədər
pulum var ki, o yazıları yazdırmışam? Ümumiyyətlə, təsəvvür edirsinizmi, məsələn,
Almaniyada hansısa nüfuzlu jurnala pul verib yazı yazdırmaq
mümkün olsun? Qətiyyən! Mənim oğlum
Almaniyada 5 il universitetdə oxudu, bizi
qoymadı bir müəllimlə tanış olaq. Almaniyada çap olunan musiqi jurnalı var, çox
nüfuzludur, haqqımda “Kult musiqiçi” ifadəsini
yazmışdı. Hər il musiqimin
onlarla müxtəlif ölkələrdə ifası olur.
Hilary Hahn, Yo-Yo Ma, “Kronos” kvartet, Berliner Philharmoniker öz
proqramlarında əsərlərimi ifa edirlər. 65 illik yubileyimdə UNESCO adımı ən
nüfuzlu bəstəkarlar siyahısına daxil etmişdi.
Alex Ross “Nyu York Times”in musiqi müxbiridir. Onun yeni dərc olunan
kitabı var: “Listening to the Twentieth Century”. Yəni
“XX əsri dinləyərkən”. Alex Ross
bu kitabda XX əsrin böyük bəstəkarları
siyahısına mənim də adımı daxil edib. Keçmiş Sovet İttifaqından burda təkcə
5 ad var.
- Gənc
bəstəkarlara hansı şəkildə dəstək
verirsiniz?
- Bəstəkarlar
İttifaqının konsert salonu bütün gənc bəstəkarlar
üçün açıqdır. Biz həmin
bəstəkarlar üçün
çalışırıq, onlara xidmət edirik. Hər
il gənc bəstəkarların musiqisinə
həsr olunan Plenum keçiririk. Əlimizdən
nə gəlirsə, gənc bəstəkarlar
üçün edirik. Məsələn,
Firudin Allahverdi istedadlı gəncdir. İsveçrədə
olanda gördüm müsabiqə gedir, Firudin Allahverdinin əsəri
səsləndi və birinci yer qazandı. Ürəyim
necə fərəhlə doldu. Rüfət Xəlilovu, Səid
Qənini Davosa göndərdim, açıq dərslərimə
dəvət etmişəm, mənim təqdimatımla onlara əsər
sifariş etdilər.
- Firəngiz
xanım, hiss edirəm, ittifaq əleyhinə olan tənqidi
fikirləri sarsıntı ilə
qarşılayırsınız. Amma nəzərə alın ki, iş olan yerdə tənqid də olur...
- Siz
deyirsiniz ki, mən Avropada daha çox tanınır və qəbul
edilirəm. Amma mən Bakıda da 70-ci illərdən
başlayaraq müasir musiqinin təbliğində böyük
işlər görmüşəm. Konservatoriyadakı
konsertlərimdə ayaq üstə dayanmağa yer olmurdu.
Özü də bizə SOROS pul vermirdi ki, siz müasir
musiqini ifa edin.
Özüm müasir musiqini sevib təbliğ
etmişəm. Almanlar bu haqda yazırlar,
geniş məlumat verirdilər. Fərəc
Qarayev mənim adımı hər yerdən nə qədər
silsə də, fakt faktlığında qalır. Hələ 80-ci illərdə müasir musiqiyə həsr
olunan festivalın həm təşkilatçısı, həm
ifaçısı, həm də bütün mətnlərin
yazılmasını özüm edirdim.
- Sonra Türkiyəyə getdiniz. Deməli,
Bakıda işləriniz gətirmədi?
- Yox, sadəcə
Türkiyədən gözəl təklif gəldi ki, Mersində
dördüncü Opera və Balet Teatrı
açırıq, istəyirik bizə balet yazasınız. Ailəvi getdik Türkiyəyə. 1500 dollarıq müqaviləm artıq masa
üstündə idi. İlk dəfə
gördüm, işləməklə pul qazanmaq olarmış.
Türkiyədə olanda Almaniyadan dəvət gəldi.
Sonra Amerikaya dəvət etdilər.
- İttifaqı tənqid edən bəstəkarlar
haqqında nə deyə bilərsiniz?
- Təkcə
onu deyə bilərəm ki, ağsaqqalıq Azərbaycanın
gözəl ənənəsidir. İstərdik,
bizi tənqid edən ağsaqqallar müdrik olsunlar,
masamızın başında oturub, bizə gözəl məsləhətlər
versinlər. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev
kimi.
- Bu
günlərdə Drezdenə səfər etmişdiniz...
- Drezdendə
çox gözəl konsertlər keçdi, haqqımda xoş
sözlər dedilər. Təsəvvür edin,
mən burda oturmuşam, onlar əsərlərimi ən
yüksək səviyyədə ifa edirlər. Bundan necə məmnun olmaya bilərəm?
-
Yaradıcı adama çəkdiyi zəhmətə görə
qonorar mütləq verilməlidir. İstərdim, Avropa ölkələri
və Azərbaycanda verilən qonorarı müqayisə edək...
- Azərbaycandan
mənə heç vaxt sifariş olunmayıb və təbii
ki, qonorar almamışam. Təkcə Heydər Əliyev
Fondunun sifarişi ilə “İntizar” operasını
yazmışam, Opera və Balet Teatrında tamaşaya qoyuldu,
fond qonorarını ödədi. Çox sağ
olsunlar. Bizim işlərimizin həyata
keçirilməsində cənab Prezidentin qayğısı,
hörmətli Mehriban xanımın dəstəyi olur. Heydər Əliyev Fondu və Mehriban xanımın rəhbərliyi
ilə rus dilində “Muğam Ensiklopediyası” dərc olundu.
Həmin ensiklopediya 150 milyon insana
ünvanlanıb və çox böyük əks-səda
doğurub.
- İttifaq sədri, xalq artisti, UNESCO-nun sülh
artistisiniz.
Siz Azərbaycanda qonorar ala bilmirsinizsə, deməli, gənc
musiqiçilər haqqında ümumiyyətlə,
danışmağa dəyməz...
- Yenə
deyirəm, bacardığım qədər gəncləri dəstəkləyirəm.
Bizim təqdimatımızla, Gənclər və
İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər
mükafatı” alırlar, onlardan bir neçəsini xaricə
göndəriblər. Məsələn,
Tahir İbişovu biz Avstriyaya göndərmişik, xaricdə
təhsil alır. Ona təqaüd də
veririk.
Bakı Musiqi Akademiyasında gənc bəstəkarların
konsertlərində iştirak edirəm, onları dinləyirəm. Dəvət
etsələr də gedirəm, etməsələr də.
Ona görə ki, həmin gənclər əvvəl-axır
bura gələcəklər. Mənə bu
maraqlıdır, ona görə ki, xaricdə tez-tez
açıq ustad dərsləri keçirirəm.
- İttifaqın maddi vəziyyəti necədir?
-
Çox da ürəkaçan deyil. İstəyirik
musiqiçiləri dəvət edək, konsertlər
keçirək, amma bunun üçün onlara qonorar ödəmək
lazımdır. Bir-iki dəfə mənim
xətrimə gəlirlər, üçüncü dəfə
onlara nə isə deməyə utanıram.
Alim
Qasımov Şəkiyə gəlib konsert verdi.
Xan Sarayı önündə möcüzə
bir konsert oldu. Alim dedi, Firəngiz xanım
çağırdı, mən də durub gəldim. Elə istəyərdim, hamıya layiq olduğu
qonorar ayıra bilək. Amma
imkanımız çatmırsa, necə edək?
- Siz
televiziya kanallarında klassik musiqiyə yer verilməməsi ilə
bağlı bir neçə dəfə
narahatlığınızı dilə gətirmisiniz.
Görünən odur ki, hələlik heç bir irəliləyiş
yoxdur...
- İttifaqa sədr seçiləndə məktublar
yazdıq. Televiziya rəhbərlərinə şəxsən də
müraciət etdim. Təklif etmişdik
ki, Bədii Şuralar bərpa olunsun, amma nəticəsi yoxdur.
Deyirlər ki, bizə reytinq lazımdır.
Təbii ki, iradları bütün kanallara aid
etmək olmaz. “Mədəniyyət”
kanalımız çox gözəl fəaliyyət göstərir.
AzTV-də klassik musiqiyə geniş yer verilir. İTV-də,
ATV-də bəzən klassik musiqiyə yer verilir, maraqlı
proqramlar təşkil edirlər. ATV-də artıq klassik
musiqiyə aid olan “ATV Vivace” kanalı var. Yaxşı
olardı ki, yüngül verilişlərdən, seriallardansa,
ciddi musiqiyə yer versinlər. Mən seriallara
baxa bilmirəm, əsəbiləşirəm. Elə qadın xarakterləri göstərirlər
ki, insan nifrət edir. Azərbaycan
qadını buna layiqdir?
- Balet və
opera sənəti ilə bağlı narahatlıqlar var. Bu
tipli əsərlər son zamanlar niyə az
yazılır?
-
Bilirsiniz, balet və opera yazmaq üçün geniş
infrastruktur olmalıdır. Azərbaycanda simfonik
orkestr, xor üçün kompakt disk yazmağa imkan yoxdur.
Nə üçün Tiflisdə var, bizdə
yoxdur? Dəfələrlə bunu
müzakirə etmişik, amma hələ ki, nəticə
yoxdur. Yaxud bizim studiyamız yoxdur. Musiqi partituralarını çap etməyə nəşriyyatımız
yoxdur. Əvvəllər, “İşıq”
var idi, onu da ləğv etdilər.
- Yazıçılar Birliyində prezident təqaüdü
məsələsinə görə narazılıqlar olur. Sizdə vəziyyət
necədir?
- Katiblərlə
bir yerdə yığışıb müzakirə edirik. Bəzilərinin hətta dərman almağa belə
ehtiyacı var, bəzi musiqişünaslar deyirlər, təqaüd
olsa kitabımı çap etdirəcəyəm. Buna çox sevinirəm. İlin əvvəlində
ərizələri yığmağa başlayırıq.
Təqaüdlər gənc və yaşlı bəstəkarlar
üçündür, orta nəsildən kimin ehtiyacı
varsa, ona daxili imkan hesabına kömək etməyə
çalışırıq. Amma bununla belə,
bəziləri var ki, 20-30 ildir əsər yazmır,
üzünü görmürük, bizdən təqaüd tələb
edir. Mənimlə razı olarsınız
ki, bu mümkün deyil və başqalarına haqsızlıq
olar.
Xalq Cəbhəsi.- 2017.- 21 fevral.-
S.15.