Turizm şirkətlərinin nümayəndələri Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili
Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə
start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu
Milli.Az-a bildirib ki, Musiqili Teatrda ölkədə fəaliyyət
göstərən bir sıra turizm şirkətlərinin
nümayəndələri ilə dəyirmi masa arxasında
görüş keçirilib. Səmimi şəraitdə
keçən görüşdə
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov,
Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi
Rüstəm Mehtizadə
ilə yanaşı, bir sıra turizm
şirkətlərinin rəhbərləri
- Əziz Şiriyev
("BakuTravel-Tourism"), Ülvi
Süleymani ("ViaCaucasus"),
Nərmin Məmmədova
("Master Travel"), Sənan Şıxəliyev ("Victory Tour"), Əminə Məmmədova
("Benefit Travel"), Cavad Cavadov ("ALDE Tour"), Səbinə
Nəsirova, Nizami Həsənov ("Aristokrat
Travel") və başqaları
iştirak ediblər.
Azərbaycan Dövlət
Musiqili Teatrının
direktoru, əməkdar
incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Əliqismət
Lalayev qonaqları salamlayaraq bu işgüzar görüşün
mədəni turizmin inkişafına böyük
təsiri ola
biləcəyini söyləyib.
"Son zamanlar ölkə başçısı
cənab İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı imzaladığı bir sıra sərəncamlar, verdiyi tapşırıqlar
turizmin nə qədər vacib və ölkə üçün prioritet sahə olduğunu bir daha təsdiq
edir. Bu yaxınlarda
teatrımız İranın
məşhur komediya aktyoru, güneydə yaşayan milyonlarla soydaşımızın sevimli
gülüş ustası
Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə tamaşa hazırlamaq haqqında qərar qəbul etdik. "Bəxtəvər" adlı bu tamaşada
həm Azərbaycan Dövlət Musiqili Teatrının, həm də Təbriz Teatrının aktyorları
rol alacaq.
Sürprizlərlə zəngin olan bu layihənin bir çox özəllikləri var. Onlardan
biri də bilet satışı ilə bağlıdır. Belə ki,
tamaşanın biletləri
ölkəmizlə yanaşı,
İran İslam Respublikasının turizm şirkətlərində də
satılacaq. Mədəni turizmin inkişafına yardımçı olmaq nöqteyi-nəzərindən bu
səhnə əsərini
tamaşaçılara Novruz
Bayramı günlərində
təqdim etməyi planlaşdırırıq. Bayram günlərində bir sıra ölkələrdən,
qardaş Türkiyədən,
İrandan, xüsusən
İranın soydaşlarımızın
sıx yaşadığı
bölgələrindən, əsasən də Təbrizdən ölkəmizə
çoxsaylı turistlərin
gələcəyi proqnozlaşdırılır.
Biz istərdik mədəni turizmin inkişafı baxımından
yerli turizm şirkətləri də
bu prosesdə fəal iştirak etsinlər. Cənab İlham Əliyevin
diqqət və qayğısı nəticəsində
Azərbaycanda fəaliyyət
göstərən bir
sıra teatr-konsert müəssisələri ilə
yanaşı, Dövlət
Musiqili Teatrının
da binası tam yenidən qurulub. Bu möhtəşəm yenidənqurmadan sonra teatrda çox unikal şərait yaradılıb. Təklif edərdim
ki, məsələn,
gələcəkdə təşkil
edəcəyiniz ekskursiya
turlarına Musiqili Teatrın binasını da əlavə edəsiniz. Və yaxud tur-paketlərin mədəni istirahət hissəsinə Musiqili Teatrın hazırladığı
klassik tamaşalarımızı
- dahi Üzeyir Hacıbəylinin "O olmasın,
bu olsun", "Arşın mal alan",
"Ər və arvad" kimi əsərləri də daxil etmək olar. Repertuarımızda rus bölməsinin
hazırladığı səhnə
əsərləri ilə
yanaşı, bir sıra tamaşalar var ki, ingilis
dilinə tərcümə
olunub və tərcümə sətirlər
- qaçan titrlər
vasitəsilə tamaşaçılara
təqdim olunur.
Bu və digər məsələləri reallaşdıra
bilsək, əməkdaşlığımızı
genişləndirsək, ən
azı mədəniyyətimizin
təbliği baxımından
bu, çox mühüm bir addım olar", - deyə Əliqismət Lalayev bildirib.
Əziz Şiriyev
("BakuTravel-Tourism"), Sənan
Şıxəliyev ("Victory Tour"), Nizami Həsənov ("Aristokrat Travel"), Cavad Cavadov ("ALDE Tour") və
başqaları çıxış
edərək yüksək
səviyyəli görüşə
görə Dövlət
Musiqili Teatrının
direktoru Əliqismət
Lalayevə təşəkkürlərini
bildirərək gələcək
əməkdaşlıqla bağlı
bir sıra təkliflər irəli sürüblər. Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər
arasında əməkdaşlığın
baş tutması və daha da
genişlənməsi üçün
Mədəniyyət və
Turizm Nazirliyinin hər cür dəstək verəcəyini
söyləyərək, bu
qəbildən görüşlərin
mütamadi keçirilməsinin
zəruriliyini qeyd edib.
Sonda qonaqlar tamaşaçılarla birlikdə
xalq yazıçısı
Elçinin məşhur
hekayələri əsasında
hazırlanan bəstəkarı
Firudin Allahverdi olan "Baladadaşın
toy hamamı" iki hissəli musiqili lirik komediyasını izləyiblər.
Xalq cəbhəsi.-
2017.- 22 fevral.- S.16.