Qarabağ Azərbaycanın əzəli torpağıdır
2-ci yazı
Ermənilər “Böyük Ermənistan” adıyla dünyaya cəfəng iddialarını sırımağa çalışırlar. Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı ermənilərin “özününküləşdirmə” siyasətinin isə heç bir əsası yoxdur. Qasım Hacıyev və Əyyub Əbdüləzimovun araşdırmasında vurğulanır ki, (“Azərbaycanın Qarabağ regionu 9-14-cü yüzilliklərdə") 705-ci ildə Xilafət Albaniyanın paytaxtı Bərdəyə öz canişinlərini təyin edib, ölkənin idarəçiliyini ona tapşırdı. Bərdə Xilafətin şimaldakı mərkəzinə çevrildi: “Albaniya görkəmli Azərbaycan sərkərdəsi, Albaniyanın dövlət başçısı Cavanşirin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini qoruyub saxlayıb. Xilafətə vergi verməklə 8-ci yüzilliyin əvvəllərinədək Albaniya yerli hökmdarlar tərəfindən idarə olunub. Cavanşirin ölümündən sonra isə Albaniyada dövlətçilik və siyasi hakimiyyət zəifləyib. 9-cu yüzillikdən etibarən Qarabağda «Bərdəyi» və «Qarabaği» təxəllüsü daşıyan, əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində tanınmış elm və sənət adamları yetişib. Onlar müsəlman dünyasının böyük elmi mərkəzlərində dini və dünyəvi təhsil alaraq dünyanın bir çox ölkələrində fəaliyyət göstəriblər. Onların arasında riyaziyyatçı, mühəndis, təbib, tarixçi, filosof, hüquqşünas, şair, hədisçi, natiq, münəccim və siyasi xadimlər var idi. Məsən, Əbu Səyid İbn Hüseyn Bərdəyi, Əbu Bəkr Əbdül Əziz İbn Həsən Bərdəyi, Məhəmməd İbn Xalid Bərdəyi, Mir Mehdi Xəzani, Rzaqulu Bəy Mirzəcamal oğlu, Mirzə Rəhim Fəna, Baharlı və başqaları.
9-cu yüzilliyin sonlarında Xilafətin şimal ərazilərində və digər ucqarlarında müstəqil feodal dövlətləri yaranmağa başladı. 9-cu yüzillik - 10-cu yüzilliyin əvvəllərində ərəblərin etnik zəmində etdikləri təzyiqlər Qarabağ ərazisində də etiraz hərəkatlarının və çıxışların baş verməsinə səbəb olub. Bu zaman Qarabağ ərazisi türk sülaləsinin hökmranlıq etdiyi Sacilər dövlətinin tərkibində böyük bir regionu təşkil edirdi. 10-cu yüzilliyin ortalarında (942-ci ildə) Deyləmilər Sacilərdən hakimiyyəti alaraq Salarilər dövlətinin əsasını qoydular”.
Salarilərin hakimiyyətinin ilk illərində mərkəzi bölgələrdən biri kimi Qarabağın iqtisadi, sosial və mədəni inkişafı yüksək səviyyəyə qalxdı: “Salarilər dövlətinin yenicə yaranıb hakimiyyəti möhkəmləndirməyə başladığı zaman möhkəm silahlanmış rus dəstələri Xəzər dənizi ilə cənuba doğru hərəkət edərək 943/944-cü ildə Xəzər-Kür su yolu ilə Qarabağ ərazisinə hücum etdi. Ruslar Qarabağın mərkəzi şəhəri Bərdəni qarət etdilər, xalqın müqaviməti ilə şəhəri tərk etməyə məcbur olduqda şəhəri dağıtdılar və yandırdılar.
11-ci yüzilliyin 50-ci illərində (1055-ci il) Azərbaycana gələn Səlcuqlar Şəddadiləri özlərindən asılı vəziyyətə salırlar. Qarabağ bölgəsi də bu zaman Səlcuqların hakimiyyəti altına düşdü. 12-ci yüzilliyin 1-ci rübündə Böyük Səlcuq imperatorluğu parçalandı. İraq, indiki İran, o cümlədən Güney Azərbaycan torpaqları və Cənubi Qafqazın bir hissəsi daxil olmaqla İraq Səlcuq Sultanlığı (1118-1194) yarandı. Böyük Səlcuq imperatorluğunun tənəzzülü dövründə meydana gələn müstəqil Azərbaycan dövlətlərindən biri də Azərbaycan Atabəylərinin idarə etdiyi Eldənizlər dövləti idi. 12-ci yüzilliyin 1-ci rübündən etibarən Qarabağ ərazisi Atabəylər dövlətinin tərkibinə daxil oldu.
Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin 13-cü yüzilliyin əvvəllərində qonşu ərazilərə yürüşü başlandı. Qonşu ölkələrdə mövcud olan vəziyyətdən istifadə edən Çingiz xan 1219-cu ildən etibarən öz işğalçılıq yürüşlərini genişləndirdi. Bu dövrdə Azərbaycanda hakimiyyətdə olan Eldənizlər sülaləsi ölkəni xarici təhlükədən qorumaq iqtidarında deyildi. Dövlətin tərkibində feodallar arasında gedən müharibələr dövləti zəiflətmişdi. 1225-ci ildə Azərbaycan Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Əmir Urxanın rəhbərliyi altında Azərbaycana gəlmiş qoşun Qarabağın iri şəhərləri Bərdəni, Beyləqanı, həmçinin Gəncəni və Şəmkiri istila etdilər. Müqavimət nəticəsində istilaçılar geri çəkildilər”.
Qarabağ XIII-XIV əsrlərdə: “1231-ci ildə monqol qoşunları ikinci dəfə Azərbaycana soxuldular. Hülaku xan 1256-cı ildə Azərbaycam istila etdi. 1295- ci ildə oğuz Qazan xan Hülakulər səltənətinə sahib oldu. O, Hülakulər dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün islahatlar apardı. Azərbaycanın tərkib hissəsi kimi Qarabağ 13-14 yüzilliklərdə baş vermiş ictimai-siyasi hadisələrin mərkəzlərindən biri idi. Elxani (Hülaku) hökmdarlarından üçü - Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət taxtına Qarabağda çıxmış, ikisi isə Arqun xan və Əbu Səid Qarabağda vəfat ediblər.
1335-ci ildə Elxani hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin tənəzzülü, parçalanması və nəhayət süqutu Qarabağa da öz təsirini göstərdi. Qarabağ hakimləri Elxanilər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrildilər. 1386-cı ildən Teymurun Azərbaycan ərazisinə yürüşləri baş verdi. 14-cu yüzilliyin sonlarında, Karsı, Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil oldu. Qaynaqların verdiyi məlumata görə Teymur Qarabağda xeyli abadlıq işləri gördürüb”.
Qarabağ Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində: “1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. 1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə Teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. 1467-ci ildə Qaraqoyunlular və Ağqoyunlular arasında baş vermiş döyüşdən sonra Qaraqoyunlu dövləti süqut etdi və Ağqoyunlu dövlətinin əsası qoyuldu.
15-ci yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə Qarabağda yaşayan Qacarlar yaxından iştirak edirdi. Şeyx Heydərin ətrafında toplanmış qızılbaş tayfaları arasında Qarabağ qacarları da xüsusi yer tuturdu. 1500-cü ildə Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşdi və dövlət Ağqoyunlu əmirləri arasında parçalandı. Cənubi Azərbaycan, Naxçıvan, Diyarbəkr və Qarabağ Sultan Əlvəndin əlində qaldı. Beləliklə, Qarabağ əhalisinin əsas hissəsini 15-ci yüzillikdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan Azərbaycan-türk tayfaları təşkil edib”.
Səfəvilər dövründə Qarabağda siyasi və sosial-iqtisadi vəziyyət: “Azərbaycanda 1501-ci ildə Ağqoyunlular hakimiyyətinə son qoyuldu və Şah İsmayıl tərəfindən Azərbaycan Səfəvilər dövləti yaradıldı. Səfəvilər dövlətinin formalaşmasında Qarabağ ərazisində yaşayan tayfalar da iştirak edib. Qarabağ ərazisi 16-cı yüzilliyin başlanğıcında Azərbaycan Səfəvilər dövlətinin tərkibinə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi daxil olub. Səfəvilər dövlətinin inzibati ərazi quruluşunda mühüm yer tutan Qarabağ bəylərbəyliyi geniş əraziyə malik idi. Həmin bəylərbəylik 300 ilə yaxın Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olub.
İlk Qarabağ bəylərbəyi Kəmaləddin Şahverdi sultan Ziyadoğlu Qacar olmuşdur (1551-ci il). Qarabağ bəylərbəyliyinə - Bərdə, Beyləqan, Ağdam, Yevlax, Şəmkir, Zəyəm, Tovuz, Qazax və Borçalı daxil olmuşdu. 16-cı yüzilliyin sonlarında Osmanlı sultanı 3-cü Muradın (1574-1594) zamanında Fərhad paşa Gürcüstandan keçərək Qarabağa daxil olmuş, Osmanlı hərbi hissələrini burada yerləşdirmişdi.
Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı Qarabağı azad etməyə təhkim etdi. 1603-cü ildə Gəncə-Qarabağın bəylərbəyi Davud paşa Hüseyn xan Ziyadoğlu-Qacarı məğlub edərək geri çəkilməyə məcbur edib. 1666-cı ildə Uğurlu xan Ziyadoğlu-Qacar vəfat etdikdən sonra Qarabağı oğlu Abbasqulu xan idarə etməyə başladı. Abbasqulu xan II Şah Səfinin yaxın adamlarından sayılırdı. O, bir müddət Bərdənin hakimi olmuş, atasının vəfatından sonra 1688-ci ildən 1694-cü ilədək Qarabağın və Kaxetiyanın hakimi olub. 1694-cü ildən 1702-ci ilədək, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründə Gəncə-Qarabağın bəylərbəyi Uğurlu xanın ikinci oğlu Kəlbəli xan olub”.
Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl Xətayi dövrü. 150I-1524-cü illər): “Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Osmanlı-Səfəvi müharibəsində Qarabağ süvarilərinin ön cərgədə getdiyini bildirir. Avropa dövlətlərinin yaratdığı və qızışdırdığı ədavət iki nəhəng türk dövlətinin bir-birinə qarşı düşmən mövqeyi tutmasına səbəb olub. 16-cı yüzillikdən başlayaraq Osmanlı-Səfəvi qarşıdurması nəticəsində Qarabağın türk əhalisinin xeyli hissəsi bu əyaləti tərk edib. Bu səbəbdən də Qarabağda türk əhalisinin sayı aşağı düşüb. Bu zaman hakimiyyət dəyişikliyindən istifadə edən alban-xristian məlikləri boşalmış türk kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçiriblər. 1593-cü ildə Osmanlıların tərtib etdiyi Gəncə-Qarabağ əyalətinin vergi dəftərində bu öz təsdiqini tapıb”.
Qarabağ regionu 18-ci əsrin I yarısında: “Azərbaycan ərazisi 18-ci yüzilliyin əvvəllərində Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji
mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi. Rusiya dövlətinin təhriki ilə 18-ci yüzilliyin əvvəllərində şimali qafqazlıların Qarabağa (Gəncə-Qarabağ əyalətinə) aramsız basqınları başlandı. 1712-ci il hücumu zamanı Qarabağın çox hissəsi, Bərdədən Qazağa qədər olan düzənlik yerlərdəki yaşayış məskənləri talandı, xeyli insan tələf oldu. Qarabağın dağlıq hissəsində yaşayan qeyri-müsəlmanlar (xristian albanlar) hədiyyələr verərək əsirləri xilas etdilər. Müsəlmanlar isə qırğına məruz qaldı. Yaşayış məskənlərinin çoxu boşaldı. 1724-cü ildə Qarabağa girən çoxsaylı Osmanlı ordusu qarşısında Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi qoruya bilmədi. Osmanlılar bir-iki həmlə-hücumla Gəncəni alıb Qarabağa yiyələndilər. Qarabağ bir müddət Osmanlıların əlində qaldı. Bu zaman Qarabağın valisi İbrahim paşa, sonra Gəncə-Qarabağ valisi Əli paşa olub”.
Uğur
Xalq cəbhəsi.-
2017.- 23 fevral.- S.14.