Qarabağ Azərbaycanın əzəli torpağıdır
III
yazı
Q.Hacıyev və Ə.Əbdüləzimovun araşdırmasında vurğulanır ki, 18-ci yüzillikdə Gəncə-Qarabağı növbə ilə Kəlbəli xanın oğulları, o cümlədən II Uğurlu xan idarə etmişdi. Qaynaqlarda bildirilir ki, 1730-cu ildə II Təhmasib II Uğurlu xanı 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi. Uğurlu xan Bərdə və Bərgüşad qəzalarından 12 min nəfərlik qoşun yığmağa nail olmuşdu. İbrahim paşanın yanında olan Qarabağ qoşunu Qara bəyin başçılığı altında Uğurlu xanla birləşərək möhkəmlənmişdi: “Bu zaman işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Səfəvi sərkərdəsi Nadir xan Əfşar qələbə qazanıb, tez bir zamanda İranı, Azərbaycanı istilaçılardan təmizlədi. 1734-cü ildə Qarabağa hücum edib bir hissəsini tutdu, Gəncəyə doğru irəlilədi. Şəhəri səkkiz ay yarımlıq mühasirədən sonra aldı.
Nadir xan Səfəvi dövlətinin zəiflədiyini görüb onun gələcək taleyi ilə bağlı 1736-cı ildə Muğanda qurultay çağırdı. Bu qurultayda Nadir xan özünü şah elan etdi. Qarabağ feodallarından cavanşir, kəbirli, «otuzikilər», «iyirmi dördlər» və s. tayfaların başçıları Nadir şahın namizədliyinin əleyhinə çıxdılar. Nadir xan şah olduqdan sonra dövlətində böyük islahatlar apardı, o cümlədən Səfəvilərdən miras qalmış bəylərbəylik inzibati bölgüsünü ləğv etdi.
Bundan sonra Nadir şah qurultayda cəsarət edib onun namizədliyinin əleyhinə çıxan Qarabağ əhalisinin çoxunu Xorasan və Əfqanıstan sərhədlərinə sürgün etdi. Qarabağ tayfalarının sürgün olunmasına öz narazılığını bildirən Fəzləli bəy Nadir şahın qəzəbinin qurbanı oldu. Qarabağdan sürgün olunanların içərisində Pənahəli bəyin gənc arvadı və 3 uşağı da var idi (İbrahim Xəlil ağa, Mehrəli bəy və Talıbxan bəy). Nadir şah Ziyadoğlu nəslini zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil-Qarabağ düzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən çıxardı. Bütün bu torpaqlar Nadir şahın qardaşı İbrahim xana tabe edildi.
Nadir şah 1747-ci ildə sui qəsd nəticəsində öldürüldü. Onun yaratmış olduğu nəhəng imperiya müstəqil feodal dövlətlərə parçalandı. Azərbaycan ərazisində 20 xanlıq, 7 sultanlıqdan ibarət feodal dövlət qurumları yarandı. Bu xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu”.
Qarabağ xanlığı (1747-1822): “Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan xanlıq idi. Qarabağ xanlığının əsasını Cavanşirlər sülaləsinin sancalı oymağından olan Pənahəli xan qoymuşdur. Mirzə Adıgözəl bəyin məlumatına görə, Nadir şahın sarayında qalmaqdan ehtiyat edən Pənahəli bəy Qarabağa gələrək orada yerləşdi. Pənahəli bəy Nadir şahın Qarabağdan Kəbirli mahalında (indiki Ağcabədi rayonu ərazisində), Bayat qalasını tikdirib oranı öz iqamətgahına çevirdi.
Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirdir. Qarabağ xanlığının yaranmasında Qarabağ vilayətinin köklü elatlarından olan otuzikilər, iyirmidördlər, kəbirli və digər tayfaların mühüm rolu var idi. Bu tayfalar Nadir şah tərəfindən vaxtilə Xorasanın Sərəxs torpaqlarına sürgün olunmuşdular. Qarabağın güclü tayfalarından biri olan otuzikilər Qarabağda otuz iki oymaqda yerləşən tayfaların birləşməsi nəticəsində əmələ gəlmişdi. Həmin tayfa birləşməsi içərisində Cavanşir tayfası böyük nüfuza malik idi. Tayfaya aid kəndlərin bir çoxu XVIII yüzilliyin sonu - XX yüzilliyin əvvəllərində hazırkı Bərdə, Ağdam, Kəlbəcər, Tərtər, Goranboy və Yevlax ərazilərində yerləşirdi.
Pənahəli xan uzaq Səraxsdən qayıdıb gələn qarabağlıları öz ətrafına topladı. Qısa müddətdə xalq arasında onun şöhrəti artdı. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir yaratdığı xanlıq üçün mərkəz də təşkil etdi. Xan iqamətgah kimi əvvəl Bayat qalasını, sonra Şahbulaq qalasını tikdirdi. Bu zaman artıq Qarabağ xanlığı qüvvətlənmiş və siyasi arenada söz sahibi olmuşdu. Cənubda İran tərəfdən gələn qorxulu xəbərlər və Azərbaycanın özündə cərəyan edən hadisələr - qanlı feudal ara vuruşmaları göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, gec-tez nisbətən qüvvətli düşmənin qurbanı ola bilər. Pənahəli xan Şuşa-Pənahabad qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının yeni paytaxtı Şuşa - Pənahabad şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks etdirib.
Salnamələrdəki məlumatlara görə, Qarabağ xanlığı inzibati cəhətdən 22 mahala bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibə darğalar, yüzbaşılar, kəndxudalar tabe idilər. Darğa vəzifəsi şəhərdə də vardı. Onlar şəhərdə bir növ polis vəzifəsini icra edirdilər, kəndlərdə isə onlar əsasən vergi yığırdılar. Yüzbaşılar və kəndxudalar, eyni zamanda, kənd ağsaqqalı hesab olunurdular. Başqa xanlıqlarda olduğu kimi, Qarabağ xanlığında da mülki və cinayət işlərinə əsasən şəriət qanunları və adət-ənənələri əsasında baxılırdı. Məhkəmələrdə müxtəlif cəzalarla yanaşı, ağır işgəncələrə də yol verilirdi. Ən böyük hakim kimi ölüm hökmünü xanın özü verirdi.
Qarabağ xanlığında 1 şəhər, 638 kənd olub. 90 minə çatan ümumi əhali 18500 ocaqda birləşirdi. Qarabağda 800-3000 metr hündürlükdə ərazilər çoxdur. Buna görə də əhalinin əsas məşğuliyyəti heyvandarlıq idi. XIX yüzilliyin əvvəllərində Qarabağ xanlığı ərazisində 10.000 baş iribuynuzlu malqara, 300.000 qoyun və keçi, 20.000 at, 2200 ulaq qeydə alınmışdı. Qarabağ ərazisinin üçdə iki hissəsi ovalıqlardan ibarətdir ki, qədimdən bura Mil və Qarabağ düzənlikləri adlanır. Burada çayların sulan kifayət etmədiyindən arxların çəkilməsi təcrübəsi tətbiq edilmişdi.
Qarabağ xanlığının tarixini araşdıranlar Pənahəli xanın Şuşa-Pənahabadda hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəltdirməsi və pul kəsdirməsindən bəhs edirlər. Şuşa-Pənahabadda Pənahəli xan tərəfindən sikkəxana tikilmişdi. Gümüşdən Pənahabadi adlı pul sikkəsi vurulurdu. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfində isə «La İlahə İllallah Muhəmmədun Rəsulillah» sözləri yazılırdı. Qarabağda sənətkarlıq da xeyli inkişaf etmişdi. Sənətkarlar əsasən, Şuşa-Pənahabad şəhərində fəaliyyət göstərirdilər. İp əyirilməsi, xalça toxunması, xammalın ilkin təmizlənməsi kəndlərdə də məşğuliyyət növlərindən idi. Uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı. Sənətkarlığın inkişafı, əhalinin peşələr üzrə «ixtisaslaşması», başqa amillər pul dövriyyəsinin genişlənməsinə, bazarlara məhsul çıxarmağa zəmin yaratmışdı. Xanlığın demək olar ki, hər bir ailəsində xırda toxucu dəzgahı mövcud idi. Məhz buna görə də təsadüfi deyildi ki, xanlıqda ən inkişaf etmiş sənətkarlıq və istehsal sahələrindən biri toxuculuq olmuşdu.
Xanlıqlar dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı. Azərbaycanın görkəmli şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqif Qarabağ xanlığının mövcudluğu ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir ki, xanlıq ərazisindəki bütün torpaqlar xanın özü, ağalar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü Qurani-Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı. Qarabağ xanlığının həm Pənahəli xan, həm də İbrahimxəlil xanın dövründə qonşu xanlıqlar və digər dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələri olmuşdu. “Qarabağnamələr”də bu barədə geniş məlumat verilir”.
Qarabağda mədəniyyət inkişaf etmişdi. XVIII əsrin II yarısında memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdı. Qarabağ xanlığı dövründə bir çox qalalar tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdı. Bayat, Şahbulaq (Təməküt), Şuşa-Pənahabad qalalarında bazar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdi. Qarabağ xanlığının mərkəzi Şuşa-Pənahabadda yaşayış evlərinin, ictimai tikililərin interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdı. Orta əsrlərin dəhşətli müharibələri ilə əlaqədar olaraq Qarabağ bölgəsində mədəniyyət də böhranlı vəziyyətə düşmüşdür. Lakin sonrakı dövrlərdə Qarabağda mədəni həyat yenidən dirçəlmişdi. XVIII əsrdə Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif və öz şeirləri ilə Qarabağın mənəvi həyatını əks etdirən şair Molla Vəli Vidadi yaşayıb yaradıblar.
Qarabağ xanlığının tarixi ilə bağlı proseslər həmin dövrün canlı şahidlərinin əsərlərində - Mirzə Adıgözəl bəyin «Qarabağnamə», Mirzə Camal Qarabağinin «Qarabağ tarixi», Əhməd bəy Cavanşirin «Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair», Mir Mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ», Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri», Mirzə Rəhim Fənanın «Tarixi-cədidi-Qarabağ», Baharlının «Əhvalati- Qarabağ», Həsən ixfa Əlizadənin «Şuşa şəhərinin tarixi», Həsənəli Qarabağlının «Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları» ətraflı şəkildə öz əksini tapıb. Bu tarixi abidələr Qarabağ regionunun möhtəşəmlik simvoludur.
Çar Rusiyası Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli-Kaxetiya çarlığını Borçalı, Qazax və Şəmşədil sultanlığını, Car-Balakəni, Gəncə xanlığını işğal etdi. Belə vəziyyətdə İran hökuməti Sisianova rus ordusunu Azərbaycandan çıxarması üçün ultimatum verdi. Bu proses ultimatumun etirazla qarşılanması və bundan sonra İran hökumətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. İran ordusu Azərbaycan xanlıqlarına hücumu başlandı (1804-cü il). Bərabər olmayan qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək döyüşü dayandırdı. Sisianov İrəvan xanlığına doğru hərəkət edərək İrəvan qalasını mühasirəyə alsa da, onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevrə əl atdı. 1805-ci il mayın 5-də Qarabağ xanı ilə Rus imperatoru arasında Kürəkçay traktatı imzalandı. Traktatı Rusiyanın imperatoru adından Qafqaz qoşunlarının baş komandanı Sisianov və Qarabağ xanı İbrahimxəlil xan imzaladı”.
Uğur
Xalq cəbhəsi.-
2017.- 24 fevral.- S.13.