“Abbas Səhhət. Biblioqrafiya” kitabı təqdim edilib
İyunun
30-da M.F.Axundzadə adına
Milli Kitabxanada Azərbaycan uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi, şair,
tərcüməçi, pedaqoq
Abbas Səhhətin həyat və yaradıcılığına həsr
olunan “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimat
mərasimi keçirilib.
Kitab F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının “Uşaq
ədəbiyyatı xəzinəsindən”
seriyasından tərtib
edilib. Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
təqdim edilən kitabın Respublika Uşaq Kitabxanası tərəfindən 3 il ərzində hazırlanan dördüncü
biblioqrafiya olduğunu
söyləyib. Bildirib ki,
gərgin əməyin
gözəl nəticəsi
olan kitab elmə, ədəbiyyata, xalqa xidmətdir.
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru,
Əməkdar Mədəniyyət
İşçisi Şəhla
Qəmbərova kitab haqqında məlumat verib. Qeyd edib
ki, Azərbaycan uşaq ədəbiyyatının
görkəmli nümayəndəsi,
tanınmış şair,
həkim, görkəmli
müəllim və maarif xadimi Abbas
Səhhət Mehdizadənin
həyat və yaradıcılığına həsr
olunmuş bu biblioqrafiyada şairin qələmə aldığı
bütün əsərlər
və onun haqqında yazılan materiallar öz əksini tapıb.
Diqqətə çatdırıb ki, ədibin ədəbi-ictimai
fəaliyyətini tam şəkildə
əks etdirən 224 səhifəlik biblioqrafik göstəricidə 1904-2016-cı illərdə dərc olunan materiallar əks olunub. Dörd hissədən
ibarət göstəricidə
1101 adda əsərin biblioqrafik təsviri verilib. Onların içərisində 3 filmoqrafiya və 10 əsas arxiv materialları və əlyazmaları öz əksini tapıb. Kitab ədəbiyyatşünas alimlər,
tədqiqatçılar və
geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Ş.Qəmbərova kitabın hazırlanmasında
əməyi keçən
hər kəsə təşəkkürün bildirib. Kitabın
“Ön söz”ünün
müəllifi, AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Asif Rüstəmli
bildirib ki, F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının əməkdaşları
tərəfindən hazırlanan
biblioqrafiya faktların
yeniliyi, istinad edilən qaynaqların zənginliyi baxımından
geniş və əhatəlidir. Qeyd edib ki, vətənə, millətə
sədaqət nümunəsinə
çevrilmiş şairin
ilk dəfə nəşr
olunan biblioqrafik göstəricisi kitabxanaşünaslıq
mədəniyyətimizdə mühüm əhəmiyyət
kəsb etməklə
yanaşı, elmi-ədəbi
ictimaiyyət üçün
də dolğun, mükəmməl və sanballı töhfədir.
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov biblioqrafiyanı
qiymətli əsər
adlandırıb. O, biblioqrafik
göstəricini toplayıb
ərsəyə gətirməyin
çox zəhmət
tələb etdiyini bildirərək, kitabın
poliqrafik cəhətdən
də keyfiyyətlə
hazırlandığını söyləyib.
Təqdimatda çıxış edən Bakı Dövlət Universitetinin
(BDU) biblioqrafiya kafedrasının
müdiri Nadir İsmayılov,
professorlar Alxan Bayramoğlu, Zahid Xəlil, tənqidçi Füzulu Əsgərov, Rafiq Yusifoğlu, uşaq yazıçısı
Qəşəm İsabəyli
və digərləri
bildiriblər ki, biblioqrafiya Abbas Səhhət yaradıcılığına
verilən yüksək
qiymətin göstəricisidir.
Tədbirdə “Abbas Səhhət”
elektron məlumat bazası da təqdim edilib, Abbas Səhhətin yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunub.
Xalq cəbhəsi 2017.- 1-3 iyul.- S.16.