EPOSDAN ROMANA DOĞRU
(“Qarlı
aşırım”da epos ənənələri)
3-cü yazı
Boyun məzmunu qorqudşünaslıqdan keçən
bir həqiqəti təsdiq edir ki, həqiqətən
süjetin inkişaf məntiqi “hünər
atınmıdır, yoxsa qəhrəmanın” sualına
aydınlıq gətirmək məqsədi daşıyır. Lakin “boy”
hünərin atda yox, qəhrəmanda olduğunu tam şəkildə
təsdiqləyir. Yuxarıdakı sitat bunu
birmənalı ifadə edir. “Bu at Bəkilindir,
biz qaçırıq” deyiminin arxasında düşmənin
Bəkilin atından yox, məhz onun özündən çəkindiklərini
önə çıxarır, “at Bəkilindirsə, deməli,
gələn Bəkildir” anlamında qəbul edilir. Təkürun “Bu gələn Bəkilsə, sizdən
ögdən mən qaçıram” deməsi burada mübahisəyə
yer qoymamaqla bərabər, hünərin qəhrəmana məxsus
olduğunu sübut edir. Atın
üstündə Bəkilin olacağı təqdirdə
qaçmaqdan başqa yol görməyən kafər qüvvələri,
atın üstündəkinin bir başqası olduğunu
fikirləşəndə vuruşmaq qərarına gəlirlər.
Məhz bu məqam “hünər atındır” məntiqini
heçə endirir. Bu vuruşda Bəkil
oğlu Əmran qalib gəlir. Boyun məntiqində
Əmranın qalib gəlməsində atasına məxsus ata əsaslı
bir rol verilmədiyi halda, onun Bəkilin oğlu olmasının
düşmənə xüsusi tonla
çatdırılmasında döyüşdə
aparıcı rolun qəhrəmana məxsusluğunu işarələyən,
ancaq çətin sezilən məqam da müşahidə etmək
olur. Boyda ata digər boylardan mahiyyətcə
fərqlənməyən “yardımçı qüvvə”
statusu verilməsini birbaşa işarələyən detallar
da vardır. Əmran düşmənin üstünə
get¬məsi üçün atasından Al
ayğırını, dəmir tonunu, iti polad
qılıncını, qarğı budağından olan
süngüsünü, ağ lələkli
iti oxunu istəyir. Bütün bu istənilən
şeylərin vuruş meydanında qəhrəmanın
köməkçisi, onun igidliyinə təkan verən qüvvə,
başqa sözlə, yar¬dımçı qüvvələr
statusunda çıxış etməsi aydın bir həqiqətdir.
Sadəcə olaraq bu yardımçı
qüvvələr içərisində qəhrəmanın
atına xüsusi yer ayrılır. Yardımçı
qüvvələr sırasında atın birinci yerdə
durması da bununla bağlıdır.
Atın eposdakı statusu “Qarlı aşırım”da da
öz qüvvəsini saxlayır. Romanda iki at öz
adı və sahibi ilə və əksinə, sahibləri də
bu atlarla tanınır, öyülürlər. Kəhər – Abbasqulu bəyin atıdır. Xəlilin
atı isə iki adla tanınır: Ərəb və Göy
ürgə. Roman qəhrəmanlarının ata
münasibəti, ata bağlılığı və atla
bağlı düşüncələri epos qəhrəmanlarının
baxışının XX əsrin əvvəllərinə qədər
milli düşüncədə qorunub
saxlandığını əks etdirir. Xəlilin “Ərəb”lə
bağlı düşüncələri diqqəti çəkir:
“Oğlu Nəriman yadına düşdü. Atla
oğul birdi. Hər ikisi etibarlı olur,
adamı darda qoymur. Görək də,
sağlıq olsun”. Abbasqulu bəy Xəlilin atını
Qıratla müqayisə edir: “O, mənim yanımda yox, mən
onun yanında dolanıram. Xəlilin Göy
ürgəsi Koroğlunun Qıratına bərabər olub.
Daha Koroğluluğu qoyub yerə”.
Romanda
Abbasqulu bəyin atına verilən rol birbaşa epos
düşüncəsindən gəlir və eposda ata verilən
rolun reallığını işarələyir: “Qəmlo
izin ikincisini axtardı. İrəlidə
tapdı. İnanmadı. “At da bu uzunluqda addım ata bilərmi?
Koroğlunun Qıratıdı, nədi? İnan
ki, atdan düşməsəydi, onu öldürə bilməyəcəkdik.
Belə at adamı darda qoymaz. Onu tapam gərək”.
Qəmlonun Kəhərlə bağlı
düşüncələri eposda ata verilən bu rolun XX əsrə
qədərki işləkliyini göstərir və bu sadəcə
ata verilən “rol” deyil. Qədim epos düşüncəsi ilə
romanda reallaşan düşüncələr arasında
bir-birini tamamlayan cəhətlər türkün cəngavərlik
tarixinin yeni dövrdə də
yaşarılığını göstərir. Eyni zamanda roman qəhrəmanlarının xarakterində,
hərəkətlərində və düşüncələrində
gerçəkləşən reallıqlar epos
düşüncəsinin daha çox tarixi gerçəkliklərdən
güc aldığını sübut edir.
Romanda Abbasqulu bəyin ölümünün çəkilməz
ağrıya çevrilməsi təkcə onun misilsiz bir qəhrəman
olması və xəyanətə düçar olması ilə
bağlı deyil. Abbasqulu bəyin müsibətinin
üstünə müsibət əlavə edən Kəhərin
öz sahibinin ölümü ilə bağlı
yaşantılarıdır. At bu
ölümü sözün həqiqi mənasında həzm
edə bilmir. Müəllif təhkiyəsində
və roman qəhrəmanlarının çoxsaylı
müşahidələrində Kəhər Abbasqulu bəyin
ölümündən sonra əzab və kədər heykəlinə
çevrilir. “Qarlı aşırım”da
Kəhər “canlı personaj” olmaqdan çıxıb
büsbütün insaniləşir. “Abbasqulu
bəyin atı qabaqda gəlirdi. Tabutları
ona çatmışdılar. At sahibinin
iyini almışdı. Onun dabanlarını
böyründə hiss eləmək istəyirdi. Daban dəymirdi. Yükü
çox ağırıydı. Duymuşdu,
hiss eləmişdi ki, bu, canlı sahibi deyil, onun cənazəsidi.
İnsan öləndə belə
ağırlaşır. Torpaq bu
ağırlığa necə tablaşacaq, necə dözəcək.
At dözürdü”.
Abbasqulu bəyin atının “çatlaması”,
başqa sözlə, qəhrəmanın atının öz
taleyini qəhrəmanla paylaşmasına hesablanan roman
düşüncəsi öz başlanğıcını
eposdan götürür. Məhz qəhrəmanın atı ilə bağlı
romanda baş verən hadisələr etnosun eposda əks olunan
tarixi xarakterindən güc alan reallıq və
qanunauyğunluq kimi qavranılır. Bu, ilk
növbədə, Abbasqulu bəyin atına verilən “qəhrəmanın
yardımçısı” rolunda gerçəkləşir.
Maraqlı cəhət burasıdır ki, atla
bağlı təsvirlər, onun gerçəkləşdirdiyi
funksiya estetik düşüncənin məhsulu kimi yox, tarixi
reallığın estetik düşüncədə əksi
kimi dərk edilir. At-qəhrəman
ünsiyyətinin təbii münasibətlər əsasında
qurulması roman müəllifinin etnosun həyat və
yaşam tərzini estetik düşüncəyə
ötürüb, ona necə olursa-olsun yaşarılıq
statusu vermək istəyinə yox, hələ də
yaşarı olanı iti sənətkar müşahidəsi, fəhmi
ilə duymaq və bütün bunları sənətkarcasına
əks etdirməyə hesablanır.
At-qəhrəman ünsiyyətinin dərinliyi, qəhrəmanın
öz atına bağlılığı tarixin qəhrəmanlıq
dövrlərinin həyat qanunu kimi təzahür edir. Atın qəhrəmana
səmimi münasibəti at-qəhrəman münasibətlərinin
daha dərin qatlarını, daha həssas cəhətlərini
üzə çıxarır. Qəhrəmanın
ata münasibətində olduğu kimi, atın da qəhrəmana
münasibəti sahibinin igidliyi, qəhrəmanlığı
ilə bərabər, onun mənəvi dünyası, mərdlik
qanununa sədaqəti ilə tənzimlənir. At-qəhrəman münasibətləri onların
birgə keçdikləri həyat yolunda formalaşır.
Qəhrəmanın atına münasibəti
atın öz sahibinin taleyinin həlledici məqamlarında ona
nə dərəcədə yardımçı olması,
başqa sözlə, atın şücaətlərinin qəhrəmanın
şücaətlərini nə dərəcədə
tamamlaması əsasında formalaşır. Qəhrəmanın tale yolunun hansı məqamında,
məqamlarındasa atın xilaskarlıq funksiyasında
çıxışı sahibinin ona münasibətini dəruni
məhəbbətə çevirir. Atın
qəhrəmana münasibəti isə daha çox psixoloji
yönümlüdür. Qəhrəmanın
ona nə dərəcədə qayğı göstərməsi,
ona həssas yanaşması ilə formalaşır. At sahibinin ona münasibətini heyvani instinktlə və
dəqiq müəyyənləşdirir. Ancaq
atın öz sahibinə sevgisi, ona ürəkdən
bağlanmasının psixoloji əsasında qəhrəmanın
cəsarətli və mərd hərəkətləri həlledici
rol oynayır. Bütün hallarda qəhrəman-at
ünsiyyətinin dərinliyi cəmiyyətin igidlik, mərdlik
qanunlarına verdiyi böyük dəyəri, başqa sözlə,
cəmiyyətin məhz bu qanunları əsas tutaraq
yaşadığını sübut edir. “Qarlı
aşırım” romanı sovet hökumətinin gəlişi
zama¬nında milli varlığın xarakterinin, həyat tərzinin
bu qanunlarla tənzimləndiyini sübut edir. Sahibinin ölümündən sonra Abbasqulu bəyin
atına camaatın münasibəti, atın Abbasqulu bəyin
ölümünə münasibəti etnosun tarixdən gələn
xarakterinin hələ də qüvvədə olduğunu
işarələyir.
Abbasqulu bəyin
ölümündən sonra Qəmlo heç cür Kəhəri
ram edə bilmir. Yaranmış əlverişli
situasiyadan istifadə edib, onu minsə də, üstündə
duruş gətirə bilmir. Nəfəsin
yadlığını hiss edən at onu üstündən
atır. Kəhər Qəmlo tərəfindən
döyülsə də, “gözlərinin bulağından axan
yaş burnunun hər iki tərəfi ilə aşağıya
süzülsə” də, o, öz sahibini heç cür və
heç bir halda başqası ilə əvəz etmək
fikrində deyil. Kəhər yalnız sahibinin qoxusunu hiss
edəndə hərəkətə gəlir. Sahibinin
papağının, bədəninin qoxusunu aldıqda
canlanır, onunla ünsiyyətə can atır:
“Bu ara o
(Qəmlo – T.S.) hiss elədi ki, yüyən
boşaldı. At həvəslə, tez-tez gəlirdi.
Qəmlo addımlarını yeyinlətdi.
Kərbəlayıya beş-on addım
qalmış at kişnədi. Səs dağlarda əks-səda
verdi, dərədə uzandı. Kərbəlayı İsmayıl başını
qaldırdı. Məsələnin nə
yerdə olduğunu başa düşdü. Qəmloya bir söz demədi. Ata
baxdı. Kəhər başını dik
tutmuşdu. Burnu köpükləyirdi, tanış
iy duymuşdu. Sonra dırnağını
qaldırıb yerə çırpdı. Burnunu
yerə yaxınlaşdırıb iylədi, irəli getdi.
Qəmlo yüyəni dartdı. At dayanmadı, dartındı. Kərbəlayı
İsmayılın səsi eşidildi: "Yüyəni
boşalt, qoy görək, ay zalım oğlu..."
At Abbasqulu bəyin başı üstünə
keçdi. Ağzını onun sir-sifətində, paltarında
gəzdirdi. Başını geri atıb dəli
kimi kişnədi. Sonra sahibini bir də
imsilədi, elə bil Abbasqulu bəyi
çağırırdı, oyatmaq istəyirdi. Kərbəlayı İsmayıl üzünü
çevirib gözlərinin yaşını sildi”. At-qəhrəman bağlılığının bu
dərəcəsi etnosun tarixi xarakterinin milli varlıqdakı
yaşarılığını, həyati gücünü
bir daha təsdiq edir. Sən demə, at-qəhrəman
münasibətlərinin məntiqi elə qurulmuşdur ki, bu məntiq
qəhrəmanın ölümündən sonra atının
yaşamasını məntiqsiz edir. Abbasqulu
bəyin ölümündən sonra Kəhərin taleyi el-oba
üçün bir ağrıya çevrilir. Üstündəki igidlə birlikdə el-oba
arasında əfsanəyə çevrilən Kəhər nə
özü-özünə yer tapa bilir, nə də el-oba
onunla necə, nə şəkildə rəftar edəcəklərini
bilirlər. Sözün həqiqi mənasında
Kəhər göz dağına çevrilir. Abbasqulu bəyə
də, onun atına da sonsuz məhəbbət bəsləyən
Alının düşüncələri qəhrəmanın
ölümündən sonra atının yaşamasının
psixoloji cəhətdən mümkünsüzlüyünü
önə çəkir: “O boyda kişidən yadigar bir at
qalıb. Onu arvadı Qönçə xanıma aparmaq həm
acıydı, həm də… Yox,
yüngüllüyü yoxdu. Hər dəfə
qapıda kişnəyəndə evdə ağlaşma qopacaq,
ürəklər parçalanacaq. Elə biləcəklər
sahibini çağırır, təkliyindən fəryad
qoparır. Onu burada qurd-quşa yem kimi
qoymaq da nakişilik, namərdlik olar. Gör,
dünyanın işlərinə bir bax, yerişinə kəndlərin
camaatı tamaşaya çıxan, yəhərində gəzdirdiyi
adamın igidliyindən ona da pay düşən at indi
lazım deyil heç kimə. Onu heç kəs
minməyəcək. Kimin ürəyi gələr.
Oğlu minməz, göz dağı olar. Qohum-qardaş yaxın durmaz, min söz-söhbət
çıxar. İlxıya qatılası deyil, bazarda
satılası deyil… Bu, yetimçilikdən betərmiş
ki. İgidin atı qalanda nə pis, nə
dəhşət olurmuş”.
Alının el-obanın yazılmamış qanunlarından çıxış etdiyini nəzərə alsaq, bu sözlərdə böyük bir həqiqətin ifadə olunduğunu görə bilərik. Romanda qəhrəmanın ölümündən sonra onun atının taleyinə verilən bədii həll – Kəhərin bağrının çatlaması epos düşüncəsində özünə yer tapan qəhrəmanla atının taleyinin birliyi inancına söykənir və atın öz taleyini sahibi ilə paylaşması şəklində gerçəkləşir. Eyni zamanda “Qarlı aşırım”da Kəhərin taleyi ilə bağlı verilən təfsilatlar Beyrəyin Boz ayğırının eposda təfərrüatına varılmayan taleyini əks etdirir və nəticə etibarı ilə at=tabut modelinin haradan və nədən qaynaqlandığına, qəhrəmanın atının qəhrəmanın özü ilə eyni taleyi yaşamalı olmasının psixoloji tərəflərinə aydınlıq gətirir.
Təyyar Salamoğlu
filologiya üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi 2017.- 6 iyul.- S.14.