“Şah İsmayıl” dastanının yayılma arealı

 

1-ci yazı

 

Azərbaycan xalqının yaddaşında Şah İsmayıl bir tarixi şəxsiyyət kimi müxtəlif səviyyələrdə obrazlaşıb. Şifahi və yazılı ənənədə bu obrazlaşmanın lazımi qədər əsaslı, həm də təbii görünən tərəfləri var. Başlanğıcı isə heç şübhəsiz, Şah İsmayılın bir şəxsiyyət olaraq fəaliyyətinin ilkin dövrlərindən qoyulmaqla sonrakı mərhələlərdə çoxalan istiqamətdə gedib. Hekayət, əhvalat, hadisə, rəvayət olmadan mükəmməl dastan nümunəsinin yaranmasına qədər gəlib çıxıb. Çünki Azərbaycanın ictimai, siyasi, mədəni tarixində Şah İsmayıl Xətayi dövlət qurucusu, sərkərdə, təriqət şeyxi, şair kimi müstəsna bir ucalıqla səciyyələnir. Onun dastan obrazının hansı səviyyədə yaradılması, bədii mətndə tarixiliyin nə dərəcədə ehtiva olunması, qəhrəman prototiplərinin dastançılıq üçün səciyyəvi xarakterinin müəyyənləşməsi zəruri olan məsələ kimi folklorşünaslığın qarşısında durur.

Şah İsmayıl müstəsna keyfiyyətlərə malik şəxsiyyət kimi bütövlükdə XV-XVI əsrlərin ictimai həyatına mühüm təsir göstərib. Onun Azərbaycan ictimai-siyasi, ədəbi həyatında oynadığı rolu dəyərləndirmək bu gün çox aktuallıq kəsb edir. Azərbaycan ədəbi-nəzəri fikri Şah İsmayılı yaradıcı şəxsiyyət kimi layiqincə araşdırıb. Dövrü və mühiti, bədii yaradıcılığının poetik özəllikləri, mövzu və ideya istiqamətləri fundamental səviyyədə tədqiqatların probleminə çevrilib. Bədii ədəbiyyatda Şah İsmayılın obrazı hərtərəfli olaraq yaradılıb. Buna görə də ədəbiyyatşünaslıq elmi Şah İsmayıldan yetərincə danışa bilir.

Azərbaycan dastanşünaslığında “Şah İsmayıl”ın “Azərbaycan dastanları”nın üçüncü cildində (1967) çap olunmuş variantı öyrənilib. Bu varianta həsr olun¬muş tədqiqatlar Şah İsmayıl obrazının təkcə lirik qəhrəman kimi təhlilinə üstünlük veriblər. Son zamanlar isə “Şah İsmayıl” dastanının müxtəlif versiya və variantları üzə çıxıb. “Şah İsmayıl” dastanının Təbriz, Türkiyə, Azərbaycan variantları üzrə demək olar ki, Azərbaycan folklorşünaslığında tədqiqatlar aparılmayıb. Bunun səbəbi bir istiqamətdə “Şah İsmayıl” dastanında öz əksini tapan sufi dünyabaxışın, təsəvvüfi xarakterin, Şah İsmayılla Gülzarın mifoloji qəhrəman səciyyələrinin, mətn-yaddaş münasibətlərinin alt qatlarının öyrənilməsinə sistemli cəhd edilməməsi, yaxud az araşdırılması (M.H.Təhmasibin araşdırmalarını çıxmaq şərtilə) olub. Təbriz, Tehran və Türkiyə arxivlərində, eləcə də elmi auditoriyasında olan materialların sovetlər dönəmində təhlilə cəlb etmək çətinliyi də bir güclü tərəf kimi özünü göstərir.

“Şah İsmayıl” dastanının bütün variantlarını artıq müqayisə edib öyrənməyə imkan var. “Şah İsmayıl” dastanının öyrənilməsi bizə həm tarixi keçmişimizi, həm də XV-XVI əsrlər folklor yaradıcılığının inkişaf istiqamətlərini araşdırmağa yaxından kömək edəcək. “Şah İsmayıl” dastanının mövcud variantlarının tipoloji təhlili təzkirələrin, tarixi qaynaqların verdiyi bilgilərlə yanaşı, onun folklor obrazının etnos yaddaşında hansı səviyyədə qorunuşunun aydınlaşması baxımından mühüm aktuallıq kəsb edir. Burada əsas önəm daşıyan məsələlərdən biri Şah İsmayıl şəxsiyyətini təzkirələr üzrə öyrənməklə üst-üstə düşən faktları, tarixi və bədii obraz arasında olan yaxınlığın görünən və görünməyən qatlarını araşdırmaqdan ibarətdir.

Uzun illərdir ki, “Şah İsmayıl” dastanı repertuar həyatını yaşayır. İfaçılıq xüsusiyyətinə görə qəhrəmanlıq, həm də məhəbbət dastanları kimi ifa oluna bilir. Bu bir istiqamətdə oradakı qəhrəmanlıq ruhunun və məhəbbət xəttinin bir-birini əvəz etməsi ilə bağlı özünəməxsusluq hadisəsi təsiri bağışlayır. “Şah İsmayıl” dastanının bir çox variantlarında bu tipik hadisə kimi özünü göstərir. Məsələn, dastanın Təbriz variantında qəhrəmanlıq ruhu məhəbbət pafosundan qat-qat güclüdür. Məhəbbət lirikasının da Təbriz variantında xüsusi yeri var. Amma başqa variantlarda məhəbbət məzmununun açıq-aşkar üstünlük təşkil etməsi də danılmazdır.

“Şah İsmayıl” dastanı Azərbaycanda ilk dəfə “Dastanlar və nağıllar” (1937) kitabına daxil edilib. Zəyəmli Aşıq Alının, lerikli Aşıq Qurbanəlinin ifaları ilk repertuar nümunəsi kimi mühüm əhəmiyyət kəsb edir. SMOMPK məcmuəsində N.Kalaşevin, A.Zaxarovun və başqalarının toplayıcılıq fəaliyyəti ilə yanaşı, ilkin tədqiqatçılıq meylləri də başlanğıc olaraq xüsusi maraq doğurur. “Xalq dastanları”nın (1961) ikinci cildində, “Azərbaycan dastanları”nın (1965-1970) beşcildliyinin üçüncü cildində, “Azərbaycan ədəbiyyatı inciləri” kitabında (1987) çap olunub. “Şah İsmayıl” dastanının öyrənilməsində H.Araslı və M.H.Təhmasibin xüsusi xidmətləri var. M.H.Təhmasib “Azərbaycan xalq dastanları (orta əsrlər)” (1972) kitabında Şah İsmayılla bağlı bir çox mətnlərə toxunub, elmi-nəzəri kontekstdə konseptual mülahizələr irəli sürüb. P.Əfəndiyev ali məktəblər üçün yazdığı “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1970, 1981, 1992) dərsliyində “Şah İsmayıl” dastanı” adlı oçerk verib. V.Vəliyevin “Azərbaycan folkloru” (1985) dərsliyində də “Şah İsmayıl” dastanı geniş şəkildə təhlil olunub. M.Allahmanlı “Türk dastan yaradıcılığı” (1997) monoqrafiyasında “Şah İsmayıl”la bağlı ciddi təhlillər aparıb.

İran və Türkiyədə Şah İsmayılın həyatı, fəaliyyəti, “Şah İsmayıl” və ya “Mənakib-i Şah İsmail və Gülzar” hekayəsi üzərində çoxlu tədqiqatlar aparılıb. Azərbaycan ədəbiyyatşünaslığında və folklorşünaslığında son onillər Şah İsmayıl və onun adı ilə bağlı dastan haqqında mühüm elmi əhəmiyyət kəsb edən əsərlər yazılıb. M.Qasımlının “Şah İsmayıl Xətainin poeziyası”, O.Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti”, Y.Babayevin “Azərbaycan ədəbiyyatı tarixi”, Ş.Bədəlovun “Şah İsmayıl Xətai və folklor” əsərlərində və s. Şah İsmayıl haqqında olduqca qiymətli, elmi-nəzəri baxımdan mühüm əhəmiyyət kəsb edən mülahizələr irəli sürülüb. Bədii ədəbiyyatda Şah İsmayılla bağlı yaranan roman, povestləri də buraya əlavə etdikdə məsələnin mahiyyəti daha da böyüyür. Ankarada “Şah İsmayıl Hatai” uluslararası simpozium (9-11 oktyabr 2003-cü il) və s. Şah İsmayıl Xətainin yaradıcı şəxsiyyət kimi gördüyü böyük işlərə marağın dönməzliyinin göstəricisidir.

“Şah İsmayıl” dastanı xalqın milli, bədii, estetik, fəlsəfi, ədəbi düşüncəsinin hadisəsi olaraq möhtəşəm fakt və struktur özünəməxsusluqları ilə səciyyələnir. Məlum olduğu kimi, dastan özünün əlahiddə imkanlılığı, türk ədəbi-fəlsəfi təfəkküründə ictimai-kulturoloji prosesləri izləmək, ictimai-mədəni inkişafın tendensiyasını aydınlaşdırmaq baxımından ciddi zənginliklərlə müşahidə olunur. Etno-ideoloji idrak formalarının ilkin elementlərinin günümüzə qədərki mənzərəsi müxtəlif səviyyələrdə dastanlarda özünün ifadəsini tapır. Ona görə də bu formaya geniş mahiyyətli hadisə kimi yanaşmaq, onun ifadə etdiyi məzmunu müxtəlif səviyyələrdə təhlil etmək ciddi məsələ olaraq həmişə maraq kəsb edib. Türk dastan yaradıcılığının möhtəşəm abidələri “Oğuz Kağan”, “Bozqurd”, “Törəyiş”, “Köç”, “Manas”, “Alpamış”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Korabatır”, “Edige”, “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Valeh və Zərnigar” və s. dastan nümunələri üzərində aparılan təhlillər məsələlərə sinxron və diaxron müstəvidə daha geniş yanaşmağı zəruruləşdirir. “Şah İsmayıl” dastanı da məhz etnos təfəkkürünün fundamental hadisəsi kimi mahiyyətə yönəlikli nəzəri araşdırmalara ehtiyaclılığı aktual görünür. M.H.Təhmasib bu dastanı “ən çox sevilən, buna görə də ən geniş yayılmış dastanlarımızdan biri” kimi qiymətləndirib. Dastan Azərbaycanda, Türkiyədə, Güney Azərbaycanda, eləcə də Avropada yayılmış və dəfələrlə nəşr edilib.

Elmi-nəzəri fikrin son qənaətlərinə görə, dastanın formalaşma başlanğıcı Təbrizlə bağlı olub. Lakin onu da əlavə edək ki, dastan olmayana qədər Şah İsmayılla bağlı çoxlu əhvalat, hadisə, rəvayət, qoşqular xalq arasında yaranıb. Əlbəttə, bunun başlanğıcında Səfəvilərə və onun ayrı-ayrı nümayəndələrinə olan sonsuz rəğbət dayanırdı. XIV əsrdə A.Ərdəbili Şeyx Səfini “xalq və millət hamisi” adlandırırdı. Şah Qasım Ənvarın, M.Füzulinin, Həbibinin, M.Abdalın, Qurbaninin və başqalarının bu nəsil haqqında dedikləri, eləcə də xalq təsəvvüründə yaşananlar, heç şübhəsiz, etnik mədəniyyətin daha möhtəşəm forması olan dastanlaşmanı aktuallaşdırırdı. Ona görə də dastanlaşmanın başlanğıcını Təbrizdən, Ərdəbildən götürməsi qənaəti daha inandırıcı görünür. Lakin dastanın Təbrizdəki nəşrləri haqqında əlimizdə məlumat çox azdır. Dastanın Təbriz toplayıcılarından biri Əli Təbrizlidir (1929-cu il Təbriz – 1998-ci il Tehran). Xalqın zəngin mənəvi mədəniyyətinə böyük sayğı göstərən Ə.Təbrizli şah rejiminin bütün təzyiqlərinə baxmayaraq, türk folklor nümunələrini toplamağa xüsusi maraq göstərib. İranda çap olunmuş “Şah İsmayıl” dastanı da belə bir əziyyətin məhsuludur. Dastan Abadi Mahmud tərəfindən 2000-ci ildə Təbrizdə “Zər Gelem” nəşriyyatında nəşr edilib.

Azərbaycanda dastanın ilk nəşri 1847-ci ildə daşbasma şəklində edilib. Məlum olduğu kimi, ağız ədəbiyyatımızın yaranmasının kökləri çox qədim dövrlərə, xalqın ilkin təsəvvürlərinin formalaşdığı zamanlara gedib çıxır. Əfsanələr, rəvayətlər, nağıllar, əmək nəğmələri, mərasim folkloru, bayatılar, atalar sözləri, məsəllər, inamlar, etiqadlar və s. öz bətnində kifayət qədər qədimlərlə bağlanan informasiyaları qoruyub saxlayırlar. Folklorun toplanması prosesi isə çox-çox sonraların hadisəsidir. Bu təkcə Azərbaycan üçün deyil, bütünlükdə dünya xalqlarında özünü göstərən məsələdir. Ancaq onu da etiraf edək ki, XIX əsrdə fransızlar, almanlar, finlər və digər Avropa xalqları öz folklor nümunələrini toplayıb nəşr etdirdikləri halda, Azərbaycanda bu proses bir qədər gecikmişdi.

 

Kəmalə İsmayılova

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2017.- 7 iyul.- S.14.