“Şah İsmayıl” dastanının
yayılma arealı
2-ci
yazı
1828-ci ildə Azərbaycanın Rusiya imperiyası tərəfindən
işğalından sonra mədəni irsimizin toplanmasında və
nəşrində yeni mərhələ başlayıb. Folklor irsimizin
toplanaraq SMOMPK məcmuələrində nəşri bunun tipik
nümunəsidir. Məhz “Şah
İsmayıl” dastanının ikinci nəşrinə biz bu məcmuədə
(təəssüf ki, dastanımızın ilk nəşri rus
dilində oldu) rast gəlirik. Dastan məcmuənin
III və VII buraxılışlarında nəşr edilib.
Bu barədə türkiyəli tədqiqatçı
Pr.dr.Tuncer Gülensoy da “Şah İsmayıl” dastanının
1883-cü ildə rus dilinə tərcümə edilərək
nəşr edildiyini yazıb. III
buraxılışda nəşr edilmiş variant Salahlı kənd
orta məktəbinin müəllimi B.Veniaminov tərəfindən
toplanılıb. VII buraxılışda
isə çox təəssüf ki, dastan erməni
nağılı kimi çap olunub. Bunun isə
köklü səbəbləri var. Məlumdur ki, “Şah
İsmayıl” dastanı birmənalı olaraq Azərbaycan
xalqının bədii təfəkkürünün məhsuludur
və bütün müstəvilərdə etnosun
düşüncəsini ifadə edir. Məcmuədə
nağıl kimi qeyd olunmanı təsadüfən və
yazıya alanın qüsuru kimi qəbul etmək olar. Digər
istiqamətdə XIX yüzillikdə dastan, nağıl, hekayə
terminlərinin eyni məzmunu işarələməsi ilə
bağlı kifayət qədər faktlar var. Bu səbəbdən
də mövcud nəşr nümunələrindəki vəziyyəti
belə şərh etmək olar:
1.
Variantlar yalnız təhkiyə formasında verilib. Nəzm hissə tərcümə edilməyib. Nəzərə alsaq ki, məcmuələrdəki
materialları əmək, bədən tərbiyəsi müəllimləri
toplayıb, onda məsələnin mahiyyəti daha da
aydınlaşar.
2. XX əsrin
50-ci illərinə qədər dastanlar (“Koroğlu” dastanı
istisna olmaqla) nağıl adlandırılıb.
Folklorşünas M.H.Təhmasib dastan sözünün bir
termin kimi məna anlamını və sinonimik sistemini şərh
edərək yazır: “İstər yazılı, istərsə
də şifahi ədəbiyyatımızda dastan daha çox ədəbi
istilah kimi işlədilmiş və müxtəlif mənalar
daşıyıb.
“Müxtəlif əsrlərin əlyazmalarında qeyd
olunmuş qoşmaları nəşr etmək – onları
oxucuların və tədqiqatçıların istifadəsinə
vermək deməkdir. Heç bir yerdə qələmə
alınmayıb, ancaq hafizələrdə yaşayan əsərləri
toplayıb nəşr etmək isə onları unudulmaq,
itib-batmaq təhlükəsindən xilas etmək deməkdir”.
Bu sözlər “Nəcib məqsəd, gözəl
nəticə” adlı məqalədə M.H.Təhmasib tərəfindən
Hümmət Əlizadəyə ünvanlanıb. Çünki H.Əlizadə “Şah İsmayıl”
dastanının nəşri tarixində böyük rol
oynayaraq, bu dastanı itib-batmaq təhlükəsindən xilas
edib. Variantın dilimizdəki ilk əlyazması
ona məxsusdur. Görkəmli folklorşünas əlyazmanı
1928-ci ildə Tovuzda Aşıq Mirzədən toplayaraq 1929-cu
ildə “Azərbaycan el ədəbiyyatı”, 1937-ci ildə isə
“Dastanlar və nağıllar” kitabında nəşr etdirib. Dastan bəlli süjet xəttindən, bəlli motivlərdən,
hadisələrdən ibarətdir.
Dastanın sonrakı nəşri Əhliman Axundova məxsusdur. Ə.Axundov
“Şah İsmayıl” dastanını 1961-ci ildə “Xalq
dastanları”, 1967-ci ildə isə “Azərbaycan dastanları”
kitabında nəşr etdirib. Bəhlul Abdulla “Azərbaycan
ədəbiyyatı inciləri” kitabında “Şah
İsmayıl” dastanı ilə bağlı görülən
işləri təhlil edərək yazır:
“Folklorşünas Əhliman Axundov dastanın daha mükəmməl
variantını Zəyəmdə Aşıq Alıdan
toplayıb”. Fikrimizcə, həm Hümmət Əlizadə, həm
də Əhliman Axundov tərəfindən toplanan variantlarda məzmun,
quruluş, hadisələrin gedişatı, dastanı bəzəyən
şeirlər demək olar ki, bir-birinin eynidir. Yalnız
bir-iki şeirdə çox cüzi fərq vardır ki, bu fərq
də aşağıdakılardan ibarətdir. Həm Hümmət Əlizadə, həm də
Əhliman Axundov tərəfindən toplanan variantlarda məşhur
“Bənzəməz” şerinə nəzər salaq.
I bənd
Hurilər,
pərilər yığılıb bağa,
Heç birisi Gülüzara bənzəməz.
İşvələri,
qəmzələri, nazları,
Heç birisi Gülüzara bənzəməz.
II bənd
Kimi al
geyinib, kimi qırmızı,
Kimi
gül düşürür, kimi nərgizi,
Hamıdan
göyçəkdir vəzirin qızı,
Heç birisi Gülüzara bənzəməz.
III bənd
Şah
İsmayıl yandı-yandı tutuşdu,
Yığılan
gözəllər bizə gülüşdü,
Gülşən
bağçasın gülgülə düşdü,
Heç birisi Gülüzara bənzəməz.
Həmçinin Əhliman Axundovun variantındakı “Yar
otağa qədəm basa” misrası Hümmət Əlizadənin
variantında “Ağ otağa qədəm basa” kimi verilib.
Dastan Bəhlul Abdullanın redaktorluğu ilə 1987-ci
ildə “Azərbaycan ədəbiyyatı inciləri”
kitabında nəşr edilib. Kitabın sonunda Bəhlul
Abdulla bu va¬riantın Əhliman Axundovun nəşrinin təkrar
nəşri olduğunu qeyd edir. Daha sonra
dastan Ayaz Vəfalı tərəfindən, təkrarən Bəhlul
Abdullayev tərəfindən, eləcə də AMEA-nın
Folklor İnstitutunun xətti ilə dəfələrlə nəşr
edilib. Dastanın lerikli Aşıq Qurbanəlidən
və Laçından toplanmış variantlarının bəzi
nəzm parçalarına Folklor kitablarında rast gəlinir,
lakin həmin variantların harda olması məlum deyil. Dastan sonuncu dəfə 2011-ci idə Folklor
İnstitutunda Azərbaycan Folklor Külliyyatının XXII
cildində nəşr edilib.
“Şah İsmayıl və Gülüzar xanım”
dastanı ermənilər tərəfindən də xüsusi
marağa səbəb olmuş və müxtəlif səviyyələrdə
nəşr edilib. Erməni əlifbası ilə dastan ilk dəfə
1871-ci ildə İstanbulda, Hovsep Kafavyanın mətbəəsində
Azərbaycan dilində nəşr edilib. “Şah
İsmayıl” dastanının erməni dilinə tərcüməsi
ilə bağlı professor İsrafil Abbaslı “Azərbaycan
dastanlarının yayılması və təsiri məsələləri”
(1) kitabında geniş məlumat verib. Əlyazmanın
ermənicə Həllac oğlu, N.Kalaşev kimi variantları
olub. Dastanın erməni dilinə tərcümə
edilmiş ilk variantı Civaniyə məxsus olub. Civaninin vəfatından sonra dastanı Ağek
Mxitaryan erməni dilinə tərcümə edərək nəşr
etdirib. İ.Abbaslı qeyd edib ki,
dastanın həm nəzm, həm də nəsr hissəsi erməni
dilinə tərcümə edilib. “Şah
İsmayıl”ın ermənicəyə tərcümə olunmuş
hər iki çapı xalq romanının Azərbaycan-Türk
variantına istinadən hazırlanıb”. Buna
görə də orijinalla tərcümə arasında əsaslı
fərq nəzərə çarpmadığını qeyd edən
İ.Abbaslı kitabda variantların dilimizdə qısa məzmununu
verib. Məzmunlara nəzər saldıqda
eynilikləri (övladsızlıq, səyahət, pirani qoca,
mübarizə) aydın görə bilirik. Yalnız Civani öz tərcüməsinə
cüzi əlavələr edib. Tərcümələrdə
də qəhrəmanın atının adı Qəmərdaydır.
Türk və Təbriz variantında olduğu
kimi, İsmayılın təhsilini Daniel verir. Əlyazmalarda Azərbaycan variantlarından fərqli
olaraq buta motivinə rast gəlirik (buta motivi yalnız
dastanın türk variantındadır). Gülpərinin
adı Pəri kimi verilmişdir. Hər iki
tərcümə xoş ovqatla tamamlanır.
Nəzm sistemində də şeirlər digər
variantlarla eynidir. İsrafil müəllimin tərcümə etdiyi nəzm
parçası ilə digər variantdakı nəzm hissəsini
müqayisə edək:
Şah
İsmayıl eşqə yandı, tutuşdu,
Qızlar ilə halallaşdı, görüşdü.
Gülşən
bağçasına vəlvələ düşdü,
Heç birisi Gülüzarə bənzəməz.
Şah
İsmayıl yandı-yandı, tutuşdu,
Kızlar ile helallaşdı, görüşdü.
Gülşen
bağçesine velvele düşdü,
Heç birisi Gülüzare benzemez.
İ.Abbaslı
bu tərcümələrə münasibət bildirərək
bir məqamı xüsusi olaraq qeyd edir: “Hər iki tərcümənin
həm müsbət keyfiyyətləri, həm də
çatışmayan cəhətləri çoxdur. Lakin ümumilikdə götürülərsə
xalq romanı bütün məzmun və məna incəliyi,
mündəricəsi ilə öz ifadəsini erməni dilində
tapa bilib.
“Şah İsmayıl” dastanının erməni sənətkarlarının
tərcümə-təbdili ilə yayılması bu əsərin
ermənilər arasında nə dərəcədə
sevildiyini, yalnız şifahi dinləmələrdə deyil, həm
də yazılı tərzdə əldən-ələ gəzdiyini,
geniş oxucu kütləsinin istəyini
qazandığını təsdiq edir”. Dastan təkcə
Qafqazda deyil, həm də Kiçik Asiyada da xüsusi
marağa səbəb olub, auditoriyanın rəğbətini
qazanıb.
“Şah İsmayıl” dastanına, nəinki, Azərbaycan folklor məkanında, hətta türk folklor mühitində də genişliklə təsadüf olunur. Türk folklor arealında “Şah İsmayıl” həm osmanlı türkcəsi, həm də latın qrafikasında nəşr edilib. Dastanın Osmanlı türkcəsi ilə nəşr edilmiş variantlarının ortaq xüsusiyyətləri bəzi kiçik fərqlər nəzərə alınmazsa, demək olar, hamısının bir qaynaqdan qidalanaraq kiçik fərqlərlə fərqlənməsidir. Nüsxələr arasında hadisələrin gedişatında, quruluşunda, şeirlərin sırasında elə də böyük fərqlər yoxdur. Əlyazmalar içərisində ən qədimi “Tophane-i Amire” mətbəəsində 1855-ci ildə nəşr edilmiş nüsxədir. Əlyazma daşbasma üsulu ilə basılıb. Nüsxə 40 səhifədən ibarətdir. 37 və 38-ci səhifələr yoxdur. Dastana uyğun minatür şəkillər də var. Onu da qeyd edək ki, 1855-1924-cü illərdə dastanın daşbasma və əlyazma şəklində 25-ə qədər nüsxəsi tapılıb.
İkinci bir nüsxə 1912-ci ildə çap olunmuş 40 səhifəlik nüsxədir. Kitabın içində cizgi tipli rəsimlər də var. Dastanın məzmununda ciddi fərq yoxdur. Osmanlı türkcəsində yazılan digər bir nüsxə Əbul Qasım Firdövs tərəfindən 1916-cı ildə işıq üzü görüb. Mətbəə hərfləriylə çap edilən dastanda hekayənin dili və üslubu dəyişdirilib, roman halına salınıb. Bu nüsxə Türk folklorunda romanlaşdırılmış ilk mətnlərdəndir. 64 səhfiədən ibarət olan variant Osmanlı türkcəsində adı olan yeganə variantdır. Latın qrafikasıyla nəşr edilmiş dastanların qaynağı haqqında demək olar ki, heç bir məlumat yoxdur. Belə ki, dastanların naşirləri kitabların girişində heç bir ön söz qoymayaraq dastanları öz adlarıyla nəşr etdirmişdilər. Türkiyədəki daşbasmaların dilini düzəldərək çap edilən ilk kitab 1931-ci ildə Süleyman Tevfik Özdoroğlunun əməyinin məhsuludur.
Latın qrafikası ilə “Şah İsmayil” dastanın nəşrində Muharrem Zeki Korgunalın da əməyi olub. Dastan 56 səhifədən ibarətdir. Digər bir variant Səlami Münir Yurdatap tərəfindən yazıya alınıb. Dastan 63 səhifədən ibarətdir. Yurdatap hadisələrin gedişatına bir çox dəyişikliklər edərək, dastanı hamının anlaya biləcəyi sadə bir dilə çevirib. Variantdakı şeirlərə isə heç bir müdaxilə olunmayıb.
Latın qrafikasıyla nəşr edilən növbəti nəşrin müəllifi Rezzan Güneydir. Dastanın süjet xəttində, hadisələrin gedişatında ciddi fərq yoxdur. Dastanın toplanmasında və nəşrində Pertev Naili Boratavın rolunu xüsusilə qiymətləndirmək lazımdır. Belə ki, Ankara Unversitetinin Dil və Tarix, Coğrafiya fakültəsinin folklor arxivində “Şah İsmayıl” adını daşıyaraq qorunan altı variantdan üçü P.N.Boratav tərəfindən toplanıb.
Kəmalə İsmayılova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 8 iyul.- S.14