Taleyin azması fəlakəti...
Seymur Şeydayevin oxucularla ilk görüşü olan «Bitməmiş son» («Tuna» nəşriyyatı,
2016) adlı kitabında
eyniadlı povesti və «Uduş», «Bir yeşik alma»,
«Fil Tahir və ya bir
balon çaxır» hekayələri yer alıb. Kitabın redaktoru Əməkdar
mədəniyyət işçisi
Allahverdi Məmmədovdur.
Düzünü deyim ki, «Povestin dili Seymurun
ümumxalq dilinə, onun müxtəlif çalarlarına, sözün
məna incəliklərinə
yaxşı bələd
olduğunu, seçdiyi
hər bir ifadə və fikirlərə xüsusi diqqətlə yanaşdığını
göstərir. Müəllif
artıq görünən
ifadə və ibarələrə, təşbeh
və epitetlərə
o qədər də
can atmır, hadisələri
sadə və təbii təhkiyə və dialoqlarla nəql etməyə üstünlük verir» – fəlsəfə doktoru Tahir Orucovun ön sözündə deyilən bu fikirlər yerini aldığındandır ki,
mən adətimə xilaf çıxaraq «Bitməmiş son» povestini
birbaşa oxuyub qurtardım. Çünki mənim yaxşı
əsərləri birnəfəsə
oxumağım nadir hallarda
olur, bu povesti isə birdən-birə oxuya bilməyimin səbəbi məhz müəllifin artıq ifadələrlə
oxucunu yormaması, rəvan bir üslubda və reallığı səmimi
hisslərlə ifadə
etməsindədir. Hadisələr elə təbii məcrada verilib ki, oxuduqların bir təsiredici səhnə əsəri təəssüratı yaratmaqla
göz önündə
canlanır.
«Gecədən xeyli
keçmiş qəfil
telefon zəngindən
dik atıldı. Bir az yerinin
içində dik oturdu ki, bəlkə
kimsə səhv düşüb. Lakin telefon aramsız
zəng çalırdı.
Arvadı Gülgəz
yerinin içində qurcalanıb yuxulu-yuxulu dedi:
- Deyəsən, rayon zənginə
oxşayır. Götürsənə.
- Allah xeyir eləsin, görən kim
olar bu vaxtı?
Yavaş-yavaş telefona yaxınlaşdı. İçində özünə də məlum olmayan bir təlaş vardı. Nə isə bir bəd xəbər eşidəcəyindən qorxaraq
telefonun dəstəyini
qaldırmaq istəmədi.
Lakin arvadının artıq neçə illərdir beyninə düşən
o cır səsini bir də eşitməmək
üçün dəstəyi
qaldırdı» (s.17).
Povestin başlanğıcı
olan bu cümlələrdə
bir real məişət
həyatı təsvir
olunub. «Arvadının
neçə illərdir
beyninə düşən
o cır səsi» ifadəsi emosional-psixoloji ovqatın ifadəsi olub, ailədaxili ab-havanı bəri başdan oxucu düşüncəsinə yeridir.
Rüstəmlə arvadı
arasında gedən aşağıdakı dialoq
isə artıq oxucuya hər şeyi məlum edir:
« - Kim idi zəng
edən? – deyə
arvadı soruşdu.
- Kənddəndi. Mirpaşanın oğlu Cövdətdi.
- O kimdi, nə istəyir?
-Anamın vəziyyəti pisdi, bəlkə də rəhmətə gedib. Günortaya qədər özümü
kəndə çatdırmalıyam.
- Nə ilə gedəcəksən?
- Avtobusla. Bəs sən getmək
istəmirsən?
- Mən niyə gedim ki, məni
orda kim
tanıyır axı?
- Necə kim tanıyır,
mənim anam bəlkə də rəhmətə gedib. Bu ağır günümdə
orda səni kiminsə tanımağının
nə əhəmiyyəti
var? Sən mənim yanımda
olmalısan.
- Sən Allah qoy
yataq, vaxtında heç biri məni qəbul etmirdi. İnd idə ora getsəm, hamı «Qəmər arvad öldü, gəlini də sevindiyindən ayaq basmadığı kəndə gəlib» deyəcək. Yaxşısı budur ki oturum
xarabamda”.
«Onsuz da bu ev sənə
rast gəldiyim gündən mənim üçün xarabaya çevrilib». Ancaq bu sözləri ürəyində dedi ki, arvadı eşitməsin. Yavaş-yavaş əynini geyinməyə
başladı. Şifonerdə
(ehtiyat üçün
pulları orda saxlayırdılar) paltarların
altında saxladıqları
pullardan bir az götürüb
arvadını səslədi:
- Dur qapını bağla, mən çıxıram.
- Gedirsən, oradan nə qədər pul götürdün?
- Nə qədər lazımdı, o qədər
də götürdüm.
- Yetimçələrin üçün
də bir şey saxla heç olmasa.
Arvadı ilə söz güləşdirmək istəmədi. Qapını örtüb tələsik
pilləkənləri düşdü».
Yenə qayıdıram Tahir Orucovun kitaba yazdığı «Tənhalığın
faciəsi» adlı ön sözün üstünə. Doğrudan da
povestin əsas qəhrəmanı olan Rüstəm tənhalığın
faciəsini yaşayır.
Tənhalıqla bağlı
da Tahir müəllim bir maraqlı fikir işlədib: «Tək olub tənha olmamaq və ya əksinə, kütlə içərisində,
çox adamların əhatəsində belə
tənha olmaq, özünü tənha
hiss etmək mümkündür».
Bəli, Rüstəmin faciəsi kütlə içərisində,
çoxlu adamların
əhatəsində ola-ola
yaşanan tənhalıqdır. Amma adamın tənha qalmaması üçün
ona qulaq yoldaşı ola
biləcək ikinci bir adam bəs
edər. Adam subaylığın
daşını ona görə atır ki, təklikdən canını qurtarsın, özünə həyat yoldaşı tapıb yalqızlığa son qoysun.
Ailə oğul-uşaq yiyəsi olsa, yalqızlıq adama heç vaxt yaxın düşə bilməz.
Deməli, adamın yalqızlıqdan
xilas olması üçün nəinki
kütlə içərisində,
çoxlu adamların
əhatəsində olmağa
ehtiyac var, elə bir sədaqətli
ömür-gün yoldaşı
da yetər ki, təklik-tənhalıq
duyğusu çəkməyəsən.
Ancaq Rüstəmin nəinki həyat yoldaşı, övladları da olsa belə, yenə həyatda tənhadır. Gülgəzin
ərinin üstünə
çəmkirib: «Yetimçələrin
üçün də
bir şey saxla» deməsindən aydın olur ki, Rüstəm arvadı ilə qoşa yaşasa da, belə bir
əsilsiz-zatsız arvaddan
dünyaya uşaqlar gətirsə də, yenə təkdir.
Seymur Şeydayevin
istedadı ondadır ki, o, real həyat hadisəsi fonunda yaratdığı bədii
əsərdə oxucuya
bu cür acı həqiqətləri
çatdırmağı bacarıb. Yəni o, burada
problemi oxucu üçün düşünüləsi
ağır riyazi məsələ şəklində
yox, adi həyat reallıqları müstəvisində bir yaşam güzgüsü
kimi əks etdirib. Yazıçı bu povestdə
Rüstəmin üzləşdiyi
tənha yaşayışı
formulə etmək – tənhalıq fəlakətindən
qurtulmaq üçün
bir yaşam formulunun bədii həllini təqdim edir. Bax, belə bir nəcib
qayəyə xidmət
etdiyindəndir ki, povestin sonunda dəmiryol bələdçisi
ilə Rüstəmin
qısa, məzmunlu dialoqu verilib:
- Gecənin bu vaxtı neynirsən, ay əmi?
- Qatarların yollarını
nizamlayıram ki, yollarını azmasınlar,
a bala, - deyə kişi əlindəki
açarla orda nə iləsə qurdalanırdı.
- Əmi, sən
yolunu azmış insanların da tale yollarını nizamlaya bilərsənmi?
Bu qəribə sualdan
çaşbaş qalan
yaşlı bələdçi
dönüb ona baxanda, o, gecənin qaranlığında gözdən
itməkdə idi. Artıq ay işığı
da onun üzərinə
düşmürdü.
«Bitməmiş son» adlandırılan
povestin sonluğunun bu cür «yarımçıq»
qalması – baş qəhrəmanın özünün
və taleyinin bitməmiş sonluqla bitməsi əsərin adı ilə məzmunu arasında bir uyğunluq yaradır. Yəni oxucu yazıçının
bitirmədiyi sonluğu
öz idrakının-təxəyyülünün
hesabına bitirməlidir.
Amma məncə, «Bitməmiş son» ifadəsinin semantikasında başqa mətləblər də var. İnsan ağac kimidir. Ağac torpağın üstündə, insan da doğulduğu torpaqda və öz soyunun-kökünün üstündə bitməlidir. Ağac da bar verir, insan da övlad dünyaya gətirir. Ağac öz kökünün üstündə bitib, öz adına uyğun meyvəsini yetirdiyi kimi, ağacı kəsərsən səmtinə yıxılar məsəlindəki kimi, insan da öz səmtinə yıxılmaqla (Rüstəm də həmkəndlisi və sevgilisi Fidanla evlənməklə) öz mühitinə uyğun və soykökünün daşıdığı təbiətə uyğun uşaqlar əkməli idi. Beləliklə, öz soykökünün (layiqli) davamçısı olmalı idi. Demək, Rüstəm bir fərd, insan kimi öz soykökünə uyğun olanla evlənmədiyindən, övladlarında da öz soykökünə uyğun mənəvi dəyərlər inkişaf edə bilməyəcəyi təqdirdə (hər halda övlad anadan öyüd-tərbiyə alar), «Bitməmiş son» timsalı kimi səciyyələndirilir. Yəni insan öz soyunu-kökünü öz ailəsində və övldalarında yaşaya (daşıya) bilmirsə, o, bir insan kimi «bitməmiş» (başa varmamış) hesab olunur. Bir də «son» sözü həm də mənim qənaətimcə, «soy» - nəsil sözünün transformasiyaya uğramış variantıdır. İnsan öz sonunu-soyunu yaşatmalı, davam etdirməlidir. Hər bir insan öz soyunun (sonunun) daşıyıcısıdır. Bizdən sonra gələcək nəsil-soy (son) həm də «bitməli» - qol-qanad atıb nəsil verməlidir. Əsli-kökü üstündə bitməyənlər isə əsilsiz-zatsız, zatıqırıq adlanırlar ki, bu da mahiyyətcə elə yazıçı S.Şeydayevin «Bitməmiş son» ifadəsi ilə (və əsərin qəhrəmanı Rüstəmin talesizliyi ilə) eynilik təşkil edir.
«Onsuz da bu ev sənə rast gəldiyim gündən xarabaya çevrilib» deyən Rüstəmin sözündən də o çıxır ki, evin xarabaya dönməsi – evin kimsəsiz olması deməkdir. O evdə ailə də, uşaq da olsa, xaraba təsiri bağışlayırsa, sonsuz bir insanın özündən sonra evinin xarabaya qalması kimi bir şeydir. Xalq təfəkküründə də uşaqsız-övladsız ata-anaya sonsuz deyilməsi təsadüfi deyil. Yəni sonsuz – sonu (soyu-övladı, uşağı) olmayan deməkdir. Yazıçı Seymur Rizvan oğlu Şeydayevin «Bitməmiş son» əsərindəki Rüstəm obrazı da öz valideynləri üçün «Bitməmiş son» (soy - övlad) timsalındadır.
«Gördün yarım yar deyil, tərgin qılmaq ar deyil» atalar sözümüzə söykək hərəkət etmək də bir yaşam örnəyidir ki, istisna hallarda belə bir seçim qarşısında da qalmaq olurmuş... Yazıçının sonda verdiyi ideya da məhz «Yolunu azmız insanların tale yollarını nizamlamağa» hesablanmış bir bədii çağırışdır. Taleyin azması yalqızlıq təhlükəsi ilə üzləşmək deməkdir. Taleyin azması insanın həyatda ömürlük çaş-baş qalması faciəsidir. S.Şeydayev oxucularını həyatda çaş-baş qalmamağa, tale yolunda azmamağa səsləyir.
Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Xalq Cəbhəsi.- 2017.- 14 iyul.-
S.14.