«9-cu meydan»ın simvolikası

 

Elbəyi Cəlaloğlunun «9-cu meydan»ı ilk sətirlərindən fikir, düşüncə orijinallığı, onu təqdim etmə bacarığı, müəllifin mövzu predmetinə çevirdiyi məsələ haqqında danışacağı təqdimat və təsvirləri səliqəli, müasir ədəbi (həm də yeri gəldikdə xalq dili) dil normaları çərçivəsində verə biləcək müəllif dəst-xəttini gördüm. «9-cu meydan» adlanan bu kitaba eyniadlı povesti, dörd hekayəsi və dörd məqaləsi daxil edilib. E.Cəlaloğlu «9-cu meydanı» povest adlandırsa da, janr baxımından onun ədəbi təyinatı avtobioqrafik – esse kimi nəzərdən keçirilməsi daha düzgün olardı. Müxtəsər «Proloq»dan sonra «Kapitan Borodin», «Eşelon», «Falçı», «9-cu meydan», «Mehdi», «Nəcəfin məzuniyyəti və Borodinin tərsliyi», «Pullu hədiyyə», «Katya», «Nələr keçdi könlümdən» başlığı altında müəllifin fərdi həyatının müxtəlif yaş dövrlərini çevrələyən anlar əsərin məzmununda yer alıb. «9-cu meydan»da bizə bir sıra tanış olan səhnələr olsa da (məsələn, Cəlaloğlunun «9-cu meydan»ın bəzi yerlərində M.Şoloxovun «İnsanın taleyi» povestindəki Andrey Sokolovun öz başına gələnləri, həyatını nağıl etdiyi kimi əsərin axarında baş qəhrəman Mehdiyevin ömür-gün lövhələri canlanır, yaxud «Falçı» fəslini oxuyanda biz qırğız yazıçısı Ç.Aytmatovun «Öldürməli… Ölməli» əsərindəki falçının hekayənin baş qəhrəmanı Sergey Vorontsovun falına baxıb onun gələcək taleyinin necə olacağından xəbər verməsi, Ağarəhimin «Girdab» romanında falçılığın bəzi məqamları ilə səsləşən elementləri görməyimizə baxmayaraq), əsər özünəxas kompozisiya, struktur, süjet xətti, məzmun, təhkiyə axarı, hadisələrə tamamilə orijinal yanaşma tərzi ilə seçilir.

«9-cu meydan»da biz xeyli yadda qalan surətlər-personajlarla üzləşirik. Bunlar əsərin baş qəhrəmanı Mehdiyev (müəllifin prototipi - çünki, hər şeydən öncə, burada E.Cəlaloğlunun fərdi bioqrafiyası, onun həyat baxışları, düşüncəsi, insanlığa, insanlara, türkçülüyə münasibəti, mənəvi-mədəni idealları, tarixi köklərə, genetikaya bağlılığı, tarixi hadisələrə, xalqımızın başına gətirilmiş fəlakətlərə verdiyi qiymət, türklərə qarşı Rus imperiyası, sovet ideoloqları Stalin, Beriya, Lenin, Dzerjinski, Kirov Mir Cəfər Bağırov və başqalarının münasibəti, qanlı-qadalı repressiya və sürgün illəri və s. bacarıqlı yazıçı-publisist mövqeyindən dəyərləndirilir), kapitan Borodin, Romantsov, Kraxmalets, Malxaz, Tamaz, Eldar, Yermentay, Mehdi, Dato, Ərəstun, Davletov, Nəcəf, Katya, Kovalyov və digərlərindən ibarətdir.

«9-cu meydan» povest-essesi, hər şeydən öncə, E.Cəlaloğlunun maraqlı psixologizmlər yaratması ilə diqqəti cəlb edir. Bu psixologizmlər, müəllifin özünün qeyd etdiyi kimi, kapitan Borodinin ifrat tələbkarlığı ilə tərəf-müqabilinə psixoloji gərginlik yaşatmasın»dan (s.3) başlayaraq «Nələr keçdi könlümdən» (s.39) başlığında qəhrəmanın Sverlovskdan Tiflisə təyyarə bileti olmadığından İrəvana uçub gəldiyi zamanda daha da güclənmişdi. «Görəsən, bu şəhərin sakinləri olan ermənilər mənim dədə-baba yurdumda yaşadıqlarını, bu şəhərə yüz əlli il öncə köçürüldüklərini bilirlərmi? – Təbii ki, o vaxt müfəssəl tarixi bilgilərim olmasa da, yaşı yüzü haqlamış baba və nənələrin dilindən belə şeyləri çox eşitmişdim, onların ermənilərə sonsuz nifrətindən xəbərdar idim. Kommunist rejimi nəyə nail olsa da, bu nifrəti yaşlıların qəlbindən silə bilməmişdi… Bütün bunları düşünə-düşünə şəhərin üzünə tüpürmək istədim, burada ulu babalarımın ayaq və əl izləri, memarlıq abidələrinin olduğunu xatırladım, onların ruhunu incitməkdən ehtiyat edib fikrimdən daşındım» (s. 41). Müəllif psixolojizmləri sonra da davam etdirir: « - Bura indi Ermənistandır… vaxt varıydı ki, mənim babalarım, «Mehralı bəy, Dəli ağa, Qaçaq Kərəm, Nağıxan (hələ şah babalarımı demirəm) bu düzlərdə, bu dağlarda at oynadıb, qılınc çalırdılar… indi tərlan oylağında sar şingilim atır»…(s.41)

E.Cəlaloğlunun adı çəkilən kitabında bədii-publisitik yöndə türkçülük, Azərbaycan tarixininin, həyat fəlsəfəsinin, etnik-mənəvi dəyərlərinin, psixologiyasının müxtəlif məsələləri diqqət mərkəzinə çəkilir, müəllif nəzərindən işıqlandırılır. Qabardılmış məsələlərə Cəlaloğlunun münasibəti özəldir. Çünki burada türk yaşam tərzinin uyğun mənzərəsi görünməkdədir.

E.Cəlaloğlu «9» simvolikasını əsərin bütün mahiyyətinə elə bağlayır ki, onun təqdimatında mifoloji xüsusiyyətləri ilə bərabər, həm də müəllifin öz fərdi təxəyyülündən gələn «9» simvolikası oxucu təfəkküründə özünə ayrıca yuva qurur. «9» rəqəmi bizi əsərdə əvvəldən-axıra kimi müşayiət edir: … məhəbbət aləminə şedevr sevgi münasibəti gətir 9 il gözlə. (Mehdiyev sevdiyi Turanə adlı qıza əsgərliyə yollanmazdan əvvəl belə demişdi), «İlk məhəbbətim»in bənövşəyi çalarlı örpəyi soldan sağa və yuxarıdan aşağıya 9 cərgədə, biri tərsinə, digəri düzünə ağız-ağıza dayanmaqla bütövlük rəmzini əks etdirən ağ və qara 9 rəqəminə bənzəyən butalarda bəzədilmişdi» (s.9), «…özümü o vaxtkı «Neftçi» futbol klubunun 9 nömrəli məşhur oyunçusu Anatoli Banişevskinin yerində hiss edirdim» (s.14), «Bala, sənin adının, atanın adının və soyadının hərflərə görə ştrix kodlarının cəmi 9-dur. Bu, müqəddəs rəqəmlər, mükəmməllik və bütövlüyün, böyük cəsarət və qabiliyyətin nadir insanlarda müşahidə olunması fitri istedadın və əvəzolunmaz bacarığın simvoludur… (bunu deyərkən otaqdakı kitab rəfinə və divarda mıxdan asılmış 9 telli saza nəzər saldı…) (s.14), «Əlbəttə, falçı anamla mənə doqquz gəldi… Ani olaraq bayaq vurduğum doqquzluğu xatırladım. Topun qapının yuxarı sağ küncündən keçdiyi məqamı göz önünə gətirərkən orada qapı dirəklərinin və topun yaratdığı 9 təsvirini göz önündə canlandırmaq elə də çətin deyildi, «…vaqonun pəncərəsinə şəhadət barmağımla 9 yazdıqdan sonra, iştirakçısı olduğum «serial» davamını izləmək üçün hücrəmə qayıtdım. Kənardan məni izləyən Tamaz nəyə görə məhz 9 yazdığımı soruşdu. Bayaqdan xatırladıqlarımı təfsilatı ilə … nağıl etdim, sonra da bu rəqəmin türklərin müqəddəs rəqəmi olduğunu diqqətə çatdırdım. Bunun əsaslandırılmasını isə Türk mifologiyasında yaranışın doqquzluqla, yəni Oğuz xan, onun iki arvadı və altı oğlu ilə başlandığını … izah etdim, eyni zamanda sazın sinəsində simlərin sayının 9 olduğunun da bu mifologiyayla bağlı olduğunu iddia etdim. …9 simin birlikdə səsləndirdiyi melodiya türkün bütövlük nəğməsi, birlik simvolu, bərabərlik göstəricisi, ruh yüksəkliyi, yaşamaq və gəlişmək eşqidir» (s.15). «Dostlarıma «Dədə Qorqud» dastanlarından, Dəli Domrul doğularkən atasının 9 buğa yendiyini də xatırladım». Türk mifologiyasına görə, dünyanı yaradan Qara Xan dünyanın tam mərkəzinə 9 budaqlı şam ağacı əkibmiş. Yaqutlar 9 Göy Tanrısının olduğuna inanırdılar. Altaylılara görə dənizin dibində 9 ucluqlu qara daş var. Həmin daş qiyamət günü 9 yerindən ayrılacaq, tünd sarı rəngdə dəmir atlara minmiş 9 döyüşçü ətrafa hücum çəkəcək. Onların başqa bir inancına görə isə insanın skeletində 9 adda əlavə var: bunlar baş, bel, diz, topuq, çiyin, dirsək, ovuc, əl biləyi və ayaq biləyidir… həmin rəqəmin İslam aləmində də müqəddəs hesab olunduğunu vurğuladım, … yeniyetmə vaxtlarında Allahın 99 adı olduğunu və cənnətin qapısında yazılmış «Bismillah» kəlməsinin 9 hərfdən ibarət olduğunu ilk dəfə Mələk nənəmdən eşitmişdim. Sonralar «Bismillah» sözünü əbcədin ərəb ekvivalenti ilə hesablayanda cəminin 9 olduğunun şahidi oldum» (s.16). Müəllif əsərin bir neçə səhifəsində «siyasi doqquzluq» ifadəsindən istifadə edir. Hərbi hissəyə gəldikdən sonra «Falçıdan öyrəndiyim üsulla dərhal rəqəmləri üst-üstə gəlib hesabladım və dodaqlarımı bir-birinə çıxaraq öz-özümə…, yenə də 9, - deyə düşündüm…»

Karantində 40 gün təlim keçdikdən sonra … Mənim də daxil olduğum qrup «9-cu meydan»a gətirildi. “Əziz falçya doqquz gəlib” (s.18). «…76 nəfərin 13-ü istintaq zamanı həlak olub, 63-ü isə 1937-ci il dekabrın 31-də güllənlənib… 14 yaşımdaykən 150 ailədən ibarət olan kəndimizdə inanılmaz bir hadisə baş verdi. Birinin qırxı çıxmamış, digəri eyni aqibəti yaşamaqla xəstəlik və avtomobil qəzası nəticəsində 9 kişi dünyasını dəyişdi. 9-cudan başqa hamısı 35-55 yaşlarında olanlar idilər» (s.21). «Həmin gecə elə bilki, şər qüvvələr 9-cu meydana hücuma keçmişdilər» (s.24). «Hərbi xidmətimizin 9-cu ayında məni hissəmizdə təşkil olunmuş 90 günlük politologiya kursuna cəlb etdilər» (s.26). «Xoşbəxt adamsınız. Sizin üç «doqquz»unuz var. Anadan tam vaxtında – 9ay, 9 gün, 9 saatın tamamında doğulmusunuz» (s.40) və s. və i.a. «9 sayı əsərin müxtəlif yerlərində simvolik səslənsə də, bu «9»-un türk mifik düşüncəsi ilə ustalıqla bağlanılıb, əsərin oxunaqlığına müsbət təsir etməsi də nəzərdən qaçırılmamalıdır.

E.Cəlaloğlunun təhlilə cəlb etdiyimiz kitabında oxucu bir sıra ümumi məsələlərdən bədii-publisistik yöndə xəbərdar ola bilir. Bu, bir tərəfdən, yaşadığımız çağdaş dünyanın siyasi-ideoloji mənzərədirsə, digər tərəfdən, tarixi keçmişin mənfur-iyrənc olaylarının göz qarşısında canlandırılmasıdır. Bir tərəfdən, ermənilərin XIX əsrin əvvəllərindən planlı şəkildə torpaqlarımızda yerləşdirilməsi, İrəvan xanlığımızın mərkəzində Erməni dövlətinin paytaxtının yaradılması, xalqımızın övladlarının doğma torpaqlarından digərgin düşməsi, Bakıda, Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 1918-1920-ci illərdə kütləvi qırğınların törədilməsidirsə, digər tərəfdən, I Pyotrdan başlayaraq xalqımıza və vətənimizə zaman-zaman düşmən əlinin uzanması, rusların ermənilərə havadarlıq edib bizə haqsız olaraq zülm etməsi bədii təxəyyülün köməyi ilə tarixi faktların göz önünə gətirilməsidir. E.Cəlaloğlunun «9-cu meydan»ının mahiyyəti ilə yaxından tanış olmaq üçün əsərin alt qatlarında yatmış Zərdüşt fəlsəfəsinin «vərəqlənmə»si, bu fəlsəfəyə görə insanın şüur yükünün dərin idrakdan qidalana bilməməsi, sonrakı dövrlərdə idealist və materialist fəlsəfə arasındakı ziddiyyətlər, fanatizmin rasionalist idraka ziyan vurması, «Tanrı» anlayışının alternativnin tapılmaması, siyasətçinin filosof yox, öz «mənəm»liyini digərlərinə zorla qəbul etdirməsi, fəlsəfənin məntiqdən daha çox yaradıcı formaya üstünlük verməsi və nəticəsinin hiylə, məkrə xidmət etməsi və s. kimi məsələlər müdriklikdən daha çox, nadanlığın meydanda olması dövlət quruculuğuna, onun möhkəmləndirilməsinə kömək yox, tağların, dayaqların laxladılması kimi nəzərdən keçirilir. Cəlaloğlu bütün əsər boyu belə siyasi-ideoloji gedişlərə kapitan Vitali Petroviç Borodinin dili ilə izahlar verir, siyasətin nəinki orduda, həm də ictimai-siyasi həyatda yerinə nəzər salır.

 

 

Nizami Tağısoy

Professor

 

Xalq Cəbhəsi.- 2017.- 13 iyul.- S.14.