Sarı qızdan Sarı gəlinə...
“Sarı gəlin” mahnısı ilə
bağlı araşdırma
3-cü yazı
Yaradıcılığı türk şifahi
xalq ədəbiyyatı, mifologiyası ilə yoğrulmuş
N.Gəncəvinin “Yeddi gözəl“ əsərində bəzi
hallarda aşiqlə məşuq qovuşa bilmirlər. “Yeddi
gözəl”də Nizaminin yaratdığı qəhrəman
surəti Çində qara geyinənlərin “Mədhuşlar
ölkə¬sin”¬dən quşun ayaqlarından yapışaraq cənnət
məkana gəlib çatır, lakin gözəllər
şahı huriyə qovuşa bilmir. Belə halın
yaranması xalq yaddaşında pərilərin, cinlərin, əyə
ruhların, hurilərin nə qədər gözəl olsalar
belə müqəddəs, toxunulmaz qalmalarını göstərir.
Həmin cəhətdən “Sarı gəlin”də sevənin
üsyanı, yanğısı, ümidsiz
çırpınışı, sevilənə qovuşa bilməməsi
hami ruh Sarı qızdan gələn toxunulmazlıqla əlaqəlidir.
Burada mövzu və məsələ ilə əlaqəli
monqol türk mifologiyasının, inanclarınnın əsas
xüsusiyyətlərindən sayılan motivin - “ göyün
sakinləri” “xatalar”ın müqəddəsliyi,
toxunulmazlığının xalq yaddaşında
qalmasını başqa bir yöndən də izah etmək
olardı. Türklərdə, Qars-Ağbaba bölgəsinin
insanlarında belə bir deyim var, “Xata-balanı məndən
uzaq elə”. Həmin deyimin bir başqa şəkli də “Xata-baladan
məni qoru”dur. Bu deyimi daha çox biri
başqasını qanunsuz, gizli, təhlükəli işə
cəlb etmək istəyəndə işlədirlər.
“Məni şər, günah işdən uzaq elə”
mənasında söylənən həmin deyimlə
güdülən əsas məqsəd “göydəki
xatalardan-hami ruhlardan qorxduğuma görə sənin
günahına görə mən onların cəzasına
düşmək istəmirəm” deməkdir. Başqa sözlə, günah hansı yöndən
gəlsə də sonda “xatalar”, tanrıya yaxın hami ruhlar
mütləq cəzalandırır. Çox
yəqin ki, artıq müasir dövrdə sadə türk
xalqı “xata” anlayışının haradan, necə
yarandığını bilmir. Lakin genetik
ruhun qədimdən sümükləşmiş kodları
heç kimin dərk etmədiyi, təsir edə bilmədiyi
halda əbədiyyən öz təbii axarında inkişaf
edir. Həmin cəhətdən oxşar vəziyyət
xalq yaddaşında hami ruh Sarı qızın “Sarı gəlin”ə
təsirində də yaranıb. Tanrıya
yaxın bölgənin, dağın sakini hami ruh Sarı
qızın müqəddəsliyindən,
toxunulmazlığından çəkinmə instinkti
şüuraltı səviyyədə sevən tərəfindən
“Sarı qız”da özünü göstərib. Həmin cəhətdən oxşar ruh
inkişafı “Qız qalası” əfsanəsi, məbədi ətrafında
davam edib.
Bakıda
yerləşən “ Qız qalası “məbədi
buta qüruluşunda yaradılb. Buta quruluşu
6, 9 rəqəminin rəmzini təkrarlamaqla qədim mifoloji
görüşdə həyatın ilk
başlanğıcını, yaranmasını, “əbədi
hərəkət” – “burulğanvari inkişaf” bildirir. Bu cəhətdən məbədin quruluşu, məqsədi
şumerlərin “zikkurat”ıyla, daoçuluğun (qədim
çinlilərin dini) rəmzi ağ-qara butayla uyğunluq təşkil
edir. Başlanğıcını qədim çinlilərin,
ural-altayların, şumerlərin göyün kişi,
An, yerin qadın İn, Ki dünyabaxışından, fəlsəfəsindən
alır. Xalq əfsanəsinə görə pak
ruhlu qız öz namusunu qorumaq üçün qalanın
üstündən yerə atılaraq özünə qəsd
edir. Mifoloji cəhətdən baxılsa bu
əfsanədə dağı əvz edən hündür
qala, inanc mərkəzi məbəd, saf ruhlu gözəl
qız (hami ruh), buta, toxunulmazlıq xüsusiyyətləri
dağ ruhu Sarı qız surətiylə çox
yaxınlıqlara malikdir. Eyni zamanda həmin
uyğunluqları “Sarı gəlin”lə müqayisədə
qəbul etmək olardı. “Sarı gəlin”
mahnısının Azərbaycan, Ərzurum mətnlərini
müqayisə etdikdə ural-altay xalqlarının mifoloji
görüşlərinin, inanclarının əsas
xüsisiyyətlərini müəyyənləşdirməklə
həmin oxşarlıqları bəlli etmək
mümkündür.
Ərzurum
türküsü – Sarı gəlin:
Birinci
türkü:
İkinci
türküdə oxunan əlavə misralar:
Erzurum
çarşı Pazar,
İçinde
bir kız gezer.
Elinde
divit kalem,
Elinde
divit kalem,
Dertlere derman yazar.
Katlime ferman yazar.
Erzurumda
bir kuş var,
Kanadında
gümüş var,
Palandöken
yüce dağ,
Altı mor sümbüllü bağ.
Seni vermem
yadlara,
Nice ki bu
canım yazar.
Azerbaycan
xalq mahnısı - Sarı gelin:
Saçın
ucun hörməzlər,
Gülü
sulu dərməzlər .
Bu sevda nə
sevdadır,
Səni mənə verməzlər.
Bu dərənin
uzunu,
Çoban gaytar guzunu.
Nə ola bir gün görəm,
Nazlı yarın üzünü.
Aşiq
ellər ayrısı,
Şana
tellər ayrsı,
Bir
gününə dözməzdim,
Oldum illər ayrısı.
Birinci Ərzurum türküsündə Sarı gəlinə
olan eşq qarşılıqsız qaldığı
üçün bu hal günahsız məhbusun
“ölümünə fərman yazan qələm” tək
aşiqi ağır ümidsizliyə məhkum edir. Bü hal da
mifoloji cəhətdən Sarı qızın hami ruhuna
toxunduqda işlənən günaha görə gözlənən
cəzayla uyğunluq təşkil edir. İkinci
türküdə yenə gözəlin “divit qələm”lə
“dərdlərə dərman yaza bilməsi” deyildikdə, onun
sevgisinin aşiq də daxil olmaqla bütün dərdlilərə
çarə qılacaq ruha malik olması nəzərdə
tutulur. Qədim dünyada yazı yazmaq
üçün istifadə edilən iki cəhətli qələmdən
həm də bıçaq kimi istifadə olunurdu. Türküdə gözəlin ruh halının
aşiqi həm öldürə bilmə, həm də diriltmə
gücünə sahib olması həmin divit qələmin
xüsusiyyətiylə vurğulanır. İnsanların
xoşbəxtliyinə, yaxud ölümünə qərar vermək
ancaq üstün səviyyəli ruhlara, varlıqlara aid olan
xüsisiyyətdir. Tanrıya, vətənə,
yaxınlara, gözələ göstərilən sevgidə dəyərlər,
hədəflər fərqli olsalar da keçirilən ruh gərginlikləri
cəhətdən mahiyyətdə çox yaxınlıqlar
var. Türküdə genetik-mifoloji qatla gerçək həyatın
çarpazlaşması bu cür ikili hal yaradıb. Ərzurum, Azərbaycan “Sarı gəlin”ində həmin
mifoloji qatla gerçəklik açıq şəkildə
özünü göstərir. Heç bir əsasa ehtiyac olmadan, ancaq bədii təsvir
vasitəsi üçün Palandökən dağının
adı çəkildikdə mifologiyada, inanclardakı Sarı
qızın məkanı dağ kultu canlandırılıb.
Ağ “gümüş qanadlı quş” mifoloji
görüşlərdə həm də mələklər
surətində təsvir edilən Umay ana, Sarı qızın
uzun saçlı, ağ donlu, antropomorfik,
quş cildindəki rəmzlərindən biridir.
Azərbaycan mahnısında “saçın ucun hörməzlər”
dedikdə “uzun dağınıq saç” nəzərdə
tutulur, həm də Umay ananın, Sarı qızın əlamətlərindəndir. “Gül”
gözəllik rəmzlərindən biri olmaqla mələklərə,
pərilərə, qadın mənşəli hami ruhlara aiddir.
“Səni mənə verməzlər” misrası
toxunulmazlıq halı yaradır, hami ruha qarşı
münasibətlə uyğunluq təşkil edir. “Bu dərənin uzunu” türk xalqlarının
inanclarında Sarı qızın axar suların ətrafının,
yarğanların, dərələrin ruhu olması ilə
eynidir.
Mahnının “Çoban qaytar quzunu” misrasının
mifoloji-tarixi qatı da çox maraqlıdır. “Dədə
Qorqud” dastanının “Basatın Təpəgözü
öldürdüyü boy”unda belə bir hadisə
nağıl edilir. “Oğuz eli
yaylağa köçdüyü zaman Aruz bəyin
çobanı Qonur Sarı qocadan öncə heç kim
köç etməzmiş. Bir gün qoyun
sürüsü ilə yaylağa gəlib çatan
çoban uçan pərilərlə
qarşılaşır. Onları görən
qoyunlar ürküb qaçırlar. Sarı çoban
torunu atıb pərilərdən birini tutur, ehtirasına hakim ola bilməyib onunla yaxın münasibət
qurur. Pəri ona xəbərdarlıq edir ki, o,
böyük günah işlədi və Oğuz elini
böyük fəlakət gözləyir. Zaman
keçir Sarı çoban qoyun sürüsüylə yenə
yaylağa gəlir. Qoyunlarının
ürkdüyünü görən çoban irəli
çıxır və pəri qızla
qarşılaşır. Pəri qız ona
“əmanətini al”- deyib Təpəgözü verir”. Bu
qısa parçadan aydınlaşır ki, “Dədə
Qorqud”kimi yaşı min dörd yüz ildən çox olan qədim
dastanda belə mifoloji düşüncə,
dastançılıq dövrlərinin xüsusiyyətləri
çarpazlaşıb,transformasiyaya
uğrayıb. Sarı pəri qız öz rəng
rəmzini çobana verib, qadın mənşəli hami ruhun
müqəddəs toxunulmazlığı pozulub şeytani məxluq
Təpəgöz yaranıb. Əgər min dörd
yüz illik dastanın ruhunda mifoloji cəhətdən bu qədər
ciddi çarpazlaşma, zəifləmə gedibsə,
müasir dövrün tələblərinə görə
“Sarı gəlin”dən belə inkişafı daha adi, həyati
səviyyədə gözləmək olardı.
Türkiyə coğrafiyasında son dövrlərdə
“Sarı gəlin” türküsünün yaranmasını erməni,
yaxud gürcü qızıyla əlaqələndirmək cəhdi
xalqın datançılıq ənənəsinin təsirindən
qaynaqlanır.
Həm də həmin əfsanələrin süjeti “ Əsli və Kərəm “ (erməni
qızı-türk oğlan) dastanı, “Əli və Nino”
(gürcü qızı-türk oğlan) romanı ilə
çox yaxındır. Həmin əfsanələrdən
qıpçaq (kuman) xristian türk qızı haqda yaranan mətn
həm qədim mifoloji əsasları cəhətdən, həm
də şəkilləşdiyi doğma mühitə görə
ural-altayların mifologiyasında, inanclarıdakı hami ruh
Sarı qızla daha uyğundur. Hazırkı
məqalə də başlanğıcdan sonadək həmin məsələyə,
“Sarı gəlin”in Sarı qızdan təsirlənməsinə
həsr olunub. Türksoylu olmayan
xalqların qıpçaqları sarışın mənasında
kuman adlandırmaları da əfsanənin
aydınlaşmasına kömək edən əsaslardan
biridir. Bütün hallarda Sarı qız
hami ruh anlayışı, “Sarı gəlin “haqda əfsanələr,
türkülər mənəvi-ruh, mədəni kök cəhətdən
türk ruhundan başlanğıc alıb.
Ural-altay xalqlarının mifoloji görüşlərinin,
inanclarının, epik ənənə xüsusiyyətlərinin,
qədim xalq mahnılarının qarşılıqlı
müqayisəsi göstərir ki, onların mənəvi-ruh
aləmində ideal sevgi anlayışı iki hissəyə
ayrılır.
Birinci ənənəvi cəhət Ulu Yaradan
tanrıya, vətənə, əcdadlara, sevgiliyə göstərilən
münasibət olmaqla adi həyati gerçəkliyə aiddir.
İkincisi mifologiya, epik ənənə, xalq
ruhu səviyyəsində yaranmaqla ancaq
dünyabaxışlarda, xəyal dünyasında qalır.
Lakin burada zamanın təsiri nəticəsində
mifoloji təbəqənin zəifləməsi başlayır.
Dastançılıq dövründə bu hal
daha da güclənir. Mifologiya ilə
gerçəkliyin çarpazlaşması yaranır. Daha sonrakı dövrlərdə mifoloji ruh,
dastançılıq əlamətləri artıq
özünü xalq yaddaşında kodlarla, işarələrlə
göstərir. Həmin ölçülərdən
yanaşdıqda aydınlaşır ki, “Sarı gəlin”
türküsündə yaranıb qorunan sevgi tarixi ruhən,
mövzuca birbaşa ural-altay xalqlarının
mifologiyasının, inanclarının qədim əsas hami
ruhlarından Sarı qızdan təsirlənib.
Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 19 iyul.-
S.14.