Azərbaycan dramaturgiyasında “Koroğlu”
motivləri
1-ci
yazı
Azərbaycan xalqı çox zəngin ağız ədəbiyyatı
yaradıb. Bu ədəbiyyat yaddaşlardan-yaddaşlara
ötürülə-ötürülə,
ağızdan-ağıza keçə-keçə
cilalanıb, zənginləşib, gözəlləşib, gəlib
günümüzə çatıb. Azərbaycan
yazılı ədəbiyyatının qidalandığı ən
zəngin qaynaqlardan biri, bəlkə də birincisi həmişə
xalqın yaratdığı söz xəzinəsi olub. Şair və yazıçılarımız bədii
əsərlərini yazarkən şifahi xalq ədəbiyyatının
motiv, süjet və obrazlarından ustalıqla bəhrələnib,
sözün poetik siqlətini artırmaq, fikri gücləndirmək,
obrazlılıq yaratmaq məqsədilə onlardan istifadə
ediblər.
Dahi Nizami Gəncəvinin bütün əsərləri
xalq yaradıcılığının ən gözəl
örnəklərindən bəhrələnməklə
yazılıb.
Azərbaycan yazılı ədəbiyyatının
ən dəyərli ilkin qaynaqlarından biri “Dədə
Qorqud”, digəri isə “Koroğlu” dastanı olub. Azərbaycan poeziyası, nəsri, dramaturgiyası “Dədə
Qorqud” motivləri ilə olduqca zəngindir. Bu baxımdan “Dədə Qorqud” dastanı ilə
qoşa yalnız “Koroğlu” dastanının adını
çəkmək olar. “Koroğlu”
dastanının Azərbaycan poeziyasına təsiri geniş tədqiq
olunub. İmadəddin Nəsimidən
üzü bəri Azərbaycan şairlərinin çoxunun
yaradıcılığında “Koroğlu” motivlərinə
rast gəlinir. Bir çox şairlərimiz
isə “Koroğlu” dastanından geninə-boluna bəhrələniblər.
Elə mövzular var ki, həmin mövzuda
şeir yazan şairlərimiz istər-istəməz
“Koroğlu”ya üz tutmalı olublar. Bu ənənə
Azərbaycan şairlərinin yaradıcılığında
bu gün də davam etdirilir.
“Koroğlu” dastanının təsiri baxımından Azərbaycan
dramaturgiyasının araşdırılması da
böyük maraq doğurur. “Koroğlu”
dastanından dram əsərlərində istifadə
olunması bir çox mühüm amillərlə
bağlıdır. Onlardan ən əsasları
bunlardır: “Koroğlu” dastanının xalq arasında
çox geniş yayılması; Koroğlunun bir qəhrəman
kimi xalqın dilinin əzbəri olması, güvənc,
ümid, inam yerinə çevrilməsi; “Koroğlu”
dastanının mövzu, süjet və motivlərlə zənginliyi;
“Koroğlu” dastanının dilinin gözəlliyi,
saflığı, obrazlılığı, idiomlarla və s.
zənginliyi; “Koroğlu” dastanındakı şeirlərin
poetik siqləti, xalq ruhunu ifadə etməsi; “Koroğlu”
dastanındakı ayrı-ayrı hadisələrin təsvirindəki
səhnə elementləri, əsərin bütövlükdə
tamaşa təsiri bağışlaması.
“Koroğlu” dastanının Azərbaycan dramaturgiyasına
təsirində yuxarıda sadalanan amillərin hər birinin
öz rolu olub.
Sonuncu amil isə bu işdə ikiqat çox rol
oynayıb, çünki dastanın hər bir qolu əslində
bir mükəmməl səhnə əsəridir və
onların əksəriyyəti baş vermiş gerçək
olayların təsvirindən başqa bir şey deyil. Bilirik ki, bəzi səfərlərdə Koroğlu
aşıq paltarı geyinib sazla xanların, bəylərin,
paşaların məclisinə girir və
çalıb-oxuyurdu. Dastanda bunlar o qədər
canlı və təbii təsvir olunur ki, bir teatr səhnəsini
xatırladır. “Koroğlu
dastanının Azərbaycan dramaturgiyasına təsirinin
birinci səbəbini məhz bunda axtarmaq lazımdır.
“Koroğlu” dastanına Azərbaycan dramaturqlarından ilk
dəfə Əbdürrəhim bəy Haqverdiyev müraciət
edib. Yazıçı “Yoldaş Koroğlu” adlı bir
pyes yazıb. Bu əsər 1932-ci ildə
Bakıda qələmə alınıb. Onun
bir adı da “Azərbaycan kəndində inqilab gedişinin
etapları”dır. Hazırda AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
Ġnstitutunun Ə.Haqverdiyevə məxsus 9 saylı fondunda bu
əsərin üç əlyazması saxlanır. Bu pyes ilk
dəfə Ə.Haqverdiyevin iki cildlik “Seçilmiş əsərləri”nin birinci cildində çap olunub.
Ə.Haqverdiyevin “Yoldaş Koroğlu” pyesinin ilk
baxışda “Koroğlu” dastanı ilə o qədər də
sıx bağlılığı yoxdur. Yalnız hər
iki əsərin qəhrəmanının adı Koroğludur.
Əlbəttə, bu zahirən belədir. Yazıçı pyesin qəhrəmanının
adını da təsadüfən Koroğlu qoymayıb. Pyesdəki hadisələri diqqətlə
çözələyəndə Ə.Haqverdiyevin bu pyesdə
“Koroğlu” dastanından çox böyük ustalıqla bəhrələndiyi
açıq-aydın nəzərə çarpır. Bu bəhrələnməni üzə
çıxarmaq üçün dastanın və pyesin ruhunu
dərindən duymaq, bir çox motivləri yanaşı
qoyub, onları müqayisəli şəkildə
araşdırmaq kifayətdir. “Yoldaş
Koroğlu” pyesinin qəhrəmanı Koroğludur. Bu
adın “Koroğlu” dastanından gəldiyinə heç bir
şübhə ola bilməz. Pyesin qəhrəmanı Koroğlunun əsl adı
Salmandır. Yazıçı Salmanı
Koroğlu eləmək üçün hər şeyi irəlicədən
ölçüb-biçib, süjetin
başlanğıcını məhz bu motivin
açılması üzərində qurub. Əsərin ilk səhnəsindən bilinir ki,
Salmanın atasının hər iki gözü kordur. O,
çiçək xəstəliyinə tutulub və gözlərinin
işığını itirib. Sonrakı səhnələrdən
bəlli olur ki, Salmana təkcə atasının gözləri
kor olduğuna görə yox, həm də qoçaq, igid,
diribaş və mərd bir oğlan olduğuna görə,
xalq Koroğlu deməyə başlayır. Göründüyü kimi, həm dastanda, həm də
pyesdə Koroğlu adının yaranma səbəbi bir-birinin
eynidir.
Ə.Haqverdiyevin
pyesin qəhrəmanının adını Koroğlu
qoymağının və Salmanın bu adı böyük
sevinclə qəbul edib, qürurla
daşımağının arxasında çox böyük
maraq doğuran bir mətləb durur ki, onun
açılmağına ciddi ehtiyac var. Bu mətləbi
açmaq üçün pyesdən bir parçaya diqqət
yetirmək kifayətdir:
Güldəstə
(Salmana):
- Sənin
adın Koroğludur?
Salman:
- Yox,
Salmandır. Mahmud dayı mənim adımı
Koroğlu qoydu. Mən, kor İsrafil
kişinin oğluyam. Amma bu ad mənim
xoşuma gəldi. İstəyirəm elə bundan sonra
hamı mənə Koroğlu desin.
Güldəstə:
- Mən
də Koroğlu deyim?
Salman:
- Elə
hamı desin.
Yazıçı bu kiçik parçada “Koroğlu”
dastanına və Koroğlu obrazına xalq arasındakı
sevginin, məhəbbətin çox aydın ifadəsini verib. Salmanın ona
Koroğlu deməyindən qürur duymağı və bu
adı sevinclə qəbul edib, fəxrlə, qürurla
daşımağı bunu aydın göstərir. Yazıçı burada başqa adlar da seçə
bilərdi. Salmanın öz adını da
saxlamaq olardı. Bütün bunlar pyesin məzmununa
o qədər də güclü təsir göstərməzdi.
Lakin yazıçı əvvəldən öz
qarşısına məqsəd qoymuşdur və onu pyesdə
dolğun vermək üçün “Koroğlu” dastanına
üz tutmalı olub.
Pyesin mövzusu Azərbaycanda sovet hakimiyyətinin
yaranmasından, kolxoz quruculuğundan götürülsə də,
burada dastanla səsləşən çox maraqlı motivlər
var. Bunlardan ən birincisi hər iki əsərin qəhrəmanının
eyni idealla yaşamağıdır. Dastan qəhrəmanı
Koroğlu kimi, pyesin qəhrəmanı Koroğlu da
kasıb-kusubun, fağır-füqəranın, zəiflərin,
gücsüzlərin tərəfində durur, onların
haqqını qoruyur. Pyesin qəhrəmanı
Koroğlunun da başlıca məqsədi “Koroğlu”
dastanındakı ideal insan cəmiyyətini öz doğma kəndində
yaratmaqdır. Doğrudur, pyesdə
Koroğlunun nə idealı, nə də məqsədi
haqqında heç nə deyilmir. Lakin
pyesi, orada baş verən hadisələri diqqətlə
çözələyəndə qəhrəmanın
idealını və məqsədini aydın görmək
olur.
Ə.Haqverdiyevin “Yoldaş Koroğlu” pyesində
yazıçının həqiqətən “Koroğlu”
dastanından bəhrələndiyini təsdiqləyən daha
bir neçə motiv var ki, onlardan biri də qəhrəmanın
kəndinin Dumanlı adlanmasıdır. “Koroğlu”
dastanından bilirik ki, Çənlibel dumanlı, çənli,
çiskinli bir dağ belidir. Buna əsaslanıb
deyə bilərik ki, Ə.Haqverdiyev pyesin qəhrəmanı
Koroğlunun kəndinin adını təsadüfən
Dumanlı qoymamış, onu Çənlibelə
uyğunlaşdırıb. Koroğlu-Çənlibel
və Koroğlu-Dumanlı paralelləri də bir-birinə
uyğun gəlir.
Hər iki əsərdə eyni olan əsas motiv, əvvəldə deyildiyi kimi, qəhrəmanların atalarının kor olmasıdır. Dastanın qəhrəmanı Rövşənin atası Alı kişinin gözlərini Həsən xan çıxartdırıb onu işıqlı dünyaya həsrət qoyub. Pyesin qəhrəmanı Salmanın atası İsrafilin gözləri isə çiçək xəstəliyindən sonra kor olub. Dastan da, pyes də gələcək qəhrəmanın atasının gözlərinin kor olması motivi ilə başlayır. Bunun özü də dastanla pyes arasındakı üzvi bağlılığı göstərən amillərdən biridir. Dastan və pyesin hər ikisi eyni motivlə başladığı kimi, onların sonluğunun da eyni motivlə qurtardığını görürük. “Koroğu” dastanıda Koroğunu Qıratsız, Misri qılıncsız və sazsız təsəvvür etmək mümkün deyil. Koroğlu həmişə döyüşə də qılıncla yox, sazla başlayır. Əksər qollarda Koroğlu işi davasız yoluna qoymaq istəyir, saz çalıb-oxuyur. Bundan başqa, Koroğlu bütün səfərlərdən Çənlibelə qayıdandan sonra Nigar xanımın xahişi ilə sazı döşünə basıb başına gələnləri danışır. Dastanın bütün qolları sazla bağlanır. Ə.Haqverdiyev də pyesin sonunda sazı səhnəyə təsadüfən gətirməyib. Aşıq sazla səhnəyə çıxır və pərdə bağlanır.
Ə.Haqverdiyev “Koroğlu” dastanına təsadüfən üz tutmayıb. O, 1899-cu ildə Peterqburqdan Şuşaya qayıtmış, burada yaşadığı iki il ərzində həm də xalq yaradıcılığı örnəklərini toplamaqla məşğul olmuşdu. Yazıçı 1923-1925-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin sədr mavini və sədri işlədiyi illərdə də xalq yaradıcılığı örnəklərinin toplanması və nəşri işlərində yaxından iştirak etmişdi. Ə.Haqverdiyev Səbri Salehin “Abbas və Gülgəz” dastanının motivləri əsasında yazdığı 5 məclisdən ibarət eyni adlı operettanı dilimizə çevirib. Onun arxivində əlyazma şəklində çoxlu atalar sözləri, tapmacalar, xalq mahnıları və s. saxlanılır. Bütün bunlar Ə. Haqverdiyevin xalq yaradıcılığına, folklora nə qədər bağlı olduğunu aydın göstərir. Pyesin sonuncu şəklində Koroğlu Hacı Bayrama müraciətlə deyir: “Hacı, söz bayaqkıdır”. Bu ifadə də “Koroğlu” dastanındakı “söz dəyirmandakıdır” deyimindən götürülüb pyesə daxil edilib.
Ağız ədəbiyyatından geninə-boluna bəhrələnən şairlərimizdən biri Səməd Vurğun olub. Səməd Vurğun yaxşı bilirdi ki, xalq ədəbiyyatını bilmədən, ondan qidalanmadan böyük ədəbiyyat yaratmaq olmaz. Xalq ədəbiyyatına sevgi, maraq körpəlikdən Səməd Vurğunun iliyinə, qanına hopmuşdu. Şair sazlı-sözlü bir mühitdə doğulub, boya-başa çatmışdı. Onun laylası sazla çalınmışdı. Səməd Vurğunu hamıdan yaxşı tanıyan qardaşı Mehdixan Vəkilov yazırdı: “Səməd Vurğun kiçik yaşlarından başlamış xalq ədəbiyyatına, Vaqif və Vidadi şeirinə vurğun idi”. Çünki Səməd Vurğun bilirdi ki, “bizim aqil babalar bir dastan yaradır ikicə sözlə”. Səməd Vurğunun ən çox bəhrələndiyi ağız ədəbiyyatı örnəklərindən biri, bəlkə də birincisi “Koroğlu” dastanıdır. Şairin şeirləri “Koroğlu” dastanından gələn motivlərlə olduqca zəngindir. Bunlar ayrıca araşdırılıb.
Səməd Vurğun dram əsərlərində “Koroğlu” motivlərindən yeri gəldikcə, böyük ustalıqla istifadə etmişdir. Bunun da çox dərin qaynaqları var. Səməd Vurğun “Koroğlu” dastanının bədii dəyərini çox gözəl bilirdi. Onun şeirlərini əsl sənət nümunəsi kimi qiymətləndirirdi. 1943-cü il sentyabr ayının 29-da Moskvada İttifaqlar Evinin böyük salonunda keçirilən “Azərbaycan şeir və musiqi gecəsi”ndə söylədiyi nitqdə “Koroğlu” dastanından böyük sevgiylə danışaraq demişdi: “Bizim xalqımızın təfəkküründə yaşayan bədii söz, məfhum, insanlığın böyük idealları, humanizm və idrakın təntənəsi uğrunda aparılan mübarizədə hər zaman mübariz bir vasitə olub. Heç də təəccüblü deyil ki, Azərbaycanın bir çox məşhur dövlət xadimləri və el qəhrəmanları, eyni zamanda, öz dövrünün qabaqcıl şairləri olub.
İslam SADIQ
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.-
2017.- 20 iyul.- S.14.