Azərbaycan dramaturgiyasında “Koroğlu” motivləri

 

2-ci yazı

 

Bizim məşhur Koroğlumuz bütün şərq xalqları arasında yalnız böyük bir qəhrəman kimi deyil, eyni zamanda, böyük bir xalq şairi kimi də şöhrət qazanıb. Bizim xalqımızın tarixində qılıncla qələmin çox gözəl bir qardaşlığı var.

 

Hoydu, dəlilərim, hoydu!

Yeriyin meydan üstünə!

Havadakı şahin kimi

Tökülün al qan üstünə!

Qoyun bədöylər kişnəsin,

Misri qılınclar işləsin.

Kimi tanab qılınclasın,

Kiminiz düşman üstünə.

 

Bəlkə də zaman gəlib keçdikcə Koroğlunun bu və ya digər hərbi məharəti unudulacaqdır. Lakin şair Koroğlunun bu qızıl sözləri xalqımızın sinəsində nəsildən-nəslə keçib yaşayacaq, özünə daha parlaq bir gələcək qazanacaq. Səməd Vurğunun xalq yaradıcılığı örnəklərindən bəhrələnməsi ayrı-ayrı tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılıb. Mehdi Hüseyn, Məmməd Arif, Mirzə İbrahimov, Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Cəlal Abdullayev, Rafiq Vəkilov, Mehdixan Vəkilov və başqaları Səməd Vurğun yaradıcılığını tədqiq edərkən onun ağız ədəbiyyatından bəhrələndiyini də ayrıca vurğulayıblar. Mehdi Hüseyn Səməd Vurğunun xaq ədəbiyyatının ruhu ilə yoğrulmuş bir şeirindən misal gətirərək şeirimizdə “Dədə Qorqud” və “Koroğlu” dastanlarının yenidən canlanması ilə bağlı yazırdı: “Bu böyük və tarixi and təkcə Səməd Vurğun şeirinin deyil, ümumən müharibə dövründəki ədəbiyyatımızın fikri-bədii istiqamətini müəyyənləşdirdi, ona məğlubedilməz mənəvi bir qüdrət aşıladı. Heç də təsadüfi deyil ki, bu vaxt poeziyamızda “Dədə Qorqud” və “Koroğlu” dastanının döyüşkən və sərt üslubi xüsusiyyətləri yenidən və daha büllurlaşmış şəkildə canlanmağa başladı, köhnə ənənə yeni bir ənənənin yaranmasına səbəb oldu”.

Paşa Əfəndiyev isə “Səməd Vurğun və xalq yaradıcılığı” mövzusunda ayrıca monoqrafiya yazıb. Lakin bu tədqiqatların hamısında “Koroğlu” dastanının Səməd Vurğun yaradıcılığına təsirindən ya danışılmamış, ya da ona ötəri toxunulub. Yəni bu mövzu indiyə qədər lazımi səviyyədə araşdırılmayıb. Səməd Vurğunun “Vaqif” dramı “Koroğlu” dastanından alınmış motivlərlə olduqca zəngindir. Bu dram əsəri demək olar ki, “Koroğlu” dastanının ovqatı üzərində köklənmiş bir şairin qələmindən çıxıbr. Dastan bütünlüklə müəllifin ruhuna hopub.

Bunu dramın əvvəlindən axırına qədər duymaq mümkündür. Dramın elə ilk səhnələrində Eldarın adı çəkilir. Olayları diqqətlə izləyəndə görürük ki, “Koroğlu” dastanındakı Koroğlu-xan, bəy, paşa qarşıdurmaları eynilə Eldar-İbrahim xan və Eldar-Qacar qarşılaşmaları şəklində Səməd Vurğunun “Vaqif” dramında öz əksini tapıb. Dastanı və dramı oxuyub araşdırarkən aydın görürük ki, birincinin bütün ruhu ikinciyə hopub. Məsələn, Vaqifin İbrahim xanın adından Ağa Məhəmməd şah Qacara şeirlə yazdığı cavab əvvəldən axıra demək olar ki, Koroğlu nəfəsi ilə yoğrulub:

 

“Aldıq məktubunu Məhəmməd Qacar,

Tərlan oylağında sar ola bilməz!

Bu dünya qalmamış ulu şahlara,

Zülm də, zalım da var ola bilməz!

Göydən başımıza odlar yağsa da,

Bu ellər baş əyib xar ola bilməz.

Mayan turş ayrandır, zatın qırıqdır

Söyüd ağacında bar ola bilməz.

Basma ayağını bizim torpağa,

İlandan, əqrəbdən yar ola bilməz.

 

Bu misralardakı Koroğlu ruhunu, nəfəsini duymamaq mümkün deyil. Koroğlunun ayrı-ayrı şeirləri ilə müqayisələr bunu bir daha təsdiqləyir. “Koroğlunun Ərzurum səfəri” qolunda Aşıq Cünun Koroğlunu Cəfər paşaya təqdim edərkən deyir:

 

Yüz sar gəlsə, bir tərlana neyləyər,

Laçın tək havada süzər Koroğlu.

 

Göründüyü kimi, Vaqifin yazdığı cavabın ilk iki misrası ilə dastandan götürülmüş bu parçanın məzmunu tamamilə eynidir. Birincidə tərlan sazla, ikincidə laçın sarla qarşılaşdırılıb. Vaqifin yazdığı cavabdakı “Basma ayağını bizim torpağa” misrası da Koroğlunun “Bəyazid səfəri”ndə dediyi “Qoymaram” rədifli şeirin aşağıdakı misraları ilə yaxından səsləşir.

 

Çənlibeldi qoç Koroğlu oylağı,

Şah da gəlsə Çənlibelə qoymaram.

 

Vaqif Qacara deyir ki, ayağını Şuşa torpağına basma, səni bura qoymarıq. Koroğlu da şahlara üz tutub deyirdi ki, Çənlibel mənim oylağımdı, sizi ora girməyə qoymaram. Burada Çənlibel-Şuşa-Vətən, Koroğlu-Vaqif-Vətən oğlu, Qacar-şah paralelləri tamamilə üst-üstə düşür. Maarifə Hacıyeva da Vaqifin Qacara yazdığı məktubun Koroğlu şeirləri ilə yaxından səsləşdiyini xüsusi vurğulayıb. Səməd Vurğunun “Vaqif” dramında “Koroğlu” dastanının təsiri ilə yaratdığı obrazlardan biri də İlyasdır. İlyasın prototipi dastandakı Keçəl Həmzə obrazıdır. Bildiyimiz kimi, Hasan paşa Koroğlunu tutmaq, öldürmək və ya heç olmasa atını oğurlamaq üçün Keçəl Həmzəni Çənlibelə göndərir. Keçəl Həmzə yazıq cildinə girərək Koroğlunu inandırır və Çənlibeldə qalır. Bir müddətdən sonra namərdliklə Koroğlunun atını oğurlayır. İlyas da İbrahim xanın tapşırığı ilə hiyləyə əl atıb Eldarın dəstəsinə qoşulur, onu öldürmək istəyir. Fikrini də İbrahim xana belə deyir:

 

İlyas:

 

Bu gündən onlara qoşulam gərək.

 

İbrahim xan:

 

Necə? Nə deyirsən?

 

İlyas:

 

Belədir, bəli,

Qaçağı öldürər xəyanət əli.

Deyərəm: “Məni də asdırırdı xan.

Qaçıb qurtarmışam dar ağacından.

İnanar...Onlara yoldaş olaram

Bildiyim qisası sonra alaram.

 

Burada məqsədlər və əməllər tamamilə bir-birinin eynidir. Hasan paşanın və İbrahim xanın, Keçəl Həmzənin və İlyasın məqsədləri Koroğlunu və Eldarı aradan götürməkdir. Onların bu işi görəcək bütün əməlləri də xəyanət üstündə qurulub. “Vaqif” dramında “Koroğlu” dastanı ilə səsləşən bu cür səhnələr yetərincə çoxdur. Əlibəyin dustaq olduğu səhnə Eyvazın, Bəlli Əhmədin və Dəmirçioğlunun Bağdadda Aslan paşa tərəfindən tutulduqları səhnəni xatırladır. Qacarın Vaqifi zindana saldırdığı səhnə də Aşıq Cünunun Cəfər paşa tərəfindən zindana salındığı səhnənin eynidir. Onların zindandan qurtarma motivləri də bir-biri ilə yaxından səsləşir.

“Vaqif” dramındakı “Koroğlu” təsirini, “Koroğlu”dan bəhrələnmələri Eldar obrazında daha qabarıq görürük. Adama elə gəlir ki, Səməd Vurğun Eldar obrazını yaradarkən bir an da olsa “Koroğlu” dastanından ayrılmamış, onu daim göz önündə tutmuşdur. Hətta belə demək olar ki, Eldar Səməd Vurğunun Koroğlusudur. Hələ səhnəyə çıxdığı ilk andan Eldarın özünü aparmağı, danışmağı, cəsarəti, hazırcavablığı haqqında verilən bilgilər də bunu deməyə əsas verir.

Bütün bunlar Eldarın gələcəkdə kim olacağı haqqında irəlicədən vurulan eyhamlardır. Koroğlu xanların, paşaların, xotkarların əlindən qaçıb Çənlibeldə yurd saldığı kimi, Eldar da İbrahim xanın zülmündən qaçıb dağlara pənahlanır. Koroğlu da, Eldar da xalqın tərəfində dayanıb, zalımların zülmünə qarşı dururlar. Əli bəy Eldarı dağlarda gördüyünü atası Vaqifə xəbər verərkən onu Koroğluya bənzədir:

 

Əli bəy:

 

Gördüm Eldarı!

Toplayıb başına qəhrəmanları

Dağlarda yurd salıb Koroğlu kimi.

 

Hər iki əsərdə eyni mənzərəni görürük: dağ, qəhrəman və başında igidləri. Eldarın özü ikinci dəfə səhnəyə artıq Koroğlu kimi çıxır. Burada İlyasın bir qarının inəyini oğurladığı bəlli olur. Eldar qarının ovucuna pul qoyur ki, gedib inək alsın. Koroğlu da həmişə belə eləyirdi. Bundan sonra İlyasın üzünə tüpürüb onu qovur və deyir:

 

Eldar:

 

Axmaq! Koroğlunun bir təmiz adı

Xanlarda, bəylərdə tutar qoymadı.

 

Bu misralardan göründüyü kimi, Eldar təkcə igidliyi, qəhrəmanlığı ilə deyil, mənəvi dünyası ilə də Koroğluya bənzəyir. Onun ideyası və idealı da, məqsədi və amalı da, hətta duyğusu, düşüncəsi də Koroğlu obrazından qidalanır. “Vaqif” dramında Qacar Qarabağa gəlir. Kəndləri, evləri, eşikləri, hətta körpə uşaqları yandırır. Bir qoca kəndli onun yanına gəlir:

 

Yanır od içində körpə uşaqlar.

Bizim kəndlilərin nə təqsiri var?

Əmr edin dayansın yanğınlar , barı,

Xaraba qoymayın bu obaları!

Bu dağlar qoynunda aslan yatmışdır,

Burda Koroğlular at oynatmışdır.

 

Sonuncu iki misrada Qacara xəbərdarlıq edilir ki, bura Koroğlu yurdudur, onu unutma. Nəhayət, Eldar Qacarla döyüşə girir. Hər yerdən axışıb onun dəstəsinə qoşulurlar. Zülmlə, zalımla barışmayan, vətənin azadlığı uğrunda canından keçməyə hazır olan bütün igid oğlanlar Eldarın başına toplaşırlar. Eldar onların hamısına qılınca and içdirir. Ġgid və qəhrəman oğulların Eldarın başına toplaşması da, onların qılınca and içmələri də “Koroğlu” dastanından gələn motivlərdir. Koroğlu kimi, Eldarın da şöhrəti hər yana yayılır. Bir qoca kişi onun yanına gəlir və Eldara deyir:

 

Sənə qiymətli bir baxşayışım var,

Mənə də atamdan qalıb yadigar...

 

Görəsən nədir bu qiymətli baxşayış? Atasından bu qocaya nə yadigar qalıb ki, indi onu elin-obanın xilaskarı bilib üstünə gəldiyi Eldara bağışlamaq istəyir? Qoca yapıncısının altından bir qılınc çıxarır və Eldara uzadaraq deyir:

 

Buyur! Misri qılınc deyərlər buna,

Sadiq yaşamışdır ana yurduna.

Böyük Koroğludan qalmış yadigar.

Budur, dəstəsində barmaq yeri var.

Al, oğlum! Göz üstə saxla sən bunu,

Yaşat ürəyində qoç Koroğlunu!       

Sənə bata bilməz nə xan, nə paşa,

Yalnız yoxsulların eşqilə yaşa!

Vur, vuran əllərin görüm var olsun,

Qacarın başına dünya dar olsun!

 

Şeirin ruhu büsbütün “Koroğlu” dastanından gəlir. “Koroğlu” dastanında Misri qılıncı Koroğluya qoca atası Alı kişi verir. Dramda da bir qoca yapıncısının altından çıxardığı qılıncı Eldara verir və onun Koroğlunun Misri qılıncı olduğunu deyir. Hər iki əsərdə Misri qılınc və qocaların məqsədi eynidir. Onda Alı kişi də Misri qılıncı Eldara verən qocanın prototipidir. Hətta qocanın Eldara verdiyi qılıncdakı barmaq yeri də Koroğlunundur. Şeirdəki çox önəmli bir məqamı da açmaq lazımdır. Bunun üçün “Sənə bata bilməz nə xan, nə paşa” misrasını Alı kişinin Misri qılıncı Koroğluya verərkən dediyi sözlərlə yanaşı qoymaq yetər. Qoca Misri qılıncı Eldara verərkən ona deyir ki, nə qədər bu qılınc sənin əlindədir, sənə nə xan, nə də paşa bata bilməz. Alı kişi də Misri qılıncı Koroğluya verərkən ona deyir:

– Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc sən gördüyün qılınclara bənzəməz. Bu qılınca ildırım qılınc deyirlər. Bu elə bir qılıncdır ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan, kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. Bu qılınc ilə müxənnətlər, namərdlər sənin əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç kimə bildirmə. Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə qədər ki, sən Qıratın belindəsən, bu qılınc da sənin belindədir, heç bir düşmən sənə bata bilməyəcək.

 

İslam SADIQ

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2017.- 21 iyul.- S.14.