Azərbaycan dramaturgiyasında “Koroğlu” motivləri
3-cü yazı
Dastanda da, dramda da vurğulanan əsas fikir budur ki, Misri qılınc kimin əlindədirsə, o məğlubedilməzdir, heç bir düşmən ona bata bilməz. Burada bir sual doğur: Misri qılınc belində olan qəhrəman niyə məğlubedilməzdir? Alı kişinin sözlərindən bilirik ki, Misri qılınc ildırım qılıncıdır. Dastanda isə deyilir ki, Misri qılınc göydən düşən ildırım parçasından qayrılmışdır. Deməli, birinci növbədə, ildırım qılınc olduğuna görə, Misri qılınc göy mənşəlidir. Göy mənşəli nə varsa, hamısı Tanrıya məxsusdur. Əslində Misri qılıncı yer üzünə Tanrı göndərib. Ona görə də Misri qılıncın özündə bir Tanrı sehri, Tanrı gücü var. Hətta dramdakı xan və paşa sözlərinin də dastandan gəldiyinə heç bir şübhə yoxdur. Burada bir məsələni açmaq lazımdır ki, şeirdəki “Koroğlu” təsirini görmək o qədər də asan deyil. Yuxarıdakı təhlildən göründüyü kimi, “Koroğlu” dastanının təsirini yalnız Koroğlu və Misri qılınc adlarında axtarmaq yanlışdır. Burada dastandan daha gözəl bəhrələnmələr var. Səməd Vurğun dastandakı motivlərdən o qədər böyük ustalıqla bəhrələnmiş, oradakı fikirləri, hətta hiss və duyğuları elə yüksək bacarıqla özününküləşdirmişdir ki, onları yalnız duymağı, adi gözlə yox, ağılın, düşüncənin gözüylə görməyi bacarmaq lazımdır. Bəlkə buna görə də Səməd Vurğunun ağız ədəbiyyatından bəhrələnməsi problemindən yazanların heç biri məsələnin bu qədər dərinliyinə varmayıb.
Misri qılıncı qoca kişidən alan Eldar özünün Koroğlu olduğuna daha çox inanır. Koroğlunun hissləri, duyğuları da həmin andan axıb Eldarın qanına, iliyinə hopur. Bəlkə də bu hisslər, duyğular körpəlikdən onun canında yuva salmışdır, sadəcə olaraq Misri qılıncı əlinə alanda qəlbində bir oyanış oldu, qollarına güc gəldi, ürəyinə təpər doldu. Bunu Eldarın Misri qılıncı əlinə alandan sonra söylədiyi aşağıdakı sözlərdən aydın görmək olur:
Qıratın yalında qıvrılıb yatan,
Xanların, bəylərin gözünə batan,
Zalıma göz dağı, bizə şan qılınc,
Azadlıq uğrunda vuruşan qılınc!
Ġndi dayansın Qacar!
Cəngi çalın, hücum var!
Şeirdə hər şey güzgü kimi aydındır. Artıq Eldara elə gəlir ki, Qıratın belindədir, Misri qılınc da əlindədir. İndi gəlin onun şeirin sonundakı hücum nidasına baxaq. Bu misraların mayası Koroğlunun:
“Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə.
Havadakı şahin kimi.
Tökülün al qan üstünə!”
– misralarından tutulmayıbmı? Onları söyləyən ürəklər eyni hava üstündə köklənməyibmi? “Koroğlu” dastanının bir çox qollarında paşalar, xanlar Koroğlunun dəlilərini tuturlar. Koroğlu da gedib onları azad edir. Bağdadda Aslan paşa Eyvazı, Bəlli Əhmədi və Dəmirçioğlunu, Ərzurumda Cəfər paşa Dəmirçioğlunu, Bəyaziddə Xəlil paşa Eyvazı, Halaypozanı və Toxmaqvuranı həbs edirlər. “Vaqif” dramının sonuncu səhnəsində də Qacar Vaqifi zindana saldırıb öldürtmək istəyir. Eldar öz dəstəsi ilə Vaqifi zindandan çıxarmağa gəlir və Qacarla qarşılaşır. Qacar Eldarı çulu çırıq kəndli hesab edir və deyir: “Mənlə vuruşmağa Koroğlu gərək!
Qacar burada özünü “Koroğlu” dastanındakı xanlara, paşalara tay tutur və hətta xanların, paşaların qorxduğu Koroğlu ilə vuruşmaq istəyir. Guya xotkardan, xanlardan, paşadan fərqli olaraq heç Koroğludan qorxmur. Bu zaman Eldar Misri qılıncı çıxardır və deyir:
Eldar:
- Dayan! Misri qılınc gəlir üstünə...
Qacar (çaşaraq):
- Nə? Nə? Misri qılınc? Nə? Nə? Koroğlu?
Fikir verin. Bir az öncə
Koroğlu ilə döyüşmək istəyən,
guya onunla vuruşmaqdan qorxmayan Qacarı Misri qılıncın adını
eşidəndə əsməcə
tutur. Misri qılıncın, Koroğlunun adını eşidəndə Qacarın
keçirdiyi qorxu hissini “Koroğlu” dastanında xanlar, paşalar çox keçiriblər. “Koroğlunun Ġstanbul səfəri”ndə Koroğlu
bir qarının evində qonaq qalır. Qarı qonağının Koroğlu olduğunu biləndə özündən
gedir, ayılanda durub qaçmaq istəyir. Koroğlu ondan soruşur
ki, məndən niyə qorxursan? Qarı deyir:
– Niyə səndən qorxuram? Mən çox igid
arvadam ki, sənin adını eşidəndə qorxudan bağrım çatlamayıb.
Sənin
adını eşidəndə
paşalar qorxuya düşür. Pəhlivanlar gizlənmək üçün
siçan deşiyi axtarırlar. Mən bir
özümdən getmişəm,
çox görürsən?
Göründüyü kimi, hər iki əsərdəki qorxu hissi də
eynidir. Səməd Vurğunun digər
dramlarında da “Koroğlu” dastanından bəhrələnmələrə rast gəlinir. Lakin onlar ötəri səciyyəli olub, “Vaqif” dramındakı qədər qabarıq nəzərə çarpmır.
Məsələn, “İnsan”
dramındakı Eldar obrazı, “Vaqif” dramındakı Eldara oxşayır, “Vaqif” dramındakı Eldarın
dilindən Qacara deyilmiş:
Gəl,
gəl çulu cırıq kəndliyəm
mən də,
Şahla
vuruşaram yeri gələndə
– misraları “İnsan” dramında da olduğu kimi Eldarın dilindən təkrarlanır.
“Fərhad və
ġirin” dramında da “Koroğlu” dastanının təsirini
duymaq olur. ġirinin dilindən
deyilmiş aşağıdakı
şeir Koroğlu nəfəsi, Koroğlu ruhu ilə yoğrulub.
Fəqət Fərhadda da bu qüvvətdən var,
Onun qarşısında
diz çökür dağlar.
İldırım əriyir hər
nərəsindən,
Şahlar
da tac
tökür onun səsindən.
Araşdırmalar göstərir ki, Azərbaycan ədəbiyyatı
“Koroğlu” motivləri
ilə çox zəngindir. Poeziyamızın, nəsrimizin və
dramaturgiyamızın daha
çox qidalandığı
ilkin qaynaqlardan biri “Koroğlu” dastanı olmuşdur.
Bu baxımdan Səməd Vurğunun yaradıcılığı xüsusilə
seçilir. Onun poeziyası
“Koroğlu” dastanının
motivləri ilə çox zəngindir.
“Vaqif” dramı
isə “Koroğlu” dastanı ilə səsləşmə baxımından
Azərbaycan dramaturgiyasında
istisna təşkil edir. Cəsarətlə demək olar
ki, “Koroğlu” dastanının bütün
bədii, poetik dəyərləri “Vaqif” dramının süjet və kompozisiyasına, ideya və məzmununa,
qəhrəmanların idealına,
psixologiyasına, hətta
duyğu və düşüncələrinə hopmuşdur. “Vaqif” dramındakı bütün motivlərin “Koroğlu” dastanında oxşarı var.
Dramın bütün obrazlarının dastanda prototipləri mövcuddur. Eldar isə Səməd Vurğunun illərlə qəlbində yaradıb-yaşatdığı Koroğlu obrazından başqa bir şey deyil. Deməli, “Vaqif” dramı yazılı ədəbiyyatımızın “Koroğlu” dastanıdır.
İslam SADIQ
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 22 iyul.-
S.14.