Xəlil Rzanın sənət missiyası
3-cü yazı
X.R.Ulutürk türk xalqlarının
XI əsrə aid möhtəşəm
abidəsi olan Yusuf Bala-sagunlunun «Qutadğu bilik» poemasını dilimizdə adekvat səsləndirilməsinə də
kifayətqədər zəhmət
sərf edib. Bu əvəzsiz
«Xoşbəxtliyə aparan
kitab»ı, «Dövlət
kitabı»nı, «Dövlətnamə»ni poetik tərcümədə ilk dəfə
olaraq Azərbaycan türklərinə çatdıran
məhz X.Rza olub. Bəlkə də X.Rza tərcüməsi olmasaydı,
Y.Balasagunlu yaradıcılığı
ilə bu günə qədər də tanışlığımız
yetərincə baş
tutmayacaqdı. Belə
ki, digər türk xalqları – özbəklər, türkmənlər,
qırğızlar, Anadolu
türkləri, ruslar və başqaları bu abidənin poetik tərcüməsini
hələ 60-70-ci illərdə
oxuculara çatdırdıqları
halda, biz yenə də gözləyirdik… Onlardan sonra «Qutdağu bilik»in poetik tərcüməsinin xalqımıza
çatdırılması Azərbaycan ədəbiyyatşünaslığı
və tərcüməşünaslığının
nailiyyəti kimi dəyərləndirilməlidir və bu nailiyyət
məhz X.Rza adı və yaradıcılığı ilə
bağlıdır.
6411 beytdən ibarət
olan bu kitabın
hansı beytinə nəzər salsaq, orada ilk növbədə diqqəti cilalı, ovxarlı söz cəlb edəcək. Bəlkə elə
buna görə də bütün mətnin tərcüməsi
boyu korşalmış,
zövqü kütləşdirən,
fikri lüzumsuz haçalaşdıran heç
bir ifadəyə rast gəlmək mümkün deyil. X.R.Ulutürkün «Qutaduğu bilik»in
Azərbaycan türkcəsinə
tərcüməsini bir
sıra mühüm yanaşma fərqləndirir.
Bu, hər şeydən
öncə, bir tərəfdən, klassik türk şeirinin incəliklərinə dərindən
bələdlikdirsə, digər
tərəfdən, əsərin
vəznini, qafiyə sistemini müasir türk şeirinin texnikasına ustalıqla uyğunlaşdırmaqla bağlıdır.
Qeyd edək
ki, X.R.Ulutürk nəinki Y.Balasağunludan
etdiyi «Qutdağu bilik»in tərcüməsində,
həm də digər türk və qeyri-türk xalqlarının poeziyasından
etdiyi tərcümələrdə
mətnin forma və məzmun vəhdətinin saxlanılmasına çalışır. Şair
(eyni zamanda mütərcim və həm də tədqiqatçı – N.T.) yaxşı
bilirdi ki, mükəmməl tərcümə
forma və məzmun vəhdətini qorumazsa, uyğunsuzluğa düçar
ola bilər.
Ulutürk bunu da bilirdi ki, bütün
ədəbiyyatlardan tərcümədə
forma və məzmun vəhdətinin saxlanılması
diqqət mərkəzində
durmalıdır.
X.R.Ulutürkün tərcümə yaradıcılığını
onun tərcümə
nəzəriyyəsi və
praktikası ilə bağlı tədqiqatlarından
təcrid olunmuş şəkildə nəzərdən
keçirmək sənətkarın
bu sahədəki yaradıcılığına dərindən
tanış olmayan tədqiqatçı
təsiri bağışlayardı
və tərcümə
sahəsindəki fəaliyyətinə
kölgə salardı.
Onun «Dünyanın ədəbi
xəritəsi» kitabını
vərəqlədikcə X.R.Ulutürkün
özünü tərcümə
nəzəriyyəçisi kimi təsdiqləməsi bu sənətkarın elmi-nəzəri təfəkküründən
doğduğunun şahidi
oluruq. Çünki o, hər hansı
ədəbiyyat nümunələrini
təqcümə məqsədi
ilə diqqət mərkəzinə çəkdikdə
bu nümunələri
həm də nəzəri cəhətdən
araşdırır və
orijinala hansı yöndən yanaşmanı
doğru müəyyənləşdirir.
Məsələn, T.B.Qurtuyevanın
«Çağdaş balkar
poeziyasında gələnək
və yenilikçilik»
əsəri haqqında»
danışarkən X.R.Ulutürk,
bir tərəfdən,
malkar poeziyasının
inkişaf yolundan, özünəməxsusluğundan, onun tanınmış nümayəndələrindən, digər tərəfdən,
onu dərindən araşdıranların əsərlərindən
söhbət açmaqla,
fikrini T.B.Qurtuyevanın
yaradıcılığı üzərində cəmləyir,
müşahidələr aparır,
obyektiv nəticələrə
gəlir.
Yeri gəlmişkən
deyək ki, X.R.Ulutürk hər hansı bir ədəbiyyatdan tərcüməyə
başlamazdan əvvəl
bu ədəbiyyatın
tarixi köklərini,
inkişaf istiqamətlərini,
müxtəlif dillərə
tərcüməsini yaxşıca
öyrənir, orijinalı
bildiyi dillə müqayisə edir, əsaslı götür-qoy
edir və əsərin ana dilinə çevrilməsinə
başlayır. Məsələn, elə Q.Quliyevin
«Qılınc və qızıl gül» şeirinin tərcüməsində
olduğu kimi. X.R.Ulutürk bu şeirin rus tərcüməsini öyrənir
və onu orijinala nə qədər yaxın olub-olmamasını müəyyənləşdirmək
baxımından oxuculara
tədqdim edir.Yalnız
bundan sonra X.R.Ulutürk şeirin Azərbaycan türkcəsində
tərcüməsini verir:
Yaşıl bir gözəllik
bitən yerimdə
Qayada qızılgül,
ləçəyində qan.
Üstündə buludlar ötən
yerimdə
Elə bil qılınclar sıyrılır
qından.
Yavaşca deyirəm: ana yurd, dinlə,
Ölsəm son sözümü, son arzumu duy:
Qəbrimin üstünə sən
öz əlinlə
Bir şehli
qızılgül, bir
də qılınc qoy.
Həm orijinalı, həm də tərcümələri
bir-biri ilə müqayisə etdikdə görürük ki, X.R.Ulutürk orijinalın dərinliklərinə daha
da nüfuz etməklə göstərir
ki, malkar şeiri bədii dil baxımından hələ formalaşmaq dövrünü yaşadığından
bəzi hallarda şeirdaxili bölgülər
də uyğunsuzluq görünür, 6-5 hecalıq
əsasında yazılmış
misralar 7-4 bölgülü
misralarla qonşuluq etsə də, şeirdaxili bölgünün
mükəmməlliyi pozulur.
Buna görə də mütərcim şeirdəki bu çatışmazlıqları, bu hərc-mərcliyi, xaotikliyi «islah» etməklə, Azərbaycan
türkcəsində onun
mükəmməl səslənməsinə
nail olur. Yəqin elə
buna görə də X.R.Ulutürkün digər ədəbiyyatlardan
etdiyi tərcümələr
öz tamlığı
və orijinallığı
ilə seçilir.
Bu mənada Beynəlxalq
Tərcüməçilər Federasiyasının uzun müddət Prezidenti olmuş Pyer Fransua Kayyenin «Tərcüməçi olmaq
mümkün deyil, tərcüməçi doğulmaq
gərəkdir» deyimini
X.R.Ulutürk tərcümələrinə
nəzər saldıqda
müdafiə etməkdən
savayı başqa bir fikir ortaya
gəlmir. Əlbəttə, məqsədə çatmaq
uğrunda mübarizə
aparan insanlar bütün bilik və bacarığını
bu çətin peşəyə həsr etdikdə müəyyən
uğurlar əldə
edə bilirlər.
Lakin ilahidən gələn istedad olduqda isə tərcümə daha sanballı, daha adekvat alınır.
Bununla belə bu sahədə
olan, nəzəri müddəaların dərindən
öyrənilməsi də
burada heç də sonuncu rol oynamır. Eyni zamanda nəzərə alınmalıdır ki, «X.R.Ulutürkün orijinal yaradıcılığı dil,
lüğət, bədii
ifadə vasitələrindən
gen-bol istifadə ilə zəngindir. Şairin digər ədəbiyyatlardan
etdiyi tərcümələrdə
də bu cəhət özünü
xüsusilə əks
etdirir. Təbii ki, şeirin
özü sirli-sehirli
bir aləm olduğu kimi tərcümədə də
bu sehri, bu vəziyyəti, daxili ürək çırpıntılarını, obrazlı, qanadlı ifadələri, metaforaları
böyük istedad sahibi olmasan vermək mümkün deyil. Məhz burada mütərcimin əsl sehirbazlığı
ortaya çıxır
ki, o, əfsunçu kimi poeziyanı poeziya edən incə, nəcib hissləri, kükrəyişi,
qəzəbi və s.
tərcümə oxucusuna
doğru çatdıra
bilir».
X.R.Ulutürkün poetik assosiasiyaların
dili ilə fikri ifadə etməsi, hər bir söz və
ifadənin daxili mənasına vara bilməsi, metaforik təfəkkür tərzinə
malik olması, formanın əhəmiyyətini
dərk etməsi və ürəyi riqqətə gətirə
biləsi sətri yaradıb oxucuya təqdim edə bilməsi və s. əsl sənətkarlıqdır.
Tərcümələrə diqqət edəndə
görmək çətin
deyil ki, X.R.Ulutürk əsasən
azadlıq, istiqlal, millilik, bəşərilik,
xalq taleyi problemi ilə zəngin olan əsərləri dilimizə
çevirməyə xüsusi
səy etmiş, bu da onun
azadlıq, millilik və bəşərilik ruhundan irəli gəlib. Xüsusilə o, tərcümə etdiyi əsərlərdə
özünün zəngin
mental təfəkkürünü diqqətdə saxlayıb.
X.R.Ulutürkün Azərbaycan oxucularına təqdim etdiyi müxtəlif dünya xalqları ədəbiyyatlarından
tərcümələri Azərbaycan
tərcüməçilik məktəbinin mühüm
səhifəsini təşkil
etməkdədir.
Bu tərcümələr böyük şairin otuz illik yaradıcılıq
fəaliyyətinin nəticəsi
kimi dəyərləndirilməlidir. X.R.Ulutürk tərcümələrində yer
almış əksər
nümunələrin başlıca
ideyası etnik-milli ideallarla bəşəri hisslərin, xalq mənəviyyatının kükrəyişi,
xalqa xidmətlə üzvü surətdə bağlılığı görünür.
Çünki milli və bəşəri tərəqqi
uğrunda mübarizə,
vətənpərvərlik, humanizm və istiqlal əzmi həmin əsərlərin
ana xəttini təşkil edir. X.R. Ulutürk də
məhz belə nümunələri ədəbiyyatımızın
faktına çevirməkdə
əlindən gələni
əsirgəməmiş, milli
poetik fikrin zənginləşməsində yaxından iştirak edib.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2017.- 27 iyul.-
S.14.