Yurd sorağında

 

Bir kəndin tarixindən...

 

Ulularımızdan miras qalmış, dədə-babalarımızın yaşayıb yaratdığı, havasını udduğumuz, suyunu içdiyimiz, ayaq açandan ölənədək sinəsində gəzdiyimiz, Vətən bütövlüyünün bir hissəsi, əcdadlarımızın əzəli-əbədi beşiyi, ilk və son ünvanımız, yaranıb qovuşduğumuz Kalva torpağı! Görəsən, nədən yaranır bu torpaq, Vətən sevgisi? Bütün bunların əsası heç özümüzün də baş açmadığımız, ifadə etməyə söz tapmadığımız sonsuz, tükənməz və hər birimizi həmişə öz cazibəsində saxlayan sirdədir. Doğulduğumuz torpaq bizim üçün müqəddəsləşir, ömürdən gedən illər insanı onun cazibəsindən çıxara bilmir. Hara getsək də qarşısıalınmaz bir istək bizi ilk ünvana çəkir, ona qovuşub onun da oluruq.

Uzaqda olanda havasından, suyundan ötrü ciyərimizin yandığı, gözlərimizin sonsuz səmalara, uca dağlara, düzlərə, biçənəklərə, meşələrə, çaylara həsrət qaldığı o yerlərdən ötrü niyə darıxırıq? Yəqin ki, bu sirr elə sirr olaraq qalacaq, insanının doğulduğu, doğma torpağa tükənməz eşqi heç vaxt sönməyəcək.

“Kalva” toponimi Azərbaycan türkcəsindəki “kalava” sözündən yaranıb. “Azərbaycan dilinin izahlı lüğəti”ində (II cild, Bakı, “Şərq-Qərb”, 2006, səh. 631) “kalava” sözünün “dərə” anlamı bildirdiyi qeyd olunur. Bu sözün birinci hissəsi olan “kala” dilimizdəki “çala” sözünün əski variantıdır. “va” hissəciyi isə “yer”, “yurd” anlamı bildirən “van” (məsələn, Şirvan) sözüylə bağlıdır. Beləliklə, “Kalva” sözü “kalava” sözündən yaranmaqla “çökək, dərə yer” anlamını bildirir. Əski Kalvanın bir çağlar dərədə yerləşdiyi üçün kəndimizə bu ad verilib. Belə ki, əski Kalva yuxarı qəbiristanlığın aşağısından başlayaraq mənim baba yurdum, indi uçub-dağılmış Mədəniyyət evinin altınacan, oradan da aşağı qəbiristanlığa kimi mövcud olub. Yəni əski Kalva qonşu Xatman kəndi ilə üzbəüz, Micani çayının yaxasında, dərə boyu yerləşib. Oxucum, vaxt tap, bir Ağ dağa qalx, oradan Kalva ovucunun içi kimi görünür. Görəcəksən ki, Kalva elə bil böyük bir teştin içində – çökəklikdə yerləşib. Yaxud Bəndin başından – Bəndə bağından (güneydə) bax, yenə həmin mənzərəni görəcəksən.

Başqa bir versiya. Azərbaycanın ilk tarixçi qadın alimi, əməkdar elm xadimi Sara Aşurbəyli (1906-2001) “Şirvanşahlar dövləti” (VI-XVI əsrlər) (Aşurbəyli S.B.. “Şirvanşahlar dövləti”. Bakı: Avrasiya Press, 2006, 416 s.) adlı tarixi əsərinin “Şirvanın şəhər və kəndləri” bölməsində yazır: “Şirvan ərazisində aparılan qazıntı işləri nəticəsində burada mezeolit və tunc dövrlərinə aid qədim yaşayış məskənləri, I-II əsrlər antik müəlliflərinin verdikləri məlumatların da təsdiq edildiyi qədim və erkən orta əsrlərə aid şəhərlər aşkara çıxarılıb. Böyük Plini (23-79-cu illər) yazırdı ki, Albaniyanın əsas şəhəri Kabalakadır. Yunan coğrafiyaşünası Ptolomey (70-147-ci illər) Qafqaz Albaniyasında 29 şəhər və kənd olduğunu xəbər verirdi. O, bunların arasında Xabala, Moseqa, Albana, Şamexiya, yaxud Kamexiya, Ketaxa, Baruka və başqalarının adını çəkir. Bəzi alimlər (d Anvil, Tomaşek, Tsellari, Barbye və s.) həmin adları Qəbələ (Cabalaca, Chabala), Dərbənd (Albaniya), Şamaxı (Şamechia, Camechia), Bakı (Gastara, Baruka) şəhərləri ilə eyniləşdirilər.

Ptolomeyin xatırladığı Moseqa (Moseğa) toponimində ola bilər ki, Quba rayonunda və Abşeronun cənub sahillərini əhatə edən ərazilərdə yaşamış massaqet – maskut tayfasının adı əks olunub. Mitilenli Zəkəriyyənin (555-ci il) salnaməsində aşağıdakı məlumatlar verilir: ”…bu şimal məmləkətində 24 yepiskopu olan 5 mömin xalq yaşayır. Qurzan... dilləri (35-36) yunan dilinə bənzəyən bir yerdir, onların İran şahına tabe olan xristian hakimi var. Arran da öz dili, xaçpərət xalqı olan bir diyardır.

...Yuxarıda adı çəkilən mətndə VI əsrdə hökmdarları fars, yəni Sasani şahlarına tabe olan Gürcüstan və Arrandan – Albaniyadan danışılır. Onların öz dilləri, var idi və xristian dininə etiqad edirdilər. Beləliklə, Z.M.Bünyadovun haqlı olaraq göstərdiyi kimi ”...nə Qurzan, nə Arran heç vaxt etnik və siyasi cəhətdən Ermənistanın bir hissəsi olmayıb. Bu birlik, təkcə dini birlikdir...”

Sonra Zəkəriyyə, dili Arran dilindən fərqlənən Bazqun ölkəsinin olduğunu qeyd edir. VI əsrin əvvəllərində Massaget Atşakikər hökmdarlığı Sasanilər tərəfidən Şabrançay və Gilgiləçay hövzələri arasındakı ərazidə Şirvanşahlar adlanan kiçik feodal məlikliyi yaranır.

...“Erməni coğrafiyası”nda və Sevondda adı çəkilən Geqavu – Gelavu toponimi, ehtimal ki, Şamaxı şəhərinin yaxınlığındakı Kalva kəndi ilə lokallaşdırılır. (Minorskiy. İstoriya Şirvana. S.62-64, 77-79, 96-97. Ərəb mətni, ş.25-29, s.17-18; Axmed ibn Zotfullax, Diami ad-Duval, s.221-222).

“Albaniya tarixi”ndə Şirvanda lokallaşdırdığımız aşağıdakı məskən və şəhərlərin adı çəkilir. Çoğa (Çola, Tçor, Zur) – Dərbənddən cənubda Torpaqqala şəhər yerində qala və şəhər; Kapaqa (Qəbələ) – vilayət və şəhər; Aqven (Alven, Albana; Baqasakan) vilayət və şəhər (Mil düzü, Beyləqan şəhəri); Şake, Dərbənd – şəhər-qala. Gevondun (VIII əsr) ”Xəlifələrin tarixi” əsərində Baqasan gölünün (Dəşti – Beyləqan), Dərbəndin, Maskutlar məmləkitinin (Quba rayonu), Aşti – Baquan (Baku odları), Spatar – Peroz, Hürmüz – Peroz vilayətlərinin sadları çəkilir.

Gevond Kürün şimal tərəfində Xecar (Ucar), Kaqa (Qala), Ostani - Məzpanyan (Qəbələ), Geqavu (Gelavu – Kalva), Şəki, Xeni (Göynük), Xoçmas (Xaçmaz, keçmiş Vartaşen, indiki Oğuz rayonunda) kənd və qala yer adlarını qeyd edir”. İndi qəti deyə bilərik ki, Kalva kəndi qədim türk kəndidir. Bir qədər adının formalaşması üzərində dayanaq. Sadaladığımız versiyaların hamısı kəndin adı ilə tam uyğunluq təşkil edir.

“Kalava” sözü haqqında yuxarıda yazdıq. Həmin sözün “Kalafa” variantı da var. Türk dilimizdə bu söz “mağara”, “çökək yer”, “uçub dağılmış yer” anlamlarında ayrı-ayrı bölgələrimizdə işlənir. Kalva kəndinə Yekdəridən, Ağdağdan, Bəndə bağından, Qürəmitdən, Hacmandan, Şişdağdan baxsaq, kəndin böyük çuxurda yerləşdiyini aydınca görərik. Beləliklə, “Kalva” sözü əski mənbələrdə Gelava kimi işlənib. “Kalafa” dialekti əsasında formalaşıb.

Bir iradımı heç bir qaynaq və fakta əsaslanmadan, Kalva kəndinin tarixi barədə yanlış məlumat verənlərə bildirmək istəyirəm. Guya kalvalıların əcdadı Qubadan gəlmədir. Çox təəssüflər olsun ki, belədə bizim bu torpaqda qədimliyimizi təhrif edirlər. Bu məlumatı yayanların tarixi qaynaqlardan xəbərləri yoxdur. Diqqətli olun: bir də məcburam qeyd edəm ki, Qubadan Kalvaya 1824-cü ildə cəmi 13 ailə köçürülüb. Həmin vaxtda, yəni qubalılar gələnə qədər Kalvada 48 ailə vardı. Gəlin həqiqəti qoyub, tarixi saxtalaşdırmayaq.

Kalva əhalisi əski çağlardan bu torpaqda yaşayan yerli türklərdir. Tarix boyu Şirvanda yaranmış neçə-neçə dövlətlərin ərazisinə düşmüş, böyük tarixə malik Kalva qədim paytaxt şəhərimiz Şamaxıdan 20 km aralıda yerləşir. Təbii-coğrafi şərait baxımından bizim kəndin yerləşdiyi ərazi çox qədimdən bəri sənətkarlıqla məşğul olan Lahıc, Basqal, Sulut kimi kəndlərlə həmsərhəd olub. Qeyd etmək yerinə düşər ki, həmin kəndlərin 1970-ci illərə kimi Şamaxıya gediş-gəliş yolları Kalvadan keçib.

Görkəmli yazıçı Manaf Süleymanov “Azərbaycan diyarı Lahıc” kitabında yazır: “XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olub. Lahıc Azərbaycanın miskərlik və silah istehsalı mərkəzlərindən idi. Lahıc ustalarının misdən hazırladıqları dolça, satıl sərnic, məcməyi, sərpuş, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq, emalatxanalarda isə tüfəng, tapança, xəncər, behbud, qılınc, bıçaq və s. hazırlanırdı. Ümumiyyətlə, Lahıcda 127 növ sənət (dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərziçilik, xalçaçılıq, bənnalıq və s.) inkişaf etmişdi”.

İsmayıllı rayonunun Basqal qəsəbəsi bizə qonşudur. Basqalda əsasən ipəkçilik inkişaf edib. Buranın kəlağayısı müxtəlif ölkələrinin belə bəzəyi olub. Bu sözləri Lahıcın misgərlik məmulatları barədə də deyə bilərik. Lahıca şosse yolu çəkilməmişdən öncə burada düzəldilən məmulatlar ata yüklənərək Sulutdan keçməklə Kalvaya gətirilirdi. Mal sahibləri Kalvada bir gün dincəldikdən sonra bazar axşamı Şamaxıya yollanırdılar. Bütün bunları canlı görmüşəm. 1950-60-cı illərdə misgərlərdən Abdulbağı, Azadə, Əlirza uzun müddət Kalvada qalayçılıq edərdilər. Qalayçılar kəndin mərkəzində bibim Səkinəgilin evinin alt mərtəbəsində yerləşirdilər. Onlar yaz aylarından soyuqlar düşənə kimi Kalvada qalar, Kalva və ona qonşu olan kənd camaatının mis qablarını qalaylayardılar.

M.Süleymanov adıçəkilən etnoqrafik kitabında yazır: “O vaxt Lahıc qəsəbəsinin daxil olduğu Şamaxı IX-XVII əsrlərdə və ondan sonrakı dövrlərdə Şərqin ən böyük ticarət və sənətkarlıq mərkəzlərindən olmaqla maarif, mədəniyyət, elm, böyük alimlər, şairlər, siyasi xadimlər məskəni kimi tanınırdı. Şamaxıda Azərbaycanın müxtəlif yerlərindən olan tacirlərlə yanaşı, İran, Hindistan, Rusiya, Gürcüstan, Qərbi Avropa ölkələrindən gələn tacirlər də var idi. Şirvanda hazırlanan mis qablar, alətlər, ipək və xalılar məşhur idi. Görünür, bu cür əlaqələr Şamaxının yaxınlığındakı Lahıcda da sənətkarlığın inkişafına, lahıcların ticarət işlərinə fəal qoşulmasına səbəb olmuşdu (yenə orada, səh.130).”

Tarixi bilgilərdən də aydın olur ki, Lahıcda istehsal olunan mis məmulatların böyük satış bazarı Şamaxı idi. Bunun üçünsə sənətkarlar mütləq Kalvadan keçib Şamaxıya getməli idilər. Oxucum, evə nəzər sal. Əgər mis qablar – güyüm, samovar, kəfkir, sərnic, satıl, gəlgəl, çilovsüzən, nimçə, qazança və s. varsa, bil ki, Lahıc sənətkarlarının məhsuludur. Hətta bəzilərində ustalar tarix və adlarını da yazıblar.

Keçən yüzildə nişanlı oğlanlar bazarlıqda başqa parçalarla (ipək, yaponje, ştapel və s) bərabər mütləq Basqal kəlağayısı özü də “noxudu” (qıraqlarında noxudu naxışlar olurdu – Q.S.) kəlağayı almalı idi. Gəlin evə gətiriləndə başında mütləq qırmızı Basqal kəlağayısı olurdu. İkinci Dünya Savaşı illərində kalvalılar at-eşşəklə, eləcə də başlarında və kürəklərində Kalvadan Lahıca buğda aparar, oradan isə kartofla qayıdardılar.

 

Qalib Soltanoğlu

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2017.- 28 iyul.- S.14.