“Vergilər Nazirliyi gənc kadrların daha
yuxarı vəzifələrə irəli çəkilməsi
baxımından fərqlənir”
Faiq
Şahbazov: "Vergi orqanlarında vəzifəli şəxslərin
32%-nin yaşı 35-dən azdır"
Dünyada insan resurslarının idarə edilməsi sahəsində
tendensiyaların sürətlə dəyişdiyini nəzərə
alaraq, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi
üzrə fəaliyyətini bu tendensiyalara uyğun olaraq
durmadan təkmilləşdirməyə
çalışır. Vergilər Nazirliyinin insan resursları departamentinin
baş direktoru Faiq Şahbazovun "Vergilər" qəzetinə
müsahibəsi
- Faiq
müəllim, Vergilər Nazirliyinin insan resursları
strategiyasının prioritetlərini ümumi şəkildə
necə səciyyələndirə bilərik?
-
Hazırda Vergilər Nazirliyinin insan resursları
strategiyasının qarşısında duran əsas prioritetlərə
kadrların seçilməsi və yerləşdirilməsində
vergi orqanlarının spesifik xüsusiyyətlərinin, cari və
perspektiv hədəflərinin nəzərə
alınması, rəhbər vəzifələrə
kadrların daha planlı və sistemli hazırlanması, vəzifə
tutan şəxslərin idarəetmə sahəsində
bacarıqlarının artırılması, əməkdaşların
fəaliyyətinin qiymətləndirilməsinin daha obyektiv, hərtərəfli
və nəticəyönümlü aparılması, vergi
orqanları əməkdaşlarının təliminin onların
fərdi karyera inkişafı ilə birbaşa əlaqələndirilməsi,
effektiv həvəsləndirmə sistemi qurmaqla peşəkar
kadrların vergi orqanlarına cəlb edilməsi və
saxlanılması daxildir.
Xüsusilə son dövrlərdə görülən
bütün bu işlər dövlət vergi orqanlarında
insan resurslarının idarə edilməsinə yeni
yanaşmanın əsasını qoyur. Bunun əsas
mahiyyəti isə insan resurslarının idarə
olunmasında ümumi yanaşmadan fərdi yanaşmaya və
"istedadın idarə olunmasına" (talent management)
keçidin təmin edilməsidir.
- Vergilər
Nazirliyi gənc kadrların potensialından geniş istifadə
edən qurum kimi fərqlənir...
- Biz həmişə
gənclərin bol enerjisindən, müasir
dünyagörüşündən, yeniliklərə
meylliliyindən, onların cəmiyyətdə özlərini
sübut etmək və nüfuz qazanmaq istəyindən irəli
gələn təşəbbüskarlığından
yararlanmağa çalışmışıq. Potensiallı gəncləri dövlət vergi
orqanlarında xidmətə cəlb etmək və bu
potensialdan səmərəli şəkildə faydalanmaq Vergilər
Nazirliyinin insan resursları siyasətinin başlıca istiqamətlərindəndir.
2005-ci ildən başlayaraq dövlət vergi
orqanlarına işə qəbul üzrə keçirilmiş
ümumilikdə 12 müsabiqə nəticəsində 1258 nəfər
gənc vergi orqanlarında işlə təmin edilib. Bu gün vergi orqanlarında
xidmət keçən vəzifəli şəxslərin təxminən
47,3%-i yaşı 35-ə qədər olan
gənclərdir. Vergilər Nazirliyi gənc
kadrların daha yuxarı vəzifələrə irəli
çəkilməsi baxımından da fərqlənir.
Yuxarı menecer vəzifələrinin tutulması
üçün potensiallı kadrların müəyyən
edilməsi və onların sistemli olaraq həmin vəzifələrə
hazırlanması məqsədilə nazirliyin kadr ehtiyatı
formalaşdırılıb ki, hazırda bu ehtiyatda kifayət
qədər gənc kadrlarımız var. Qeyd edilən kadr
ehtiyatında olan, habelə orta menecer vəzifələrinə
yeni təyin edilən gənc əməkdaşlarımız
üçün mütəmadi olaraq hər il idarəetmə
sahəsində təlimlər təşkil olunur. Görülən
işlərin nəticəsidir ki, hazırda rəhbər vəzifəli
şəxslərin 32,2%-ni yaşı 35-dən
aşağı olan əməkdaşlar təşkil edir.
- Vergi
orqanlarında işləmək istəyənlər
üçün keçirilən son imtahanların nəticələrini
qənaətbəxş hesab etmək olarmı?
- Dövlət
vergi orqanlarının kadr tələbatını nəzərə
alaraq, 2017-ci ildə iki müsabiqə keçirmişik.
Müsabiqələrin obyektiv, şəffaf və peşəkar
təşkili üçün bütün zəruri
addımlar atılıb: KİV-də ətraflı məlumatı
əks etdirən müsabiqə elanları dərc edilib, namizədlərin
qeydiyyatı onlayn qaydada aparılıb, test imtahanına
hazırlıq üçün imtahan proqramları əvvəlcədən
nazirliyin internet saytında yerləşdirilib, müsahibələrin
video çəkilişi aparılıb, müsabiqələrin
hər mərhələsi, o cümlədən nəticələri
üzrə məlumatlar ictimaiyyətə çatdırılıb
və s.
Müsabiqələrdə
iştirak etmək üçün ümumilikdə 4976 nəfər
(birinci müsabiqədə 3532 nəfər, ikinci müsabiqədə
1444 nəfər olmaqla) vətəndaş müraciət edib. İndiyədək keçirilmiş müsabiqələr
içərisində həm müraciət edənlərin, həm
də namizəd kimi qeydə alınanların sayı
baxımından ən yüksək göstərici bu
müsabiqələrdə müşahidə olunub.
Müsabiqələrin test imtahanı mərhələsində
92 nəfər uğur qazanaraq müsahibə mərhələsinə
buraxılıb, həmin mərhələdə isə 83 nəfər
müvəffəqiyyət əldə edərək ehtiyat
kadrlar siyahısına daxil edilib. Onlardan 58 nəfəri
artıq analoji vakant vəzifələrə təyin olunub.
Hazırda işə yeni qəbul edilənlər
Vergilər Nazirliyinin Tədris Mərkəzində ilkin
hazırlıq kursu keçirlər.
Ümumilikdə,
göstərilən nəticələr bizim üçün
qənaətbəxş olsa da, fikrimcə, namizədlərin
hazırlıq səviyyələrini artırmağa ehtiyac
var. Çünki dövlət orqanlarında, ələlxüsus
xüsusi növ dövlət orqanında xidmət keçmək
fərqli məsuliyyət, səriştə və əzmkarlıq
tələb edir. Bu gün bütün
dünyada, o cümlədən ölkəmizdə
iqtisadiyyatın inkişafında yanaşmalar və islahatlar
sürətlə dəyişməkdədir. Namizədlər də həmin dəyişikliklərlə
ayaqlaşmalı, bu proseslərin müşahidəçisi
deyil, iştirakçısına çevrilməlidirlər.
Bunun üçünsə onlar daim sistemli şəkildə
öz üzərilərində işləməli, biliklərini
yeniləməli, mütaliə etməlidirlər. Əksər
hallarda namizədlərin müsabiqələrdə uğur
qazanmamasının əsas səbəbi onların dünyada
gedən ümumi proseslər barədə məlumatlarının
zəif olması, iş seçimlərinin
təsadüfiliyi, bəzən də biliklərinin daha
çox əzbərçilik xarakteri daşıması olur.
Sonuncu müsabiqələr xüsusilə regionlarda yerləşən
vergi orqanlarının kadr tələbatının ödənilməsində
mühüm rol oynadığından, deyə bilərəm
ki, biz bu müsabiqələrin keçirilməsində
qarşıya qoyulmuş məqsədlərə ümumilikdə
nail olduq.
- Kadrların
peşəkarlığının artırılması sahəsində
beynəlxalq təcrübənin öyrənilməsi, əcnəbi
ekspertlərin iştirakı ilə keçirilən treninq və
seminarlar barədə nə deyə bilərsiniz?
- İnsan resurslarının idarə edilməsi sahəsində
qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi
və uyğun təcrübələrin tətbiqi
üçün Vergilər Nazirliyi zəruri beynəlxalq əməkdaşlıq
həyata keçirir. Bu sahədə xüsusən Avropa
İttifaqının "İnsan resurslarının
inkişafı sahəsində Vergilər Nazirliyinə dəstək"
tvinninq layihəsini qeyd etmək istərdim. Layihə çərçivəsində nazirliyin əməkdaşları
insan resursların idarə edilməsi, risklərin analizi
üçün informasiyaların toplanması və təhlili
üsulları sahəsində İspaniya və Fransa Vergi
Administrasiyalarının ən yaxşı təcrübələrini
öyrəniblər.
Öyrənilmiş təcrübə əsasında
insan resurslarının inkişafı sahəsində strategiya
və tədbirlər planının layihəsi
hazırlanıb. Həmçinin insan resurslarının idarə edilməsi
sahəsində bir sıra qaydalar, təlimat və tövsiyələr
təsdiq edilib ki, onların içərisində "Dövlət
vergi orqanlarında orta menecer vəzifələrinin
tutulması üçün keçirilən müsahibə
qaydaları"nı, "Dövlət vergi orqanlarında
yuxarı menecer vəzifələrinin tutulması
üçün kadr ehtiyatının yaradılması və
idarə olunması qaydaları"nı
ayrıca vurğulamaq istərdim. Bundan əlavə,
onlayn təlim sistemi təkmilləşdirilib, tədris-təlim
proqramları və üsulları yenilənib, təlim
keçmək üçün metodik materiallar
hazırlanıb. Layihə çərçivəsində
əməkdaşların uzunmüddətli təlim tələbatları
öyrənilib və bu tələbatlar illik təlim
planlarının tərtibi zamanı nəzərə
alınıb.
Ümumilikdə
layihənin icrası müddətində nazirliyin 150 əməkdaşı
xarici ekspertlərin cəlb olunduğu 35 işçi seminarda
və təlimdə 30 mövzu üzrə ən son təcrübə
ilə yaxından tanış olub. Təbii ki,
insan resurslarının idarə edilməsi sahəsində
qarşımızda duran prioritetlərə uyğun olaraq yeni
beynəlxalq əməkdaşlıq istiqamətlərini daim
araşdırırıq.
- "2013-2020-ci illərdə vergi sisteminin
İnkişaf Strategiyası" ilə bağlı İnsan
resursları departamenti hansı işləri yerinə yetirir?
- Vergilər
nazirinin əmri ilə təsdiq edilmiş "2013-2020-ci illərdə
vergi sisteminin İnkişaf Strategiyası"nda nazirliyin
potensial imkanlarından biri kimi onun malik olduğu insan
kapitalı xüsusi vurğulanır və idarəetmədə
səmərəliliyinin artırılması, əməkdaşların
tədris və təlim prosesinin təkmilləşdirilməsi
strateji məqsədlər kimi müəyyən edilir.
İnkişaf Strategiyasının icrası məqsədi
ilə təlim-tədris proseslərinin daxili hüquqi
bazası yenilənib, əməkdaşların peşə
hazırlığının təşkilinin yeni qaydaları,
həmçinin bir sıra metodiki təlimat və tövsiyələr
qəbul edilib.
Təlim-tədris proseslərinin lazımi səviyyədə
təşkili üçün infrastruktur kifayət qədər
təkmilləşdirilib. Bu gün Vergilər
Nazirliyinin Şamaxı rayonunda ən müasir auditoriyalarla,
texniki avadanlıqlarla, dinləyicilərin və təlimçilərin
qalması üçün yataqxanalarla təchiz edilmiş Tədris
Mərkəzi fəaliyyət göstərir.
İKT-nin
imkanlarından istifadə etməklə 2015-ci ildən onlayn
rejimdə iş yerindən ayrılmadan əməkdaşlar
üçün e-təlimlər təşkil edilir ki, bu da az xərc və vaxt sərf etməklə təlim
proseslərinin intensivləşməsinə imkan verir. Məncə,
təkcə bu rəqəmləri demək kifayətdir ki,
2016-cı il ərzində 2876 nəfər
e-təlimlərə cəlb edilib. Cari ilin
yanvar-may aylarında isə 1063 nəfər əməkdaş
onlayn təlimlərdə iştirak edib.
2016-cı ildən başlayaraq vergi orqanlarının fəaliyyət
sahələri üzrə əməkdaşların bilik və
bacarıqlarının sertifikatlaşdırılmasına
başlanıb. Bu isə əsasən vergi
orqanlarının spesifik kadr tələblərinin nəzərə
alınması və ayrı-ayrı sahələr üzrə
kadrların ixtisaslaşmasına xidmət edir.
Nazirlik tərəfindən
təşkil edilən təlim və kursların, habelə
onlayn təlimlərin səmərəliliyinin
artırılması məqsədi ilə vergi
orqanlarının təlimçi qismində iştirak edən
əməkdaşları üçün yerli və xarici
ekspertləri cəlb etməklə hər il
"Təlimin əsasları" mövzusunda təlimlər
təşkil edilir. Əsas məqsəd
nazirliyin təlimlərində müasir təlim
metodlarından və texnologiyalarından istifadənin
genişləndirilməsidir.
Bunlarla yanaşı, idarəetmədə səmərəliliyin
artırılması məqsədi ilə vergi orqanları əməkdaşlarının
fəaliyyətinin qiymətləndirilməsinin yeni mexanizmi
hazırlanmaqdadır. Bu mexanizm İKT-nin imkanlarından istifadə
etməklə qiymətləndirmə proseslərinin
mümkün qədər avtomatlaşdırılmasına və
subyektivliyin tam aradan qaldırılmasına, resursların
mütənasib paylanılmasına xidmət edəcək.
Xalq Cəbhəsi.- 2017.- 1 iyun.-
S.12.