Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı?

 

2-ci yazı

 

Bu gün ermənilər havadarlarının köməyilə işğal etdikləri Azərbaycan torpaqlarında özlərinin varlığını daimiləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr haqqında danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edib: “Bu diviziyanın tərkibində birinci, ikinci və üçüncü süvari alayları, ikinci piyada alayı, milli könüllü bölmələr, habelə bir Şnayder dağ toboru və zirehli avtomobillər iştirak edirdilər. Qarabağda və Zəngəzurdakı qırğınları dayandırmaq üçün, Nuru paşa da 1918-ci il sentyabrın 21-də Qarayazı və Ləzgi süvari alaylarının Yevlağa, oradan da Bərdəyə yola düşməsinə əmr verdi. Onun 23 sentyabr tarixli əmri ilə digər hərbi hissələr də Qarabağa yola salınmağa başladı. Bu hərbi hissələr sentyabrın 25-dən etibarən Qarabağ ərazisinə daxil olaraq Ağdam şəhərində möhkəmləndilər. Cəmil Cahid bəy erməni silahlılarının silahlarını təhvil verməyi və Azərbaycan hökumətinə tabe olmaları barədə Qarabağ ermənilərinə ultimatum göndərdi. Oktyabın 1-də artıq Nuru paşa da Ağdama gəlmişdi. O burada cəmləşən qoşun hissələrinin döyüş hazırlığını yoxlayırdı.

Ermənilər Cəmil Cahid bəyin bu kəskin ultimatumundan qorxuya düşərək Azərbaycan tərəfinə danışıq təklif etdilər. Onlar 5 nəfərdən ibarət erməni nümayəndə heyətini Ağdama Cəmil Cahid bəyin yanına göndərərək Azərbaycan hökumətini müəyyən şərtlər daxilində tanıyacaqlarını bildirdilər. Ermənilərin bu təklifinin arxasında məkirli bir niyyətin durduğunu anlayan Cəmil Cahid bəy, ermənilərdən üçünün həbs edilməsini və ikisinin buraxılmasını əmr etdi. Buraxılanlara tapşırıldı ki, gedib rəhbərlərinə desinlər: “Ərazidə gizlənən bütün erməni silahlıları qısa müddət ərzində gəlib təslim olmasalar o zaman Şuşa üzərinə hücum başlayacaq”.

Oktyabrın 4-də ermənilərdən heç bir cavab almayan Cəmil Cahid bəyin Qarabağ hərbi dəstəsi Şuşaya doğru hərəkətə başladı və elə həmin gün Əskaran ətrafında güclü döyüş baş verdi. 2-ci və 9-cu alaylar Kətik-daşbaşı, Ağbulaq kəndlərini azad edib, Əsgərana doğru hərəkət edərək ermənilərin müqavimətini tamam qırdılar. Bununla da Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd kəndində olan erməni silahlıları müqavimət göstərsələr də çox tez təslim oldular. Ermənilər aldıqları ilk ağır zərbədən sonra geri çəkildilər. Artıq bu hadisədən qorxuya düşən Şuşadakı rus hərbi komandanlığı da bu döyüşlərə cəlb olunmadan öz vətənlərinə yola düşmək üçün hazırlığa başladılar.

Rusların bu istəyi Şuşadakı erməni silahlılarının rəhbərlərini təcili toplanmasına səbəb oldu. Qarabağın erməni icmasının rəhbəri Ayrapet Musaelyan, icma üzvü Artyom Tumyan, erməni hərbi məsləhət şurasının üzvü Samson Melik-Şahnazaryan və erməni silahlılarının komandiri Çiknaveryan təcili müşavirə keçirdilər. Müşavirədə ermənilər rus silahlılarının müqavimətini qıraraq yeri gəlsə onları zorla azərbaycanlılara qarşı döyüşməyə məcbur etmək, əgər bu mümkün olmasa rus hərbçilərini tərksilah edərək yola salmaq məsələsi müzakirə edildi.

Rusların tərksilah edilməsi məsələsi erməni zabitlər arasında xeyli mübahisələrə və fikir ayrılıqlarına səbəb oldu. Samson Melik-Şahnazaryan bildirdi ki, əgər rüslar tərksilah edilərsə, rus hökumətinin ermənilərə olan münasibəti tamam dəyişə bilər. Odur ki, bu işdən vaz keçib onları biz özümüz hörmətlə vətənlərinə yola salaq. Ayrapet Musaelyan Samsona etiraz edərək bildirdi, bizim bu taxtabaş zabitlərimiz bilmirlər ruslar buradan çıxan kimi onsuz da onları Azərbaycan hökuməti tərksilah edəcək, bizə isə silah daha çox vacibdir, ən azından onların yalnız özlərinin razılıqları ilə silahlarına sahib olmalıyıq. Bu yerdə erməni silahlılarının

komandiri Çiknaveryan özündən çıxaraq bildirdi ki, mən rusların təkcə ehtiyat silahları ilə 3000 min əsgərimi silahlandıra bilərəm, onda biz onların heç olmasa ehtiyat silahlarını əllərindən alıb özlərini isə azərbaycanlılara təslim etdirib buradakı mövcudluğumuzu qoruyaq. Onsuz da azərbaycanlılar bizə silahlarımızı təhvil vermək barədə ultimatum göndəriblər. İndi siz öz başınızın salamat olmağını arzulayırsınızsa, bunu qəbul etməlisiniz.

Ermənilər qardaş deyib əllərindən öpdükləri rus hərbçilərinin ehtiyat silahlarını əllərindən alaraq özlərini bayraqla Əsgəran istiqamətinə azərbaycanlıların mövqelərinə tərəf yola saldılar. Lakin ermənilərin qurduqlqrı bu oyun onlara kömək etmədi. Belə ki, 1-ci Azərbaycan Diviziyası və onun tabeçiliyinə verilmiş hissələr, Ağdamdan inamla hərəkət edərək artıq ayın 8-də Şuşaya daxil oldular. Eyni zamanda ayın 4-də Əsgəran ətrafında döyüşə girən hərbi qüvvələrimiz orada qalaraq, sonrakı günlərdə elə bir ciddi müqavimətlə rastlaşmadan yolüstü ermənilərdən silah-sursat toplamaqla məşğul oldular.

Şuşa əhalisi Qafqaz İslam Ordusuna daxil olan Qarabağ hərəkatı hərbi qüvvələrini sevinclə qarşıladılar. Şuşadakı erməni silahlılarının bir qismi silahı yerə qoyaraq təslim oldular, bir qismi isə Zəngəzur istiqamətində geriyə çəkildilər. Qarabağdakı erməni zabitlərinin bir çoxu Gürcüstana qaçaraq orada hərbi səfərbərlik elan etdilər. Azərbaycan hökuməti, Qarabağa nəzarəti əlində saxlamaq üçün 1-ci Azərbaycan Diviziyasınin qərargahının Şuşada yerləşdirilməsi planlaşdırılırdı. Dviziya getdikcə ağırlaşan bu gərgin şəraitdə bölgənin təhlükəsizliyini təmin etməli idi. Azərbaycan hökumətinin bu mövqeyi ilə razılaşmayan Rusiya isə digər havadarları ilə birlikdə Qarabağdakı ermənilərin mövqelərini gücləndirmək üçün müxtəlif vasitələrlə Türkiyəyə güclü təziq göstərərək Qafqaz İslam Ordusunun Qarabağdan çıxarılmasını inadla tələb edirdi. Müharibələrin vurduğu zərbələrdən iqtisadiyyatını hələ tam bərpa edə bilməyən Türkiyə bu təzyiqlər qarşısında baş əyməyə məcbur idi. Yaranmış mürəkkəb beynəlxalq tarixi şərait, Türkiyənin Cənubi Qafqazdan geri çəkilməsinə səbəb oldu. İmzalanan Mudros barışığı (1918) razılaşmasının şərtlərinə görə, türk hərbi qüvvələri Azərbaycandan geri çağırıldı. Bu isə Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünün daha da azğınlaşmasına səbəb oldu.

Qarabağdaki 9-cu və 106-cı türk alaylarının geri çağrılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycanın hərbi hissələrinin öhdəsinə düşdü. Qafqaz İslam Ordusunun Qarabağdan çıxarıldıqdan sonra ermənilərin Qarabağda və Zəngəzurda əl-qolları tamam açıldı. Zəngəzurda vəziyyət günü-gündən ağırlaşırdı. Burada Qarabağdan qovulan erməni silahlıları xüsusi ilə azğınlıq edirdilər. Dinc əhalini öldürür, əmlaklarını talan edir, hətta bəzən bir kəndi və ya bir obanı tamamilə yandırıb məhv edirdilər. Ölkədə qaçqınların sayı durmadan artırdı. Bu isə bölgələrin itirilməsi şansını getdikcə artırdı. Artıq Zəngəzuru və Qarabağı ələ keçirmək üçün ermənilər, Rusiyada xüsusi təlim keçmiş əksəriyyəti erməni millətçilərindən olan xüsusi təyinatlı bir süvari alayı Rusiya-Gürcüstan yolu ilə Göyçə gölünün sıldırımlı dağ aşırımlarından keçirdərək gətirib Gorus rayonunun Dığ kəndi istiqamətlərində yerləşdirdilər. Bu ordunun komandanlığı Baltik Hərbi Dəniz Qoşunlarında xidmət keçmiş polkovnik «Muxan» ləqəbli Mixail Osipoviç Melik-Şaxnazaryan edirdi. Bu şəxs Şuşada gizli şəraitdə yaşayan erməni hərbi məsləhət şurasının üzvü, kapitan Samson Melik Şahnazaryanın doğma qardaşı idı”.

F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır ki, ordu Gorusa yetişdikdən sonra Melik-Şaxnazaryan orduya nəzarəti tamamilə öz əlində cəmləşdirmək üçün, Şuşaya erməni müvəqqəti hökumətin ünvanına tez-tez məktub göndərib Şuşa üzərinə hücum etmək üçün tapşırıq almaq və ordu rəhbərliyində dəyişiklik etmək istəsə də göndərdiyi məktublara cavab gəlmirdi. O, bu işdə günahı daim höcətləşdiyi və nifrət etdiyi alayın komisarı Avakda görürdü. O, güman edirdi ki, Avak onun ünvanına gələn məktubları gizlicə götürüb oxuyur, sonra cırıb atır ki, Mixail məlumatlardan xəbərsiz olsun. Melik-Şaxnazaryan bu məsələni araşdırmaq üçün, gizlicə bir çaparla Şuşaya, qardaşı Samson Melik-Şahnazaryana məktub yazdı. Məktubda deyilirdi: “Əzizim Samsoncan, xahiş edirəm Şuşadakı müvəqqəti erməni hökumətin qərargahına gedib mənim ünvanıma gələn cavabları yoxlayasan. Mənə gələn məktubları Avak alıb oxuyur və cırıb atır, bu çox etibarsız və əclaf adamdır. Onu təcili vəzifəsindən azad etmək lazımdır. Bu məktubu lazımi yerlərə şəxsən çatdırasan. Biz hər an Qarabağa girməyə hazırıq. Bir hadisəni də deyim bil, dünən mən tualetdən çıxanda sənin qonşun Pel-Tanuns Nikolayın oğlu öz silahını mənə tuşlayaraq dedi: - Əgər sən bu saat mənim döyüşçülərimə və mənə evə dönməyimizə əmr verməsən səni güllələyəcəyəm. Bunu arxadan müşahidə edən odunun komissarı Avak onu güllə ilə vuraraq öldürdü. Sən o yaramaz qonşuna de ki, mən Şuşaya qayıdası olsam hökmən gəlib onunla hesablaşacam. Muxan.”

Dığ kəndində ermənilər öz mövqelərini gücləndirmək və Qarabağ üzərinə hücum etmək üçün yerli kəndlərin erməni əhalisini də səfərbər edərək daha 6 min canlı qüvvəni və xeyli hərbi texnikanı Dığ kəndi istiqamətinə cəmləşmişdirdilər. Melik-Şahnazaryan bütün istiqamətlərdə mövqelərini möhkəmləndirməyə çalışırdı: “Onun əsas vəzifəsi Zabux körpüsünü və Abdallar kəndini (indiki Laçın şəhərini) nəzarətə götürməklə Qarabağla İrəvan arasında rabitəni təmin etməli, Gorus-Abdallar-Şuşa yolunu daim nəzarətdə saxlamalı, münasib şərait yaranarsa, Şuşa şəhərinə daxil olaraq oradakı erməni bölmələri ilə birləşməli idi. Belə bir qarışıq və mürəkkəb şəraitdə daxildən və xaricdən getdikcə artan təzyiqləri aradan qaldırmaq dövlətçiliyini və ərazi bütövlüyünü qorumaq üçün gənc Azərbaycan dövlətinin hökumət rəhbərləri durmadan təcili tədbirlər görürdülər”

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 2 iyun.- S.13.