“Dədə Qorqud kitabı”nda işlənmiş
bəzi şəxs adlarının etimologiyası
“Dədə Qorqud kitabı” qədim Türk
Dünyasını hərtərəfli öyrənmək
baxımından əvəzsiz mənbə rolunu oynayan elə
bir monumental əsərdir ki, öz dəyərini bütün
zamanlar üçün əbədi saxlayacaq. Qalın Oğuz dövlətinin,
onun adlı-sanlı igidlərinin şərəfinə
düzülüb qoşulmuş bu boylar toplusu gələcək
nəsli torpaq, yurd sevgisi ilə yaşayıb yadelli
işğalçılarla amansız mübarizəyə səsləyir,
onlarda döyüşkənlik əzmi, ata-anaya hörmət, ərə
sədaqət, qadına sevgi, yoldaşa qayğı kimi
ülvi hisslər oyadır. Oğuz kişisi,
oğuz qadını üçün şərəf
sayılan məsələlərdən biri də onun
adıdır. Oğuz zamanında ad (Dədə Qorqud,
Qara Günə, Burla xatun, Dəmür güç, Qıyan
güc, Bamsı Beyrək, Banı Çiçək, Qan
Turalı Qara Günə, Burla xatun, Dəmür güç,
Qıyan güc, Bamsı Beyrək, Banı Çiçək,
Qan Turalı və b. ) təsadüfi verilməyib. O, bu adı
daşıyan şəxsin mahiyyətini bütövlükdə
ifadə edir. Bu mənada abidənin dilində işlənimiş
bəzi şəxs adlarının əslinə uyğun
açıqlanmadığı müşahidə
olunmaqdadır.
Tarixi minillikləri aşan oğuz etnosunun
yaranışından süqutuna qədərki yaşam
dünyasını əks etdirən “Dədə Qorqud” eposu
araşdırıldıqca ilk baxışda sadə, aydın
görünən bir çox məsələlərin hələ
dəqiq öyrənilmədiyi üzə çıxır. Bu baxımdan
bədii mətnin sətir-sətir yenidən təhlil edilməsi
göstərir ki, abidənin lüğət ehtiyatı
düşünüldüyündən də qədim olub,
daha əski çağlarla bağlı sözləri
özündə yaşatmaqdadır. Belə
sözlərin bir qrupu şəxs adlarında
daşlaşmış şəkildə öz ilkin mənasını
qoruyub saxlayır. Qorqudşünaslıqda
fikir ayrılığı ilə müşahidə edilən
antroponimlərdən bir neçəsinin etimoloji
açımı üzərində dayanmaqla həmin
adların qəhrəmanın xarakterinə, cəmiyyətdə
tutduğu mövqeyinə və göstərdiyi hünərinə
uyğun verildiyini bir daha təsdiq etmək istərdik.
Qara
Günə. Türk naşirləri ata və
oğul münasibətlərində olub bir nəsli təmsil
edən Qara Çünə, Qara Budaq antroponimlərini
ayrı yazdıqları halda, Azərbaycan naşirləri
bitişik yazıblar. Həmçinin ata adını
O.Ş.Gökyay “Kara Güne”, M.Ergin, S.Tezcan və H. Boeschoten
“Kara Göne” şəklində, H.Araslı, F.Zeynalov və
S.Əlizadə, eləcə də Ş.Cəmşidov
“Qaragünə” şəklində transkripsiya ediblər.
Əgər “Kitab”ın dilində 25 dəfə işlənmiş
“Günə” şəxs adı bütün məqamlarda təyinedici
“Qara” sözü ilə işlənibsə, “Budaq” adı
aşağıdakı variantlarda verilib:
1) Qara
günə oğlı Qara Budaq;
2) Qara
Günə oğlı Dəlü Budaq;
3) Qara
Günə oğlı Budaq;
4) Qara
Budaq;
5) Dəlü
Budaq;
6) Budaq.
Göründüyü
kimi, bu təyinedici söz Qara Günə adında antro¬ponimin
ayrılmaz tərkib hissəsi kimi həmişə işlənirsə,
Budaq adının əvvəlində buraxıla və yaxud “dəli”
sözü ilə əvəz edilə bilir. Göstərilən
variantlar və “qara” sözünün Qara Aslan Məlik, Qara
Çəkür, Qara Təkür, Qara Tükən Məlik
şəxs adlarının tərkibində işlənilməsi
göstərir ki, Qara Günə və Qara Budaq adları
ayrıca yazılmalıdır. Lakin digər
adlarla müqayisədə onların işlənilmə səbəbləri
fərqli amillərdən irəli gəlir.
İstər Oğuz, istərsə də yağı
adlarında “Qara” sözünün işlədilməsi onların
cəmiyyətdə tutduqları mövqe və yüksək vəzifə
ilə bağlıdır. Ulu dilçi M.Kaşğari Xaqaniyyə
xanlarına “Qara//Kara” deyilməsini xüsusi qeyd edir. Buradan anlaşılır ki, “qara” sözü şəxs
adlarının əvvəlində “böyük, qüdrətli”
anlamını daşıyıb. Qədim türk şəxs
adlarında, o cümlədən “Dədə Qorqud”
eposundakı antroponimlərdə “qara” apelyativinin bu dərəcədə
geniş işlədilməsini Ə.Tanrıverdi də həmin
sözün “böyük, qüdrətli, güclü” mənasını
ifadə etməsi ilə əlaqələndirir. Lakin Günə və Budaq adlarında “Qara”
sözünün işlədilməsi bu Oğuz igidlərinin
güc və qüdrətini ifadə etməkdən əlavə,
nəsildən nəsilə keçən bir əlamətin
göstəricisi kimi çıxış edir.
Boyların dilində Qara Günə 2 dəfə “qara buğa
dərisindən beşiginiñ yapığı olan” bir igid
kimi səciyyələndirilir ki, bu birləşmədəki
“beşik” sözünün semantik açımı
araşdırılan məsələyə bir aydınlıq
gətirə bilər.
Tədqiqat göstərir ki, Ş.Cəmşidovu
çıxmaq şərtilə, əksər
qorqudşünaslar onu müasir anlamda şərh ediblər. Budaq kimi bir igidin atası
olan azman bir kişiyə belə bir deyimin
yapışdırılması Ş.Cəmşidova yersiz
göründüyü üçün o, “beşik”
sözünü fars mənşəli
“püşək” kimi oxuyub. Əlizadə bu mülahizəyə
qarşı çıxaraq yazır: “Bizə aydın deyil ki,
bu söz “püşək” şəklində necə və
niyə oxunmalıdır? Əvvəla,
“püşək” yox, “puşak” (farsca “puşidən” feilindən)
sözü mütləq “vav” hərfilə yazılır
(“örtük” mənasındadır). İkincisi,
mətndəki “yapıq” sözü də sadəcə
“örtük” mənasındadır; (bu söz tarixən ancaq
yeniçərilərdə geyilən üst geyimin adı
(yapıncı) mənasında işlənmişdir). Beləliklə,
həmin cümlədə “beşik” sözünü
“puşak” kimi qəbul etməli olsaq, “beşiyin
örtüyü” kimi məntiqsiz, mənasız birləşmə
alınar. Nəhayət, “beşik” sözü
dastanlarda qəhrəmanların təyin vəsflərinin bədii
məntiqinə uyğundur, çünki bütün təsvirlərdə
oğuz qəhrəmanlarının keçmiş həyatına
işarələr var”.
Tutarlı şərhdir, lakin “beşik”
sözünün Qara Günənin körpəlik
dövrünə işarə kimi açıqlanması
açıq qalır. Odur ki, faktlara başqa yöndən
baxılmalıdır. Abidədə
haqqında danışılan oğuzlar ovçuluq və
maldarlıqla məşğuldurlar. Bu həyat
tərzi onların dünyagörüşünə, adət-ənənələrinə
dərindən sirayət edib. Ardıcıl şəkildə
nəzərə çarpdırılan təsvirlərdən
aydın olur ki, onlar müxtəlif heyvanların: samur, keyik,
qoyun, keçi, dəvə dərisindən tikilmiş paltar
geyirlər. Məsələn, Qazan xanın
dayısı Aruz qoca “altmış ərgəc dərisindən
kürk eyləsə, topuqlarını örtməyən,
altı ögəc dərisindən külah etsə,
qulaqlarını örtməyən” ərən kimi təsvir
olunur. Hətta Beyrək dəvə
çulu (bütöv soyulmuş dəri) geyib toya gəldikdə
eyib sayılmır. Göstərilən
deyimdə də Qara Günə qara buğa dərisindən
“beşiginiñ yapığı”, yəni örtüyü
olan bir igid kimi təqdim olunur. Lakin bu
açım hələ məsələyə tam
aydınlıq gətirmir. Belə ki,
buradakı “beşik” sözünün özü də tamamilə
fərqli mənada işlədilib.
Orxon
yazılarından “Kül tiqin” və Bilgə kağan” abidələrində
təkrarlanaraq işlənən aşağıdakı
cümlənin tərkibində “qohum, nəsil, əqrəba” mənalı
arxaik “bişük” sözü sözünə rast gəlinir:
Bir kişi yanğılsar oğuşu budunu
bişükünge tegi kıdmaz ermiş. Bu
sözün “bisük” şəkilində transkripsiya
variantına üstünlük verilməsinə baxmayaraq, əski
türk əlifbasında s~ş səslərini bəzən
eyni hərflə verilmə faktı, eləcə də
türk dillərində kifayət dərəcədə
geniş yayılmış s~ş əvəzlənməsi
onun M.Ergin oxunuşunda verildiyi kimi
“bişük”variantını da istisna etmir. “Bisük/bişük”
variantları ilə yanaşı, bəzi mənbələrdə
“nəsil” mənalı “beşik” variantının qeydə
alınması bu sözlərin eyni anlamlı sözün
müxtəlif fonetik şəkilləri olduğuna
şübhə yeri qoymur. Deməli, şərh edilən
cümlədəki “beşik” sözü müasir dilimizdə
“körpə uşaqları yırğalamaq üçün
yatacaq” mənasını deyil, daha qədim “nəsil”
anlamını yaşatmaqdadır. Buradan belə
çıxır ki, Qara Günə üst geyimi
(yapığı) qara buğa dərisindən olan bir nəslin
başçısıdır. Günə
və Budaq ata-oğul adlarında “qara” sözünün
işlənilməsi də məhz bu amillə
bağlıdır. Etimoloji baxımdan tarixən həm
“tərbiyə”, həm də “tərbiyə olunmaq”, “yetişmək”
mənalarını bildirən “bes/bis/biş” feil-ad korrelyativ
kökündən -ik/-ük şəkilçisi ilə
düzəlmiş “bisük/bişük/beşik” sözü
“tərbiyə edilən, yetişdirilən” anlamındadır.
Maraqlıdır ki, bu qədim söz kökü müasir
dilimizdə hələ də işlək olan “yetişdirmək,
boya başa çatdırmaq” mənalı “bəslə-”
feilinin tərkibində ilkin anlamını saxlamaqdadır.
Bu oğuz igidinin adının açımı da
xüsusi maraq doğurur. “Dədə Qorqud kitabı”nda işlənmiş şəxs
adlarını monoqrafik tədqiqat səviyyəsində
araşdıran Ə.Tanrıverdi “Qara Günə” şəxs
adını bitişik yazmaqla onu etimoloji baxımdan belə
izah edir: “Qaragünə” antroponimindəki “qara” apelyativi
“böyük, qüdrətli”, “günə” isə ismin
yönlük halında işlənən ən böyük
planet anlamlı “gün” /günəş/ mənasındadır”.
Sözün mənşəyini qədim türk
təfəkkürü ilə bağlayan alim onu “böyük
günəş” anlamlı antroponim hesab edir. Əgər haqqında danışılan ad “Qara
Gün” şəklində işlədilsə idi, bu fikirlə
razılaşmaq olardı. Lakin “Günə”
sözünün yönlük hal şəkilçili
“Gün” sözü kimi açıqlanması bu ehtimalı zəiflədir.
Fikrimizcə, bütün Oğuz bəylərinə
verilən adlar kimi, “Günə” adı da onun xarakterinə, cəmiyyətdə
tutduğu mövqeyə görə şərh
olunmalıdır.
Eposun məzmunundan
məlum olur ki, Qara Günə Oğuz elinin
başçılarından biri sayılan Qazan xanın
qardaşı olmaqdan əlavə, elin ən ağır
günündə, çətin məqamlarında öz
ağıllı məsləhətləri ilə
çıxış yolu göstərən şəxslərdəndir.
Bu, bir neçə epizodda, xüsusilə “Qazan
xanın evinin yağmalanması boyu”nda qabarıq şəkildə
öz əksini tapıb. Ovda ikən qara
qayğılı yuxu görən Qazan xan onu yozmağı
qardaşından xahiş edir. Yaxud, sonuncu
boyda Beyrəyin ölüm xəbərini eşidib yeddi
gün yas saxlamaqla divana çıxmayan Qazan xanın
yanına köməkçisi Qılbaşla birgə məhz
Qara Günə girir, ona məsləhət verir. O, Qazan
xana ən sadiq şəxslərdəndir. Görünür,
elə buna görə də Oğuz elində qarşıdurma
yaradan dayısı Aruza qalib gəlib atdan saldıqdan sonra
Qazan xan onun başını kəsməyi qardaşı Qara
Günəyə əmr edir. Adına
ayrıca boy olmasa da, ağlı, düşüncəsi ilə
seçilən bu Oğuz bəyinin “Günə” adı ilə
tanınması, fikrimizcə, dövlətə sədaqətlə
xidmət etməsi, düzlüyü ilə
bağlıdır. Odur ki bu adın
türk dillərinin bir çoxunda və qədim mənbələrdə
“doğrultmaq, düzəlmək; iqrar etmək” mənası
daşıyan “gön-//gün-//kön-” feilindən ad düzəldən
-ə şəkilçisi ilə yarandığını
ehtimal edirik. M.Kaşğari lüğətində
həmin feilin -i şəkilçisinin artırılması
yolu ilə yaranmış “düz, düzgün” mənalı
“köni” sözünün tərkibində qeyd edilməsi və
inanılan adama “köni ər” deyilməsi faktı bu
ehtimalı daha da gücləndirir. Bu
faktlar göstərir ki, “Günə” adı “etibarlı,
düzgün” anlamlarını ifadə edir.
Asif Hacıyev
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 6 iyun.-
S.14.