Azərbaycan balabanı: ənənə
necə yaşadılır?
Azərbaycanın mənəvi sərvətinin zənginliyi həmişə özünəməxsusluğu ilə diqqət çəkib. Bu gün də belə bir sərvətin yaşaması ulus olaraq varlığımızın davamlı təsdiqində bənzərsiz rol oynayır. Azərbaycan balabanı belə əvəzsiz iftixar qaynağımızdan biri olub, musiqi mədəniyyətimizin ciddi soraqçısıdır. “Balaban” sözü “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlib. Musiqişünas A.Nəcəfzadənin qənaəti ilə razıyıq, “adından bəlli olduğu kimi, “bala” – “kiçik”, “xırda”, “həzin”, “zərif” mənalarını bildirir, “ban” isə əski türkcədə “səs”, “ün” mənasında işlədilib”.
Azərbaycan balabanının özünəməxsusluğu ulusumuzun xarakteri – inam, idrak, mənəviyyat, iradə keyfiyyəti ilə bağlıdır. Əlbəttə, bu kimi mənəvi-ruhsal keyfiyyətlər hər bir ulusda (xalqda) bu və ya başqa səviyyədə var, ancaq yaradıcılıq və özünəməxsusluq məhz bənzərsizliklə (hər ulusun həyatın müxtəlif sahələrində - dövlətçilikdə, ictimai düşüncədə, incəsənətdə və s. öz yaradıcılığını ortaya qoyması ilə) şərtlənir.
Çağdaş Azərbaycan balaban sənətinin inkişafında məşhur sənətkar Əli Kərimovun (Kalvalı Əli Dədənin 1874-1960) özünəməxsus xidmətləri var. Onun çalğısında bu alətin bütün imkanları aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sırada durur. Yaradıcılığında iki əsas cəhət – möhtəşəm döyüşkənlik və haray diqqəti çəkir.
Sənətkar haqqında kitab müəllifi Qalib Soltanoğlu yazır: “Nədəndirsə, qara zurnanın, yastı balabanın səsi gələndə ruhum bütünlüklə yenidən köklənir. O ki ola Əli Dədənin bənzərsiz, sehrli çalğısında. Onun çalğısı möcüzəli, ruhani səsdir. Mən ustadın havacatlarını dinləyəndə sanki su kimi yumşaq, qayalar kimi sərt, buludlar kimi uca, gün kimi odlu oluram…
O, Q.Pirimov, C.Qaryağdıoğlu, S.Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, aşıqlardan Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Ü.Hacıbəyli, S.Rüstəmov, Ə.Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub. Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. Ustadın böyük işi odur ki, o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. O, təkcə çalğıçı yox, həm də çoxlu mahnıların yiyəsi, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Əli Dədənin çalğısı bugünkü çalğıya oxşamır. Onun çalğısında ulusumuzun qədimliyi, döyüşkənliyi görünür, eşidilir, duyulur. Həmin səs həmişə bizimlədir”.
O, sənətin incəliklərini əngəxaranlı Aşıq İbrahimdən (Şamaxının Əngəxaran kəndi) öyrənib. Üstəlik, nəzərə alaq ki, Əli Dədə təkcə zurna-balabanın ustadı olmayıb, ulusal musiqi alətlərimizdən olan sazda, tarda, nağara və qoşa nağarada gözəl çalmağı bacarıb. Əli Zülfüqaroğlu haradasa 16 yaşlarında Şirvan bölgəsində tanınmağa başlayır…
O, Azərbaycan aşıqlarının I və II qurultaylarının iştirakçısı olub. Ustad sənətkar Böyük Vətən müharibəsi illərində «Rəşadətli əməyə görə» medalı və «Şərəf Nişanı» ordeni ilə təltif edilib. Kalva kənd Mədəniyyət Evinin bədii rəhbəri olmaqla yan-yörədəki bölgələrdə çalıb-çağırardı. O, Azərbaycanın bir çox bölgələrində, Dəmir qapı Dərbənddə belə olub, el şənliklərində çalıb-çağırıb, Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü çərçivəsində Moskvada keçirilən tədbirlərdə zurnaçılar ansamblının rəhbəri olaraq özünün bəstələdiyi “Koroğlu nağarası”nı ifa edib. Ustadın yaradıcılığı folklor və xalq yaradacılığından yararlandığı üçün belə yüksək səviyyəyə çatmışdı. Əli Kərimovun altı qardaşı olub. Onlardan yalnız Abbas və Bəxtiyar Əlinin sənət yoldaşı olub.
Hələ 1930-cu illərdə dahi bəstəçimiz, xalq havalarını nota köçürən, milli operamızın banisi Üzeyir bəyin tapşırığı ilə dahi Bülbül onun 40-a kimi havasını lentə köçürür və həmin lent yazılarının bir hissəsi Azərbaycan Radiosunun "Qızıl fond"unda qorunur. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan həm xalq musiqimizin böyük bilicisi Bayram Hüseynlinin, həm də Respublika Xalq Yaradıcılığı Evinin sənədləri arasında Əli Kərimovla bağlı sənədlərlə qarşılaşırıq. Bayram Hüseynli vaxtilə Kalvaya getmiş, bir neçə ay ustadın evində qonaq olmuş, onun zurna, balabanla bağlı yaradıcılığını öyrənmişdi. Bunun sonucudur ki, çox sonralar 1984-cü ildə Moskvada rus dilində B.Hüseynli və T.Kərimovanın müəllifliyi ilə "Əli Kərimov" adlı kitab "Sovetskiy kompozitor" nəşriyyatında işıq üzü görüb. Ustadın tanınmış havaları bunlardır: "Heyvagülü", "Alçagülü", "Koroğlu nağarası", "Qəhrəmani", "İnnabı", "Əfruzə", “Yasəməni"...
O, 70-dən çox zurna-balaban havası yaradıb ki, bu gün də həmin mahnılar Azərbaycan toylarının bəzəyidir.
Əli Kərimovun 4 övladı olub: Oğlu Ağalar Kərimovun 4 övladı – Adil, Fikrət, Fazil və Ərəstun Əliyevlər babalarının yolu ilə gediblər. Ustad 1960-cı ildə ölüb, sonevi (qəbri) Ağsu rayonunun Kalva kəndindədir.
Əli Kərimov milli muğamlarımızın sirrini çağının kamil və məşhur xanəndəsi, öz sehrli sənəti ilə ən çox Şirvan-Qarabağ məclislərinin bəzəyi olan Mirzə Məhəmmədhəsəndən (1831-1916) öyrənib, uzun müddət balabanda onu müşaiyət edib. Mirzə Məhəmmədhəsən Şamaxıda ən çox Mahmud ağanın məclislərində və bir də varlı şəxslərin toylarında oxuyardı.
Böyük Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrulun Mirzə Məhəmmədhəsənlə bağlı qeydlərindən: “…Mirzə Məhəmmədhəsən «Humayun» və «Şur» dəstgahlarını məharətlə oxuyarmış. Onun tarçısı Məşədi Səlimin tarı böyük, səsi də gur oxuyanda çox gərgin olurmuş. Bəzən zəngulə vura-vura dizin-dizin məclisin ortasına kimi gələrmiş. O, uzun illər balabançı Əli Zeynalov, ustad sənətkar Əli Kərimovla da yoldaşlıq edib. Özü kasıblığın hər üzünü gördüyündən xalqa münasibəti də çox yaxşı olub”. “…Əli kişi ömrünün sonuna qədər Mirzə Məhəmmədhəsəni unutmadı. Təəssüflə deyərdi: Heyf Mirzədən ki, ömrünün sonu zillətlə keçdi. Onun balabançısı mən idim. Bilalla ikimiz bütün muğamların incəliklərini ondan öyrənmişdik. Mirzənin oxuduğu «Çahərzəm» və «Rakindi» muğamlarını indi heç bir sənətkar oxumur».
Millət vəkili, akademik Rafael Hüseynov Mirzə Məhəmmədhəsən, Əli Kərimov və Aşıq Bilal üçlüyü haqqında yazır: “Onların üçündə də həm yüksək ifa bacarığı, həm də bəstəçilik vardı. Və bu üç nəfər Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində özümlülüyü ilə seçilən Şirvan musiqisinin üç qanadını inkişaf etdirdilər, maraqlı ifaçılar nəsli yetişdirdilər. Mirzə Məhəmmədhəsən xanəndəlikdə bu vəzifəni yerinə yetirdi. Əli Kərimov balaban, zurna ifaçılığında bu işi gördü. Mirzə Bilalsa, aşıq sənətində. “Humayun”u Mirzə Məhəmmədhəsən iki-üç saata oxuyub başa vurarmış…
El sənətçisi, balabançalan ustad Əli bu muğamın Mirzə Məhəmmədhəsəndən öyrəndiyi 17 şöbəsini saat yarıma çalardı. Şəyirdlərinə, sənətini öyrətdiyi oğlu və nəvələrinə həmişə bir həqiqəti çatdırardı: ««Humayun»u Mirzə kimi gözəl oxuyan görmədim”. Unutmayaq: bu sözləri məşhur kalvalı ustad Əli kişi deyib. O Əli kişi ki, 86 illik ömrü boyu onlarla bilgin, bitkin sənətkarla çalıb-çağırmışdı”.
Xalq artisti Əhməd Bakıxanov: "O, xüsusi ifaçılıq tərzinə malik idi. O, ifa tərzinin dərinliyi və düşündürücülüyü ilə texniki imkanlarının hüdudsuzluğu, sadəliyi və müdriklikliyi ilə fərqlənirdi. Onun yüksək ifaçılığı həmişə dinləyicilərin qəlbinə yol tapırdı... O, gözəl musiqiçi və gözəl insan idi. Onun mehribançılıq və sadəliyi, çətin anlarda insanların köməyinə gəlməsi onu tanıyanların yaxşı xatirindədir. Mən bu görkəmli insanın əziz xatirəsini daim əziz tuturam... Onun öz barmaqları var..."
Qeyd edək ki, 2009-cu ildə ustadın havalarından (diskdə 2 el havası - "Tərəkəmə" və "Uzundərə" onun ifasında son dərəcə gözəl səslənir) ibarət diski də buraxılıb. Qalib Soltanoğlunun “Kalvalı Əli Dədə” adlı kitabı (2009) isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilib.
Ustad balabançının studiyada yazılmış balaban havalarını bütün cəhdlərimizə baxmayaraq əldə edə bilmədik. Ancaq əlimizdə olan zurna havaları tərəfimizdən Youtube-yə yerləşdirilib. Bu havalar Azərbaycan zurna-balaban sənətinin ən gözəl nümunələrindən, ümumiyyətlə, musiqi mədəniyyətimizin ciddi soraqlarındandır.
Daha bir məqam: "Ekspress" qəzeti (3-5 may, 2008-ci il, "Heyvagülü" davası") yazır: "Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində erməni, azərbaycanlı və türk gənclər arasında dava düşüb. Olay ənənəvi 1 May konserti zamanı baş verib: "10-15 min nəfər tamaşaçı vardı. Biz də səhnədəkilərə tamaşa edirdik. Birdən "Erməni xalq rəqsi "Hayvakuran": ifa edir Rusiya Xalqlar Dostluğu Universitetinin erməni tələbələrinin rəqs ansamblı" elan olundu. İfa edilən isə bizim doğma "Heyvagülü" idi. Ermənilərin pavilyonunda isə xəritədə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilmişdi. Bu azmış kimi Suren adlı erməni gənc əlində Dağlıq Qarabağın bayrağını tutub yelləyir, Qarabağ bizimdir" bağırırdı. Onu bir kənara çağırıb belə etməməsini istədik, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedik. Bunu deyəndə Suren bizi söydü, hətta təpik də atdı. Biz də dözməyib etiraz edəndə ermənilər şüşə butulka və daş atmağa başladılar" - deyə S.Məsimov söylədi".
Bu, artıq tarixin arxa qatında qalmış daha bir erməni həyasızlığıdır. Yeniləri də gözləniləndir...
Əli Dədədən sonra Azərbaycan balaban sənətinin inkişafında Bəhruz Zeynalov, Ələfsər Şəkili, Fikrət Əliyev, Ağasəf Seyidov, yeni nəslin nümayəndələrindən Mübariz Atayev, Əlixan Səmədov, Ələkbər Əsgərov, Babaxan Əmirov, Şirzad Fətəliyev, Qənimət Qədirov və b. kimi sənətkarlar yetişib.
Azərbaycan balaban sənətinin özünəməxsusluğu bu gün də yaşamaqdadır. Minillərdən bəri xalq ruhumuz balabanda ciddi, davamlı, yaradıcı şəkildə yaşadılır. Ancaq bu baxımdan bir əsas qayğımız var: ayrıca olaraq son illərdə yeni balaban havaları demək olar, yaradılmır. Yaradılırsa da, yadda qalan olmur. Ən azı “Heyvagülü”, “Alçagülü” və b. kimi havalar asan yadda qalır, heç zaman adiləşmir. Deməli, bugünkü yaradıcı nəsil də sadəcə, ifaçılıqla kifayətlənməməli, Azərbaycan aşıq sənətinə dərindən bələd olmalı, musiqi mədəniyyətimizin gözəl bilicisi olaraq yetişməlidirlər.
Başqa bir qayğımız isə “oranjiman” adı altında Azərbaycan balaban havalarının belə müəyyən mənada təhrifə uğradılmasıdır. Bu da yeni havacat yaratma istəklərini demək olar, adiləşdirir. Deməli, sabahımızda Azərbaycan balaban sənətinin ruhumuzun ciddi sorağı olmasını istəyiriksə, ilk növbədə balabançılarımız bunun ifaçısı, yaşadıcısı, həm də ciddi özül əsasında yaradıcısı olmalıdırtlar.
Elçin Qaliboğlu
Xalq
Cəbhəsi.- 2017.- 6 iyun.- S.12.