“Murad quşu əfsanəsi”
Yazıçı-publisist Əli Rza Xələflinin
“Murad quşu əfsanəsi” şair Hafiz Əlinin
yaradıcılıq yoluna ədəbi bir səyahətdir, -
desək, yanılmarıq. “Poetik duyğuların Hafizi”, “Həyatın
və poeziyanın canlı obrazı”, “Murad quşu əfsanəsi”,
“İnsan səsi təzadların əks-sədası”,
“Yaşamın dəyəri (mənəvi varisliyin yaddaş
işığında görünən tərəfləri)”
adlı ədəbi qeydlər “Hafiz Əliyə məktub”
müraciəti ilə tamamlanır. Əli Rza Xələfli
bu ədəbi qeydlərdən birinin başlığı ilə
də kitabı adlandırıb - “Murad quşu əfsanəsi”.
Nə deyir bu ad, bu ifadə? Əlbəttə,
ilk baxışda arif olan kəs burdakı yaradıcı təxəyyülün
məhsulu olan simvolik obrazın mahiyyətini asanca anlaya bilər.
Amma istərdim ki, bu məqama işarə edən hissədən
parçaları oxucuların diqqət mərkəzinə gətirim:
“Yaşıl zəmilər saralır, sünbüllər dənə
olur, əkinçinin üzünə gülən taxıl zəmiləri
külək tirəyişlərilə başını yelləyir.
Əkinçi ruzusuna baxıb sevinir və elə
bu vaxt bir qara bulud peyda olur, bəla gəlir. Çəyirtkə seli qısa bir müddət ərzində
zəmini – yetişmiş taxılı məhv eləyir.
Amma odur ki, bu çəyirtkə selinin
qabağına onun qənimi çıxır - murad quşu.
Murad quşu kəndlinin ruzisini qorumaq
üçün Tanrı yardımıdır. İnsan mənəviyyatında da xeyir əməllər
çətinliklə cücərir. İnsan
arpa boyu böyüyə-böyüyə öz içində
saf duyğular yetirir. Bəzən insan
şərə qarşı dura bilmir. Şər
onun mənəviyyatında cücərən saf toxumları,
çəyirtkə taxıl zəmisini məhv elədiyi kimi
dağıdır, yerlə-yeksan eləyir, havaya sovurur. İnsan hisslərinə təsir edə bilən,
insanın mənəviyyatına hakim olan duru söz, saf
söz, bir sözlə, poeziya insan duyğularını şərdən
qoruyur. Söz, sənət insanlıq
uğrunda vuruşan əsgərdir”.
Maddi rifah
halının göstəricisi - ərzaq bolluğunun təminatçısı
olan taxıl zəmisinə daraşıb, buğdanı – dəni
zərərverici həşarat kimi yeyib məhv edən çəyirtkənin
canına qənim kəsilən “Murad quşu” insanları aclıq-qıtlıq
fəlakətindən xilas edir. Çörək
- ruzi insanların yaşayışı üçün zəruri
olan müqəddəs maddi nemətdir. Bu
müqəddəs neməti zərərvericidən murad
quşu qoruyub insanları cismani ölümdən xilas edir.
Şər-böhtan da insanı içindən
yandırıb-yaxan, mənəvi cəhətdən
ölümcül zərbə vuran təhlükəli virusdur.
Bəs insanı bu mənəvi ölümdən
hansı qüvvə xilas edir? Bu suala cavab
da yuxarıdakı məqalənin məğzində birər-birər
açılır.
Hafiz
Əli yaradıcılığına üz tutan Əli Rza Xələfli
bu istinad edə-edə murad quşunun xilasedicilik missiyası ilə
bu poeziya arasında bir yaxınlıq, eynilik axtarır,
tapır, görür və sonda bunu belə izah edir: “Zəhməti
dağıdan, zəhməti puç edən antiinsani əməllər
var. Poeziya insanın mənəvi mühitinə qarşı
bu “afatın” (bəlanın) qənimi olan murad quşudur. Şər nə qədər güclü olsa da, bircə
saf sözün qarşısında gücsüzdür. Bu da Hafiz Əli dünyası və murad quşu əfsanəsi”.
Deməli, məntiqi baxımdan çox doğru
izahdır, şərhdir. Bədnamlıq, şərxahlıq
insanı mənən məhv edə bilər, lakin bu məhvedici
virusunda qənimi var, bu, “Murad quşu” timsallı saf
sözdür, bu, “Murad quşu” misilli Hafiz Əli
poeziyasıdır, Hafiz Əli nəsridir. Necə ki, bir
yerdə də Əli Rza müəllim buna belə bir işarə
vurur: “Hafiz Əli nəsrində də şairdir. Görünür, Tanrı qismətinə şairlik
yazdığı qələm sahibləri bu yazının
ziddinə gedə bilməzlər”. Bu fikirlərin
üstündən şairin “Dünya sevgi yoludur” adlı
şeirlər toplusunun və “Varis” romanını misal gətirir,
dediklərini bu nümunələr üzərində əsaslandırır.
“Həyatın və poeziyanın canlı obrazı”
yazısında şair Hafiz Əlinin aşağıdakı
misralarına müraciət edən Əli Rza Xələflinin
yozumu mənalı, düşündürücüdür:
“Qalda
keçdi yazım, qışım,
Qara günlər əhləd daşım.
Nə bərk
imiş mənim başım,
Başım
hey, başım hey!...
... Hafiz
Əli, bu da qış gəldi,
Gün gedib, qar-yağış gəldi.
Yaşamaq
yenə xoş gəldi,
Qışım
hey, qışım hey!...
Yuxarıdakı
misraların diktə elədiyi həyati-poetik hikməti, fəlsəfi
mənanı Əli Rza Xələfli göydə tutur,
şairin şeiri ilə yanaşı arasındakı üzvi
bağlılığı apaydın görüb-sezir və
oxuculara da o həqiqəti çatdırır ki, bu misralarda
vurğulanan fikirlər həyatın birbaşa canlı
sözüdür, həyatda gördüklərimizin bədii
təqdimidir. Lakin bu həyat təkcə
ümumi mənada həyatın özünü əks
etdirmir, bu həyat bizim hər birimizin ömrümüzdən
gəlib-keçən yaşantıların özüdür.
Eyni zamanda bu həyat, həm də şair Hafiz
Əlinin ömür dünyasının əks-sədasıdır;
buradakı lirik mən obrazı elə şairin öz həyati
obrazını açıb göstərir. Şair öz yaşantılarını, duyğu və
düşüncələrini poeziyasının canlı
obrazına çevirməyi bacarır və bu poeziya, həm də
canlı həyatın özünün obrazını təmsil
edir.
Ölüm
yenə öz atında,
Sən mafədə, ana.
Çiynim
mafənin, altında,
Yeriyirəm dərli-dərdli.
Bilmirəm
torpağın üstündəyəm,
Ya ən dərin qatında.
Əli
Rza Xələfli yazır: “Hafiz Əli “Dünyadan
böyük dünya” adlandırdığı şeirini bu
misralarla başlayır. Elə ilk misralardanca biz
hadisəni də, hadisənin bütün
ağırlığını da dərk edirik, bir sözlə,
o mənzərəni görürük. Demək,
oğul öz çiynində anasını məzara aparır.
Bu o qədər ağır, çəkilməz
bir dərddir ki, övladı o dərdin altında tək
qoyub, ona kömək əli uzatmamaq, onu bu dərddən
ayırmamaq ən azı biganəlikdir – dünyanın biganəliyi.
Təbii ki, bu bir ədəbiyyat yoludur. Bu
yolu dağıtmaq , bu yolun
qarşısını kəsmək
mümkünsüzdür. Ancaq bu hisslər
insanları bir-birinə tərəf çağıran hisslərdir,
insanları yaxınlaşdıran duyğulardır. Bu, o qədər geniş, o qədər qlobal bir
mövzudur ki, burda Qarabağ da görünür, burda
Əfqanıstan da görünür, burda Türkməndə,
Kərkükdə görünür. Harda
ev dağılır, xanə yıxılırsa, harda insan dərdi
varsa, hamısı görünür”.
Bəli,
Əli Rza Xələfli doğru deyir: “Dünyadan böyük
dünya” şeirinə bu cür baxış bucağında
da yenə hər şey aydın görünür. Yenə həyatın
özü görünür, həyat-ölüm
qoşalığında və bu ziddiyyətlər
qovşağında yaşayan insan övladının çəkdiyi
əndişələr, ağrı-acılar...
Əli Rza Xələfli ədəbi-mənəvi
mühitimizdə özünə inam yaratmış sənətkardır. Hamımıza
məlumdur ki, inam yox yerdən yaranmır. Bunun
üçün insanın cəmiyyətə fədakar xidməti
olmalıdır. İnsanlara
doğmalığı, yaxınlığı, cəmiyyətə
sevgisi olmalıdır. Təsadüfi deyil ki, AMEA-nın
müxbir üzvü Nizami Cəfərov yazır: “Əli Rza Xələfli
Azərbaycan ədəbiyyatının – poeziyasının və
nəsrinin, ədəbi tənqidinin və
publisistikasının, milli ictimai fikrinin bu gün
tanıdığı qədər də sevilən nümayəndələrindən
biridir. Və bütün bu sahələrdəki
böyük istedadı ilə yanaşı, xüsusi zəhmətkeşliyi,
sənətinin həm şəriksiz hökmdarı, həm də
“qara fəhləsi” olması onun nüfuzunu həmişə
yüksəldib, şəxsiyyətinə hörmət gətirib”.
Sənətkarın haqqında bu sözləri
görkəmli alim onun “Tənqidçinin Azərbaycançılıq
idealı” kitabına yazdığı “Ön söz” də
yazıb. Əli Rza Xələflinin
yaradıcılığında həyatın dərdi,
ağrısı, acısı bütün məqamlarda
görünən tərəfdir. Ana da, torpaq da, Vətən
də... Əli Rza Xələfli
üçün hava, su, torpaq nədirsə... elə odur.
Ana itkisi ən ağır dərddir, Hafiz Əli bu dərdi
öz dərdi kimi necə yanğılı verirsə, eləcə
də “Qobustan adamından, Azıx adamından üzü bəri”
bütün bəşər nəslinin yaşadığı
bu dərdlərin hər birimiz üçün eyni
olduğunu da Əli Rza Xələfli açıqlamaqla bir
daha şair və həyat amilinin bir-birindən ayrılmaz
olduğunu təsdiqə yetirmiş olur. Eyni zamanda
şairin yaradıcılığına istinadən insanın
səsinin təzadların əks-sədasından ibarət
olduğu məntiqini ortaya qoymağa müyəssər olur.
Şakir Əlifoğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 7 iyun.-
S.14.