Ermənilərin Qarabağda “erməni
dövləti” yaratmaq istəyi necə iflasa uğradı?
5-ci
yazı
Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai
Birliyinin sədri Faiq İsmayılovun tədqiqatında
1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr
haqqında danışılır: “Artıq Sultanlar və
Sadınlar kəndlərində döyüş mövqeyi
tutan milli ordumuzun hissələri Zəngəzur və
Qarabağ məsələsinin Azərbaycan və erməni rəhbərləri
arasında danışıqlar yolu ilə həll ediləcəyi
ehtimalına görə bölgədə döyüşlərə
son verərək, ölkənin içərilərinə
doğru geri çəkildilər. Çünki
erməni tərəfi azərbaycanlıların üzərinə
hücum etməyəcəkləri barədə öhdəlik
götürmüşdülər. Yolların tamamilə
təhlükəsiz olduğuna əmin olan general Andronik Tiflisdə
səfərbərliyə aldığı beş
minlik muzdlu ordu ilə Zəngəzura girdi. Bir
neçə gün Gorusda dayanan erməni komandanı əslində
Azərbaycanın hərbi bölmələrinin Zəngəzurun
kəndlərindən tamamilə çıxıb
çıxmadığını yoxlayırdı. Erməni kəşfiyyatının gətirdiyi məlumatlardan
sonra rahatlanan erməni ordusunun komandanı artıq
arxayınlıqla Qarabağ üzərinə gedərsə,
heç bir problemin olmayacağına əmin oldu. O,
özünün muzdlu terrorçu silahlı qüvvələri
ilə bərabər Gorus-Abdallar-Şuşa istiqamətindən
Qarabağa daxil olmaq üçün hazırlıqlara
başladı. Onun niyyəti, Azərbaycanın Milli hökumətini
Qarabağda devirərək, Gəncə, Quba, Şamaxı
bölgələrinin də erməni mülki əhalisini və
hərbi qruplaşmalarını Azərbaycan hökumətinə
qarşı qaldıraraq, ölkədə itaətsizlik
yaratmaqla, AXC hökumətini daxildən sarsıtmaq idi.
Andronik bu
arzularla beş minlik ordu ilə
Gorus-Abdallar-Şuşa yolu ilə Zabux kəndini keçərək
Zabux istiqamətindən Qarabağa doğru hərəkətə
keçdi. Andronikin gəlişindən əvvəlcədən
xəbər tutan Qarabağ general-qubernatoru Xosrov bəy,
qardaşı Sultan bəyə, bu ordunu Zəngəzurda
qarşılamağa göstəriş verdi.
Sultan bəy necə məsuliyyətli bir
işin altına girdiyini yaxşı anlayırdı. O,
öz partizan dəstəsi ilə müqayisədə sayca
özündən dəfələrlə üstün olan
Andronikin qoşunlarını qəfil hücumlarla yaxalamaq istəyirdi.
Bunun üçün o, bölgədə tamamilə
səssizlik şəraiti yaratmaqla generalı yolun təhlükəsiz
olduğuna tam əmin edə bilmişdi. Sultan
bəy Andronikin gəlişindən bir neçə gün
öncə strateji cəhətdən çox əhəmiyyətli
olan Zabux-Abdallar istiqamətində “Tat dərəsi” deyilən
pöhrəlik bir ərazidə döyüş mövqeyi
seçərək pusqu qurmuşdu. Bu ərazi
çox girintili-çıxıntılı uzun bir dağ
silsiləsidir. Bu ərazinin dərin
uçurumlarla əhattə olunan ətəyindən Həkəri
çayı axıb keçir. Bu dərədən
keçən yolun həm aşağı və həm də
yuxarı hissələrində keçiləsi mümkün
olmayan uçurumlar bir-birini tamamlayır. Əslində
mühasirə şəraiti yaratmaq üçün bu ərazi
çox ustalıqla seçilmişdi. Nəhayət,
gözlənilən an gəlib
çatdı. Andronikin qoşunları tamamilə
dərəyə daxil olduqdan sonra Sultan bəyin partizanları
pusqudan çıxaraq qoşunu müxtəlif istiqamətlərdən,
xüsusən də arxa və qabaq tərəflərdən atəşə
tutdular. Gözləmədikləri bu
hücumdan təşvişə düşən erməni
bölmələri çaşqın vəziyyətdə hətta
biri-birinə atəş açırdılar. Burada təqribən bir günlük çox şiddətli
döyüş getdi. Bu döyüş
zamanı general Andronik demək olar ki, bütün qüvvəsini
itirərək bir neçə nəfərlik
başının dəstəsi ilə Gorus istiqamətdə
qaçmağa imkan tapdı.
Şahidlərin dediyinə görə həmin gün bu
dərədə «qan su kimi Həkəri çayına
axırdı».
Dərə bu döyüşdən sonra xalq
arasında «Qanlı dərə» adlandırıldı. Bu biabırçı məğlubiyyətdən
sonra erməni generalı Andronik Tiflisə gedərək oradan
Amerikaya yola düşdü. Onu
hüzünlü və pərişan durumda erməni ordusunun
generalı F.Nazarbekov, Samson Melik-Şahnazaryan və digər hərbçilər
yola saldılar. Andronik ömrünün
sonuna qədər bu məğlubiyyətin acısını
yaşadı.
Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin başı Zəngəzurda
və Qarabağda erməni separatçılarının
hücumlarını dəf etməyə
qarışdığı bir zamanda, Rusiya Dağıstan və
Həştərxan (Astrxan) vilayətlərinin ərazilərindən
qurudan və sudan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin
ərazilərinə hücum etdi. 1920-ci il
aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti
Rusiyanın hərbi təcavüzü nəticəsində
süqut etdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra (29 noyabr 1920-ci il tarixdə) Rusiya Zəngəzur
da daxil olmaqla Azərbaycanın 9 mahal və qəzalarını
birləşdirərək Ermənistan Respublikası adlı
bir dövlətin yaradıldığını elan etdi. Bu Rusiyanın işğalı altındakı Azərbaycan
torpaqları üzərində yaratdığı, bəşər
tarixində ilk dəfə adı çəkilən ilk erməni
dövləti idi. Bu hadisədən sevinərək
gözləri yaşaran bir Fransız jurnalisti yazırdı:
«Bu bəşəriyyət tarixinə müstəqil erməni
dövləti kimi daxil olan yeganə dövlətdir».
SSRİ
dövründə Dağlıq Qarabağ problemi
F.İsmayılovun
araşdırmasında daha sonra vurğulanır ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan
edən Azərbaycan yenə də ermənilərin torpaq
iddiaları ilə üz-üzə gəldi. Ermənilər
tərəfindən Azərbaycanın İrəvan
xanlığının ərazisində erməni dövləti
yaratmaq ideyası ortaya atıldı. Həmin
dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə
uyğun olaraq bir sıra güzəştlərə getməyə
məcbur oldular. Bu mərhələdə
də Azərbaycan bir xeyli torpağından ermənilərin
xeyirinə əl çəkməli oldu. Rus
millətçilərinin yürütdükləri məkrli
siyasət nəticəsində Azərbaycan torpaqlarında
paytaxtı İrəvan şəhəri olan erməni dövləti
yaradıldı. Bu barədə ADR-in Nazirlər Sovetinin
sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə
yazdığı məktubda deyilirdi: «Ermənilərlə biz
bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə
qurtaracaqlar. Biz ermənilərə İrəvanı
güzəştə getdik». Cənubi Qafqazda 3 suveren
respublikanın yaranması və müttəfiqlərin köməyi
ilə Ermənistan əhalisi 1 milyon 510 min nəfər, ərazisi
17 min 500 ingilis kvadrat mili həcmində idi. Bununla
kifayətlənməyən ermənilər heç bir şeyə
məhəl qoymadan «Böyük Ermənistan» ideyası ətrafında
Gürcüstanın tərkibində olan Axalkalaki,
Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan,
Gəncə quberniyasının cənub hissəsinə iddia
irəli sürürlər”.
1920-ci ildə
Azərbaycan Demokratik Respublikasını silahlı müdaxilə
yolu ilə zorla devirən Rusiya Azərbaycanın “tərkibində”
7 İyul 1923-cü ildə (DQMV) (Dağlıq Qarabağ Muxtar
Vilayətini) yaradaraq, Azərbaycanda hər an
közərməyə qadir olan separatizmin əsasını
qoydu. Bunun da nəticəsində Cənubi
Qafqazda azərbaycanlıların öz doğma ocaqlarından
zorla qovulması və onlara qarşı etnik təmizləmə
siyasətinin yeni mərhələsi başlandı. Dağlıq Qarabağı da Rusiya o dövrdə Zəngəzur
vilayəti kimi Ermənistana ilhaq edə bilərdi, lakin Rusiya
bunun nəticəsində Azərbaycanda yarana biləcək
etirazların və bölgələrdə baş verə biləcək
milli münaqişələrin qarşısını almaq
halında deyildi. Odur ki, bu məsələnin
baş tutmamasında Rusiyanın iqtisadi cəhətdən zəifləməsi
əsas rol oynadı.
Əslində DQMV-nin yaradıldığını elan
etməklə Rusiya Dağlıq Qarabağ məsələsini
elə XX əsrin əvvəllərində ermənilərin
xeyirinə həll etmişdi. Məsələnin
görünən tərəfi o idi ki, Rusiya Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
bir erməni muxtar vilayəti yaratmışdı. Məsələnin görünməyən tərəfi
isə o idi ki, DQMV-nin bütün daxili tələbatı Azərbaycanın
büdcəsindən ödənsədə Vilayətin idarə
edliməsinin rıçaqları birbaşa Moskvanın və
İrəvanın əlində idi. Moskva və
İrəvan Dağlıq Qarabağa birbaşa yardımlar
edir, vilayətin bütün problemlərinin həllini həyata
keçirirdi. Bunun da nəticəsi o idi
ki, vilayətin əhalisi, ölkənin digər bölgələrinin
əhalisindən daha firəvan yaşayır və
köçürülənlərin hesabına burada ermənilərin
sayı günbəgün artırdı. Faktiki
olaraq Sovetləşmə dövründə bu vilayətin Azərbaycana
heç bir tabeçiliyi və ya Bakıdan heç bir
asılılığı yox idi. Lakin Azərbaycan
hökuməti faktiki olaraq Dağlıq Qarabağın
icraedici orqanları üzərində yalnız qeyri-rəsmi nəzarət
missiyası həyata keçirə bilirdi.
Bütün bunlar erməniləri heç də qane etmirdi, onlar nə yolla olursa-olsun Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiasında idilər. 1945-ci ilin noyabr ayında Ermənistan K(b)P MK katibi Q.Arutyunov İ.Stalinə müraciət edərək, bu iki Respublika arasında iqtisadi əlaqələrin “bağlılığını” əsas gətirərək Azərbaycan SSR-in DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edliməsi haqqında məsələ qaldırdı. Məlumat baxılmaq üçün Azərbaycan tərəfə göndərildi, lakin rəsmi Bakı sənədi müzakirəyə çıxarmadan rədd etdi. Bundan iki il sonra SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli «Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalıqına köçürülməsi haqqında» qərarı qəbul edildi. Qərar əsasında 150 minə yaxın azərbaycanlını öz əzəli torpaqlarından məcburi surətdə qovuldular.
Rusiya tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək siyasətinə sadiq qalaraq Ermənistanı monoetnik bir dövlətə çevirməyə nail oldu. Məhz bu üsulla 1935-1989-cu illərdə Moskvada minlərlə Azərbaycan toponimi xəritələrdən silindi. Sovet hakimiyyəti illərində ermənilər, rusların köməyi ilə azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını müntəzəm şəkildə təmin etdilər. Belə ki, 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Ermənistana köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələyə Stalin şəxsən razılıq verdi. Bu da azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoydu. Çünki İrandan gələn ermənilərin məskunlaşması üçün ərazilər və evlər boşaldılmalı idi. 1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlandı. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürüldü. 1948-ci ildə isə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürüldü. Ermənistanda gəlmə ermənilər üçün lazimi şərait yaradılmadığından onların bir qismi oranı tərk etdilər, daha bir qismi isə ümumiyyətlə Ermənistana köçməkdən imtina etdilər. Məhz bu səbəbdən də 1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda Ermənistanda 476-dan çox kəndin istifadəsiz qalması barədə məsələ müzakirə edildi.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 7 iyun.-
S.13.