Fətəli Xan Xoyski
Azərbaycanın müstəqillik elanını dünyanın
əsas siyasi mərkəzlərinə radioqramla
göndərmək şərəfi
ona nəsib olmuşdu
1-ci yazı
Azərbaycan xalqının milli
oyanışında, milli
özünüdərkində rolu olmuş şəxsiyyətlərin əksəriyyəti
Rusiyanın, Avropanın
ali məktəblərində
təhsil almış
insanlar idi. Onların təhsil aldıqları yad ölkələrdə həmyerlilər
cəmiyyətləri təsis
etməsindən başlamış,
milli mətbuatın yaradılması, milli teatrın inkişafı üçün gördükləri
işlərin böyük
əhəmiyyəti var. Əksəriyyəti,
ilk təhsillərini ruhani
məktəblərində almış
bu insanların Şərq tarixinə, ədəbiyyatına, mədəniyyətinə,
islam dininə bələdliyi sonradan mənimsədikləri Avropa
mədəniyyəti, düşüncəsi
ilə vəhdət təşkil edib. Milli-mənəvi zəmindən başlayaraq
təhsil görmüş
şəxsiyyətlərin milli tərəqqi, milli istiqlal uğrunda apardığı
mübarizəyə töhfəsini
vermiş Fətəli
xan Xoyski klassik gimnaziya, sonradan isə Moskva Universitetində
professional hüquq təhsili
alıb. Onun dünyagörüşünün
formalaşmasına Gəncə
mühiti, həmçinin
peşəkar fəaliyyəti
ilə bağlı rəsmi qurumların qeyri-rus, qeyri-xristian xalqlara ayrı-seçkilik
münasibəti ciddi təsir göstərib.
Milli fikir mərkəzi Gəncədə maarifçiliyin,
xeyriyyəçiliyin rolu
nə qədər önəmli olmuşdusa, Yelizavetpol (Gəncə),
Kutaisi (Suxumi, Yekaterinodar,
Tiflis) məhkəmələrində qazandığı təcrübə
də bir o qədər səmərəli
oldu. Ədliyyə sisteminin fərqli
səviyyələrində sırf peşəsi üzrə çalışmış
Fətəli xan Xoyskinin siyasi, dövlətçilik bioqrafiyasında
ikinci Dövlət Dumasının deputatı
kimi fəaliyyəti xüsusi mərhələ
təşkil edir.
Fətəli xan Xoyskinin bioqrafiyasını
məzmununa görə
iki mərhələyə
bölmək olar: milli-istiqlal hərəkatında
iştirakına qədərki
və iştirak dövrü. Birinci dövrü mərhələlərlə
səciyyələndirsək, 3 məzmunda təsnif etmək olar: təhsil illəri, peşəkar fəaliyyət
dövrü və Dövlət Dumasında deputatlığı. Deputatlıq dövrü
uzun sürməsə
də, Fətəli xanın sonrakı peşə fəaliyyətində
və istiqlalçılıq,
dövlətçilik xidmətlərində
təsirə malik bir təcrübə olmuşdu. Eyni zamanda, bir hüquqşünas kimi, F.Xoyskinin peşə təcrübəsi deputat mandatını Müsəlman
fraksiyasının üzvü
kimi doğrultmağa yararlı oldu. Hökumətin yeritdiyi ayrı-seçkilik
və köçürmə
siyasətinə qarşı
sərt çıxışlar
edən Fətəli xana Dumaya seçildikdən
iki həftə keçmiş, artıq “Müsəlman parlament qrupu” adından fikir bildirmək səlahiyyəti həvalə
olunmuşdu. F.Xoyski
1907-ci il aprelin 2-də Dövlət
Dumasındakı ilk geniş
nitqində bildirirdi ki, “rus dövlətinin
ümumi əhalisinin
20 milyondan çoxunu təşkil edən müsəlmanlar” da aqrar məsələnin həllini səbirsizliklə
gözləyirlər. O, dövlətin
köçürmə siyasətinin
mahiyyətini ifşa edərək, ruslaşdırma
siyasətinin fəsadlarını
göstərmişdi. “Müsəlman qrupunun nöqteyi-nəzərincə, köçürmənin
torpaq məsələsinin
son həllinədək dayandırılmalı
olduğunu”, Zaqafqaziyanın
şərq hissəsində,
yaxud Türküstanda”
su məsələsinin
ən zəruri, həyati məsələsi
olduğunu, maldarlıqla
məşğul olanlar
üçün torpaq
sahəsinin genişləndirilməsinin
vacibliyini bəyan etmişdi. Fətəli
xan Yelizavetpol general-qubernatorunun şəhər
əhalisinə qarşı
qeyri-qanuni hərəkətlərini
tənqid etmiş, ikinci Dövlət Dumasının buraxılmasından
4 gün əvvəl,
1907-ci il mayın 29-da
geniş məzmunlu çıxışında yerli
məhkəmələrin yenidən
təşkili haqqında
qanun layihəsi ilə bağlı ciddi iradlarını bildirmişdi: “Biz, ucqarların
əhalisi üçün,
həmişə aydın
idi ki, bizim
bürokratik əsaslarda
təşkil olunmuş
hökumətimiz həmişə
ucqarları nəzərə
almayıb: o, (hökumət
- F.Ə.) ucqarlara istismar
obyekti kimi baxıb. Yerli özünüidarə orqanları olmadığı
üçün ucqarlarda
barışdırıcı hakim seçkilərinin keçirilə
bilməməsi müddəasına
qarşı Fətəli
xan hüquqi və məntiqi cəhətdən əsaslandırılmış
dəlillərlə çıxış
edib. Yeni vergilər imperiyanın
hər yerində eyni vaxtda tətbiq
edildiyi, hətta ucqarlara mərkəzi quberniyalara nisbətən daha artıq vergi qoyulduğu halda, xeyirli, faydalı islahatlar olunca hökumətin ucqarların hələ gözləyə biləcəyi
qənaətindən yanaşması
Xoyskini hiddətləndirib.
Ucqarlarda yerli məhkəmə seçkilərinə
qoyulan məhdudlaşdırmalara
etiraz səsini ucaldan Fətəli xan rəsmi mövqeyini yazılı surətdə də təsbit edib: “Milli və dini
fərqlərə görə
vətəndaşların siyasi
və mülki hüquqlarını məhdudlaşdıran
qanunların ləğvinə
dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayan 173 deputatdan biri” olub. Fətəli xanın bioqrafiyasında
parlaq səhifələrdən
biri onun Bakı Şəhər Dumasının sədri seçilməsidir. 10 mindən çox səs almış müsəlman blokunu təmsil edən şəxs kimi dumanın sədri seçilməsi şəxsiyyət
göstəricisi kimi yüksək meyardır.
Cümhuriyyət xadimlərinin
Gəncə və Bakı qanadlarının təsiri faktorunu təhlil edərkən nəzərə alınmalı
məqamdır ki, Gəncənin paytaxt rol oynamadığı, Gəncə ictimai-siyasi
mühitinin güclü təsir göstərmədiyi şəraitdə, kifayət qədər potensialı və iddiaları olan Bakı müsəlman qüvvələri içərisindən məhz Fətəli xan Xoyski Bakı Şəhər Dumasının sədri seçilə bildi. Fətəli xanın liderlik qabiliyyəti kimi dəyərləndirmək olar ki, onun rəhbərlik etdiyi dövrdə Bakı Şəhər Duması, hakimiyyəti kütləvi, amansız qırğınlar yolu ilə ələ keçirməyə nail olan Bakı Sovetinin yeganə rəqibi olmuşdu. Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan 1918-ci ilin mayında V.Leninə göndərdiyi teleqramda “xain” adlandırdığı “Xoyskilərə” qarşı əldə silah mübarizə aparacaqlarını yazırdı. Seymdəki fəaliyyəti F.Xoyskinin fəal, qətiyyətli, çevik, konkret, realist və praktik məzmunlu keyfiyyətlərini göstərməyə imkan verdi. Qeyri-müəyyənliyin rəsmi bioqrafiyasında yer almadığı Fətəli xan menşeviklərin dəyişkən mövqeyindən xüsusi narahatlıq keçirmiş, Zaqafqaziyanın müstəqilliyinin bəyan ediləcəyi təqdirdə sərhədlərinin göstərilməsində israr etmişdi. Müstəqil Zaqafqaziya Federativ Respublikası elan olunduqda, aprelin 26-da təşkil olunmuş hökumət tərkibində F.X.Xoyski xalq maarifi naziri vəzifəsini tutur. Qısamüddətli fəaliyyəti dövründə Fətəli xan Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş, sonralar Azərbaycan Cümhuriyyəti dövründə Bakıda universitetin açılmasında mühüm rol oynamışdı. Bakı Dövlət Universitetinin ilk rektoru olmuş professor V.İ.Razumovski həmin dövrü xatırlayarkən yazmışdı: “…Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarifi naziri bakılı Xoyski idi. Biz Tiflisdə “rus universiteti”nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir (Xoyski) bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: “Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti… Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?” O, bizim məlumat məktubumuzu nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi”. Lakin bu məsələ ilə məşğul olmağa hökumət imkan tapmadı. Bakı və Yelizavetpol quberniyalarında vəziyyətin daha da kəskinləşməsi Müsəlman fraksiyasının mayın 6-da keçirilən iclasında müzakirə olundu. Fətəli xan həmin iclasda Seym üzvü olmaqdan öncə, Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının üzvü kimi iştirak edirdi. Növbədənkənar bəyanatla çıxış edən Fətəli Xan “Daşnaksütyun” partiyasının Seym fraksiyasının nümayəndələrinin Bakı ilə bağlı şərtlərini “həyasız təklif” adlandırmış, daşnaklara bir sıra şərtlər qoymağı təklif etmişdir: “Bakıda hakimiyyəti müsəlmanlara vermək, bu hakimiyyəti müdafiə etmək üçün müsəlman hərbi hissələrini Bakıya yeritmək və tərksilah edilmiş erməni hərbi hissələrini oradan çıxartmaq”. F.Xoyskinin təklifi yekdilliklə qəbul olunmuşdu. Cənubi Qafqazda siyasi vəziyyətin kəskin dəyişilməsi ilə əlaqədar Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının mayın 16-da çağırılmış iclasında Batuma göndəriləcək əlavə nümayəndə heyətinin tərkibinə F.X.Xoyskinin də qatılması təklif olunur. Seymin bütün müsəlman fraksiyalarının mayın 25-də keçirilən axşam iclasında artıq F.Xoyski iştirak edirdi. Mayın sonuncu həftəsi ərzində keçirilmiş Müsəlman fraksiyası və Milli Şura iclaslarında Fətəli Xan xüsusi məsuliyyəti ilə seçilir. Azərbaycan xalqının müqəddəratının həlli ilə bağlı qərarların legitimləşdirilməsində F.X.Xoyskinin mühüm rolu olmuşdu. Həmin qərarların müəyyənləşdirilməsi, qəbul edilməsi Batumdakı nümayəndələr də daxil olmaqla Müsəlman Fraksiyasının üzvləri tərəfindən həyata keçirilmişdisə də, amma qərarların qəbulu ilə bağlı Seym rəhbərliyi ilə müzakirələrin aparılması Fətəli xana həvalə olunmuşdu. Bu baxımdan Seymin müsəlman fraksiyasının 25 may tarixli axşam iclası Fətəli xanın üstün aktivliyi ilə müşayiət olunmuşdu. İclasa sədrlik edən Fətəli xana Seymin sədri Çxeidze ilə sabahkı – 26 may tarixli iclasın məsələlərini aydınlaşdırmaq və birbaşa xətlə Batumdakı azərbaycanlı nümayəndələrlə təcili danışıqlar aparmaq tapşırılmışdı. Üzərinə düşən vəzifəni yerinə yetirən Fətəli xan Seymin sədrinə, gürcü liderlərinə bildirmişdi ki, Gürcüstanın müstəqilliyi bəyan ediləcəyi təqdirdə Azərbaycan türkləri də müvafiq qərar qəbul edəcəklər. Bu, Seymin Müsəlman fraksiyasının sonuncu iclası idi. Mayın 27-də fövqəladə iclasa sabiq Seym üzvləri kimi toplaşan müsəlmanlar – azərbaycanlılar xalq adına taleyuklü qərar qəbul etməli idilər. Zaqafqaziya Seyminin bütün sabiq müsəlman üzvləri özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etdi. İcraedici quruma yekdilliklə sədr seçilən Fətəli xan Xoyskinin bioqrafiyasında yeni səhifə açdı. Azərbaycanın müstəqil elan edilməsində təmkinli mövqe tutaraq dövlətlərlə sülh danışıqları aparmaq üçün tamhüquqlu hökumət təşkil etməyin tərəfdarı olmuşdu. Hərtərəfli, fəal müzakirədən sonra Azərbaycanın müstəqil demokratik respublika elan olunması haqqında “İstiqlaliyyət Aktı” bəyan edilir və hökumətin təşkili F.X.Xoyskiyə tapşırıldı. Bir saatlıq fasilədən sonra Fətəli xan hökumətin təşkili haqqında məruzə ilə çıxış edir. Azərbaycanın istiqlalı haqqında əqdə imza atan, ilk, ümumilikdə isə ardıcıl olaraq 3 hökumətə sədrlik edən Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyətinin məzmunu məhv edilmiş Azərbaycan dövlətçiliyinin bir əsrdən sonra bərpası, həm də müsəlman Şərqində – türk aləmində ilk respublika kimi qurulması prosesinin salnaməsini təşkil edir. Birinci müvəqqəti hökumət kabinəsində “rəisi vükalə və daxiliyyə naziri” olan Fətəli xan ərazisi işğal altında olan, ordusu, maliyyəsi, paytaxtı əlində olmayan, yad torpaqda elan edilmiş bir dövlətin hökumət başçısı oldu. Hətta Azərbaycanın müstəqilliyinin elan olunması haqqında teleqramı belə Tiflisdən göndərmək çətinliyi çəkən Baş nazir teleqramın rus və fransız dillərində mətnlərini xarici işlər naziri M.H.Hacınskiyə göndərmişdi ki, Batumdan radio ilə birbaşa xətlə İstanbula, oradan da digər yerlərə xəbər versin.
Azərbaycanın müstəqil respublika elan olunması haqqında dünyanın əsas siyasi mərkəzlərinə 30 may 1918-ci ildə radioqram göndərmək şərəfi hökumət başçısı F.X.Xoyskiyə nəsib olmuşdu. Hökumət, müvəqqəti yerləşəcəyi Gəncə şəhərinə köçən kimi ciddi böhranla qarşılaşdı. Azərbaycan dövlətçiliyi zərbə altında idi. Milli Şuranın 17 iyun tarixli qapalı iclasında Fətəli xan çıxış edərək kabinetinin istefa verdiyini bildirmişdi, lakin Milli Şura hökumətin təşkilini yenidən ona tapşırmışdı. “Ölkənin hökumətsiz qala bilməyəcəyi” qənaətilə F.Xoyski yeni hökumət təşkil etdi. Baş nazir vəzifəsi ilə yanaşı, o, ikinci kabinetdə ədliyyə naziri vəzifəsini tutmuşdu.
Firdovsiyyə Əhmədova
tarix üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2017.- 9 iyun.- S.14.