Fətəli xan hökumətinin
mühüm tədbirləri
Azərbaycan
istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən
olan Fətəli xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi
tarixinə əbədi həkk olunub
2-ci
yazı
M.Ə.Rəsulzadə bütün tarixi məsuliyyət
yükünün Fətəli xan Xoyski hökumətinin
çiyinlərinə qoyulduğunu bildirməklə Fətəli
xanın həyəcanlı davranışının hərbi
mənada bənzətməsini göstərmişdi. Ən bariz bənzətməni
Üzeyir bəy Hacıbəyli vermişdi: “Yeni vücuda gəlmiş
Azərbaycan hökumətinin birinci rəisi-vüzərası
olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli
xan həzrətləri bu yeni dövlətin vəziyyətini
taxta paralarından əmələ gəlmiş bir gəmiyə
bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya
üzərində hər saat, hər an dağa-daşa
çırpılıb dağıla bilmək təhlükəsi
qarşısında qalmış, bütün ümidini gəmiçinin
istedad və məharətinə bağlamışdı … Bu zəif
gəmini bu fırtınalı gündə bu dağın, bu
daşın arasından salamat keçirmək və
sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan
həzrətləri öz boynuna götürməyi qəbul
etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə
sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər
dağa və daşa vurmayıb bunların arasından
keçirməkdə böyük ustalıq va məharət
göstərdi”. Azərbaycanın milli dövlət
quruculuğunun ilklərinə imza atmaq şərəfi əsasən
Fətəli xana nəsib oldu.
Təşkilati işlərdən başlamış,
cari tələbatları ödəmək zərurəti ilə
qayğılanan hökumət strateji qərarları ilə cəsarətli
başlanğıc etdi. Hökumətin 1 nömrəli vəzifəsi
Bakının azad edilməsi olduğu səbəbindən ilk
tədbir iyunun 19-da Azərbaycanda hərbi vəziyyətin elan
edilməsi oldu. Ordu quruculuğuna
başlandı, hərbi mükəlləfiyyət haqqında
qanun qəbul edildi. Türk dili dövlət
dili elan edildi, tarixi adların bərpasına başlandı, tədris
müəssisələrinin milliləşdirilməsi
haqqında qərar qəbul olundu. Son dərəcə
mühüm, strateji əhəmiyyətli qərar Fövqəladə
Təhqiqat Komissiyasının yaradılması haqqında idi.
İyulun 15-də yaradılmış komissiya
birinci dünya müharibəsi illərində Zaqafqaziya ərazisində
yerli müsəlmanlara qarşı törədilmiş vəhşilikləri
araşdırmalı idi. Kəskin maliyyə
sıxıntısı içərisində olan hökumət
çıxış yolları axtarırdı. Belə
bir vaxtda Fətəli xan İstanbulda olan M.Ə.Rəsulzadə
ilə yazışmalarında Türkiyədə Azərbaycan
pul nişanlarının hazırlanması ilə bağlı
məsələni təxirəsalınmaz vəzifə kimi
qoymuş və qısa müddətdə həll etməyə
nail olmuşdu. Fətəli xan dövlət
quruculuğu ilə bağlı heç bir məsələni
diqqətdən kənar qoymasa da, bir nömrəli vəzifə
kimi Bakının azad edilməsinə bütün qüvvələri
səfərbər etmişdi. Qafqaz İslam Ordusunun
Bakı uğrunda apardığı hərbi əməliyyatlarla
yanaşı Azərbaycan hökuməti də intensiv iş
görürdü. Özü cəbhədə vəziyyətlə
yaxından tanış olur, diplomatik səyləri
gücləndirirdi. M.Ə.Rəsulzadəyə
İstanbula göndərdiyi məktublarında Azərbaycan əraziləri
ilə bağlı, xüsusən, Bakı ilə əlaqədar
məsələni dönə-dönə
vurğulayırdı. Beynəlxalq səviyyədə
Azərbaycanın maraqlarını müdafiə etmək məqsədilə
Ə.M.Topçubaşovun fövqəladə səlahiyyətlərlə
Türkiyəyə göndərilməsi qərarı da Fətəli
xan hökumətinin mühüm tədbirlərindən
sayılmalıdır. Belə ki, beynəlxalq
konfransın başlayacağı təqdirdə
Ə.M.Topçubaşova Azərbaycan nümayəndə heyətinin
tamhüquqlu üzvü kimi konfransda iştirak etmək səlahiyyəti
verilirdi. Azərbaycan dövlətçiliyinin
müqəddəratı ilə bağlı strateji qərarların
qəbul edilməsində Fətəli xan prinsipial mövqe
tutmuşdu. Yeganə beynəlxalq müttəfiq olan
Osmanlı dövləti ilə son dərəcə sıx
münasibətlərdə, taleyüklü məsələlərdə
Türkiyənin nicat yeri olmasına baxmayaraq, türk
komandanlığının Azərbaycanın daxili işlərinə
qarışmasına qarşı etirazını bildirmiş,
dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə
hesab etmişdi. Bakının azad olması ilə əlaqədar
söylədiyi fikirlər Fətəli xanın Azərbaycan
xalqının müqəddəratına olan münasibətinin
bariz ifadəsidir: “Bizim də yaşamaq, azad yaşamaq
haqqımız var. Nə zirehli maşın, hidroplan, kanonerka,
tikanlı məftil, mina və digər texniki qurğular, nə
ingilislər və onların əlaltıları, nə də
ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii
gedişini dayandıra bildi, onların əlliminlik orduya və
texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə
tab gətirməyib Bakını tərk etmələri öz
rifahı və səadətini başqasının fəlakəti
və bədbəxtliyi üzərində qurmağa
çalışanlar üçün ibrət dərsi
olmalıdır”. Bakının 1918-ci il
sentyabrın 15-də azad olunması haqqında teleqramları
imzalamaq sevincini, qürurunu yaşamaq məmnunluğu uzun
sürməmiş Azərbaycan hakimiyyəti yeni təhlükə
ilə üz-üzə qaldı. Dövlət
quruculuğu işlərinə yeni vüsətlə
qoşulan hökumət daha mühüm tədbirlər həyata
keçirməyə başladı. Oktyabrın
6-da hökumət kabinetində dəyişikliklər edildi.
Azərbaycan ərazilərinin tam hakimiyyət
altında birləşdirilməsi başa çatmamış
beynəlxalq vəziyyət Azərbaycan dövlətini çətin
duruma saldı. Osmanlı dövləti məğlub
tərəf kimi, Mudros müqaviləsini imzaladı və
qoşunlarını Cənubi Qafqazdan çıxardıb
Bakının işğalına etiraz etməməli idi.
Azərbaycan İngiltərənin nüfuz dairəsi
elan edilirdi. General Tomsonun rəhbərliyi
altında Bakıya daxil olan Britaniya komandanlığı Azərbaycan
hakimiyyətinə qarşı xoşagəlməz ovqatda idi.
Fətəli xan Xoyskinin siyasətçi, diplomat, dövlət
xadimi kimi keyfiyyətlərinin rol oynaması sayəsində
qısa müddətdə Azərbaycan hökuməti ingilis
komandanlığı ilə əməkdaşlığa nail ola bildi. Azərbaycan hakimiyyətinin
legitimliyini qəbul etdirmək məqsədilə bir sıra təcili
addımlar atıldı. ABŞ Prezidenti Vudro Vilsona, Azərbaycanın
müstəqilliyinin dünya dövlətləri tərəfindən
tanınmasına kömək göstərmək xahişi ilə
teleqram göndərildi. Parlamentin
çağırılması işinin təşkili
üçün komissiya yaradıldı. Azərbaycanın
“Türk intriqasından yaranmış “dövlət”
olmadığının təsbiti kimi noyabrın 9-da
F.X.Xoyskinin məruzəsi əsasında hökumət Azərbaycanın
üçrəngli bayrağını təsdiqlədi.
Azərbaycan Milli Şurasının fəaliyyəti
bərpa olundu. Milli Şuranın noyabrın 16-da
keçirilən birinci iclasında çıxış edən
Fətəli xan vəziyyətin yığcam mənzərəsini
şərh edərək dedi: “Hökumət və biz əminik
ki, istiqlaliyyət nə qədər çətin ələ
gələn və çox qurban tələb edib
müşkülat çıxaran bir əmr isə də
müttəhidən çalışsaq, müşküllər
səhl olar”. Azərbaycan Parlamentinin
açılması üçün F.Xoyski Rus Milli Komitəsi,
Erməni Milli Şurası, general Tomsonla mütəmadi
danışıqlar aparırdı. Danışıqların
gedişatı barədə Azərbaycan Milli
Şurasının iclaslarında məlumat verərkən Fətəli
xan Azərbaycan Parlamentinin açılış
gününü də müəyyənləşdirmişdi.
Dekabrın 3-ü Məhəmməd Peyğəmbərin s. vəfatı
gününə təsadüf etdiyindən Fətəli xan
Parlamentin açılışını dekabrın 7-nə
keçirməyi təklif etmişdir. Tomsonla
növbəti görüşünün təfsilatını
anladarkən, generalın Azərbaycan hökumətinə
xoş münasibətini, hökumətin daxili işlərinə
qarışmamaq vədini, səylərini dəstəkləməyə
hazır olduğunu bildirmişdi. Azərbaycan
adında dövləti, hökuməti tanımaq istəməyən
Tomson bir ay keçməmiş mövqeyini dəyişmiş,
dekabrın 28-də Fətəli xan Xoyski hökumətini Azərbaycanın
yeganə qanuni yerli hakimiyyət orqanı kimi
tanımışdı. Azərbaycan
Cumhuriyyətinin müqəddəratı üçün
yaranmış ağır şəraitdə Fətəli xan
Xoyski hökumətinin müvazinətini itirməməsi,
siyasi iradəsini ortaya qoyaraq dövlətçilik naminə qətiyyətli
addımlar atması sayəsində Britaniya
komandanlığı ilə münasibətlər
işgüzar əməkdaşlıq müstəvisinə
keçdi. Parlamentin açılışında
hökumətin fəaliyyəti haqqında hesabat verən Fətəli
xan deputatlara müraciətlə demişdi: “…Bu altı ay müddətində
ki hökuməti idarə eyləmişdir, siz
görürsünüz ki, çox şeylər təzə təşkil
olub. Daxildə hərci-mərcdən başqa
heç bir şey yox idi. Hətta polis də
yox idi. Ona görə hamıdan artıq
polis işlərinə diqqət etdik. İndi, Allaha
şükür olsun ki, Azərbaycanın hər yerində,
lazımi qədər olmasa da, xalqın malını,
canını müdafiə edəcək təşkilatımız
var. Bu xüsusda çox sözlər ola
bilər. Fəqət, vaxta baxıb tərəziyə
qoyulmalıdır ki, bu işləri hansı hökumət və
nə vaxt edib? Tarixi, sabiqəsi, əsgər
və xəzinəsi olan hökumətmi? Yoxsa,
iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz
hökumətmi? Əgər burasını
nəzərə alsanız görərsiniz ki, nə qədər
zəhmət lazım idi. Qüvvəmiz qədər
vəzifəmizi ifa etdik. Hələ çox şey edə
bilməmişik, amma bunu cürətlə deyə bilərəm
ki, hökumətin nöqsanları ilə bərabər, yol
göstərən işıqlı ulduzu bu şüar olub:
Millətin Hüququ, İstiqlalı, Hürriyəti”. Sonra isə
bayram münasibəti ilə təbriklərini
çatdırmışdı: “Bugünkü gün Azərbaycan
üçün böyük, əziz mübarək
gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi.
Bu gün o gündür ki, muxtariyyəti əlinizə
aldınız, hökumət vəkalətilə bu bayram
günü sizi və sizinlə bərabər
özümüzü də təbrik edirəm”. Parlament
qarşısında istefa verən F.Xoyskidən H.Ağayev rəsmi
məktubla yeni, sayca 3-cü hökumətin təşkilini
xahiş edir ki, göstərilən etimada minnətdarlıqla
hökumət təşkili təklifini qəbul etməyən
F.X.Xoyskiyə Həsən bəy dekabrın 18-də Baş
nazir vəzifəsini qəbul etməsi barədə təkrar
müraciət edir: “…Millət naminə rica ediyorum ki, Vətənin
bu ağır zamanında hökumət təşkili kimi məsuliyyətli
bir vəzifədən bərkənar olmayıb, yeni
müştərək bir kabinə təşkilini öhdənizə
götürəsiniz”. Yeni hökumətin təşkilinə
böyük əzmlə başlayan F.Xoyski parlamentin beşinci
iclasında geniş proqramla məruzə edir. Artıq
parlament tribunasında hökumətin fəaliyyətinə
dair mütəmadi hesabat verən
Xoyski
müxalifət nümayəndələrinin
sorğularını qərəzli hesab edirdi: “Bu sorğu
hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir… Bu sorğu
deyil, dalında yumruq, cibində daş gizlətməkdir ki,
hökuməti qəflətən vurasan, belə sorğuya nə
cavab vermək olar… Azərbaycanın istiqlalı
hər dəqiqə təhlükədədir. Biliniz,
indi elə vaxtdır ki, nəinki bez və çit, hətta
elə əhval çıxa bilər ki, Azərbaycan belə
qalmaz, istiqlalımız gedər… Belə qorxulu zamanda
dalğalar arasında bulunan qayığımızı bir
tövr salamata çıxaraq ki, məqsədlərimizə
müvəffəqiyyətlə nail ola bilək”.
Hökumətə qarşı tənqidləri haqsız sayan
F.Xoyski hökuməti 1919-cu ilin fevralında istefa verdi. Parlament üzvü kimi fəaliyyətini
davam etdirən F.Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və
Ermənistan arasında ərazi məsələlərini həll
etmək üçün çağırılacaq konfransda
Azərbaycan nümayəndə heyətinin sədri kimi
iştirak edir. Bir qədər sonra,
dekabrın 22-də təşkil olunan yeni hökumət tərkibində
xarici işlər naziri təyin olunur. Xoyskinin
bu vəzifədə fəaliyyəti Azərbaycan dövlətçiliyinin
müdafiəsi baxımından şərəfli tarixdir.
Sovet Rusiyası hökumətinə qətiyyətli mövqe
bildirən, hüquqşünas məntiqi, diplomat
bacarığı ilə Azərbaycan istiqlalını
müdafiə edib, Rusiyanın təkəbbürlü, iddialı
notalarına tutarlı cavab verdiyi günlərdə Xoyskinin qəlbini
fərəhləndirən, sabaha ümidləndirən hadisə
Azərbaycanın müstəqilliyinin Paris Sülh
Konfransında tanınması xəbəri oldu. Bu barədə
parlamentdə məlumat verərkən demişdir:
“Özümü artıq dərəcədə xoşbəxt
hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət
başında mən idim. Və indi də təsdiqini
sizə mən elan edirəm. “Bu sevinci
yaşamağa imkan vermiş qüvvələr gənc
cümhuriyyəti taleyin hökmünə – bolşevik
Rusiyasının caynağına buraxdılar. Xoyskinin Çiçerinlə nota davası məkirli
prosesin bir həlqəsi idi. Diplomatik oyunbazlıqla Azərbaycanı
duyuq salmamağa çalışan Rusiya 1920-ci il
aprelin 27-də istədiyinə nail oldu, Azərbaycan
işğal olundu, cümhuriyyət süqut etdi. İşğaldan dərhal sonra fəaliyyətini
Tiflis şəhərinə keçirən Fətəli xan
Xoyski iyunun 19-da erməni terrorçusu tərəfindən qətlə
yetirildi və Tiflisdə azərbaycanlılar qəbiristanlığında
dəfn olundu. Azərbaycan
istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən
olan Fətəli xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi
tarixinə əbədi həkk olunub.
Firdovsiyyə
Əhmədova
tarix üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 10 iyun.-
S.14.