Dədə Qorqud obrazı və motivləri
müstəqillik dövrü Azərbaycan şeirində
1-ci yazı
Müstəqillik dövrü Azərbaycan
poeziyasını folklorla bağlayan ən önəmli istiqamətlərdən
biri poeziyaya “Kitabi-Dədə Qorqud” obraz və motivlərinin gətirilməsidir. Bu dövrdə
şairlərin poetik yaradıcılıqlarında Dədə
Qorqud dastanlarından faydalandıqları göz önündədir.
Dədə Qorqud obraz və motivlərindən
istifadə etməklə əksər şairlər poetik
düşüncə tərzi ilə xalq ədəbiyyatına
yaxın olduqlarını nümayiş etdirməyə
çalışırlar. Belə ustad şairlərdən
Şəhriyarın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin,
Söhrab Tahirin, Sabir Rüstəmxanlının, Ramiz
Rövşənin, Zəlimxan Yaqubun, Vaqif Bayatın, Fikrət
Qocanın, Musa Yaqubun və onlarla gənc şairlərin
şeirləri xüsusi əhəmiyyət kəsb edir. Ancaq bu problemin araşdırılması ilk
baxışdan çox asan görünür. Doğrudan
da, “Kitabi-Dədə Qorqud” eposunun obraz və motivlərini
müstəqillik dövrü Azərbaycan şeirində
“görmək”, “müşahidə etmək” və
bütün bu “görünən” və “müşahidə
edilənləri” filoloji müstəvidə qeydə almaq,
sistemləşdirmək, eposla müasir şeir mətnləri
arasında əlaqələri bu görülənlər əsasında
bərpa etmək çətin bir məsələ deyil. Bu, tədqiqatçıdan, sadəcə, səbir və
zəhmət tələb edir. Ancaq bu deyilənlər
problemin, sözün həqiqi mənasında, “görünən”,
“vizual” tərəfləridir. Görünən tərəflərin
yenidən göstərilməsinin elmə heç bir
faydası yoxdur (Necə deyərlər: “Görünən kəndə
nə bələdçi”). Bu halda məsələyə
problematik aspektdə yanaşmaq lazım gəlir.
Müstəqillik
dövrü Azərbaycan şeirində inikas olunan Dədə
Qorqud obraz və motivlərinin elmi baxımdan çox ciddi
problematikası var. Bu problem Dədə Qorqud obraz və motivlərinin
müstəqillik dövrü Azərbaycan şeirinin milli
arxetipləri kimi öyrənilməsidir. Yazılı ədəbiyyatdakı
bədii obrazla folklor mətnindəki bədii obraz bir çox
tərəfləri ilə eyni olsalar da, onlar arasında
çox ciddi və prinsipial fərqlər var. Bu fərqləri
nəzərə almadan “Kitabi-Dədə Qorqud” ənənələrinin
müstəqillik dövrü Azərbaycan şeirinin poetik
struktur sistemindəki yeri və rolunun funksional
semantikasını, o cümlədən Dədə Qorqud obraz
və motivlərini müstəqillik dövrü Azərbaycan
şeirinin milli arxetipləri kimi doğru-dürüst,
sağlam nəzəri-poetik baza əsasında
araşdırmaq mümkün deyil. Göründüyü
kimi, bədii obraz gerçəkliyin fərdi
yazıçı təxəyyülündə inikas olunan
şəklidir. Təbii ki, folklor obrazı
da gerçəkliyi inikas edir və gerçəkliyin təxəyyüldə
inikas olunan şəklidir. Bu cəhətinə
görə bədii obrazla folkor obrazı birləşir.
Ancaq onların arasındakı ən
böyük fərq bədii obrazın fərdi təxəyyülü,
folklor obrazının isə kollektiv təxəyyülü əks
etdirməsindədir. Bu cəhət onlar
arasında mühüm fərq yaratmaqla bədii mətnlə
folklor mətnini də bir-birindən kəskin şəkildə
fərqləndirir.
Folklor obrazlarını funksional düşüncə
mexanizmləri kimi səciyyələndirən S.Rzasoy yazır
ki, folklor milli-mənəvi yaddaş kimi, etnosun fiziki və mənəvi
təcrübəsinin ən funksional, dayanıqlı və
dözümlü formullarını özündə
yaşadır.
Folklor xalqın tarixi yaşam təcrübəsindən
yalnız xalqı ayaqda saxlayan, yaşadan, epoxal dəyişmələrdə
bir xalq kimi qoruyan, etnik-mədəni məhvolma təhlükələri
zamanı xalqın bütün fiziki və mənəvi
ehtiyatlarını səfərbər edə bilən milli
mövcudluq düsturlarını öz yaddaşında
saxlayır. Bu baxımdan, bizim adi folklor qəhrəmanları
kimi qəbul etdiyimiz Oğuz xan, Dədə Qorqud, Koroğlu,
Keçəl Həmzə, Nigar xanım, Aşıq Qərib,
Aşıq Kərəm, Keçəl, Kosa kimi obrazlar, əslində,
Azərbaycan milli mentalitet sisteminin funksional vahidləri, milli
immun sisteminin təşkilolunma mexanizmləri, milli
düşüncə sisteminin məna semantemləridir. S.Rzasoyun bu yanaşması bizə Dədə Qorqud
obraz və motivlərini müstəqillik dövrü Azərbaycan
şeirinin milli arxetipləri kimi götürməyə imkan
verir. Müəllifin qeyd etdiyi kimi, folklor obrazları, o
cümlədən “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanları
olan Oğuz xan, Dədə Qorqud, Salur Qazan, Dəli Domrul, Burla
Xatun, Təpəgöz və s. kollektiv təsəvvürlərin
məhsulu kimi milli şüurun funksional vahidləri, təşkilolunma
mexanizmləri, məna semantemləridir. Məhz
bu kontekstdən yanaşdıqda görürük ki, “Kitabi-Dədə
Qorqud” eposunun obraz və motivləri müstəqillik
dövrü Azərbaycan şeirinə adi bədii obraz
statusunda deyil, milli düşüncə arxetipləri kimi
transformasiya olunur. Burada məsələnin
əsas mahiyyəti obraz-arxetip münasibətlərinin
aydınlaşdırılması ilə bağlıdır.
Nəzərə alsaq ki, arxetp elə
obrazdır, bu halda axtardığımız məna çox
incələşir.
Arxetip – hərfi mənada ilkin obraz deməkdir. Yəni bunlar
ibtidai şüurun kollektiv təsəvvürlərini əks
etdirən obrazlardır. İlkin obraz –
arxetipik nüvə, mənaları özündə cəmləşdirən
semantik mərkəzdir. Bu cəhətdən
“Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanları
dastanın bədii mətni baxımından adi obrazlardır.
Lakin bu obrazlar ilkin kollektiv təsəvvürləri
özlərində əks etdirən semantik mərkəzlər
kimi arxetiplərdir. Məsələyə
“Kitabi-Dədə Qorqud” obrazlarının müstəqillik
dövrü Azərbaycan şeirində inikası kontekstində
yanaşdıqda çox maraqlı bir mənzərə meydana
çıxır. Bu mənzərə özü ilə
belə bir sual gətirir: yazıçı və şairlər
“Kitabi-Dədə Qorqud” obraz və motivlərinə niyə
müraciət edirlər?
Sualın cavabı həm üzdə, həm də dərindədir. Üzdə
olan cavab budur ki, “Kitabi-Dədə Qorqud” milli-mənəvi dəyərlərimizin
qaynağıdır, yazıçı və şairlər də
ruhən bu qaynağa bağlıdır və zamanla ona
müraciət edirlər. Dərində
olan cavab isə “Kitabi-Dədə Qorqud” eposu obrazlarının
milli düşüncə simvolları olması ilə
bağlıdır. Milli düşüncənin
daşıyıcısı olan yazıçı və
şairlər milli özünüifadə məqamlarında
özlərini bu simvollar vasitəsilə ifadə edirlər.
Bu zaman “Kitabi-Dədə Qorqud” qəhrəmanları
müasir bədii mətnə iki statusda daxil olur. Bu iki
status eynizamanlı statuslardır: Müasir bədii mətnin
obrazı statusu; Müasir bədii mətndə milli
şüurun arxaik kollektiv enerjisini daşıyan
(simvollaşdıran) arxetip statusu.
Beləliklə, “Kitabi-Dədə Qorqud” obraz və motivləri
Azərbaycan şeirinin poetik struktur sistemində funksional
semantika baxımından eyni zamanda iki statusda olur. Bunun birincisi bədii
obraz statusudur. Yazar “Kitabi-Dədə Qorqud”
obrazlarını öz bədii mətninə daxil etməklə
onları yeni mətnin obrazına çevirmiş olur. Lakin bu obrazlar öz poetik strukturunda kollektiv
şüurun enerjisini daşımaqda davam edir. Bu da onları eyni zamanda milli düşüncə
arxetipləri kimi səciyyələndirməyə imkan verir.
Başqa sözlə, “Kitabi-Dədə Qorqud”
obrazları müstəqillik dövrü Azərbaycan
şeirinin eyni zamanda həm bədii obrazları, həm də
semantik arxetipləridir. Xalq şairi Məmməd
Arazın yaradıcılığında bədii obraz və
motivlərin hər iki səviyyəsi müşahidə
olunur. Şair əksər şeirlərində “Kitabi-Dədə
Qorqud” personajlarından ara-sıra istifadə edirdisə, “Dədə
Qorqud səsləməsi” şeirini birbaşa Dədə
Qorquda müraciətlə yazıb:
Özün köçdün, hayın qaldı
dünyada.
Səsləmələr payın qaldı dünyada.
Dədəm
Qorqud, harayını eşitdim,
Dədəm
Qorqud, çağrışına hay dedim.
Hay dilində, bay dilində səsləmən.
Dədəm
Qorqud, səsləməni eşitdim.
Şair Dədə Qorqudun səsləmələrini, nəsihətlərini
eşitdik desə də, müasir dünyamızda hərc-mərcliyin
baş alıb getməsindən narahat olduğunu da bədii
boyalar ilə həm oxucuya, həm də eyni zamanda Dədə
Qorquda çatdırmaq istəyir. Təəssüflənir,
çünki Dədə Qorqudun babalarımıza və bizə
əmanət qoyduqlarına sahib çıxa bilmirik, bəzən
bizə tapşırılmış əmanətləri əlimizdən
veririk. Torpaqlarımız əldən
gedir, ağaclarımızı kəsirlər. Bu vətəni bizə əmanət edənə qədər
bu torpaqların üzərində Dirsə xanın,
Buğacın, Uruzun qanı axmışdı. O müqəddəs
qanlar unuduldumu? Təbii ki, yox. Burada Dədəm Qorqud həm bir dədə,
ağsaqqal obrazı, həm də millətin qan
yaddaşının simvolik arxetipi kimi təzahür edir.
Hələ analarımız ağlayır, hələ
torpaqlarımız düşmən tapdağı
altındadır. Şairin təbirincə
desək, “analar ağlayırsa, torpaq ağlayır hələ,
torpağı ağlayanın haqqı ağlayır hələ”.
Məmməd Arazı incidən daha çox Dədə
Qorqudun əmanətlərinə bizim özümüzün
ögey münasibətimizdir. Şeirdə
“Kitabi-Dədə Qorqud”dan gələn ağac motivi də
güclü təsirə malikdir. Dədə
Qorqudun dua etdiyi, “Qaba ağacın qurumasın” dediyi,
alqışladığı qaba ağacların
insafsızcasına “soyqırımı” şairi pərişan
edir. “Əlləri qurusun ağac kəsənlərin.
Ağacları qurumasın yurdumuzun. Yaş kəsməyin, baº kəsməyin,
yaşı kəsmək-başı kəsmək deməkdi” –
deyir.
Ağac
motivi dastanın “Salur Qazanın evi yağmalandığı
boyı bəyan edər” boyunda belə verilmişdir: “Kafərlər
Uruzu alub qənarə dibinə gətürdilər. Uruz
aydır: ”Mərə kafər, aman! Tənrinin
birliginə yoqdır güman! Qoyun məni bu ağacla söyləşəyim”,
- dedi. Çağırıb ağaca soylamış, görəlim,
xanım, nə soylamış:
...Başın
ala baqar olsam, dibsüz ağac!
Məni sana asarlar götürməgil, ağac!
Götürəcək
olursan, yigitligüm səni tutsun, ağac!
Bizim eldə
gərək idin, ağac!
Qara hindu qullarıma buyuraydım,
Səni
para-para toğrıyalardı, ağac!
Göründüyü kimi, Məmməd Araz öz
şeirində dastanın ağac motivinin bəzi hissələrini
iqtibas etməklə şeirin təsir gücünü
artırmaq, ağaca məhəbbət hissinin qədim
zamanlardan bu günə qədər akuallığını itirmədiyini
anlatmağa çalışıb. Ağac müqəddəsdir,
ağac insanın əbədi yol yoldaşıdır. (Təəssüf ki, insan bəzən bu sadə həqiqəti
unudur, ağaca balta vurmaqla öz soy-kökünü
baltalamış olur). Şairin əsərin
sonunda gəldiyi qənaət də insanın
özünün özünə düşmən münasibətdə
olduğunu açıb göstərməkdir. Təbiətə vurduğu ziyan ilə insan
özünə ziyan vurmuş olur. Bu sadə
həqiqəti anlamaq, başa düşmək
üçün tarixin səhifələrini vərəqləmək
lazım gəlir. “Dar ağacı quranlar
ilə ağacın dibini soyanların” aqibəti həmişə
acınacaqlı sonluqla bitib. “Kitabi-Dədə
Qorqud” dastanlarının da təlqin etdiyi ibrətamiz nəsihətlərdən
biri də budur. Xalq şairi Bəxtiyar Vahabzadənin
“Ağac” şeirinin “Dədə Qorqud” dastanlarındakı
ağac motivi ilə bağlı yazıldığı
şeirin məzmunundan, şeirdəki fikrin ifadə vasitələrindən,
bədii dilindən aydın görünməkdədir:
Dağları,
daşları yaşıllaşdırıb,
Gözəllik hissini oyadan ağac.
İnsana
şirincə yuxu bəxş edən,
Quşlara həm yuva, həm hayan ağac.
Burada ağacın insana şirin yuxu bəxş etməsi
ana arxetipi ilə bağlıdır. Digər tərəfdən,
ağacın həm quşlara yuva, həm hayan olması onu yenə
də qoruyucu ana arxetipi ilə əlaqələndirir.
Nizami Muradoğlu
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 15 iyun.-
S.14.