Dədə Qorqud obrazı və motivləri
müstəqillik dövrü Azərbaycan şeirində
3-cü
yazı
Məmməd Aslanın “Sahibin hanı” şeirində
sahibini düşmən hiyləsi ilə itirmiş atın fəryadı
eşidilir. Şeirdə Şuşanın işğalı
zamanı sahibsiz qalmış bir atın həyəcanlı
anları təsvir edilir. Dərədə
güllələr altında sağa – sola vurnuxduğu lentə
alınmış at sahibini axtarır.
Göy pərişan,
yer küskündür,
Nə pis dövran, nə pis gündür?
Yetimliyin
nə miskindir,
Səfil at, sahibin hanı?!
Şairin yaratdığı mənzərə birbaşa
“Kitabi-Dədəd Qorqud”la bağlana bilir. Şeir milli bədii
yaddaşımızı tərpədir və oxlanaraq yerdə
yaralı halda yatan sahibini – Buğacı tərk etməyən
at obrazı gözlərimiz önündə canlanır.
Şair dağlarda at kişnərtisini yada salıb ata əcdadlarını
xatırlatmaq istəyir. Tayı-bərabəri olmayan məşhur
Qarabağ atlarının nəslindən olan bu atın
döyüş meydanında güllələr altında
sahibsiz qalması, səfilliyi atın - böyük anlamda Vətənin
harayıdır. Burda dağ-daş vurnuxur,
ağaclar, qayalar titrəyir, hiyləgər düşmənin
havadarları hər tərəfdən atı da,
dağları da mühasirəyə alıb tələyə
salıblar. At gərək elə kişnəyə ki,
bütün ərzi ayağa qaldıra bilə:
Elə
kişnə, göy kişnəsin!
Ərzin
bağrına işləsin!
Hamı sənin,
sən heç kəsin-
Səfil at, sahibin hanı?!
Bilman Qüdrətin “Atları yəhərləyək”
şeiri Məmməd Aslanın yuxarıda haqqında
danışdığımız “Sahibin hanı” şeirinə
bir növ cavab kimi dəyərləndirilə bilər. Sahibsiz
buraxılan atlar təbii ki, sahiblərini gözləyir.
Şairin təsəvvüründə qalib gəlmək
üçün yenidən keçmişə
qayıtmalı, atları yəhərləyib, igidləri
döyüşə səsləmək gərəkdir.
Bu məqsədlə də şair Koroğluya xitabən deyir:
Eləyir
dad əlində,
El-oba yad əlində.
Yetiş
dəlilərinlə,
Çənlibel
yad əlində,
Atları yəhərləyək.
Telman Hüseyn “Xocalım” şeirində də “Dədə
Qorqud” igidlərini axtarır. XX əsrin
sonlarında erməni faşistlərinin azərbaycanlılara
qarşı keçirdiyi soyqırıma məruz qalan
Xocalının təkcə əhalisi olmadı, şəhərin
özü də bu bəlanın ağrılarını
yaşadı. Əsir şəhər bu
gün də işğal altında inləyir. Şair
Xocalı dərdini şəhərlə birlikdə ürəyində
dəfn edib:
Ürəyimdə
dəfn olunub Xocalım,
Gözlərimdə sel başına qalıbdı.
Hanı yurdun Bay-Becanı, Beyrəyi?!
İgid ölüb el başına qalıbdı.
Bir yurdun Bay-Becanı, Beyrəyi dar gündə, yaman
gündə köməyə gələ bilməyəndə
yurd dağılır, düşmən tapdağına
çevrilir.
Biz torpaqlarımızı itirdik,
Xocalımızı, Qarabağımızı itirdik. Bu yurdları yenidən geriyə qaytarmaq
üçün Baybecanlar, Beyrəklər, Qazan xanlar gərəkdir.
Bu igidlərin süvar olması
üçün Boz dəniz qulanları, Qıratlar,
Düratlar, Qarabağın cins atları gərəkdir.
Bu cür atlar oğuz türklərinin min illər ilə
bəsləyib, arzuladıqları şəkildə
yetişdirilməsinə nail olduqları, vaxtı ilə
“müqəddəs ata” saydıqları at növlərindəndir. Burada Bahəddin Öcəlin
“Türk mifologiyası” kitabından bir sitat gətirməyi məqbul
hesab edirik: “Yakut türklərinə mənsub qəbilələrdən
hər birinin bir müqəddəs heyvandan törədiklərinə
inandıqları və bu səbəblə o heyvanların ətini
yemədikləri başqa mənbələrdə də təkrarlanıb...
Yakut qəbilələrinin müqəddəs ataları olan
heyvanlar sırasında başlıca olaraq bunları
sayırlar: ağ ləkələri olan at, qarğa, qu, atmaca,
qartal, durna, boz inək və s.”
Məlum olduğu kimi Azərbaycan türklərində də
at əti yeyilməz, ona qayğı göstərilər və
sevilər. İslamın Azərbaycan ərazisində tez və
geniş yayılması ilə burada
şamançılıq, əcdad heyvanlara inam unudulub, sadəcə
olaraq arxaik kökləri qalıb. Amma
bununla bərabər Azərbaycanda at yetişdirmək mədəniyyətinin
böyük və əvəzedilməz tarixi var. Azərbaycan
atçılıq mədəniyyəti dünya
atçılıq mədəniyyətinə (buraya xüsusən
ingilis, ərəb, rus atçılığı daxildir)
görk olunmalı imkanlar daxilindədir. Dastanda
rastlaşdığımız maraqlı motivlərdən biri
də qurdla əlaqəlidir. “Qurd yüzi mübarəkdir,
qurdlən xəbərləşəyim”, - deyən Salur
Qazanın söyləməsində qurda xüsusi bir məhəbbətin
əks olunduğu görünür:
Qaranqu
axşam olanda güni toğan!
Qar ilə
yağmur yağanda ər kimi turan!
...Ordumın
xəbərin bilürmisin, degil mana,
Qara
başım qurban olsun, qurdum, sana!
Niyə qurd?! Qurda bu qədər məhəbbət
haradan qaynaqlanır?! Gördüyümüz
kimi “qurd yüzi mübarəkdir” deyimində
ideallaşdırılan sevginin dərin kökləri bizim
mifoloji düşüncəmizi təzələyir. Mifoloji təsəvvürdə türkün əcdadı
olmaq anlamında qurd fenomenləşdirilir. Salur Qazan
qurdun şərəfinə təriflər deyəndən sonra
axırda müraciətini “Qara başım qurban olsun,
qurdım, sana!” – deyə bitirir. Diqqət edilsə, bir qədər sonra isə qara
köpəyə “Qara başım sağlığında
eyilüklər edəm, köpək, sana!” – deyir. Fərq göz
qabağındadır. Qurd
dağıdıcı, qoyun sürüsünü didib
parçalayan, ziyan verən olsa da, sevilir, qara köpək bəyin
qoyun sürüsünü qorusa da, qurd qədər sevilmir.
Türkoloq prof. Bahəddin Öcəl yazırdı: “Qurddan
törəmə və mağaradan çıxma əfsanəsi
göytürklərin rəsmən qəbul etdikləri bir
dövlət mifologiyası kimi görünürdü”.
Əfsanəyə görə, “(göytürklərin)
ilk ataları hsi-hal, yəni Qərb dənizinin sahillərində
yaşayırdılar. Onlar Lin adlı bir məmləkət tərəfindən
məhv edilmişdilər. Yalnız
qol-qıçı kəsilib çölə
atılmış bir uşaq qalır. Bu
vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət
və yemək gətirmişdi. Uşaq da
bunları yeyərək özünə gəlmiş və
ölməmişdi. (Az bir vaxtdan
sonra) uşaqla qurd ər-arvad kimi yaşamağa
başlamış və qurd uşaqdan hamilə olmuşdu. Bundan xəbər tutan Lin əsgərləri qurdu
öldürməyə gəlirlər.
Qurd qaçıb Qərb dənizinin şərqindəki
bir dağa getmişdi. Bu dağ Kao-ç-anqın (Turfanın)
şimal-qərbində yerləşirdi. Bu
dağın altında isə çox dərin bir mağara var
idi. (Qurd buraya gəlincə) dərhal həmin
mağaranın içinə girmişdi. Qurd
burada on oğlan uşağı doğmuşdu.
(Göytürk dövlətini quran) A-şi-na
ailəsi bu uşaqlardan birinin soyundan törəmişdi”.
Demək, əcdad məsələsində Dədə
Qorqud zamanından gələn bir inam məsələsi var ki,
bu gün də müasir şairlərimizin qan
yaddaşında yaşayır, yaradıcılıqlarında
poetik ifadəsini tapır.
Xəlil Rzanın “Boz qurda öygü” şeiri bu
baxımdan diqqəti cəlb edir. Boz qurdu əcdad hesab edən şair
onu türkün arxası, dayağı, yer üzündə
qoruyucu ruhu kimi təqdim edir:
Sən mənim
əcdadımın nəfəsindən yarandın,
Döyüş günü mərdlərin nərəsindən
yarandın.
Ay... Ay...
Ay...
Tanrı
göydə qorusun, sən yerdə Türkü qoru!
Hayqır.., hayqırışından ruh alır ana
yurdum.
Yaşa,
mənim Boz qurdum,
Var ol, mənim Boz qurdum.
Məmməd Arazın “Ayağa dur, Azərbaycan!”
şeirində qurda müraciət birbaşa Dədə Qorqud
dastanlarından irəli gəlir. Vətən övladına müraciətlə
şair öz kökünə qayıtmaq, boz qurda dönmək , mübariz olmaq ideyasını
aşılamağa çalışır:
Gözünü
sil, Vətən oğlu,
Ayağa
qalx!
Üfüqünə
bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax.
Sərhədinin
kəməndinə bir yaxşı bax!
Dur,
içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur
içindən qorxağı qov,
Dur
özünü Bozqurd elə!
Rüstəm
Behrudi isə “Şaman nəvəsiyəm mən yurd yerində”
şeirində içindəki qeyri-müəyyən hissin
qüvvəsinə inanır, keçmiş şöhrətini
xatırlayır, əslinə-kökünə
qayıtmağı, qurd olmağı arzulayır:
...Qaytar sərhədləri
ucsuz-bucaqsız,
Bir vaxt
gündoğandan bədöy atları
Günəşin
dalınca kişnəyib gedən...
Geriyə dönməyən ulu yurd elə.
Ver oxu,
qoy çəkim bu yayı bir də -
Qaytar
öz əslimə məni qurd elə!
Təzədən
başlayım hər şeyi bir də!
Bu baxımdan Əli Rza Xələflinin “Qoca türkə
məktub” şeirinin ideya məzmununda da bir zaman bikir olan
türk xalqlarının arasından su
axıdılmasının təəssüfü
vurğulanır. Türkün başbiləni-şaman
öz əcdadını, millət şamanı unutduğu
andan, boz qurdu dışladığı zamandan sanki
mübarizliyini də unutdu. Qılıncı
paslandı, öz qanı axdı, amma onun
qılıncından qan axmadı. Qan axıtmaq
yaxşı əlamət deyil, amma sənin qanını
axıdırlarsa, səni ölüm gözləyir,
mübarizə bu zaman zərurətə çevrilir:
...Boz
qurdunu çağırmadı o şaman,
Bu yer üzü, o göy üzü, ay aman.
Biz bir
idik, bikir idik bir zaman,
Aramızdan
necə axdı ara su?!
Fəxrəddin Əsəd “Türkün səsi”
şeirində qeyd edir ki, boz qurdun isti nəfəsi türk
çöllərini uyudub. Zaman gələcək ki, türk
özü də yuxudan oyanıb boş qalmış
çöllərində səs salıb
dağı-daşı oyadacaq:
...Hələ
ki uyuyur çöl
İsti qurd nəfəsinə.
Bir azdan
oyanacaq
Böyük türkün səsinə.
Adilə Nəzərin “Ula, boz qurdum, ula” şeirində yatan şairin yuxusunda boz qurd ulayır. Bu yuxu böyük anlamda dünya arenasında türkün oyanmasına işarə edir. Uzun zaman fasiləsindən sonra beynəlxalq siyasi qüvvələrin məkrli siyasətini anlayan türkün özünə qayıdışı kimi boz qurdun ulayaraq onu oyatmasında el dərdi, vətən qeyrəti, bütövlük andı vəhdət təşkil edir:
Di oyat məni daha,
Yuxuda sıxılıram.
Ula, boz qurdum, ula,
Səsinçün darıxıram.
Akif Azalpın “Turan havası” şeirində qurd Alp Ər Tüngə, Maday xan ilə birgə asimanın duasını oxuyur. Tanrıdağın gədiyindən Turan havası gəlir. Bu havanın əsintisində, qurdun duasında bir ümid işığı görünür. Burada türkün özünə qayıdışı hiss edilir:
Bir səs gəlir qayaların bitiyindən,
Alp Ər Tüngə, Maday xanın dediyindən.
Qurd oxuyur asimanın duasını,
Aya baxıb Tanrıdağın gədiyindən.
Nəticə olaraq qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud” dastanları həmişə müasirdir. İdeya-süjet xətti, daşıdığı ağır çəkili məzmun və sanbalı ilə bütün zamanlarda ədəbi, tarixi arenada öz yerini mühafizə edib saxlayır. “Kitabi-Dədə Qorqud” dastanları minillər bundan öncə mövcud olan türk mənəviyyatının bütün bəşəriyyətə örnək olacaq çox dəyərli, inkarı mümkünsüz olan salnaməsidir. Müasir türk ədəbiyyatının hələ bundan sonra da “Dədə Qorqud” dastanlarından əxz edəcəyi, müasir oxucuya çatdıracağı, öyrənilməli və öyrədilməli mirası vardır. Azərbaycan poeziyası da “Kitabi-Dədə Qorqud” arxetipləri ilə zənginləşməkdə davam edir.
Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 20 iyun.- S.14.