“Əsl sənətkarlar qapılara gedib nə
isə istəyə bilmir”
Afaq Bəşirqızı:
“Gənclərə yer veriləndə korifeylər teatrdan getməməlidir”
Xalq
artisti Afaq Bəşirqızının APA-ya müsahibəsi
(ixtisarla)
- Afaq
xanım, telefonda dediniz, Sumqayıt Teatrında tamaşanız
var. Gəlin, söhbətə elə Sumqayıtdan
başlayaq...
-
Bilirsiniz ki, Sumqayıt Dövlət Dram Teatrı mənim
üçün doğma yerdir. Ömrümün,
yaradıcılığımın 15 ilini bu teatra sərf
etmişəm. Bu yaxınlarda hiss etdim ki, mənə əziz
olan bu teatra kömək lazımdır. Bunu
öz vicdanım, öz istəyimlə etdim. Əlbəttə, bu barədə cənab nazirin də
mənə təklifi oldu. Dedi ki, Afaq, teatr
üçün nə edə bilərik? İsi Məlikzadə
vaxtilə mənim üçün iki tamaşa yazıb: “Hərənin
öz ulduzu” və “Subaylarınızdan görəsiniz”. İkinci tamaşanı teatrın baş rejissoru
Firudin Məhərrəmovun quruluşunda bərpa formasında
oynadıq.
- Sumqayıt Teatrının sizin məşhurluğunuza
ehtiyacı var, yoxsa siz olmasaydınız, həmin tamaşada həqiqətən
boşluq olardı?
- Gəlin,
etiraf edək ki, təkcə teatr sahəsinin yox, hər bir sahənin
sanbala ehtiyacı var. Çünki o sanbal bir xahiş, bir
müraciət edəndə qarşı tərəf
özünə borc sayır ki, bunu hələm-hələm
söz deməyən filankəs deyib. Mən dəvət
olunanda Valeh Kərimovun tərəf müqabili olmasını
istədim. Məmnuniyyətlə razı
oldular.
- Valeh Kərimovun işdən
çıxarılmağı xəbəri doğru idi?
- Bu mətbuatın
növbəti yalanı idi. O teatrda heç kim
Valeh Kərimovu işdən çıxarmayıb. Aktyorun “kaprizi”, incikliyi olur. Valeh
özü teatrdan getmişdi. Səbəbləri
də teatra aid deyildi.
- Deyəsən,
siz də mətbuata qarşı qəzəblisiniz...
- Mətbuatda
təsadüfi adamlar çoxdur. Ancaq xoruz
döyüşdürməklə məşğuldurlar.
İncəsənətdə bir çox
adamın yeri səhv düşdüyü kimi, mətbuatda da
yeri səhv düşənlər çoxdur. Sonra da zamanı günahlandırırıq.
-
Özünüzə sual vermisiniz ki, teatr sahəsindəki təsadüfi
adamların bu yerə gəlib çıxmağında mənim
də günahım var?
- Təvazökarlıqdan
uzaq olmasın, mən qadın, ana, aktrisa kimi bu vətən
üçün nə lazımdırsa, etmişəm.
Kaş mənim etdiyimin bir misqalını bilavasitə bu
işi görməli olan adamlardan biri edərdi. Ona görə
də bu barədə özümü heç vaxt
günahlandırmıram. Mənim
vicdanım rahatdır.
- Teatr sahəsinə
hər il onlarla gənc gəlir. Onlar bu gəlirsiz sənətin yükünü
çəkə biləcəklər?
- Əlbəttə. Amma problem ondadır ki, həmin gənclər
məbədə yığılmayıblar. Onlar
ayrı-ayrı yerlərdədirlər. Ay yarım
vaxtımı “Planet Parni iz Baku” KVN Teatrının
tamaşalarına sərf etdim. Sizə deyim, orda çox
bacarıqlı uşaqlar gördüm...
- Nə
zamansa kimdənsə nəsə xahiş etmisiniz?
- Mən
heç nəyi xahiş etməmişəm, hər şeyi mənə
veriblər. Elə aktrisa olmamışam ki, nəzərdən
qıraqda qalaydım. Mənim bütün
həyatım keşməkeşli olub. Çətin
vaxtlarımda mənə ürək-dirək verən Məlik
Dadaşovun qardaşı Salman Dadaşov olub. Sumqayıt Teatrının direktoru idi, otağına
girirdim, deyirdim, çox haqsızlıq var. Məni arxayın
edirdi ki, sən bir vaxt ucalacaqsan və hər şey unudulacaq.
Aktrisanın evdən, şəraitdən,
dolanışıqdan nigaranlığı olmamalıdır.
Çünki tamaşaçı iki saat problemlərdən
azad olmaq üçün teatra gəlir.
Aktyor qayğı ilə, problemlə
tamaşaçını yükləyəndə onda biz nədən
danışa bilərik? Əsl sənətkarlar qapılara gedib
heç nə istəyə bilmir. Sadəcə,
deyirlər, niyə belədir? Daha
doğrusu, sənətkar qapıya özü
üçün yox, kimin üçünsə gedir. Mənim laqeyd qala bilməməyimdən sui-istifadə
edənlər də olub. Məsələn,
bir şeyə layiq deyil, amma istəyir, onu əldə etsin.
Biz hansısa ödülü əldə etmək
üçün sənətin əziyyətini çəkəndə,
kimlərsə gözəl şərait üçün
qapıları döyürdü. Ən
böyük hakim Allahdır. Haqqı
çatan adama görə qapıları döyməyə, zəng
edib xahiş etməyə hazıram. Çox sağ olsunlar, məni eşidirlər. Məni ən çox ağrıdan məsələni
sizinlə bölüşmək istəyirəm. Çox istərdim ki, teatr rəssamı olan xalq
artisti Tahir Tahirov prezident təqaüdü alsın. O,
heç mükafat da almır. Tahir Tahirov kimi teatr rəssamları
Azərbaycanda həmişə az olublar. Mənə elə gəlir, onun maddi ehtiyacı
ödənməlidir. Tahir Tahirov
danışmır, mən danışıram, deyirəm.
- Sizi təmin
olunmuş adam saymaq olar. Ona
görə də səhnəyə qayğılardan
uzaqlaşıb çıxa bilirsiniz. Amma
bunu gənclərə də aid etmək olarmı?
- Onlar bu
haqda mənə danışmayınca, heç nə deyə
bilmərəm. Gənclərə yer veriləndə
korifeylər teatrdan getməməlidirlər. Nəinki korifey, hətta ən zəif aktyor belə
getməməlidir. Çünki gənclər
onlardan çox şey öyrənirlər. İndiki aktyorlar toya tamada gedir, şənliklərdə
iştirak edirlər. Soruşanda da deyirlər,
ailəmi dolandıra bilmirəm. Amma mən
Afaq Bəşirqızının Sumqayıt Teatrında ürəyi
gedib, həkim gəlib ki, aclıqdandır, bir stəkan
şirin çay verin içsin. Biz
bütün günümüzü sənətə həsr
edirdik. Bu gün mənə niyə filan
şey vermədilər deyib, qışqır-bağır
salan incəsənət xadimləri bilməlidir ki,
bütün bunları qazanmaq lazımdır. Teatra gələn
gənc bilməlidir ki, burda maaş
çox azdır. Mən Afaq Bəşirqızı 250 manat maaş alıram. Gənc
bütün bunları nəzərə almalıdır.
Bir məşhur aktyor var, beş il mənimlə
bir partada oturub. O, teatrda çalışır, axşamlar da
qarajda gözətçi işləyir.
- Siz bunu
nümunə kimi göstərirsiniz? Və sanki
tamadalıq pisdir, qarovulçu qalmaq yaxşı şeydir?
- Ailəsini
dolandırır. Söhbət tamadalığa
pis baxmaqdan getmir. Mən sənətkarı
toyda görmürəm. Aktyor toyda kiminsə
artıq-əskik sözünü götürə bilir, amma
vağzalda yük daşıya bilmir?
Aktyor sənəti qurbanlıq sənətdir. Rza
Əfqanlı deyirdi, aktyor evlənməməlidir. Bir otaqlı evi olmalıdır, vəssalam, orda rolunu
məşq etməlidir, sənəti haqqında
düşünməlidir. Mən də
qurbanlığam, istədiyim sənəti əldə edə
bilmədim. Şərqşünas olmaq istəyirdim.
Tapşırılmamışdım, tarix müəllimi
3 yazdı. İlk dəfə onda dedim ki, Bəşir Səfəroğlunun
qızıyam. Türk dilinə yönəltmək
istədilər, istəmədim. Allah
Müxlis Cənizadəyə rəhmət etsin, onun dəvəti
ilə incəsənətə gəldim.
- Son
vaxtlar çəkilən komediya filmlərinə
baxırsınız?
- Cəmiyyətdə
komediyaya aclıq var. Amma çəkilən bu komediyalara yox. Həddindən artıq qeyri-peşəkarlıq var.
Pis bilirsiniz nədir? Mənə nümunə
göstərirlər ki, hansısa aktyor günü filan qədər
pula çəkilir, amma siz razı olmursunuz? Pulu artırırlar, yenə istəmirəm. Çünki bəhanə edirəm. Ssenari xoşuma gəlmir və vəziyyətdən
çıxmaq üçün qonorarı yüksək deyirəm.
Ssenari xoşuma gəlsə, ümumiyyətlə,
pul almaram. Mənim əziyyətlə
qazandığım adım var, onu pula qurban verə bilmərəm.
Mən reklama çəkilmirəm. Bir firmadan zəng vurdular ki, üç dəqiqəlik
reklamdır, istəyirik siz çəkiləsiniz. Amma başqa bir aktyora da demişdilər. Zəng
vurdum həmin aktyora, dedim, elə bir qiymət deyəcəyəm,
onlar məni yox, səni çəkəcəklər, qorxma. Çünki onun ehtiyacı var idi. Sonra zəng vurdu ki, nə istədimsə, onu da
verdilər. Mən sevdiyim, sanbalına
inandığım aktyora hər cür kömək əlimi
uzadıram.
-
Serialları izləyirsiniz?
- Məni
onlarla düşmən etməyin. Heç birinə
baxmıram.
- Bir
zamanlar Azərbaycanda müstəqil teatrlar
yaranmışdı, amma onlar zamanla ayaqlaşa bilmədilər.
Bunun səbəbi nə idi?
-
Ayaqlaşma məsələsi deyil, sadəcə, o
teatrların konsepsiyası yox idi. Hər bir
teatrın özünün nizamnaməsi olmalıdır.
Mən burda yaratdığım teatrın sədası
ilə Moskvadakı teatrı yaratdım. Həmin
teatr indi də fəaliyyətdədir. Sadəcə,
mənim səhhətimlə əlaqədar akademik məzuniyyətdədir.
“Bəşir Teatrı” Rusiyanın 67 şəhərində
və 11 ölkədə çıxış edib.
- Afaq
xanım, sizi televiziya tamaşaları və filmlər məşhur
etdi. Bu mənada demək olarmı, teatra yox,
televiziyaya borclusunuz?
- Mənim
zirvəyə çatmağımda əziyyəti keçən
insanların olduğunu deməsəm, nankorluq olar. Bütün tanımış aktyorlar AzTV-yə
borcludurlar. Mən AzTV-ni həmişə
özümə isti ocaq bilmişəm. Aktyorlar Ramiz Həsənoğluna,
Tariyel Vəliyevə borcludurlar. Şərif
Qurbanəliyev mənim həyatımda çox böyük rol
oynayıb. İncəsənət sintetik sənətdir.
Aktyorun yetişməsi üçün səhnə
arxasında qalan qrim ustasının, dekorçunun, fəhlələrin
də rolu var. Əvvəllər öz rollarıma
baxmırdım, amma son vaxtlar oturub izləyirəm.
-
Özünü təsdiq edən aktyorlar bəzən rejissor
quruluşuna düzəliş vermək istəyir, özlərinə
monoloq yazdırmaq eşqinə düşürülər. Olubmu, rejissorla razılaşmayıb öz fikrinizi məcbur
qəbul etdirəsiniz?
- Əgər mən tamaşanın quruluşunu
düzgün görürəmsə, onu rejissora
inandırıram. Hər zaman etikanı gözləyib
rejissorun fikrinə üstünlük vermişəm. Amma
bəzən görürsən ki, rejissorun qurduğundan daha
canlı ifa edə bilirsən və müştərək
iş gözəl alınır. Heç bir
rejissordan küsməmişəm, mübahisəmiz olmayıb.
- Amma nədənsə
cəmiyyətdə “kapriz”li insan obrazınız
formalaşıb...
- Ortabab və
aşağı ilə aram yoxdur. Mənim üçün hər şey mütləq
VİP olmalıdır. Hamını başa salıram ki, iş gözəl olmalıdır. “Kapriz” o deyil ki, tamaşanı yarımçıq
qoyasan, məşqə gəlməyəsən və s. Belə
şeylərdən uzaq olmuşam.
Rejissorla olmasa da, rəssamla mübahisələrim olub. Nə barədə?
Teatr rəssamı aktyoru rejissordan daha çox nəzərə
almalıdır. Bir də görürsən,
gözəl rəssamdır, dəvət ediblər teatra,
deyir, geyim seçməyə ehtiyac yoxdur, nə istəyirsiniz,
geyinin. Mən də deyirəm, yeriyə
bilmirsənsə, ayaqqabı geyinmə. Sən
ayaqyalınsan, amma klassik tamaşada rəssam işi görmək
istəyirsən. Üzeyir Hacıbəyovun
tamaşasında Rembrandtın ekstravaqant əsərini divardan
asır. Tamaşaya dəxli yoxdur e,
başa düşürsünüz? Əgər
bunlar “kapriz”dirsə, onda hə, sizin dediyiniz kimiyəm.
- Məşhur
olmağınızı nə vaxtdan hiss etdiniz?
-
1990-cı ildən sonra “Bəxt üzüyü” tamaşası
ilə məşhur oldum. “Bəxt
üzüyü” tamaşası filmdən qat-qat güclü
idi. Tanınmaq isə 1983-cü ildə
“Evləri köndələn yar” teletamaşası ilə olub.
90-cı illərdən artıq insanlar
küçədə məni tanıyıb
yaxınlaşır, söhbət edir, avtoqraf alırdılar.
- Belə
şeylər indi də olur?
-
Düzünü deyim, indi səhhətimlə əlaqədar
küçədə piyada gəzmirəm. Ola bilər, iraq olsun, mənə qarşı olan diqqət,
sevgi səngisin, unudulum. Hər bir sənətkar
bunu fikirləşməlidir. Jurnalist sənin
yanından laqeyd keçəndə içəridən “mən
burdayam” hayqırtısı gələ bilər.
-
İnanmıram, sizin taleyinizdə belə olsun...
- Əvvəlki kimi çılğınlıq, repertuar
bolluğu olmasa da, ildə bir solo tamaşa oynayıramsa, bu mənim
özümə olan diqqətimdir. Mən arenadan hələ
düşmürəm.
- Amma
fikirləşmirsiniz ki, gəncliyin gətirdiyi məşhurluğu
xərcləməklə məşğulsunuz?
- Əgər
bu günün gəncləri 20 Yanvarın hansı hadisə
ilə bağlı olduğunu bilmirsə, Xaçmazı
Qarabağ zonasından hesab edirsə, Aleksey Batalovu
tanımırsa, əlbəttə, onlar məni də
tanımaya bilərlər. Küçədə-bazarda
kimsə məni tanımasa, bu məni narahat etmir.
- Sizi Nəsibə Zeynalova ilə müqayisə edənlər
də var. Necə hissdir?
- Mənim Nəsibə Zeynalovaya çatmağıma
çox var. Ona görə də bu müqayisə
düzgün deyil.
- Mədəniyyət
və İncəsənət Universitetindən niyə
uzaqlaşdınız? Siz də universitetin tələbələrinin
səviyyəsindən razı deyilsiniz?
- Dərs demək istəmədim. Mən rektor
Fərəh Əliyevaya çox ümid edirəm.
İnanıram ki, hər şey yaxşı olacaq. Dəvət
olsa da, dərs demərəm. Yorğunam. İşlərimi də,
yaşayışımı da qrafiklə edirəm...
Xalq Cəbhəsi.- 2017.- 23 iyun.-
S.13.