Türk xalqlarının inanc
yaddaşı – xalçaçılıq
Dekorativ incəsənətin əsasları qədim
dövrlərdən bəri formalaşmağa başlayaraq
müxtəlif mərhələləri keçib. Sadədən
mürəkkəbə doğru stilizə edilmiş dekorativ
formaların incəsənətdə öz əksini
tapması, zaman və məkan daxilində insan təfəkkürünün
təbiətlə qarşılıqlı münasibətlərindən
doğan amillərlə bağlıdır. Dekorativ incəsənətdə xətt
anlayışının tam şəkildə dərk
olunması mümkün deyil. Amma onun əsas
mahiyyəti özül olması ilə əsaslanır. Bu baxımdan şaquli düz və qırıq xətlərin
rəmzi xüsusiyyətləri maraq doğuran məsələ
kimi meydana çıxır. Hələ ən
qədim dövrlərin qayaüstü, daş və
sümük, dulusçuluq, toxuculuq və digər dekorativ sənət
nümunələri üzərində həkk olunmuş
şaquli düz və qırıq xətli təsvirlərin
olması bu timsalda özünəməxsus yer tutur. Adi şaquli düz və qırıq xətlərlə
təsvirlənmiş və diqqət göstərmədiyimiz
qədim daş oymalar, keramik qablar, xalı – xalça və
digər dekorativ sənət nümunələrinin
daşı¬dığı simvolik mənaların öyrənilməsi
həm də onların nə üçün düzəldiyini,
eyni zamanda gərəkliyini aşkar etməkdə müstəsna
əhəmiyyət kəsb edir.
Arxeoloji
qazıntılar zamanı əldə olunmuş üzərində
dekorativ vasitə kimi cızma bəzək üslublu gil və keramik qablar Azərbaycan türklərinin
məişətində xüsusilə geniş
yayılmışdı. Əsasən
qabların boğaz və çiyin hissələrində
şaquli düz və qırıq xətlərin
cızılaraq naxışlanması elə “yağış”
kultuna inamın təcəssümü idi. Tək, paralel
şaquli zolaqlar və yaxud daraq dişləri kimi bir-birinə
yaxın qırıq şaquli xətlərin cızma bəzəyi
olması insanı bir az fərqli
düşünməyə vadar edir. Bəzi qab
nümunələrində cızma bəzəyi ritmik surətdə
təkrarlanan şaquli istiqamətli batıqlarla da əvəz
olunurdu.
Şaquli düz xəttin “dirək” simvolu qismində
keramik qablarda təsvir olunması çox maraqlı təsəvvür
yaradır. Məsələn,
Azərbaycanın Dərəzəmin ərazisindən
tapılmış eradan əvvəl VII-VI əsrlərə
aid olan dolçanın gövdə hissəsində cızma
üsulu ilə təsvir edilmiş şaquli düz xətlərin
sıralı şəkildə düzümü “dirək”
kultunun ən yaxşı nümunələrindən hesab oluna
bilər. Bu qabda əsasən su və
yağış kultunu ifadə edən cizgilərdən fərqli
olaraq, “dirək” kultunun elementi, qabın aşağı yəni
gövdə hissəsində təsvir edilməklə
tanınır. Çünki çox vaxt
“yağış” işarəsindən fərqli olaraq qabların
boğaz hissəsində suyu təmsil edən üfüqi
düz və ya qırıq xətlər təsvir olunurdu.
Bu da ayin və mərasimlərin tələbindən
irəli gəlirdi. Qədimdən bəri
türkdilli xalqların xalça sənətində
özünəməxsus ənənələr var. Əsrlərdən
əsrlərə ötürülən bəlgələrin,
rəmzlərin xalçalarda ornamental və ya işarə
kimi yer alması sistemli şəkildə inkişaf edib və
kodlaşdırılıb. Bəzən
çox sadə quruluşa malik olan xovlu, yaxud, xovsuz
xalçaların daşıdığı rəmzi mahiyyətləri
dərk etmədən ötüb keçirik. Ancaq hər bir naxışın hətta texnoloji
üsulun belə düşüncə əsasında
yaranmasına şübhə etmək olmaz. Bu xüsusda xovsuz xalçalardan “palaz” və “cecim”
adlanan toxuculuq nümunələrinin toxunuş üsuluna diqqət
yetirilməsi kifayət edir.
Cecim və palazın oxşarlığı onların
zolaqlarının olması ilə bağlıdır. Lakin cecimin
zolaqları üfüqi deyil, şaquli düz xətt şəklində
toxunur. Burada sanki palazın üfüqi
düz xətli, cecimin isə şaquli düz xətli
olması bir-birini tamamlayır. Və
onları fərqləndirən əsas cəhət texnoloji
xüsusiyyətləridir ki, bu da onların
qarışdırılmasına təsir etməz.
Çünki hər bir məmulatın özünə
görə funksiyası və təyinatı var. Bu sırada
Cecimin bədii quruluşunu təşkil edən elementlər
onun “dirək”, “Qaba ağac”, “su”, “yağış”, “Yada
daşı” və “ilan” simgələri ilə əlaqəli
olması bu fikirləri söyləməyə imkan yaradır.
Azərbaycan türklərinin məişətində
cecim çox əhəmiyyətli həm də ritual xarakterli
toxuculuq məmulatı hesab olunub. Cecimin sadə
zolaqları şaquli şəkildə toxunduğuna görə
onun yerdən göyə yönəlməsi insan təfəkküründə
yuxarıya doğru hərəkəti ifadə etməklə
“dirək”, “yol” anlayışını
formalaşdırır.
Xovsuz
toxuculuq sənətində cecimlərin zəngin ənənə
əsasında yaradılan kompozisiyaları, şaquli düz və
qırıq xətt simvollarının timsalında
Oğuz-türk təfəkkürünün sirli
dünyasından qalan irs tək, dekorativ
incəsənətin dürlü nümunəsi kimi əcdadlarımızın
mirasıdır. Və şaquli düz və
qırıq xətt anlayışının
qavranılmasında cecim əvəzsiz dekorativ sənət
nümunəsidir.
Dekorativ incəsənətdə məhdud həndəsi
şaquli düz və qırıq xətt anlayışı
müxtəlif ölçülərdə əksər
xalçaların kompozisiya quruluşlarında əsas, köməkçi
və doldurucu elementlər kimi iştirak edir. Demək olar, xalça
kompozisiyalarına məxsus bütün haşiyələrin,
şaquli düz xətt boyunca tərtib olunmuş hissəsində
“tək su”, “içli su”, “qoşa su”, “köhnə su”, “enli
su”, “kəsmə su”, “çox zolaqlı”, “siçan dişi”
(qırıq xətli), “alamuncuq” (qırıq xətli) və
digər adlarla adlandırılmış elementlər “dirək”,
“göy suyu” (şəlalə), “yada daşı”
(yağış), göz və nəzərdən qoruyan
“şüvül”, “sütun” timsalında semantik məna
daşıyıcılarıdır.
Digər
xalçaların haşıyəsindən asılı
olmayaraq, bəzi xalça kompozisiyalarının ara sahə hissəsində şaquli düz və
qırıq xətt simvollarını ifadə etdirən
elementlərin iştirakı bir çox mətləblərdən
xəbər verir. Əsasən ritual tipli “Ağaclı”,
“Sütunlu”, “Namazlıq”, “Məkkə-Mədinə” və
başqa Sufi mənşəli xalçalar da “Qaba ağac” və
“sütun” elementi simasında əksər xalça
kompozisiyalarının quruluşunda yer almış və
simvol xarakterli əsas elementə çevrilib. Burada
“sütun” anlayışı türkdilli xalqların təfəkküründə
“Qaba ağac” (dirək) məfhumundan qaynaqlanmış mifik
obrazdır. Bu simvol dünyanın müqəddəs
oxu, ilahi güc, həyat və kosmik enerji, saxlayıcı,
qoruyucu, həmçinin, etibarlılıq rəmzi kimi məşhurdur.
Güclü və cəsarətli Oğuz qəhrəmanlarının
çox vaxt “Qaba ağac” la əlaqələndirilməsi
heç də təsadüfdən deyildir. Bəzən
Oğuz Alplarının aşıb-daşan
gücünün, “ağaca” bağlanması ilə daha da
artması, hətta həmin ağacın kökündən
çıxarılmasına səbəb olub və həmin
Alpların özünün “Qaba ağaca” çevrilməsi
obrazını, “Kitabi-Dədə Qorqud”dakı Qaraca çoban
obrazından görmək mümkündür. Məhz
buna görə əfsanəvi Oğuz Alplarına evin, elin,
yurdun dirəyi deyilmiş və obrazlaşıb.
Qədimdən bəri ağac dirəklərin sonrakı
mərhələlərdə daşdan yonulmuş
sütüna çevrilməsi, insanların məfkurəsində
daha geniş rəmzi mahiyyətləri özünə cəzb
edərək, meydana çıxdı. “Sütun”
memarlıq simvolu kimi həm də dekorativ incəsənətin
bütün sahələrində bu və ya digər şəkillərdə
obrazlaşmaqla zəngin, simvollar təbəqəsi yaratdı.
Hətta “sütun”lar say və qrup
halında belə müxtəlif mənaları ifadə etmək
xüsusiyyətlərinə malik oldular. Xalça
sənətində çox nadir hallarda bəzi
xalçaların kompozisiya quruluşunda, “sütun” elementinin
heç bir elementə qoşulmadan təsvir edilməsinə
rast gəlmək mümkündür. Bu
tipli xalçalara yalnız sujetli və memarlıq səhnələrindən
ibarət olan kompozisiyalarda təsadüf olunur. Amma tağlı xalça kompozisiyaların
quruluşunda isə paralel şəkildə tərtib
edilmiş sağ və sol sütun vasitəsi ilə birləşərək,
“Qaba ağac” anlayışından yayınmaqla mənasını
dəyişir. Türk-Oğuz mədəniyyətində
isə “Qaba ağac” başsız və ayaqsız dirək simgəsinin
timsalında öz əksini tapır:
Başına
doğru baxar olsam, başsız ağac,
Dibinə doğru baxar olsam, dibsiz ağac.
Bu baxımdan türkdill xalqların xalçalarında
sütunlu xalça kompozisiyaları quruluşuna görə mənasını
və ifadə üsulunu dəyişir. Eyni zamanda onu
da qeyd etmək lazımdır ki, “Qaba ağac” obrazlı
xalça kompozisiyaları vaxtı ilə ayin və mərasimlərdə
istifadə edilirdi. Lakin orta əsrlərdən bəri
“ağaclı” adlı xalça kompozisiyalarının daha da
təkmilləşməsi və “Qaba ağac” obrazına
müxtəlif elementlərin əlavə edilməsi həm də
ilkin məna daşıyıcılığının dəyişməsinə
səbəb oldu. Sütun elementi çox vaxt
qapalı mühitin “Qaba ağac” isə sonsuz mühitin elementi
kimi çıxış etmək xüsusiyyətləri ilə
seçilir. Bu da şaquli düz xətt məfhumunun
“Qaba ağac” simasında daşıdığı mənaların
oxşar əlamətləri ilə bağlılıqdır.
Və belə əlamətlərin izlərini
dastan və xalq folklorunda da görmək mümkündür.
Xovlu xalçalar sırasında “Məkkə-Mədinə”
adlı Azərbaycanın Şirvan xalçasında məhdud
şaquli düz xətlərdən məharətlə istifadə
edən sənətkar, “sütun” (dirək) elementinin məna
yükünü dərk edərək bu xalçanın
kompozisiya quruluşunu göstərmək istəyib. Sütün (dirək)
elementinin sufi xalça kompozisiyalarında
istifadə olunması barəsində qeyd etmişdik. Ancaq bu tipli xalçaların kompozisiyasında
sütunun element olaraq nə məqsədlə istifadə
olunması bildirilməyib. Xalça sənətində
tam və hissə anlayışı kompozisiyaların
qurulmasında mühüm rol oynayır. Amma bu
anlayış da sufi xalçalarında fərqli
şəkildə nəzərə çarpır. Bu nöqteyi nəzərdən biz bilirik ki, tam və
hissə sistem və element anlayışları ilə
çox yaxındır. Lakin onları eyniləşdirmək
doğru deyil. Belə ki, tam öz həcminə
görə sistemlərdən məhduddur. Çünki
tamlıq keyfiyyətinə malik olan sistemlər ilə
yanaşı digər sistemlər də mövcuddur. Digər tərəfdən “tam” anlayışı
daha çox kompozisiyanın vəhdətini ifadə edir.
Sistem anlayışı isə vəhdət ilə
yanaşı həm də kompozisiyanın rəngarəng əlaqələrinə
şərait yaradır.
Məzmun və forma bu mövzuda işlənən
xalçalarda onun mühitini və xarakterini müəyyən
edən elementlərin məcmusu və qarşılıqlı
təsiri kimi başa düşülür. Xalçanın
da məzmunu, onun quruluşunda tərtib edilmiş element və
naxışların süjetidir. Məzmunda
da struktur mərkəzi yeri tutur. Çünki
eyni tərkibli elementlərin birləşməsi
üsulundakı fərqlər, müxtəlif və
ayrı-ayrı elementləri yaradır. Forma
isə bu və ya digər məzmunun sahmanlı
düzülüş prinsipi, mövcudluğu üsuludur.
Məzmun kompozisiyanın bütün elementləri
və məcmusu olduğu üçün, formaya münasibətdə
daha dəyişkəndir. Forma isə
elementlərin qarşılıqlı əlaqələrinin
üsulu və xarakteri kimi dayanıqlıdır. Məhz
bu baxımdan “Məkkə - Mədinə” adlı sufi xalçasında bədii formanın məzmuna
uyğun gəlməsinə diqqət yetirilmiş və məzmun
ilə formanın vəhdətini qoruyublar.
Xalçanın
kompozisiya quruluşunda ara sahədəki
paralel şəkildə tərtib edilmiş bölmələr
sufizmə görə həqiqətə çatmanın
dörd mərhələsinə (şəriət, təriqət,
mərifət, həqiqət) işarədir. Və
hər bir mərhələ tərtib edilmiş element və simvolik
işarələri ilə birlikdə, “sütun” elementinin
üzərində qurulmaqla xalçanın məzmununu sufizm
ideyalarına bağlamaqla düşündürücü və
gözəl kompozisiya yaranıb. Bu cür dini mövzuda
toxunan “sufi” xalçalarında “sütun” motivinin əsas
elementlərdən biri olaraq verilməsi həm də “dirək”
kultu ilə də səsləşə bilər. Burada bizi cəlb edən damaltı sözüdür
ki, bu da “sütün” (dirək) üzərində qurulur.
Hətta həmin damaltı kimi təqdim edilən
yerin çadıra bənzər şəkildə
qurulduğunu da zənn etmək olar. Türklər
çadıra alaçıq mənasında “alaçu”
deyirdilər alacıqların da Şərq dünyasında məşhurluğu
onun etibarlılığı və mərkəzi sütunu
(dirək) ilə bağlıdır.
Məmmədhüseyn
HÜSEYNOV
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 30 iyun.-
S.14.