« Pişəvərini qeyri -adi gələcək
gözləyirdi. . . »
Suğra xanım Azəri (Cavadzadə) - 21 Azər Hərəkatının
lideri, Azərbaycan Demokrat Firqəsinin qurucusu və rəhbəri
Seyid Cəfər Pişəvərinin bacısıdır. Hər iki Azərbaycanda
yaşayıb, işləmişdir. İctmai-siyasi
fəaliyyətə maraq göstərib, ADF-nin fəal üzviərindən
olub, ictimai işlərdə çalışıb. Həyat yoldaşı Mirağa Azəri Azərbaycanın
hər iki tayında, Dəmiryolu və körpüsalma üzrə
mühəndis işləyib. Bu gün Azərbaycanda
inşa edilmiş bir neçə körpü onun adı ilə
bağlıdır. İş elə gətirmişdi ki,
Suğra xanım qardaşı Seyid Cəfər Pişəvəri
ilə təkcə uşaqlıqda deyil, sonralar da uzun müddət
ailəlikcə bir yerdə yaşayıb, qayğıkeş
bir bacı kimi Pişəvərinin həmdərdi və
sirdaşı olub. Onun Pişəvəri ilə bağlı
xatirəsini təqdim edirik:
- Seyid Cəfər
ailədəki beş uşaqdan ikincisi idi.
Avqust ayının 13-də doğulmuşdu.
Kəndin başbiləni Mirdamət (onun
qabaqcadan hər şeyi görmək qabiliyyəti vardı)
atama demişdi ki, bu uşaq çox ağır gündə
dünyaya gəlib. Uşağı qada-baladan uzaq eləmək
üçün yeddi il onun özü
ağırlığında sədəqə
paylanmalıydı. Gələcəkdə onun
başına nələr gələcəyini təkcə
Allah bilirdi. Təzə doğulmuş
övlad haqda bu sözləri eşidən atamla anam çox kədərlənmişdilər.
Yeddi yaşına qədər hər il onu
tərəzinin bir gözünə çıxarır, o biri
gözünə isə özü
ağırlığında düyü, buğda və s.
qoyurdular.
Beş yaşında artıq yazıb oxumağı
bacarırdı. Mütaliə etməyi çox sevirdi.
Bəzən onu oynamağa çağıranda
bacısına deyirdi ki, get özün tək oyna, mənə
qarışma. Ədəbiyyat, tarix, fəlsəfəyə
aid əlinə nə kitab düşürdüsə,
hamısını oxuyurdu. Çox
güclü hafizəsi vardı. Molla
atasına onun Bağdadda təhsil almağını məsləhət
görmüşdü.
Suğra xanımın sözlərinə görə
atası kənd təsərrüfatı işləri ilə
məşğul olurdu. Payızın sonu və qış aylarında işi az olduğundan işləmək
üçün Quzey Azərbaycana, Rusiyaya gedərdi:
- Ata tərəfim
Xalxalda məşhur olan Təbatəbai seyidlərindən idi.
Atam çox zəhmətkeş idi. Kənddə hamı ona hörmətlə
yanaşırdı. Zeyvə kəndində kənd əhli
qaçaq-quldur əlindən cana gəimişdi.
Hər payız yığılan məhsulu talan
edib aparırdılar. Elə olurdu ki, kəndliyə
əkmək üçün toxumluq da saxlamırdılar.
Seyid Cəfər bunları görüb deyirdi ki, mən
belə yaşamaq istəmirəm, mən bu həyatı dəyişmək
istəyirəm. On yaşlı uşağın söylədiklərinə
böyüklər o qədər də əhəmiyyət
vermirdilər.
1905-ci ildə Bakıya köçürlər. Bülbülədə
yaşayırdılar. Seyid Cəfər də
Bülbülədəki yeni məktəbə gedirdi. Bir neçə aydan sonra müəllimi
atasını çağırıb deyib ki, mən
bacardığımı ona öyrətdim, nə kitab verirəmsə,
hamısını bilir, hafizəsi güclüdür,
çox irəli gedəcək. O, əmək fəaliyyətinə
də çox erkən başlamışdı. Seyid Cəfər oxuduğu məktəbdə həm
də işləyirdi - zəngi çalır, qapı-pəncərəyə
diqqət edirdi. 13-14 yaşlı bu
oğlana müəllimlər hərdən dərs keçməyi
də etibar edirdilər.
Sonralar təhsilini Sabunçuda davam etdirdi. O vaxtlar İrandan
çörək pulu qazanmaq üçün Bakıya
çoxlu kəndlilər gəlirdi. Səhər erkəndən
işə gedən fəhlələr 200 qram ət, l00 qram
noxud, bir dənə soğanı içində su olan
saxsı bir bardağa atıb, balaca bir həyətdəki
sobanın üstünə qoyur, axşam da gəlib onu
götürüb yeyirdilər. Qazandıqları
bir manatla dolanır, hələ ondan İrandakı ailələrinə
də göndərirdilər. Neft
quyularında işləyirdilər. Quyunu
qazanda əvvəl qaz çıxırdı, çox vaxt
biçarələr qazdan boğulub, elə oradaca can verirdilər.
Suğra xanım özü də bütün bu
olayların şahidi olmuşdu.Köks ötürüb deyirdi
ki, Seyid Cəfər İranda quldur-qaçaqların
onların başına açdıqları oyundan bura
qaçıb gəlsələr də, burada da bir gün
görmürdülər. O belə şeyləri çox
görmüş və bu haqda çox fikirləşmişdi.
İnqilabi ruh da onda belə halları
gördükdən sonra yaranmışdı.
Bizdən tez ayrı düşmüşdü. Üzünü
çox vaxt evdə də görmürdüm. Qazanıb yığdığı pullara da
Xırdalanda iki otaq kirayələmişdi. İranlı fəhlələrin yaşadığı
yerlərdə elanlar yapışdırıb onları
könüllü açdığı kurslara (onlar pulsuz idi)
dəvət edirdi. Gün ərzində elə
olurdu ki, tələbələrlə 2-3 növbəli dərs
keçirdi.Atam onu danlayıb deyirdi ki, çox çətin
işdən yapışırsan, bacarmazsan. O isə atama
qulaq asmırdı. Beləcə üç il
müəllimlik etdi. Əslində atamın ona
təsiri daha çox olmuşdu. Atam Səttar
xanın yaxın mücahidlərındən idi. Hələ o vaxtlar atamla dostları arasında fədailər,
inqilabçılar barədə söhbətlər olurdu.
11-12 yaşlı Seyid Cəfər də həmişə
onların qulaq yoldaşı olardı. Söhbətə
qarışıb bir söz soruşanda ona gülüb deyərdilər
ki, sən belə şeyləri bilmək üçün hələ
çox kiçiksən.
O vaxt təkcə
böyük bacım öz ailəsi ilə birlikdə bu taya gələ
bilməyib İranda qalmışdı. Seyid Cəfər
arada vaxt tapıb bacımı Bakıya gətirmək
üçün İrana getmişdi. Lakin
o vaxtlar kəndlərdə yayılan amansız qızdırma
xəstəliyi bacımı və onun ailəsini
yaxalamışdı, xəstəlikdən heç biri salamat
qalmamışdı. Bu faciə ailəmizə,
xüsusilə Seyid Cəfərə çox pis təsir
etmişdi. O bir müddət xəstə düşmüşdü...
İki bacı, üç qardaş olmuşuq. Qeyd etdiyim kimi
böyük bacım qızdırma xəstəliyindən bizi
vaxtsız tərk etdi. Xatirəsini
yaşatmaq üçün adını böyük
qızıma qoydum. Həyat yoldaşım çox səmimi
və ciddi adam idi. Seyid Cəfərlə
yaxın dost idilər. O biri qardaşlarımdan biri həkim,
biri isə mühəndis idi. Mirsəlim əvvəllər
«Hürriyyət» qəzetində məqalələr
yazırdı. Peterburqda oxumuş dəmir
yolu, su, şosse yolu üzrə mühəndis olmuşdu.
Bakıda o vaxtlar içməli su məsələsi
çətin idi. Tək-tək dövlətlilərin
həyətində su olardı. Suyu
Zeynalabdin Tağıyev çəkdirmişdi. Sonralar Şamaxı və Quba tərəflərdən
Bakıya su çəkilməsində onun böyük rolu
olub. Kiçik qardaşım Mirxəlil uzun müddət
Bakıda Musa Nağıyev adına xəstəxananın
IV korpusunun müdiri olub. Həm də Tibb İnstitutunda dərs
deyirdi...
Seyid Cəfər elə uşaqlıqdan çox
mütaliə edirdi. Dünya malı, var-dövlət onu
heç maraqlandırmırdı. Evdə,
çöldə işləməklə arası yox idi.
Anam da onu həmişə elə bu xasiyyətinə
görə danlayardı. Hərdən
yanına dost-yoldaşları gələndə ya
qızğın mübahisələr edər, ya da teatr oyunu
çıxarardılar. O vaxtlar İranda teatr-filan yox
idi. Yeganə tamaşaçıları da mən
olardım.
Birinci dünya müharibəsi gedən zaman
yaşayış çox ağırlaşmışdı. Bir yandan da erməni-
müsəlman davası camaatı yaman günə qoymuşdu.
O nankorlar həmişə bayram vaxtı Novruzda quldurluq edir,
evləri soyur, araya qan salırdılar. O vaxtlar bu hadisəylə
bağlı kədərli bir şeir dillərdə
dolaşırdı. Adı gərək ki,
«Yaşardı gözəl əsgərlərimizin
gözü» idi.
***
Seyid Cəfəri qəzaya salanda bir ermənidən
istifadə etdilər. Mənim bir cavan oğlum da 23 yaşında bir erməni
hiyləsinin qurbanı oldu...
Qardaşımın gördüyü ictimai-siyasi işlərindən
çox yazıblar. Onunçün də bu barədə
çox danışmayacağam. İlk məqaləsi
gərək ki, «Yoldaş» qəzetində
çıxmışdı. Sonralar
özü də qəzet çıxarırdı. Seyid Cəfər şah sarayına yaxın bir
qızlia evlənmişdi. Atası
şahın etibar etdiyi məmurlardan idi. Anası
isə Tiflis türklərindəndi. (yəni
azərbaycanlı). Çox gec evlənmlşdi,
peşəkar inqilabçı idi. Sarayla əlaqəsi
olan qızla evlənmişdi ki, saraya nüfuz edə bilsin.
Seyid Cəfər işi ilə bağlı bir yerə
gedəndə Məsumə mənim yanımda qalardı. Seyid Cəfərə
qarşı çox nəzakətli, qayğıkeş idi.
Onun işlərinə qarışmaz, onun
rahatlığı üçün həmişə şərait
yaradardı. Məsumə xanım yaxşı tar
çalardı. Bircə oğulları
qaldı. Atasının evdən son
gedişində oğlu Dəryuşun 20 yaşı vardı.
Həyat yoldaşının müəmmalı
ölumündən sonra Məsumə xanım Bakıda qala
bilmədi. Dəryuş da sonra bibisi
qızı - yəni mənim böyük qızımla evləndi.
İki övladları oldu. Biri
atasının, o biri isə anasının sənətini
seçib, mühəndis və həkim oldular. İndi Almaniyada yaşayırlar.
***
Mənə bəzən qardaşımla bağlı qəribə
suallar verirlər. Onlardan biri də S.C.Pişəvərinin
vəsiyyətnamə yazıb-yazmaması ilə bağlıdır.
Onun axı, cəmi 55 yaşı var idi. Bizim Şərq aləmində vəsiyyəti adətən
ölümqabağı yazıb qoyurlar. Bunu
da adətən ahıl, yaşlı, bir də teziklə
öləcəyini bilən və duyan xəstə adamlar edirlər.
O,
ömrü boyu çox əziyyətlərə
qatlaşmışdı. On bir il «Qəsri-Qacar»
həbsxanasında saxlanılaraq işgəncələrə
dözmüşdü. Oradan çıxanda onu
çətinliklə tanıya bildim. O ağbəniz idi,
iri gözləri vardı. Uşaqların
içində ən gözəgəlimlisi idi - zahiri anama
çəkmişdi. Zindandan azad olanda
qarayanız olmuş, gözləri alacalanmışdı.
Azərbaycan Milli Hökumətinin qələbəsindən
çox fərəhlənirdi. Yetim
uşaqları küçələrdən
yığışdırmış, kəndlilərə
torpaq paylamış, qadınlara hürriyyət vermiş,
türk dilli məktəblər açdırmışdı.
Biz o zaman ailəmizlə İraqda idik. Yoldaşım Sultanabadda dəmiryol çəkilişinə
rəhbərlik edirdi. Bizə məktub
yazmışdı ki, nəyi gözləyirsiniz,
qayıdın Vətənə. Biz də geri döndük.
1946-cı ilin dekabr ayında onu buraya - Bakıya
çağırdılar. Mənə onda xəbər
eləmişdi ki, əlində vacib işi də olsa qoysun,
durmayıb gəlsin. Xasiyyətinə bələd
idim. Tez-tələsik biz də yola
düşdük. Bizi bir neçə ailə
ilə birlikdə Bakıya gətirdilər. Mərdəkanda bir hərbi sanatoriya vardı. Orada iki aya yaxın saxladılar, sonra bizi tələm-tələsik
başqa yerə apardılar. Seyid Cəfər
bizə heç nə götürməyə icazə vermədi.
Dedı ki, 2-3 günə yenə qayıdacağıq. Amma səfərimiz çox uzun çəkəsi
oldu. Əvvəl Astaraya, sonra isə
Naxçıvana getdik. Seyid Cəfər
öz maşınının ixtiyarını mənə və
xanımına vermişdi. O vaxtlar Azərbaycanın
birinci katibi olmuş Mircəfər Bağırovla onun arasında
məxfi söhbət olmuşdu. M.Bağırov
çalışırdı ki, o, sərhəd rayonlarından
imtina etməyə razılıq versin. Bunun
üçün ona çox şey boyun olurdu. Qoşun, silah-sursat, ümumiyyətlə, hər nə
istəsə idi alacaqdı.Lakin S.C. Pişəvəri buna
heç cür razı olmurdu. O deyirdi ki,bu
işə qol qoysam, xalq mənə nə deyər?
M.Bağırovun İ.Stalinlə sonuncu dəfə
danışığından sonra Pişəvəriyə
fıkirləşmək üçün vaxt vermişdi. O zaman 3 gün ərzində
bütün İranboyu sərhədlər açıldı.
M.Bağırovla söhbətdən sonra onun qanı
çox qaralmışdı. Deyirdi ki, bizi bura gətirməklə
aldatdılar. Onun dediyi işə razılaşsam, mənə
nə deyərlər?Qayıtmalı
olacağam, qoşunları yığacağam. Lazım
gəlsə, fədailəri başımıza
yığıb partizanlıq edəcəyik. Son sözlərindən biri də bu oldu ki, burda daha
qalmaq olmaz, səhər də olmasa, o biri gün yola
çıxmalıyıq.Bakıda və respublikanın bir
çox rayonlarında yerləşdirdiyi fədailərin hər
bir ehtiyacı ilə özü məşğul olurdu. Yuxarıdakı sözləri deyəndən sonra o fədailərinə
pul və paltar çatdırmaq üçün maşına
minib yola düşdü. Onu da deyim ki, son
3 gün ərzində şəxsi
sürücüsünü (Sürücümüz
tanınmış ziyalı Çeşmazərin
qardaşı idi) dəyişdirmişdilər. Yeni peyda olmuş sürücünü isə
maşını təmizləmək üçün məndən
bəzi şeyləri soruşanda görə bildim, türkcə
(Azərbaycanca) ləhcəynən danışırdı.
Sonralar bildim ki, erməniymiş. 1947-ci il iyulun 11-də o, avtomobil qəzasına
düşüb həlak oldu. Dedilər təsadüfi hadisədi,
qəzadı, filandı...
Bir onu
bilirəm ki, öləsi var, gedəsi yoxdu deyən o Seyid Cəfər,
bizim Seyid Cəfərin qatili oldu!
(“21Azər”
jurnalı, 1999-cu il, yanvar Bakı)
Pərvanə Məmmədli
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 7 mart.-
S.14.