Bu gün yel çərşənbəsidir
Yellə bağlı
inanclar…
Yel çərşənbəsi dörd
yaradılış ünsüründən biri olan havanın
həyatverici gücü ilə bağlıdır. Külək,
hava anlayışları ilə bağlı folklorumuzda
çoxşaxəli örnəklərə rast gəlinir.
Açması külək olan “Əllə
tutmaq olmaz, göz ilə görmək olmaz” tapmacasının
özək qatında yelin, havanın gücünə işarə
olunur, onun gözəgörünməz, ələkeçməz,
sirli-sehrli ünsür olduğu vurğulanır.
Yaz fəslinin gəlişini qabaqcadan işarələyən
ilaxır çərşənbələrin mahiyyətində
də ölgün təbiətli qış fəsli ilə
mübarizə zəminində yeni həyatı – yenidən
dirilməni canlandırmaq motivi dayanır. Havanın
yaradıcılıq stixiyasını öz üzərinə
götürən, el arasında yel, külək çərşənbəsi
və s. adlarla tanınan çərşənbənin də
bu sırada məxsusi yeri var. “Xalq arasında “külək
oyadan çərşənbə”, “yelli çərşənbə”,
“küləkli çərşənbə”, Muğan
zonasının bir sıra kəndlərində isə “Heydər
çərşənbə” adları ilə tanınan yel
çərşənbəsi”nin səciyyəvi xüsusiyyətlərindən
prof. A.Nəbiyev belə söhbət açırdı:
“Əski etiqadlara görə, bu çərşənbədə
oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə
gətirir. Yel çərşənbəsində
əsən isti və ya soyuq küləklər yazın gəlişindən
xəbər verir. Gün ərzində
külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi
kimi qəbul edilir. Əski etiqadlara görə,
torpaq altda – “qara nəhrdə” yatmış dörd cür
külək yer üzərinə çıxaraq əvvəlcə
təmizlənir, sonra isə müxtəlif libaslarda
özünü göstərir. Libasların
adı ilə onların özünün xarakteri arasında da
bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna
daşıyır. Belə ki, türk mifologiyasında
Ağ yel – ağ libasda, Qara yel – qara libasda, Xəzri – göy
libasda, Gilavar – qırmızı libasda təsəvvür
edilir”.
Burada
göstərildiyi kimi, küləyin gün ərzində bir
neçə dəfə dəyişməsi, isti və soyuq
şəkillərə düşməsi və s. dəyişkən
təbiətlilik nümayiş etdirməklə “ərzi gəzməsi”
əslində onun kəşfiyyata çıxmış
obrazını – suyu, odu, həmçinin torpağı hərəkətə
gətirmək kimi misilsiz gücünü ifadə edir. Təbiətdə əsən yelin gücü ilə
külək enerjisinin alınması faktı da bir daha yelin
(havanın) dörd yaradılış elementindən biri
olmaqla, eyni zamanda həm də onun enerji – istilik, güc mənbəyi
olduğunu (yaradıcı stixiyasını) göstərir.
Mifik məzmunun real həyati çalarda təzahürünü
ortaya qoyur. Küləklərin mifik rəng
göstəricilərində ifadə olunması isə yelin,
küləyin (havanın) mahiyyətində dayanan kosmos (Ağ
yel) və antikosmos (Qara yel) qoşalığının
olmasından xəbər verir. Qara libasda olan Qara yel və
ağ libasda Ağ yel
qarşıdurmasında biri qışı və digəri
yazı (Novruzu) təmsil etməklə bunların hər ikisi
arasında gedən mübarizəni təcəssüm etdirir. Od çərşənbəsindəki od
(ünsürü) od olub dünyanı
yandırmadığı kimi, məhv etmədiyi kimi, yel
çərşənbəsində də yel öz
dağıdıcı qasırğasını bir kənara
qoyub, xeyirxahlıq iradəsini (yaradıcılıq
missiyasını) diqtə etdirir. Bununla da xaosdan
çıxış missiyasını ifadə edən mərasimi
keyfiyyətini təbii proses kimi reallaşdırır.
Azərbaycan
mifoloji mətnlərində də Yelin xeyirxah obrazı öz əksini
belə tapıb: “Dünyada nə ki yel, küləh var,
hammısının ixtiyarı Yel babanın əlindədir.
Xırman savıranda cəməhət Yel babanı köməyə
çağırıb deyər: Yel baba, gəl atına saman
apar. Yel baba da gəlib xırmanı savırar.
Dən qalar adamlara, samanı da Yel baba aparar
öz atına”.
Bu mətnlə
səsləşən bir tapmaca da var:
Ələk
olar, vələk olar,
Xırmanlarda gərək olar.
Cavabı külək olan bu tapmacada yuxarıdakı Yel
babanın gəlib xırmanı sovurub insanlara kömək etməsi
inamının izləri müşahidə olunur. Küləyin
(havanın) antropomorflaşmış obrazı olan Yel
babanın burada insanlara himayədarlığı –
taxılını sovurub, dəni adamlara verməsi ilə maddi
yardımçı olması göstərilir. Dən – taxıl yaşayış stumulu verən ərzağı,
insanlara acından ölməmək üçün qida, ruzi
ilə təmin etmək gücü verir. Bu
gücü isə yel, külək (hava) – Yel baba bəxş
edir. Bu da acından ölməkdə olan və
xilası üçün, yeni həyat tapması
üçün haraya çağırılan hava
ünsürünün (Yel babanın) yaradıcı
gücünü – yaradıcılıq stixiyasını ifadə
edir. Su, od və torpaqla yanaşı
dördüncü yaradıcı element kimi havanın (yelin,
küləyin) varlığını özündə inikas
edir. Bu, həm də qış azuqəsinin
tükəndiyi bir məqama təsadüf etməklə həyat,
yaşayış üçün zəruri olan ərzaq
amilinin təmin olunmasında Yel babanın (yelin, havanın)
mühüm rol oynayacağına inamı əks etdirir.
Xalqımızın Yel baba ilə əlaqəli söylədiyi
inanc nümunələrində də onun bu kimi əlamətərinə
işarələr əks olunur:
Yel baba xırmana gəlməmişdən öncə
ordan buğda, dən götürməzlər. Sovrulmamış
buğda götürənin oğlu ölər.
Xırman sovrulandan sonra ilk buğda götürənin
oğlu olar.
Taxıl sovrulanda Yel baba əsib işə mane olsa, ələyin,
ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar,
onda Yel baba insafa gəlib yavaş əsər.
Taxıl
döyüləndə yel boğanağı qalxarsa,
qızlar: “Gəlmə, gəlmə, sənə gedərəm”,
– deyərlər.
Bu tipli inanclarda yelin taxılla – ərzaqla bağlı
mühüm funksiyasının olduğu diqqətə
çatdırılır, yaşayış, dirilik
üçün zəruri olan qida (çörək)
bolluğunda yelin köməyinə ehtiyac duyulduğu ifadə
olunur. Yel babadan icazəsiz (Yel baba gəlməmiş)
taxıl (sovrulmamış buğda) götürənin
oğlunun öləcəyinə (ölüm hadisəsi)
inamla Yel babanın xeyir-duası ilə (xırman sovrulandan
sonra) buğda götürənin oğlunun olması
(doğulma – dirilik tapma aktı) inancı arasında görünən
ziddiyyətli fərqlər də birbaşa onu göstərir
ki, yel özlüyündə ikili təbiəti (xaosu və
kosmosu) təmsil edir. Yelin güclü əsib
işə mane olması ilə (yenə xaosu təmsil etməsi)
Yel babanın insafa gəlib yavaş əsməsi (burada isə
kosmos yaradıcılığına xidmət göstərməsi)
arasındakı qarşıdurma da yelin ikili təbiətini
xarakterizə edir. Eləcə də də taxıl
döyülən – sovrulan zaman qalxan yel boğanağına
(güclü külək əsməsinə –
dağıdıcılıq gücünə) baxmayaraq
qızların onun könlünü alıb: gəlmə, gəlmə
(yəni boğanaq dolu nəfəsinlə – külək
qasırğası ilə bizə tərəf əsmə)
deyib, bunun müqabilində – əsməyəcəyi halda “sənə
gedərəm” (sənə ərə gələrəm) deyə
vəd etmələri də yel ruhunu razı salmaqla – Yel
babanın könlünü xoş etməklə həm də
yel (hava) ilə insanların birbaşa kontakta girməsini əks
etdirir. Bu cür inamlar insanların yel (hava)
ünsürünün dağıdıcı, məhvedici xislətinin
yumşaldılıb yeni həyat nəfəsi bəxş etməyə
yönləndirilməsinə olan mifik
baxışlarının göstəricisidir. “Yeli əsdirəni
söyməzlər” tabu – inancı da elə birbaşa yel
tanrısının – yel ruhunun müqəddəsliyi
anlamını özündə ehtiva etməklə yelin
gücünə (dağıdıcılıq və
yaradıcılıq – quruculuq gücünə) olan inamın
təsdiqi təzahürüdür.
Bir məqamı da burada diqqətə çatdırmaq
istərdim. Sual doğa bilər ki, axı taxıl biçini
vaxtı tam başqa vaxta – başqa bir mövsümə (fəslə)
təsadüf edir.Aydınlıq gətirib deyirəm ki, bu
mövsüm mərasimi, birincisi, bizim xalqımızın
dünyagörüşünün ifadəsidir. İkincisi, burada xalqımızın Yel baba (yel,
külək və onun yaradıcı ünsürünün
ifadəçisi olan hava) ilə bağlı mifik
düşüncələrini ortaya qoyur və nəticədə
yel çərşənbəsindəki yel-hava
ünsürünə olan xalq münasibətini üzə
çıxarır. Başqa sözlə,
yel çərşənbəsinin rəmzini əks etdirən
hava stixiyasının xalq təfəkküründəki yerinə,
mövqeyinə aydınlıq gətirir.Xalqımızın
havaya yaradıcı ünsür kimi mifik baxışlarına
işıq salır. Üçüncüsü,
ilaxır çərşənbədə, eləcə də
Novruzun özündə Yel baba ilə bağlı söylənən
nəğmələr də, icra edilən ayinlər də təqlidi
xarakterdə olub, təqlidi mərasim aktını əks
etdirir. Yəni Novruzqabağı çərşənbə
rituallarında həyata keçirilən ayin-mərasimlər
ümumilikdə təqlidçi xarakterdə olub, xalqın həyata
baxışını işarələyir, bu təqlidi mərasimlərlə
təbiət qüvvələrinə təsir edəcəkləri
inamını əks etdirir.
Xalqımızın
yellə bağlı inancını əks etdirən bir
sıra folklor örnəkləri var. Hətta
soydaşlarımızın yaşadığı
Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi
kəndi yaxınlığında Yel dağı adlı ziyarətgah
da var. Müqəddəs sayılan Yel dağına ürəklərində
arzu, dilək tutub, nəzir-niyaz edir, qurban gətirib kəsirlər.
Yaxın ərazidə yaşayan qonşu
xalqların əhalisindən də (yunanlar, gürcülər,
ermənilər) bura etiqad edib, iman gətirənlər olur.
Yel dağı (insaniləşmiş Yel baba
obrazı) nəzirini, qurbanını qəbul edən şəxsin
xeyir tapıb arzusuna yetəcəyinə inanılır.
Yel dağına nəzir gətirilməsi, qurban deyilməsi,
and içilməsi özü bir daha təsdiq edir ki,
xalqımızın yelin, küləyin (havanın)
yaradıcı gücünə, ilahi bəxşedicilik missiyasına
inamı mifik çağlardan qaynaqlanır.
Yelin
ilaxır çərşənbəsi ilə əlaqəli
mifik gücünə inamımızı əks etdirən
inanclarımızdan birinə üz tutaq: Yel çərşənbəsi
gecəsi söyüd ağacının altına gedib niyyət
elə və Yel babanı çağır. Əgər
Yel baba sənin səsini eşidib əssə və
söyüdün budaqlarını torpağa toxundursa, diləyin
yerinə yetər.
Bayram ovqatı insanlarda xoş əhval-ruhiyyə
yaradır, insanların həyata nikbin
baxışlarını əks etdirir. Eyni zamanda
müqəddəs günləri işarələyən
bayramlar insanlara arzu və ümidlərinin gerçəkləşəcəyinə
inamı təlqin edir. İlaxır çərşənbə
bayramları sırasında duran yel çərşənbəsində
Yel babanı niyyət edib çağırmaqla, onun səsi –
diləyi eşidib gəlməsi və əsməsi nəticəsində
ağacın (söyüdün) budaqlarını yerə əyib
toxundurması ilə ürəkdəki arzunun hasil olması
inancı isə birbaşa xalqın bayrama – yel çərşənbəsi
bayramına olan müqəddəs mifik
baxışlarını əks elətdirir. Yel çərşənbəsinin
xalq təfəkküründəki canlandırılmış
obrazı olan Yel baba xalqımızın arzu-diləklərini,
niyyətlərini öz nəfəsi ilə – ilıq mehi,
xoş havası ilə cana gətirib, əməli
cəhətdən həyata keçirən gücün təmsilçisidir.
Şakir
Əlifoğlu
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 7 mart.-
S.13.