Müşfiq kimi kişilərin müdafiəyə ehtiyacı yoxdur

 

 

Müstəqillik salnaməmizə parlaq səhifələr yazacaqsınız

Mikayıl Müşfiq yaxın qohumu Vahab İsmayılzadənin şairin büstü ətrafında baş verən son hadisələrə münasibətini oxucularımıza təqdim edirik

 

- Mikayıl Müşfiqin büstünün ətrafında baş verənləri necə qiymətləndirirsiniz?

 

- Cəbhədə 18-19 yaşlı balalarımız şəhid olarkən hansısa bir daşın söhbətini etməyə heç dilim gəlmir. Bu, heç Müşfiqin özünə xoş olmazdı. Müşfiq həmişə insanlara sağlığında qiymət verilməsi üçün mübarizə aparırdı. Bəzən kiminsə adını əbədiləşdirib, nəsə etmək fikirinə düşürlər. Əslində isə onun demək istədiklərini həyata keçirmək lazımdır. Müşfiqin istəyi bu olardı. Əsas məsələ onların getdiyi yolu onlar kimi getməyə çalışmaqdır.

Yəqin ki, əlaqədar təşkilatların rəhbərləri Mikayıl Müşfiq Hüseyn Cavidin dostluğu barədə məlumatlıdırlar. Hazırda yaşadığımız məhəllənin yaxınlığında Müşfiqin adını daşıyan küçə var. Əvvəllər Hüseyn Cavid prospektilə Mikayıl Müşfiq küçəsinin kəsişdiyi yerdə Əzizbəyovun heykəli vardı. Fikrimcə, Cavidlə Müşfiqin ruhlarını şadlandırmaq üçün həmin küçələrin kəsişdiyi yerdə, yəni əvvəllər Əzizbəyovun heykəlinin olduğu məkanda Mikayıl Müşfiqin büstünü qoysalar, yaxşı olar.

 

- Mikayıl Müşfiqin həyatı, güllələnməsi ilə bağlı o vaxtlar ailədə danışırdılar?

 

- Atam bu barədə söhbət eləməzdi. O, çox ağır xasiyyətli kişi idi. Ümumiyyətlə, uşaqları ilə oturub söhbət etməzdi. Bizdə o cürət yox idi ki, o boyda kişiyə sual verək cavab da alaq. O ölçüdə sual tapa bilmirdik. Ancaq yanına gələn Mikayıl Müşfiqin dostlarını, qohumları sənət yoldaşlarını görmüşəm. Evimizdə olublar. Onların söhbətlərinin şahidi olmuşam.

 

- Müşfiqin büstünü sökənlərin cəzaləndırılması ilə bağlı dövlət səviyyəsində tapşırıq verildi. Siz büstün sökülməsinə etiraz edənlərə, Müşfiqsevərlərə demək istərdiniz?

 

- Müşfiq kimi kişilərin müdafiəyə ehtiyacı yoxdur. Kim edir, sağ olsun. Hökümət öz işini necə görməlidirsə, görür.

 

- Mikayıl Müşfiqin şeirlərində sovet hökumətinə qarşı etiraz yox idi. Hətta əksinə, sosializmi təbliğ edirdi. Niyə onu repressiya etdilər? Üstəlik, Hüseyn Cavid kimi sürgün olunmadı, güllələndi...

 

- Bu barədə mən bir az məlumatlıyam. Amma tam dəqiqləşdirilməsə, bu gün heç deməyəcəyəm. Vaxt gələcək, arxivlər açılacaq, hər şey bəlli olacaq. Xalq, millət naminə kişi üçün güllələnmə heç nədir.

 

Ermənilərin o vaxtdan Qarabağda gözləri vardı. İmkanları da vardı. Əgər onlar bu işə qarışmasaydılar, Müşfiq gülələnməsəydi, Qarabağ o vaxt da bugünki vəziyyətdə olacaqdı. Müşfiq görün, necə deyir:

 

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən...

 

O, “nazənin xanım” deyəndə yalnız Vətəni nəzərdə tutur. Şeiriyyat aləmində sətiraltı mənalar var. Burada hanısa bir xanım nəzərdə tutulmur. Ay xanım hərisləri, siz o şeiri o cür deyəndə guya, nəsə olur? O, Qarabağı nəzərdə tuturdu. Deyirdi ki, sağdan-soldan gör nə qədər göz var səndə, çarələri olsa, parçalayarlar səni... Qəlbimdə qasırğalar, fırtınlar coşaydı, səni onların əlindən alaydım, Ay Vətən! Müşfiq bunu deyirdi. Yoxsa, kimsə sevdiyi qıza “Yenə o bağ olaydı” şeirini yazıb göndərir... Yaz, eybi yoxdur, amma bil ki, o sözlərin altında nələr var!..

 

Xalq Cəbhəsi.- 2017.- 7 mart.- S.16.