Çağdaş Azərbaycan poeziyasında "oyun-sevgi" nağılı

 

Azərbaycan poeziyasında şeirə oyun elementlərinin gətirilməsi ənənəvi xarakter daşıyır. XX əsr poeziyamızda ustad şairlərimiz uşaqlıq zamanı oynadıqları oyunları xatırlayaraq zaman-zaman o təsiri poetik düşüncədə fəallaşdırıb saf və təmiz duyğuların ifadəsi olaraq əsərlərində təsvir etməyə çalışıblar. Xalq şairi Rəsul Rza bu xarakterli silsilə şeirlər yazmışdı. “Kimin əli”, “Yadıma düşdü”, “Balbalacan”, “Qa… qa…”, “Lay-laylar”, “Babam kimi və bu günlü adam kimi”, Qanadlar”, “Ömür keçdi, gün keçdi” və s. şairin uşaqlıq zamanı oynadıqlarının xatirəsi olaraq qələmə alınmış şeirlərdir.

 

Bir oyundu məzəli:

Bir kürəkdə neçə yumruq,

Qışqırardıq dörd yandan:

– Əl üstə kimin əli?

 

Ənənənin davamı olaraq müstəqillik dövrü Azərbaycan şeirinin ana mövzularından birini də məhz uşaqlıq oyunları ilə bağlı yazılmış xatirə duyğuları təşkil edir. Belə ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə qovuşandan sonra ədəbiyyatımızda xalqın keçmişinə, adət-ənənələrinə, milli düşüncəsinə yeni münasibət formalaşmağa başladı. Yazarlar bədii əsərlərində xalq təfəkküründən qidalanaraq yeni, orijinal, lakin keçmişə qırılmaz tellərlə bağlı olan nümunələr yaratmağa başladılar.

Oktay Rzanın da şeirlərində oyun elementlərinə rast gəlirik. Şairin “Qurutdu” şeiri bu baxımdan xüsusi qeyd olunmalıdır. Hazırda arxaikləşmiş “Qurut¬du” oyunu əsasən mərkəzi aran rayonlarında icra edilən uşaq oyunlarından biridir. Oyun iki bərabər tərəf arasında, qız-oğlan qarışıq şəkildə oynanılır. Tərəflərdə olan oyunçular bir-birini qovalayaraq əlləri ilə biri digərini vurmağa çalışır. Dəstənin vurulan üzvü quruyaraq yerində qalır. Oyunun sonunda ən çox qurudulan oyunçusu olan tərəf uduzmuş olur. Hər iki dəstənin üzvləri udan tərəfi alqışlayır:

 

Uşaqlıq yaşayır xəyalımızda,

Uşaqlıq özü də bir məktəb idi.

Qədim elimizdə, mahalımızda

“Qurutdu” oynamaq yaman dəb idi.

 

Şair şeirində uşaq vaxtı qonşu qız ilə oynadığı “Qurutdu” oyununa lirik məzmun gətirib. O zamandan xeyli keçsə də şair bəzən o günləri xatırlayır, o anların xəyalı ilə yaşayır. Lirik qəhrəman uşaqlığında həmişə qonşu qızı vurub qurudur, qız da küsüb gedirmiş. Qızın qəlbindəki sevgi odunun atəşinə hələ o vaxtlar yanmayan gənc oğlan bir müddət keçəndən sonra qonşu qızı bir mələk kimi görür, onun arxasınca qaçıb ona çatmağa çalışsa da, o külək qədər sürətli, ələkeçməz olub. Şairin əlacı xatirələrdə “Qurutdu” oynamağa qalır:

 

İndi yol gedirik üzü sabaha,

Nəbzimiz döyünür bu sətirlərdə;

“Qurutdu” oynaya bilmərik daha,

“Qurutdu” oynayaq xatirələrdə.

 

Uşaq oyunlarının xatirələrdən süzülərək poetik nümunələrə çevrilməsi heç də təsadüfü bir hal deyil. Belə ki, uşaqlıq dövründə oynanılan oyunlar heç də tam fiziki hazırlıq nöqteyi-nəzərindən məhdudlaşdırıla bilməz. Bu oyunların həm də insan xarakterinin formalaşmasında böyük rolunun olduğu zaman-zaman özünü biruzə verməkdədir. Uşaqlıq dövrünün xatirələrini özündə arxaikləşdirən oyunlar vaxtı gələndə bəzən bir təəssüf xatirəsinə çevrilir, yazarların lirik qəhrəmanlarının bədii obrazını gündəmə gətirir.

“Gizlənpaç”, “Qaldı”, “Qar topu”, “Bənövşə, bəndə düşə” kimi uşaq oyunlarını adətən oğlan və qızlar birlikdə oynayırlar. Uşaqlıq dövrünün ilk sevgi rüşeymləri də oyunlardan mayalanır. Oyunlar umu-küsülərin başlanğıcı kimi sonrakı illərdə ərkə, naza çevrilir, məhəbbət müstəvisində vüsal və ya hicran ilə nəticələnir.

Nizami Muradın “İtmiş sevgi nəğməsi” şeirində lirik mən uşaqlıq zamanı qonşu qızla “Qaldı” oynayır. İki qonşu məhəllənin uşaqları olaraq oynadıqları oyunun sonunu düşünmədən qalib gəlməyi bütün qüvvəsi ilə təmin etməyə çalışan lirik qəhrəman zamanı gəlincə peşiman olur, bir dəfə də olsun güzəştə getmədiyindən sevgisini itirir, qonşu qızın həsrəti onun ürəyini paralayır, bəxti-taleyi bağlanır. Qonşu qız bir başqasına ərə gedir, lirik qəhrəmansa xatirələrin işığında həsrət çəkir. Şeir belə başlayır:

 

İki məhəllənin uşağı idik,

Yaxınlaşan axşamın

Ayrılıq vədəsində,

O yolun, bu yolun

Kəsişmə nöqtəsində-

Biz “Qaldı” oynayardıq.

Vurardın-“məndə qaldı”,

Vurardım-“səndə qaldı”.

 

Bu baxımdan Adilə Nəzərin “Gizlənpaç oyunu” şeiri də uşaqlıq sevgisini uduzan¬ların dünya ilə gizlənpaç oynamaq cəhdinə bənzəyir. Uşaq oyunlarının zamanında düzgün qiymətləndirilə bilməməsi ucbatından uğursuzluğa düçar olan sevgilərin xatirə işığında lirik qəhrəman bu dəfə dünyanı müqabil tərəf kimi görür. Şairə sələfləri kimi həyatın amansızlıqları ilə qarşılaşdıqda bütün təqsirləri dünyada görür. Sanki dünya cığal bir rəqib olaraq oyunun qaydalarını pozub ədalətsiz qalibiyyət qazanıb. Əsl həqiqətdə isə oyunun qaydalarında elə bir pozuntu yoxdur, oynayan tərəf-lərdən ikisindən biri uduzmalıdır. Oyunda uduzmaq həyatda uduzmaq deyil, ancaq oyunda uduzanlar öz səhvləri ucabatından bəzən həyati məsələlərin həllində də çaşqınlıq içərisində qalırlar ki, bu da öz fəsadları ilə ömrü boyu insanı təqib edir...

Nuranə Nurun “Çərpələng” şeiri uşaqların çox böyük həvəslə oynadıqları, “kim daha uzağa uçura bilər” iddiası ilə başlayan çərpələng yarışması ilə bağlı yazılıbdır. Bəzən azacıq meh olan havalarda uçurulan çərpələngləri külək uzaqlara aparır, görünməz edirdi. Saatlarla çərpələngin arxasınca baxıb yol gözləyərdilər. Nuranə Nurun lirik məni isə uşaqlıq dünyasının buludsuz göylərində uçurduğu çərpələngin yolunu gözləyir:

 

Gözlərim hələ də ,

Uşaqkən uçurduğum çərpələngi axtarır göylərdə...

 

Uşaqlıq oyunlarının duyğulu xatirələrini poeziyasında əks etdirən xanım şairlərdən biri də Afət Viləşsoydur. Poeziyası nisgilli sevgi notları ilə süslənmiş Afətin “Alma desəm, gəlməzsən” şeiri uşaqlıqda hamının oynadığı “alma desəm, gəlmə, armud desəm, gəl” təkərləməsinin xoş ovqatını yaddaşımızda təzələyir. Uşaqlıq dünyasının pak, təmiz duyğuları ilə oynadıqlarının həsrətini çəkən şairə eşqini qorumaq məqsədi ilə sevdiyinin də ruhən təmiz qayıtmasını istəyir. Şeirdə “Allah səni qorusun” misrası folklorun dərin qatlarından gələn ən çox yayılmış alqışlardan biridir. Təbii ki, Allahın qoruduğu sevdalının ruhu da, eşqi də qorunmuş olur:

 

Qoyma kirlənə ruhun,

Hara getsən, duru gəl.

Allah səni qorusun,

Sən eşqimi qoru, gəl.

 

Oyunçular böyüyüb yaşa dolsalar da, xatirələr yada düşəndə uşaqlaşırlar. Belə ki, ayrı-ayrı ailələrdə, bir-birindən uzaqda olmalarına baxmayaraq, hərdən o günlərə qayıtmaq, divar künclərində gizlənmək, gözlərini yumub-açıb bir-birini tapmaq, bu tapıntının sevincini uşaq kimi yaşamaq istəyirlər. Qayğısız günlər, sevgi dolu məsum baxışlar unudulmur:

 

Ruhumun əkizi sən,

Körpə uşaq kimisən.

Alma desəm, gəlməzsən,

Armud desəm, bəri gəl.

 

Arzu Kazımqızının “Evciyim” şeirində uşaqlıqda evcik oynamış şairənin duyğuları verilib. Məleykə Məmmədova bu oyunun mahiyyətini şərh edərək yazır: “Qız uşaqlarının balaca vaxtdan sevərək maraqla oynadıqları və geniş yayılan oyunlardan biri “Evcik-evcik”dir. Uşaqlar burada böyüdükləri ailə və mühitin adət-ənənələrinə uyğun olaraq gördüklərini, böyüklərin elədiklərini təqlid edərək özləri üçün evcik-evcik oynayırlar”.

Şairə uşaqlıqda oynadığı “evcik” oyununa bu günün prizmasından baxaraq böyük bir dünyanın cılızlaşdırılıb oyuncaqlardan qurulmuş bir evciyə sığışdırılmasının düşüncə fərqini ortaya qoyur:

 

Həyat dolu məna vardı səhərimdə,

Günəş çıxar, ay doğardı gözlərimdə.

Arzularım puçur-puçur,

Pöhrələyib gül açmışdı

Bapbalaca evciyimin üzərində.

 

Rəfail Tağızadənin “Ömrün payızı” şeirində gizlənpaç oyununun məkanı təbiətə transef olunur. Ömrün payızı ilə təbiətin gətirdiyi payız fəslinin ortaq məxrəcini tapmağa çalışan şair uşaqlıqda oynadığı “gizlənpaçı” xatırlayır. Payız küləkləri ağacların yarpağını töksə də, yenə də çılpaq budaqların qulağına sevgi nağılı oxumaqdadır. Şairə elə gəlir ki, bu payız fələk onunla da gizlənpaç oynamağı qərarlaşdırıb:

 

Payız dodaqaltı zümzümə edir.

Çılpaq budaqlarla sevişir külək.

Sevdiyim payızda axşam çağları

Mənimlə gizlənpaç oynayır fələk.

 

Qızlar romantik arzularını uçana ilə bölüşürdülər. Gülnarə Cəmaləddin ötənləri yaddaşından silməyə çalışır. Xatirələrin işığında mənəvi iztirablara məruz qalan şairənin bu gün də ümid yeri qırmızı xallı böcək-uçanadır:

 

Bapbalaca boyum vardı,

Dam dolusu toyum vardı.

Onda necə bəxtiyardım,

Yaddaşlardan ötənləri

Sil desəm, siləcəkmisən?!

Uçana uç,

Uç, uç, uç, uuuç...

 

 

Uşaqlıq oyunlarını xatırladan şeirlərdən biri də Sabir Sarvanın “Hara daş atılsa” şeiridir. Əsasən oğlan uşaqlarının oynadığı “daş atmaq” oyunu güc və qüvvətin yoxlanılmasına xidmət edirdi. Kim daha uzağa daş ata bilirdisə, oyunun qalibi sayılırdı. Xalqın dilində daş atmaq mənalandırılıb, öz bədii ifadəsini tapıb:

 

Ay daş atan bəxtəvər,

Daşın da bir vaxtı var.

Daşın hamam damına...

 

Ramiz Rövşən “Göy üzü daş saxlamaz” deyərək daş atmağa ayrı bir aspektdən yanaşır¬dısa, Sabir Sarvan “Adəmdən bu yana atılan daşların şüşələri çiliklədiyindən” söhbət açır. İnsan yaranan¬dan daş ilə təmasdadır, müəyyən vaxtlarda daşdan ov, əmək aləti kimi istifadə edib, bəzən də müdafiə məqsədi ilə daşa tapınıbdır. Özgənin bostanına atılan daş isə düşmənçilik yaradıb.

 

Adəmdən bu yana təzə görünmür,

Yarandıq, Yaradan gözə görünmür.

Çoxdaki baxanda gözə görünmür,

Hara daş atılsa, orda şüşə var.

 

Məmməd Arazın poeziyasında o daş hərcayı gülüşlərin baş fırladan dalğasından qopub Vətənin ürəyini parçalayıb:

 

O qəhqəhin dalğasından,

O məstliyin baş fırladan

Havasından

Qopan daşdı-

Azərbaycan torpağında

Araz boyda şırım açdı.

 

Qeyd etməliyik ki, “daş” oyununu nisbətən böyük uşaqlar oynayırdılar. Burada əzələ nümayiş etdirmək, güc göstərmək əsas məqsədə çevrildiyindən intim sevgi hissləri daha ağır məzmunlu, xarakterli oyunlar ilə əvəzlənirdi. Biz burada daş oyunlarının mahiyyətinə varmadan oyun-sevgi nağılımızı bitirmək istəyirik.

 

Nizami Muradoğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq cəbhəsi.- 2017.- 1 mart.- S.14.