“Pişəvəri millətini yanar ürəklə sevən
insan idi”
İsmayıl
Şəmsin S.C.Pişəvəri haqda xatirəsi
Doktor Cavidin oğlu mərhum
Azad Cavid, Sabir Taftei və mən - Əkrəm Bije (Rəhimli)
ildə bir neçə dəfə imkan olanda bağında xəstə
yatan İsmayıl Şəmsə baş çəkərdik. Novruz
bayramında onun görüşünə getməyimiz
mütləq olardı. 2005-ci ilin Novruzunda biz növbəti
dəfə onun görüşünə gedərkən mən
S.C.Pişəvəri haqda xatirələrini kitaba daxil etmək
üçün ona dedikdə Pişəvəri haqda kitablar,
məqalələr yazılmasını vacib iş saydı. Öz xatirələrində S.C.Pişəvəriyə
xüsusi yer verdiyini bildirdi. Gözləri
görmək qabiliyyətini itirdiyi üçün bu işi
görə bilmədiyinə təəssüfləndi və
kövrəldi. Biz qərara gəldik o,
S.C.Pişəvəri haqda bildiklərini sual-cavab şəklində
desin, biz yazaq. Təklifımiz
İsmayıl müəllim tərəfindən məmnuniyyətlə
qəbul edildi. 2005-ci il martın 22-də
verdiyimiz suallarla cavabları oxucuların diqqətinə
çatdırırıq.
- S.C.Pişəvəri
ilə nə vaxt, necə tanış
olmusunuz?
- Əvvələn sizə təşəkkür
edirəm ki, məni yaddan çıxarmırsız. O ki qaldı böyük rəhbərimiz,
mərhum Pişəvəri ilə ilk görüşümə,
o haqda yadımda qalanlar təqribən bunlardır. İndi neçənci ildir?
- 2005-ci il.
(O, barmaqlarında hesablama
apardıqdan sonra) dedi: -Deməli, mən Pişəvəri ilə
düz 61 il bundan əvvəl Tehranda «Ajir»
qəzetinin kiçik otağında tanış olmuşam. O
vaxt mənim 30 yaşım olar, ya olmazdı. Bizim
yaratdığımız «Azərbaycan Cəmiyyəti» Pəhləvi
dövləti tərəfindən qeyri-qanuni elan edildikdən
sonra mən bir müddət Tehranda yaşamalı oldum. O
vaxt Tehranda çox qəzet çıxsa da, onların
içində məqalələrdəki kəskinlik,
obyektivlik və demokratik ruhuna görə «Ajir» diqqətimi
çox çəkdi və qərara gəldim ki, imkan olsa
bunun naşiri ilə görüşüm. Belə
də etdim. Qəzetin başında
yazılmış ünvana getdim. Qapı
açıq idi. Ağsaçlı bir kişi
başını aşağı salıb «Ajir»in növbəti
nömrəsinə hazırlıqla məşğul
olduğundan deyəsən mənim otağa daxil olduğumu da
bilmədi. Sonra otağa gələn adam
ağaye Pişəvərinin həmkarı Kərim Kəşavərzi
adlı şəxs idi. O, Pişəvəriyə: «Ağa
seyid, qonağımız var» - dedi. Pişəvəri
başını qaldırdı, işdən bir anlığa
ayrılıb, ayağa qalxdı, gülər üzlə dedi:
- Xoş gəlmisən təbrizli
qardaş! Mən səni yaratdığın «Cəmiyyətdən»
yaxşı tanıyıram, bərnaməniz xoşuma gəlmişdi.
Biz salamlaşıb, şəxsən
tanış olduqdan sonra ondan soruşdum:
- Ağaye Pişəvəri,
siz mənim təbrizli olduğumu hardan bildiniz?
O, cavabında:
- Üz qiyafəndən, üzündəki
nurdan. Gözündəki mərhəmətdən.
Doğrusu, mən təbrizlilər
haqda deyilmiş bu xoş sözlərdən məmnun olsam da
bir qədər utandım. O, mənimlə elə söhbətə
baŞladı ki, sanki məni əzəldən tanıyır
və ürəyimdəkiləri elə bil oxuyurdu. O, mənimlə
söhbətində «Azərbaycan Cəmiyyəti»nə
çox yüksək qiymət verdi. Onu gələcək mübarizə yollarını
işıqlandıran məşəllərdən biri
saydı. Mən onun işinin çox olduğunu hiss edib
«Ajir»lə bağlı, mübarizəmizlə əlaqədar,
Azərbaycandakı siyasi durum və s.
çox şey haqda öz fikirlərimi qısaca ona söylədim.
Mən hiss etdim ki o, özü danışıb fakir söyləməkdən
daha çox mənə qulaq asmaq, danışdırmağa
meyilli idi. Bizim ilk görüşdə söhbətimiz nə
az, nə çox 1 saat 45 dəqiqə
çəkdi. Mən onunla və ağaye K.Kəşavərzlə
xudahafizləşəndə, ağaye Pişəvəri mənə:
- Birdəfəlik
getmə, tez-tez gəl. Mən səni başqa
yoldaşlarımızla da tanış edəcəm
- deyib əlimi sıxdı.
Mən 10 gündən sonra
yenə yolumu «Ajir»dən saldım. Bu dəfə ağaye Pişəvərinin
dövrəsində əvvəldən tanıdığım
bir neçə nəfərdən başqa doktor Vəlizadəni,
Nəmi Nükəkərani, doktor Salamulla Cavid, Firudun
İbrahim, Məşədi Cəfər Kaviyanı və
adlarını unutduğum bir neçə nəfər
başqalarını gördüm. Sanki bunlar Azərbaycanın
azadlığı haqqında məşvərətə
toplanmışdılar. Mən də onlara
qatıldım. Sonrakı aylarda bu məzmunda
«Ajir» də bir neçə görüşlərimiz oldu.
O görüşlərdəki söhbəti açıqlasam
çox çəkər. Fəqət bunu deyə
bilərəm ki, bu görüşlərdəki söhbətlər,
fikir və mülahizələr Azərbaycandakı hərəkatın
nəzəri hazırlığına Pişəvəri tərəfindən
söylənən dəyərli fikirlər idi.
- Təbrizdəki
görüşünüz necə olub?
- Mənim S.C.Pişəvəri
ilə sonrakı görüşüm 1944-cü ilin
yazında Təbrizdə oldu. O, Təbrizdən 14-cü Məclisə
vəkil seçilmişdi. Əgər müqəddəmlərin,
Seyid ziyaların, şahpərəst əyan-əşrəflərin
hilləkar əməlləri, maneə və işə saldıqları
yüz min tümənlərlə pul olmasaydı, Pişəvəri
16 min səs əvəzinə 25-30 min səs qazana bilərdi.
Təbriz əhli 16 min səslə onu Məclisə
yolladı... Məclisdəki «oğru və cinayətkar»
(bu sözlər M.Müsədiqə məxsusdur - İ.Ş.)
Pişəvəriyə yol vermədilər.
14-cü Məclisdəki
şovinist ab-havası ağaye Pişəvərini milli səmtə
üz tutmağa daha artıq yönəltdi. Bu sözlər onun
başlıca şüarlarından oldu ki: «Bununla bizim suyumuz
bir arxda getməyəcək».
- S.C.Pişəvərini Təbrizə
çağıran oldu, ya özü gəldi?
- Biz, Təbrizin azadlıq istəyən
ziyalısı, müxtəlif zümrələrdən olan
azadxahlar məşvərət və məsləhət etdik
ki, bu vəziyyətə nə qədər dözmək olar! Qərarımız bu oldu ki ağaye Pişəvərini
Tehrandan Təbrizə çağıraq. Bu
haqda çox geniş və həyəcanlı
yazılmış məktubu mən, ağaye M.Çavuşi
və M.Vilai aparıb Tehranda Pişəvəriyə
çatdırdı. Biz onu «Ajir»
redaksiyasında tapdıq və məktubu təqdim etdik.
O, məktubu oxuyarkən gözlərindəki sevinci və sifətinə
hopmuş ciddiliyi indi də unuda bilmərəm... Hər birimizə
bir stəkan çay verildikdən sonra əməkdaşları
çağırıb, «Getməsəm anam Seyid Səkinənin
südü mənə haram olar» deyib qəzetə aid
tapşırıqları verdi və
sabahdan işə gəlməyəcəyini onlara bildirdi. Biz həmin gün günortadan sonra Təbrizə
qayıtdıq. Ağaye Pişəvəri sabah axşam, səssiz-küysüz Təbrizə
gəldi. Azadlıq istəyən qüvvələrin
nümayəndələri ilə görüşdü, məsləhətləşdi
və yeni bir firqənin yaradılması üçün
işə başlandı.
- 21 Azər və
Milli Hökumət haqda sizdən eşitmək maraqlı
olardı.
- Firqənin yaranması fəaliyyəti,
Hökumət və s.-lə bağlı tarixçilərimiz,
jurnalistlərimiz - həm dost, həm düşmən
çox yazıblar və yəqin ki, bundan sonra da yazacaqlar. Odur ki, mən bu məsələyə toxunmuram, həm
də çox danışmağa taqətim azdır.
- Azərbaycan Milli Hökuməti dövründə siz
hansı vəzifə daşımısınız və
S.C.Pişəvəri ilə təmaslarınız olurdumu?
- Firqənin yaranmasından süqutadək
elə bir həftə olmazdı ki, müxtəlif məsələlərlə
bağlı mən ağaye Pişəvəri ilə
görüşməyim. Xəttim yaxşı
olduğundan çox toplantıların protokolunu
yazmağı mənə həvalə edərdi. Ağaye Pişəvərinin təklifi ilə mən
MK üzvlüyünə, qanun-əsası hazırlayan
hüquq komissiyasına üzv olmuşam. Bu
vəzifələr içərisində məni daha çox
məşğul edən AMM orqanı «Azad Millət» qəzetinə
baş redaktor təyin olunmağım idi. Bu
münasibətlə ağaye Pişəvəri məni
yanına çağıtdırdı. Milli
Məclisin sədri Hacı Mirzəli də onun kabinetində
idi. O, mətləbi mənə açdı, mənim Məclisin
rəsmi orqanına redaktor olmağım haqda fikrini
çatdırdı.
Sualım bu oldu ki, ağaye
Pişəvəri, qəzeti hansı dildə - farsca, ya
türkcə çıxaraq? Sualımın cavabında o məndən:
- Ağaye Şəms,
sizcə, hansı dildə çıxsa yaxşıdır? – deyə soruşdu.
Mən fikirləşmədən:
- Əlbəttə,
ana dilimizdə, bütün xalqın anladığı dildə
- dedim.
O, mənə:
- Bəs onda fikrimiz eynidir,
günü sabahdan qəzet çıxmalıdır.
O, mənim çaş-baş
qaldığımı görüb soruşdu:
- Çətinliyin
olacaqmı?
Dedim: - Əlbəttə, ən
böyük çətinlik savadımın farsca
olmasıdır. Mən türkcə həm
yazıda, həm də danışıqda iştibahlar (səhvlər)
edirəm.
Pişəvəri bir qədər
ciddi tərzdə: «Ağaye Şəms, biz anamızdan imtina
edə bilmədiyimiz kimi, onun dilindən də imtina edə
bilmərik. Bu məsələ millətimizin faciəsidir, biz
nəyin hesabına olursa-olsun bu faciədən bir dəfəlik
yaxa qurtarmalıyıq» - dedi. O özü tərtib etdiyi
«Farsca-türkcə mühüm sözlərin lüğəti»
kitabçasını mənə verdi və
əlavə etdi ki, bir müddət o özü də bu
işdə mənə köməkçi olacaq. Mən «Azad
Millət»in çapını təşkil etdim, qəzetin
dili məsələsində Arazın o tayından gəlmiş
azərbaycanlı ziyalılar da (C.Xəndan, Q.Musayev
(İlkin), Ə.Sadıq və s.) mənə kömək etdilər.
Bir gün mənə dedilər
ki, ağaye Pişəvəri səni
çağırtdırıb və deyib ki «Azad Millət»in
son bir neçə nömrəsini də özü ilə gətirsin. Mən
qoltuğumda «Azad Millət» Ağaye Pişəvərinin qəbuluna
getdim. O, son dərəcə səmimi, sadə və
işdə ciddi adam idi. Mən
onun qəbulunda olarkən o, bir qayda olaraq yerindən durub mənlə
ya üzbəüz və ya yanımda əyləşərdi.
Bu dəfə də o, yanımda əyləşdi,
işlərin gedişi ilə maraqlandı, tövsiyələrini
verdikdən sonra gətirdiyim «Azad Millət»in son nömrələrini
varaqladı. Demə bəs məndən əvvəl
o qəzetin hər nömrəsini oxuyub və faydalı qeydlər
edib. Bu qeydlər sonrakı nömrələrdə
nəzərə alındı. Mən hiss etdim ki, o, qəzetin bütün nömrələrini diqqətlə
oxuyub. Ağaye Pişəvəri dəfələrlə
redaksiyaya gəlmiş, ana dilimizin saflığını, məqalələrin
müxtəlif mövzuda yazılmasını, Milli Məclisin
qərar və qanunlarının gecikdirmədən oxuculara
çatdırılmasını mühüm vəzifə
olaraq qeyd etdi. MM-in 100-dən çox qanun
və qərarları «Azad Millət» səhifələrində
çap olunmuşdu.
- İsmayıl müəllim, siz Milli Hökumətin
konstitusiyasını tərtib edənlərdən olmusuz, bu
işin sonu necə oldu?
- Milli hökumətin muxtariyyət
hüquqlarını özündə əks edən qanun - əsasiyə
ehtiyac olduğu bilindi. Bu məsələ ilə
məŞğul olacaq 13 nəfərdən biri də mən
idim.
Ağaye Pişəvəri özü bu işə rəhbərlik edirdi. Hüquqşünas olduğumuza görə Firidun İbrahim (baş prokuror) və mən sədrin müavinləri idik. Biz çox böyük həvəs və zəhmətlə muxtar dövlətin konstitusiyası layihəsini hazırladıq. Sonra hansı səbəbdənsə bu layihə rəsmi qanun-əsası kimi çap olunmadı. Bunu o zaman milli hökumətə qarşı Tehranın qopardığı hay-küy və beynəlxalq vəziyyətlə bağlı artan təzyiqlərlə izah edirdilər. Mənim Ağaye Pişəvəri ilə son görüşüm haqda bir neçə kəlmə deyim. 1325-ci ilin Azərin 17-si və ya 18 idi. Mən qəzetimizin bəzi məsələləri ilə bağlı MK-yə, Ağaye Pişəvərinin yanına getmişdim. O, çox əsəbi, fikirli və sarsıntılı görünürdü. Mən qəzetin vəziyyətindən, maliyyə çətinliklərimizdən, kadr çatışmazlıqlarımızdan danışmaq və kömək almaq istəyirdim. O, dərdli adam kimi sanki ürəyini boşaltmaqla təskinlik tapmaq istəyirdi. Zəncanı tutub ağlagəlməz cinayət etmiş şah qoşununun Azərbaycanın içərilərinə yeridiyini, silah-sursatın çatışmadığını, əli yalın xalqı ucuz ölümə verməyin mənasızlığını nitqinə fasilə vermədən elə danışırdı ki, təndirdə diri gözlə yanan adamı xatırladırdı.
Mən söz arası ona: «Bəs tovarişlər nə deyir?» - soruşdum. O, masası üstündə təzə alınmış teleqrafı göstərərək: «Açıqca təslim olmadığımızı, qatil Qəvama hüsn-rəğbət gostərməyimizi «dostcasına» məsləhət görürlər. Bizim faciəmiz sənin dediyin «tovarişlərə» inanmağımız və arxasız qalmağımızdır» - cavabını verdi. Ona haradansa telefon oldu. Mən onun harayasa çağrıldığını anladım, ona heç nə deməyib, kabinetini tərk etdim. Sonrakı olaylar sizə məlum olduğu üçün mən nə deyim?! Həm də yoruldum, ömür vəfa qılsa, növbəti görüşümüzdə sizə məlum olmayan (və ya az məlum olan) məsələlərdən danışardım. Fəqət bunu bilin ki, Pişəvəri böyük inqilabçı, mütəfəkkir, təvazökar, millətini yanar ürəklə sevən insan idi.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar"
şöbəsinin müdiri
Xalq cəbhəsi.-
2017.- 2 mart.- S.14.