Seyid Cəfər Pişəvəri xatirələrdə…

 

S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokrat Firqəsinin bir il ərzində gördüyü işləri bir məqalədə əhatə etmək mümkün deyil. Bu hərəkat İranın azadlıq mübarizəsi, habelə Azərbaycan xalqının tarixində elə böyük hadisədir ki, onun barəsində çoxlu yazılıb, bundan sonra da yenə yazılacaq... 21 Azər nehzəti (inqilabı) və onun rəhbərliyi son günə qədər, yəni 1325-ci il Azərin 20-nə qədər (1946-cı il 11 dekabr) öz inqilabi xəritəsində azacıq da olsa dəyişiklik əmələ gətirməmişdi. Bir addım da olsa geri çəkilməmişdi. Əksinə Zəncan, Tehran cəlladları tərəfindən qan dəryasına çevriləndən sonra Azərbaycanın hər yerində təzə ruhiyyə ilə, 1324-cü il 21 Azərdəkindən daha şiddətli hazırlıq gedirdi. Xalq yeni ümidlərlə misilsiz şəkildə silaha sarılırdı. O günlər Azərbaycanda olmamış adam Səttarxan övladının bu dərəcədə yüksək inqilabı əhval-ruhiyyəsini təsəvvür edə bilməz. Bu günlər «21 Azər» nehzətinin ildönümünə hazırlıqla bərabər Mərkəzi Komitə və mərhum S.C.Pişəvərinin əmri əsasında «Babək» adlı könüllülər dəstəsi yaranırdı. Mən bu könüllülər dəstəsinin yaradılmasında şəxsən iştirak edirdim.

Könüllülər dəstəsi sırasına daxil olmaq istəyənlərin sayı o qədər idi ki, onların hamısını məşq üçün təlimat meydanına sığışdırmaq mümkün olmurdu. Bu günlər

Təbrizin bütün məhlələrindəki geniş yerlər hərbi təlimat meydanına çevrilmişdi. Tüfəng götürüb təlimat meydanlarında məşq eləyən qadın və qızların sayı kişilərdən az deyildi.

Mərhum Pişəvərini sonuncu dəfə Azərin 20-də (dekabrın 11-də) səhər MK-nın binasında gördüm. O, olduqca tutqun və əsəbi idi. Pişəvəridə belə bir haləti 1324-cü il «21 Azər» günü səhər sərtib Derəxanı ilə müzakirədən qayıdanda pasajda görmüşdüm. Lakin onda gözlərinin içi gülürdü. Üzündən müvəffəqiyyət yağırdı. Dayanıb gülə-gülə: «Oğlum, işlər necə gedir? Zənginə təslim olmaq istəmir (Zənginə Urmiyadakı hərbi qarnizonun rəisi idi - Ə.R.) Umiyaya kömək göndərmək lazımdır. İşlər düzələr inşallah» deyib tələsik getdi. Lakin sonuncu dəfə mən onu görəndə başını aşağı salıb, heç nə demədən öz otağına girdi. Sonra onu bir daha görə bilmədim...

Mərhum Pişəvərinin İranı tərk etmə məsələsində çoxlu sirlər var. Ancaq hələlik bunlar açılmamışdı. Onun Şurəvidən İrana qayıtmağa çalışması və bu çalışmalar zamanı gözlənilmədən vəfatı bu sirlərin çox məkirli və mürəkkəb olmasından hekayət açır.

«Ərmağan Azarbau» dərgisinin 1383-cü il 60-cı sayından

 

***

 

Qılman İlkin: “Onu xatırlayarkən taleyinə kövrəlirəm”

Seyid Cəfər Pişəvəri XX əsr Azərbaycan xalqının yetişdirdiyi görkəmli siyasi-ədəbi simalardan olub. O, siyasi xadim olmaqdan başqa çox mahir jurnalist, yazıçı və felyetonçu kimi ədəbiyyat tariximizə daxil olub. Mənim bu böyük insanla ilk dəfə tanışlığım 20-ci illərin əvvəllərində olub. Bakıdakı 18 saylı Pedaqoji texnikumda oxuyarkən yaxın qohumumla S.C.Pişəvərinin redactor olduğu «Kəndli» qəzetinə getmişdim. Qohumumu və məni mehriban üzlə qarşılayan baş redaktor - Pişəvəri məni diqqətlə seyr etdikdən sonra dedi:

- Sənin suyun mənə şirin gəlir cavan oğlan, bizim tərəflərdən deyilsən ki?

Mən cavabında:

- Sizin tərəf haradır?

Pişəvəri:

- Arazın o tayı, Azərbaycanın Cənubu.

Qohumum:

- Yox, o Bakı ətrafındakı Mərdəkan kəndindəndir. Ancaq ana nənəsi danışardı ki, onun əsli cənubdandır, Şahsevən elindən imiş.

Pişəvəri fikirli-fikirli Azərbaycan tarixindən, Vətənin parçalanması taleyindən elə danışırdı ki, mən heyran-heyran ona qulaq asardım. Nə qədər mehriban, sadə və adamı özünə cəlb etməyi bacaran insan idi... Pişəvəri qohumumun kəndimiz haqda yazdığı məqaləni aldı, oxudu və növbəti nömrədə çap edəcəyini dedi. Mən sonrakı illərdə onu bir daha görmədim. Ancaq onunla ilk görüş xoş təəssürat olaraq uzun müddət hafizəmdə qaldı. Ancaq həmişə düşünürdüm: “Görəsən o redaktor haradadır?”

Aylar, illər gəlib keçdi... Faşist Almaniyası qəflətən SSRİ-yə basqın etdi. Hamı kimi mən də hərbi səfərbərliyə alındım. Əksəriyyəti oxumuş ziyalılardan ibarət olan bizim dəstəni İrana, Təbrizə yolladılar. İrana yollanarkən vaqon pəncərəsindən Arazın o tayındakı evləri, səhraları, adamları seyr etdikdə yenə onu, Pişəvərini, onun ikiyə parçalanmış Azərbaycan haqda dediklərini yadıma salırdım.

Bizi İrana ona görə göndərmişdilər ki, orada kök salmaq istəyən və bizə qarşı hücuma keçməyi hazırlayan alman faşistlərinin oradakı yuvasım dağıdaq. Ordumuz bunu etdi. Təbrizdə fəaliyyətim həm də «Vətən yolunda» hərbi qəzetin çıxmasında iştirak etmək idi. Köhnə dostun Qulam Məmmədli də mənimlə bu işdə çalışırdı.

Azərbaycan dilində nəşr etdiyimiz «Vətən yolunda» qəzeti az müddətdə Güney Azərbaycanın bütün guşələrinə yayıldı, özünə çoxlu oxucular tapdı. Biz bir il yarım olardı ki, qəzeti böyük zəhmətlə çıxarırdıq. Bir dəfə istirahət vaxtı Qulam Məmmədli Pişəvəridən söz açdı. Mən dərhal ondan soruşdum: Onu haradan tanıyırsan? O dedi ki, “mən S.C.Pişəvəri elə hələ 20-ci illərdən tanışam, hətta, bir

redaksiyada çalışmışıq”. Mən Qulamdan soruşdum ki, görəsən indi o haradadır? O bu sözün qabağında məni sevindirdi ki, o, ağır zindan həyatından sonra salamatdır,

Tehranda «Ajir» adlı qəzet çıxarır. Pişəvərinin Şah rejiminin əlindən sağ-salamat çıxması məni hədsiz dərəcədə sevindirdi.

“Bir gün Qulam Məmmədliyə dedim ki, icazə versəydilər səninlə Tehrana gedib, Pişəvərini yaxından görərdim, mən onu çox görmək istəyirəm”. Qulam fikrimi bəyəndi və biz Tehrana getmək üçün baş redaktor Mirzə Əjdər oğluna müraciət etdik. O, bizim fikrimizlə razılaşdı. İki gün ərzində sənədlərimizi səhmana salıb Tehrana yollandıq. «Ajir» qəzetinin redaksiya ünvanı əlimizdə var idi. Qulam farsca yaxşı bildiyindən ünvanı tez tapdıq. Biz içəri daxil olarkən Pişəvəri başını aşağı salıb qəzeti oxuyurdu, hansısa düzəliş və əlavələr edirdi. O, otağa kimsənin daxil olduğunu hiss edib başını qaldırdıqda bizi görcək: «Oy, sovet qardaşlar xoş gəlmisiz - dedi.

Mən 20-ci illərin əvvəlində gördüyüm Pişəvəri ilə bu Pişəvəri arasında böyük dəyişiklik var idi - saçları ağarmış, üzündə, alnında qırışlar əmələ gəlmiş, arıq və solğunlaşmışdı. 10 illik zindanın, təqib və sürgünün əzablı günlərinin əlamətləri açıqca sezilirdi. Dəyişməyən onun gözləri və bir də yenə mərhəmətli görünən sifəti idi. O, üzünü bizə tutub Qulama müraciətlə:

- Qulam görürsən, həbslər, təqiblər, əziyyət və ehtiyac məni sarsıtmasa da, vaxtsız qocaltdı. Nə etməli, mənim taleyim də belə imiş...

Seyid Cəfər sonra Qulam müəllimə müraciətlə:

- Bu cavan oğlan kimdir, onun sifəti mənə tanış, suyu şirin gəlir.

Qulam müəllim:

-Vallah, məni Təbrizdən sürükləyib bura gətirən elə odur. Mən də səni görmək istəyirdim, Mirzə Əjdər oğlu da sənə salam göndərdi, lakin bu cavan oğlan, adıda ki Qılmandır, səni görmək həsrətində idi. O, sizi Bakıdan, «Kəndli» qəzetindən tanıyır, məqaləsini də çap etdirmisən.

Pişəvəri bir qədər fikrə daldıqdan sonra:

- Hə... yadıma düşdü, Mərdəkanlı oğlan, nənəsi Şahsevən elindən olan oğlan. Mən onun yazısını oxuduqdan sonra onun gələcəkdə yaxşı qələm sahibi olacağını yoldaşlara demişdim.

O, yerindən qalxdı, təkrarən məni öpüb qucaqladı, səhhətim və evdəkilərlə bağlı soruşdu. Mən isə “Nigarançılıq yoxdur”- dedim: “Həm də müharibədi, gərək hər şeyə dözək”. O, mənim yazılarımla maraqlandı, çox suallar verdi.

Qulam müəllim Pişəvəriyə müraciətlə:

- Ağa, mən sənin köhnə dostunam, mənimlə heç bir o qədər də maraqlanmırsan?

Pişəvəri:

- Qulam, qardaşım, gələcək gəncliyə məxsusdur, onlara qayğı və diqqət hər birimizin borcumuzdur.

Qulam müəllim onun sözünə şərik olduğunu bildirdi və mənim yazıçı-jurnalist fəaliyyətimdən ona danışdı. Pişəvəri mənim «Faşistlərin tör-töküntüləri» adlı məqaləmi «Vətən yolunda» oxuduğunu və bəyəndiyini bildirdi.

Mən haqqımda söhbətin istiqamətini dəyişmək üçün Bakıda, «Kəndli» qəzeti redaksiyasında görüşümüzdən sonra onun haralarda olduğunu, nə iş gördüyünü bir qədər çəkinə-çəkinə ondan soruşdum. Cavabında o başına gətirilmiş bəlalardan, zindan həyatından və İrandakı indiki siyasi durumdan və qarşıda görüləcək işlərdən danışdı... Nə Qulam müəllim və nə də mən onun danışığını dinləməkdən yorulmadıq. Onun danışığı nə qədər şirin və duzlu olsa da, eyni zamanda acı bir hekayəni xatırladırdı. Biz onu yorduq, həm də bizə ayrılmış vaxt başa çatdı. O, yazdıqlarını bizə çatdıracağını bildirdi. Ondan ayrılarkən Təbrizdə bizə baş çəkməsini xahiş etdik. Biz onunla qucaqlaşıb ayrılanda mən özümü saxlaya bilməyib dedim:

- Ağaye Pişəvəri, biz sizdən ayrıla bilmirik, bəs bütöv vətənimiz bir-birindən niyə ayrıldı?

O isə cavabında:

- Biz ayrılmadıq, lənətə gəlmişlər ayırdılar!

Biz yenidən Təbrizə yola düşdük. Pişəvəri Təbrizə, Azərbaycana gələrkən «Vətən yolunda» qəzeti redaksiyasına, burdakı dost və tanışlarına baş çəkməmiş Tehrana yollanmazdı. O, Azərbaycana növbəti gəlişlərinin birində (səhv etmirəmsə, 1945-ci ilin mayında) Azərbaycanı başdan-başa gəzdiyini, xalqın istəyi və ruhiyyəsi ilə yaxından tanış olduğunu, kəndlilərə mülkədar, jandarm və dövlət məmurları tərəfindən olan zülm və zorakılıqdan danışdı. O, hər şeyi fakt və olmuşlar, canlı şahidlərin etiraf və dedikləri əsasda danışırdı. Danışdıqca kədərlənir və əsəbləşirdi. Çıxış yolunun, xilas olmanın yolunu Azərbaycanın ayağa qalxmasında görürdü. Bu işi etməkdən ötrü milli təşkilata ehtiyacı xüsusi vurğulayırdı…

Təbrizdə, bütövlükdə Azərbaycanda sonrakı hadisələr Pişəvərinin düşündüyü kimi oldu: Firqə yarandı, mübarizəyə rəhbərlik etdi, 21 Azər inqilabı oldu, Milli Hökumət yarandı, böyük iqtisadi-mədəni və s. tədbirlər həyata keçirildi.

Bizə Milli Hökumətin və Firqənin işlərinə müdaxilə etməmək tapşırıldığından biz Pişəvəri ilə çox az görüşürdük ki, Tehran rejimi Azərbaycanda baş verənləri bizim ayağımıza yazmasın (Təəssüf ki, bəziləri indi də buna cəhd edir).

Bir gün Qulam Məmmədlini və məni S.C.Pişəvəri «Azərbaycan» qəzetinin redaksiyasına çağırtdırdı. Məlum oldu ki o, baş vermiş olayların mühüm hissələrini «Qızıl səhifələr» adlı topluda tərtib etdirib, çap olunmağını istəyir. Bu kitabdakıları redaktə etməyi bizdən xahiş edir. Qəzetlə bağlı işimizin çox olmasına baxmayaraq rəhbərliyimizin icazəsi ilə biz bu işi gecə-gündüzə salıb, qısa müddətə başa çatdırdıq. Bizim adımızın kitabda yazılması məsləhət görülmədi. «Qızıl səhifələr» 1946-cı ilin əvvəllərində qiymədi toplu kimi çap olundu. 1946-cı ilin baharında o səmimi, böyük insandan ayrılmağım heç vaxt yadımdan çıxmır. O, «Azərbaycan» qəzeti redaksiyasında bizimlə bir vida görüşü təşkil etdirmişdi. O görüşdə bizim Təbrizdən getməyimizdən, ümumiyyətlə Sovet qoşunlarının İran ərazisini tərk etməsindən narahat idi. Elə bil o, hadisələrin faciəli sonluğunu görürdü...

Həmin ziyafətdə Pişəvəri üzünü Qulam Məmmədliyə tutub dediyi sözlər indi də qulağımda cingildəyir: «Qulam, qardaşım, öz aramızda qalsın, mən sənə deyirdim ki, bu Sovetlərə çox inanmaq olmaz. Yeri gəldikdə onlar öz xeyirlərinə bizi meydanda tək, həm də əliyalın qoyub gedə bilərlər. Görürsən nə oldu, hələ nələr olacaq!..»

 

Xalq cəbhəsi.- 2017.- 3 mart.- S.14.