Novruz inanclarında qeyri-adi zaman nöqtəsi
Novruz bayramı ənənələrini bu bayramla qırılmaz şəkildə
bağlı olan inanclardan kənarda təsəvvür etmək mümkün deyil:
Novruzun bütün ənənələrinin
əsasında inanclar durur. Bu inanclar həmin ənənələrlə yaşayan
insanların düşüncəsinin,
dünya haqqında, varlıq aləminin məkan-zaman quruluşu haqqında təsəvvürlərinin
əsasında durur. Həmin məkan-zaman
təsəvvürləri inanclarda
obrazlar şəklində
öz təcəssümünü
tapıb. Bu cəhətdən Novruzun bütün fəlsəfəsinin,
məna və mahiyyətinin kökləri
inanclarda əks olunub.
İstənilən xalqın inancları, o cümlədən Azərbaycan
xalqının Novruz ilə bağlı inancları bütöv bir sistemdir. Bizə ayrı-ayrı
məsələlər, fərqli
mətləblər təsiri
bağışlayan inanclar
vahid bir əsas ətrafında birləşərək sistem
yaradır. Novruz inanclarını
ümumi halda nəzərdən keçirdikdə
burada da həmin inancların bağlı olduğu vahid bir əsası
müşahidə etmək
olur. Məlum olur ki, təzə
ilin köhnə ili (yaxud
təzə dünyanın
köhnə dünyanı)
əvəz etdiyi Novruz bayramında iki zaman üz-üzə
gəlir. Bunlardan biri getməkdə
olan zaman, o birisi isə gəlməkdə olan zamandır. Bunların bir-birini əvəz
etməsi Novruz bayramında baş verir. Bu zaman
əvəzlənməsində ən mühüm məqam ilin təhvil olunduğu zaman kəsiyidir. Həmin zaman kəsiyi ilə bağlı inanclar var. O inanclardan məlum olur ki, ilin təhvil
olduğu məqam qeyri-adi zamandır. Bu zamanda qeyri-adi
hadisələr baş
verir. Həmin qeyri-adi zamanın
əsas xüsusiyyəti
ondan ibarətdir ki, bu, bir
başlanğıc anı,
qeyri-adi zaman nöqtəsidir. Bütün yeni
zaman, yeni məkan və bu zaman-məkan daxilində baş verəcək hadisələr
həmin zaman başlanğıcından, zaman
nöqtəsindən başlanır.
Bu zaman nöqtəsində
baş verənlər
fərqli xüsusiyyətlərə
malik olur.
C.Bəydili (Məmmədov) göstərir
ki, ilin təhvil olma anı xalq ənənəsində
həm də “aləmin yatan vaxtı” adlanır. Müəllif yazır ki, aləmin yatan vaxtı Azərbaycan xalq inamlarında qışın sonunu, yazın başlanğıc
anını göstərən
mifik vaxtdır. Mifoloji təsəvvürlərdə aləmin
yatan vaxtı ilin axır çərşənbəsinə təsadüf edir. Bununla bağlı deyilir ki, Novruz bayramına
açılacaq gecədə
gündüzlə gecə
tən yarı olan zaman çaylar
bir anlığa dayanır və sonra yenidən axır. Bu görüşlərə
görə, aləmin
yatan vaxtı deyilən həmin anda bütün canlı və cansız bilinən aləmdə nə varsa hamısı bir anlığa yuxuya gedər, yəni sanki ölüb-dirilər. O anda
kim nə
arzu eləsə, diləyi hasil olar.
İnanclardan məlum olur ki, ilin təhvil
olma anını heyvanlar hiss edir, ağaclar qeyri-adi vəziyyətə düşür. İrəvan
Çuxuru bölgəsi
inanclarından birində
deyilir ki, keçmişdə il təhvil olan gün çaydan
xırda balıq tutub gətirər, ləyənə salıb,
ətrafına səməni,
şam düzər, diqqətlə balıqların
hərəkətini izləyərdilər.
Balıq şiddətlə
çabalayanda, yaxud sudan atılanda
alqış qopardı
ki, “il təhvil
oldu”. Hamı bir-birini təbrik
edər, sonra da bütün kənddə bayramlaşma
mərasimi başlayardı.
Ancaq ilin təhvil olma anını, yəni bu qeyri-adi
zaman nöqtəsini təkcə balıqlar deyil, başqa heyvanlar da bilirlər. Qazax bölgəsindən toplanmış
inanca görə, kim il təhvil olan anda atın oxranmasını, qoçun
imrənməsini, təkənin
mikkildəməsini eşidərsə,
bütün niyyətləri,
arzu-istəkləri baş
tutar.
İnanc mətnindən
məlum olur ki, il təhvil olma məqamı adi olmayan bir zaman
nöqtəsidir və
bu zamandan üç heyvan (at, qoç və təkə) xəbər tutur. Onlar da qeyri-adi səslər (oxranma, imrənmə, mikkildəmə)
çıxararaq insanları
xəbərdar etməyə
çalışırlar. At ilin təhvil
olmasını başqa
şəkildə də
bildirir. Naxçıvan bölgəsindən toplanmış
inanca görə, at ancaq Novruz gecəsində
üç dəfə
gövşəyir. Deyirlər
ki, onun gövşəməyini kim görsə, ona vergi verilər.
Həmin bölgəyə məxsus
başqa bir inanc mətnində deyilir ki, Novruz
bayramında su teşti qoyurdular. İçinə qırxayaq salırdılar.
O dönəndə deyirdilər
ki, il
təhvil oldu. Ancaq ilin təhvil olduğunu təkcə heyvanlar bilmir. Bu qeyri-adi zaman
nöqtəsində təbiət
ünsürləri də
özünü adi zamanda olduğu kimi yox, başqa
cür aparır.
Məsələn, ağaclar
həmin an başını yerə vurur. Naxçıvandan toplanmış inancda göstərilir ki, ilaxır günü il təhvil
olanda ağaclar başını əyib yerə vurar. Deyirlər bunu təkcə at bilir. Zəngəzur folklor yaddaşına
görə, köhnə
ildən təzə ilə keçəndə
su dayanar, at kövşəyər, ağaclar
səcdəyə gələr.
Söyüd deyər:
- Mən də, mən də!..
Bu vaxt kim nə
niyyət eləsə,
niyyəti hasil olar.
Yeri gəlmişkən, Ləman
Süleymanova Şəki
Novruz adətləri haqqında məqaləsində
göstərir ki, ilaxır çərşənbədə
səhərə yaxın,
hava hələ işıqlanmamış çaya,
çay yoxdursa, bulağa – zəmzəm suyuna gedirlər. Ərazidə yayılmış inama görə, bu vaxt çayda su köpüklənməyə
başlayır və bunu ancaq əməlisaleh
adamlar görə bilirlər.
Göründüyü kimi, ilin təhvil olma anını insan yox, heyvanlar hiss edir, o cümlədən bu zaman nöqtəsində sular bir anlığa dayanır, ağaclarsa başını yerə əyərək torpağa toxundurur. Lakin bu zaman nöqtəsinin qeyri-adiliyi təkcə bunlarla qurtarmır. Əgər insan göstərilən əlamətləri başa düşüb, bunun ilin təhvil məqamı olmasını anlasa, həmin an ürəyində nə keçirsə, o da həyata keçər; insana vergi verilər, ürəyində tutduğu niyyət hasil olar, arzu-istəkləri baş tutar. Məsələn, Zəngəzur folklor yaddaşından qeydə alınmış bir nümunədə deyilir ki, bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ki, ağaclar səcdəyə gəldi. Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir. Güclə deyir ki, boynum sınaydı, bəs mən evə susuz necə gedəcəm? Arvadın o saatca boynu sınır.
Beləliklə, ilin təhvil olunduğu an qeyri-adi zaman nöqtəsidir və bu zamana təsadüf edən, ona tuş gələn insanın istənilən arzusu həyata keçir. Bəs bu, nə ilə bağlıdır? Müşahidə göstərir ki, ilin təhvil olduğu məqam köhnə zamanın bitdiyi və yeni zamanın başlandığı an, keçid məqamı, keçid nöqtəsidir. Köhnə zaman – axır çərşənbə, yeni zaman – Novruzdur. Ş.Albalıyev yazır ki, Novruz bayramı genetik olaraq öz mənşəyini məhz İlaxır çərşənbədən götürür. Mahiyyətcə, ilin axır çərşənbəsi bayramı Novruz bayramına – İlbaşına keçid funksiyasını yerinə yetirir. Yeni zamanın ilk başlanğıc nöqtəsində tutulan niyyət, edilən arzu həyata keçir. Çünki il həmin anla başlanır. Həmin anda edilən arzu, tutulan niyyət yeni zamanın məzmununu müəyyənləşdirir. Borçalı-Qarapapaq bölgəsindən toplanmış, eləcə də Azərbaycanın hər yeri üçün xarakterik olan inancda da deyildiyi kimi, ilaxır çərşənbəni hansı əhval-ruhiyyədə keçirərsənsə il boyu günlərin həmin əhval-ruhiyyədə olar.
Beləliklə, Novruz mərasim kompleksində ilin təhvil olma anı qeyri-adi zaman nöqtəsidir. Bu zaman anında hər şey fərqli olur: heyvanlar qeyri-adi hərəkətlər edib insanları bu andan xəbərdar etməyə çalışırlar. Başqa təbiət ünsürləri də adi hallarından çıxıb, bir anlığa qeyri-adi hala düşürlər: həmin an sular dayanır, ağaclar isə başlarını yerə əyib torpağa toxundururlar. Bu andan xəbər tutan insanın həmin məqamda ürəyindən keçirdiyi arzu, istək, niyyət hansı məzmunda olmasından asılı olmayaraq dərhal həyata keçir. Novruz inancları əski təbiət kultları haqqında təsəvvürləri özündə yaşadır. “Kult” – pərəstiş, tapınma deməkdir. Novruz inanclarının öyrənilməsi göstərir ki, babalarımız od, su, bitki, torpaq kimi təbiət ünsürlərini kultlaşdırıb, yəni bu ünsürlərin qeyri-adi varlıqlar olduğuna inanıb, onları müqəddəs varlıqlar hesab etmiş və bu ünsürlərlə bağlı mərasimi hərəkətlər icra ediblər.
S.Qasımova
Araşdırmaçı
Xalq cəbhəsi.-
2017.- 4 mart.- S.13.