"100-dən
çox tarixi abidə qəzalı vəziyyətdədir”
Mədəniyyət və Turizm
Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin rəisi Zakir Sultanov APA-ya müsahibə verib.
- Zakir müəllim,
Azərbaycanda mədəni irsin qorunması necə həyata
keçirilir?
-
2013-cü ildə cənab prezident 2013-2020-ci illərdə mədəni
irsin qorunması və inkişafı ilə bağlı fərman
imzalayıb. Həmin fərmanda əksini tapan əsas məsələlərdən
biri mədəni irsin qorunması ilə məşğul olan
qurumun yaradılması idi. O vaxta qədər Mədəniyyət
və Turizm Nazirliyində mədəni irsə nəzarət
edən şöbə var idi. Azərbaycanda
6300-ə yaxın tarixi abidə var. Həmin abidələr
şöbə səviyyəsində qorunur və idarə
edilirdi. Əlbəttə, bu çox
çətin idi. Cənab prezidentə minnətdarıq
ki, 2014-cü ilin dekabr ayında fərman imzaladı və Mədəniyyət
və Turizm Nazirliyinin yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətini yaradıldı. Mən
xidmətə rəis təyin olundum. Vəzifəyə
təyin olduğum gündən proqramın icrasına
başlamışıq. Doğrudur, xidmətin
yaranması dünyada və Azərbaycanda yaranan maliyyə
sıxıntıları ilə üst-üstə
düşdü. Ona görə bəzi
işlərin görülməsi, məsələn, abidələrin,
məbədlərin bərpası dərhal mümkün
olmadı. Bu vəzifəyə qədər
mən Mədəniyyət və Turizm Nazirliyinin Tikilən
Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində
çalışmışam. Bir çox mədəni
obyektin nəinki açılışında, həm də
iş prosesində prezident İlham
Əliyev və ölkənin birinci xanımı Mehriban
Əliyeva iştirak edib. Bütün işlərimiz
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin nəzarəti altında həyata keçirilib.
Məsələn, Akademik Milli Dram Teatrı, Kukla Teatrı, Gənc
Tamaşaçılar Teatrı, Heydər Əliyev
Sarayının təmir və bərpasında, Xalça
Muzeyinin tikintisində cənab nazir həftədə
iki-üç dəfə adını çəkdiyim obyektlərdə
iclas keçirib, işə nəzarət edib. Deyə
bilərəm ki, bərpa və təmir olunan obyektlərdə
aparılan işlər ən yüksək səviyyədə
qiymətləndirilib. 2006-cı ildən
üzü bu tərəfə tarixi abidələrin
inşaatı və bərpası sektorunda böyük işlər
görülüb. Bu işlər təkcə
paytaxtda yox, həm də regionlarda həyata keçirilib.
Bilirsiniz ki, mədəniyyət obyektləri
şəhərin, rayonun ən yaxşı yerində yerləşir,
göz qabağında olurlar. Belə deyim,
mədəniyyət obyektləri ölkəmizin, şəhərimizin
simasıdır. Çətinliyimiz,
sıxıntımız yalnız maliyyə məsələləridir.
Amma buna baxmayaraq inventarlaşmanı
aparırıq.
- Tarixi abidələrin
siyahısı sonuncu dəfə nə vaxt dəqiqləşib?
- Bir
neçə dəfə sovet hakimiyyəti dövründə,
sonuncu dəfə isə 2001-ci ildə tarixi abidələrin
siyahısı dərc olunub. Düzdür,
heç kimin işində qüsur axtarmaq niyyətində
deyiləm. Amma bilirsiniz, bəzi məsələlərdə
problemlərlə qarşılaşmışıq. Məsələn, şəhərdə, yaxud regionda
olan bəzi gözəl binalar sərəncama
salınmayıb. Ona görə də cənab prezidentin
fərmanına əsasən iş planı
hazırlamışıq. Həmin iş planında əsas məsələlərdən
biri inventarlaşmadır. Yəni yenidən
ölkə ərazisində olan tarixi binaların inventarı tərtib
olunacaq. Bəzi binalar artıq sökülüb.
O binalar siyahıdan çıxarılmalıdır. Yeni aşkar olunan 700 tarixi bina var. Biz onları da
siyahıya salmaq niyyətindəyik. İnventarlaşmanı
Bakı şəhəri üzrə bitirmişik. Azərbaycanın
şimal hissəsində də bu iş artıq başa
çatıb, cənub zonasında işlər aparılır.
"100-dən çox tarixi abidə
qəzalı vəziyyətdədir"
2017-ci
ilin sonuna qədər bu iş tam yekunlaşacaq. Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfdən bir sıra işgüzar məsələlərdə
problemlərimiz var idi. Bilirsiniz ki,
Bakıda və regionlarda küçə və prospektlərin
adları, binaların nömrələri dəyişib. Bu, bizim işimizdə əngəl yaradır. İnventarlar Nazirlər Kabineti tərəfindən təsdiq
olunacaq. Ona görə də hər şey
dəqiq olmalıdır.
- Maliyyə sıxıntıları
səbəbindən hansı layihələriniz təxirə
salınıb? İstərdim, bu məsələ haqqında
danışaq...
-
Bölgələrdə bəzi abidələrin ciddi təmirə
ehtiyacı var. Məsələn, alban məbədləri var.
Bu yaxınlarda mətbuat da yazmışdı ki, Oğuzda
alban məbədi çat verib. Yüzlərlə
belə misal çəkmək olar. Qəzalı
vəziyyətdə olan yüzdən artıq tarixi binamız
var, onlarda yenidənqurma işləri aparılmalıdır.
Təkcə alban məbədləri deyil, qəzalı vəziyyətdə
olan məscidlər də var. Bəziləri çat verib, bəzilər
dağılıb. Biz bəzən onların təmiri
üçün sponsorlar axtarırıq.
- Bərpası daha vacib olan abidələrin
siyahısı mövcuddurmu? Yəni imkan olan
kimi ilk növbədə hansı abidələr təmir
olunmalıdır?
-
Dediyim kimi onların sayı yüzdən artıqdır.
Əlbəttə, böyük və təmirə daha
çox ehtiyacı olan abidələr var. Amma biz burada
prioritet, yaxud ikinci dərəcəli iş bölgüləri
aparmırıq. Hamısına eyni gözlə
baxırıq. Bir çoxlarının vəziyyəti
həqiqətən yaxşı deyil.
- Zaqatalada alban kilsəsinin
çayxana olması haqqında məlumat
yayılmışdı. Bu nə dərəcədə
doğru xəbər idi?
- Yalan
məlumat idi. Bizim nümayəndələrimiz
orda oldular. Çayxana 70-80-ci illərdən
həmin ərazidə mövcuddur. Sadəcə,
jurnalistlər şəkil çəkəndə ədalətsizlik
etmişdilər. Abidə ilə
çayxana arasında hasar var. Fotonu çayxananın
içindən çəkiblər və elə təəssürat
yaranıb ki, çayxana alban məbədinin içindədir.
Araşdırdıq və məlum oldu, 30-40 ilin
çayxanasıdır, sadəcə, sanitar normalara riayət
olunmayıb. Tapşırıq verdik ki,
orda təmizlik işləri aparılsın. Maliyyə sıxıntılarına görə bir
çox obyektlərdə işlərimizi həyata keçirə
bilmirik.
Məsələn, Opera və Balet Teatrının
layihəsi italyan memarları tərəfindən
hazırlanmışdı. Cənab
prezidentin iştirakı ilə layihənin təqdimatı
olmuşdu. Amma maliyyə
sıxıntısına görə bu işlər hələlik
saxlanıldı.
- Teatrın direktoru Akif Məlikovdan
müsahibə almışdım, demişdi, layihədə bəzi
dəyişikliklər etdik ki, çox baha olmasın...
- Bəli,
layihə Akif müəllimin iştirakı ilə
hazırlanıb.
- Opera və Balet Teatrı
memarlıq üslubunda tikildiyinə görə bərpası
böyük xərc tələb edir. Təbii ki, bu teatrın
təmirinə tələb olunan vəsait digər teatr
binalarının təmiri üçün tələb olunan
xərcdən daha artıqdır. Maliyyə sirri deyilsə, bu
teatrın yenidənqurması üçün hansı məbləğdə
vəsait tələb olunur?
- İtalyan mütəxəssisləri bütün xərclər
daxil olmaqla 100 milyon manata yaxın smeta
hesablamışdılar. Çünki
Opera və Balet Teatrında söhbət təkcə
restavrasiyadan getmir. Binada administrativ hissə
dəyişməli, 28 May küçəsi tərəfə
çıxan tarixi bina təzədən tikilməlidir. Bütün işlərə yüksək səviyyəli
memarlar cəlb olunmalıdır. Bu, asan
layihə deyil, ona görə də böyük xərc tələb
edir.
- Sirkin binası ilə
bağlı vəziyyət nə yerdədir?
- Sirkin
təmiri də maliyyə sıxıntılarına görə
qalıb. 2007-ci ildən layihə
hazırdır.
- Sirkin rəhbərliyi şəhərin
daha yaxşı yerində yeni binanın tikintisi
üçün təkliflər vermişdi. Bu
haqda nə düşünürsünüz?
- Bilirsiniz, Bakıda əhali artıb. Artıq
paytaxtda dörd milyondan çox insan yaşayır. Sirkin yerləşdiyi keçədə tez-tez
tıxaclar yaranır. Üstəlik, sirkə
uşaqlarını gətirən valideynlərin əksəriyyəti
maşınla gəlirlər. O vaxt təkliflərdən
biri də belə idi ki, sirkin binası Bayraq Meydanının
yanında yerləşsin. Mən
düşünürəm ki, sirk açıq, geniş yerdə
yerləşməlidir ki, insanların gəliş-gedişi
rahat olsun.
- Tağıyevin 1885-1924-cü illərdə
Mərdəkanda yaşadığı evi tarixi abidələr
siyahısındadır?
- Bəli.
- Mətbuat tez-tez bu binanın
baxımsız vəziyyəti ilə bağlı materiallar
verir. Deyilənə görə, həmin binada məcburi
köçkünlər yaşayır...
- Məndə həmin binada məcburi
köçkünlərin yaşadığı barədə
məlumat yoxdur. Amma deyim ki, Tağıyevin həmin
evi doğrudan da yaxşı vəziyyətdə deyil. Uzun zamandır orda təmir-bərpa işləri
görülmür. Tək həmin bina
deyil. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva Xəzər rayonundan millət vəkilidir
və onun təşəbbüsü ilə Mərdəkan və
Şüvəlanda, digər yerlərdə çox işlər
görülüb. Təbii ki, təmirə
ehtiyacı olan digər binalarda da işlər aparılacaq.
- Şah İsmayıl
Xətainin abidəsi ilə bağlı suallara hələ də
dəqiq cavab verilməyib. Həmin heykəl yerində
qalacaq, yoxsa götürüləcək?
- Bugünkü günə Xətainin heykəlinin
götürülməsi ilə bağlı məndə
heç bir məlumat yoxdur. Ölkə
miqyasında böyük işlər aparılır. Yollar, parklar salınır, binalar, əyləncə
mərkəzləri tikilir. Qonaqlar artıq
deyirlər ki, Bakı Avropanın bir çox şəhərlərindən
daha gözəldir. Məsələn, bizim
qonaqlarımız deyir, Bakı Şərqin Parisidir.
Böyük işlər görüləndə ola bilər, nəyinsə yeri dəyişsin. Amma bunların hamısı qanun çərçivəsində
olmalıdır. Əgər böyük
yol çəkilirsə, hər hansı heykəl beş-on
metr yerini dəyişə bilər. Sənədsiz,
icazəsiz heykəli dağıtmaq qanuna ziddir.
- Sizcə, Xətainin heykəlinin
hazırkı yeri nə dərəcədə uyğundur?
- Mən
ona bir söz deyə bilmərəm. Ona Şəhər
İcra Hakimiyyəti baxsın, uyğunluğunu söyləsin.
- Zakir müəllim, Mikayıl
Müşfiqin heykəlinin götürülməsi məsələsi
cəmiyyətdə ciddi rezonans doğurdu. İstərdim, məsələnin
təfərrüatını danışasınız...
- Hadisədən
bir həftə əvvəl "Azəravtoyol" Səhmdar Cəmiyyətindən
mənə telefon açdılar. Bu məsələ
ilə bağlı bizim fikrimizi öyrəndilər. Dedilər, bir çox dövlət orqanları ilə
razılaşdırmışıq, sizinlə də
razılaşdırmalıyıq. Mən dedim, əvvəla,
siz birinci bizimlə razılaşdırandan sonra başqa
dövlət orqanları ilə danışa bilərdiniz.
Dedim, nə mənim rəhbərim cənab Əbülfəs
Qarayev, nə də mən buna razı ola
bilmərik. Yəni qəti etiraz edirik, heykələ
toxunmayın. Əgər çox vacibdirsə,
layihəni göndərin, baxaq, ölkə rəhbərliyinə
göstərək, memarlarla müzakirələr aparaq, sonra
çözüm yolu tapaq. Dedilər,
yaxşı. Söhbət bitdi. Fevralın 27-də səhər bizim müfəttişliyin
rəisi Etibar Axundov zəng vurdu ki, Müşfiqin abidəsini
dağıdıblar.
"Füzulinin heykəlinin
heç nəyə maneçiliyi yoxdur"
Müfəttişlər yerində
aktlaşdırdı, şəkillərini mənə göndərdilər.
İlk olaraq nazir Əbülfəs Qarayevə məlumat
verdim. Daha sonra "Azəravtoyol"un
rəhbəri ilə danışdım. Mənə dedi,
İcra Hakimiyyəti ilə razılaşdırılıb, sərəncamı
var.
- Yasamal Rayon İcra
Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə?
- Xeyir, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbovla. Mən İbrahim Mehdiyevlə
danışmışdım, gördüm, məsələdən
xəbəri yoxdur. Hacıbala müəllimlə
telefonla danışdım, məlum oldu, heykəlin
götürülməsindən onun da xəbəri yoxdur.
Hacıbala müəllimə müraciət
olunub, amma o razılıq verməyib. Artıq
məsələ mediaya çıxmışdı, müzakirələr
aparılırdı. Məsələyə ən
doğru qiyməti cənab prezidentimiz verdi.
Xalqımız gördü ki, ölkə
başçısı düzgünlüyün, ədalətin
yanındadır. Müşfiqin heykəli
bir ay müddətində bərpa olunacaq.
- Füzuli meydanında yeni yolun
çəkilməsi ilə bağlı işlər
aparılır. Belə bir məlumat yayılmışdı
ki, Füzulinin heykəlinin yeri dəyişilə bilər...
- Məndə
belə bir məlumat yoxdur. Ümumiyyətlə,
müzakirə olunmur. Mən həmin layihə ilə
tanışam. Füzulinin heykəlinin heç nəyə
maneçiliyi yoxdur.
Xalq cəbhəsi.-
2017.- 4 mart.- S.15.