Müstəqillik dövrü Azərbaycan şeirindəNovruzbayramı

 

II-ci yazı

 

Novruz şadlıq, şənlik bayramıdır. Bu bayramda insanlar ən gözəl paltarlarını geyinər, ən gözəl nemətlərini süfrəyə düzər, nənələr nəvələrinə naxışlı corablar toxuyardı. Bütün evlərdə şəkərbura, paxlava, qoğal, təndir çökəsi bişirilər, müxtəlif cür şirniyyatlar hazırlanardı. Müəyyən fərqlər ilə Novruz hazırlıqları müasir dövrümüzdə ənənəvi olaraq davam etməkdədir. Bu ənənəvi adətlərin kökündə bir İli necə tutsan o cür gedərdeyimində olan inancın xüsusi yeri var. Novruz gözün, könlün toxluğu hissini yaradır, bu inam şair xislətində Sərdar ZeynalınMənə bu baharın nəfəsi bəsdirşeirinin leytmotivinə çevrilir, misra-misra qəlbimizə süzülür:

 

Nur yağır, al günəş qızdırır yeri.

Səs salır. Yenə dənələnir qar.

Başını yelləyir arı gülləri,

Üz tutub yurduma gəlir ilk bahar.

 

...Çiçəklər çəmənə daranıb çıxır,

Dərədə zümzümə, yamacda səsdir.

Gülürəm gözümə min çiçək baxır.

Mənə bu baharın nəfəsi bəsdir.

 

Bu gülün-çiçəyin rajihəsində şair Zeyqəm Vüqar da könlünü yaza verir. Yazda gül-çiçəyin qoynunda nazlana-nazlana gəzən gözəlləri görən şairin qəlbində bahar şeiriyyətə çevrilir, məhəbbət hissləri baş alıb gedir:

 

Gecə-gündüz olur taraz,

Bərabərlik sevir bu yaz.

Satdıqca hər gül-çiçək naz,

Yaza könül verdim, Allah,

Bu yazı da gördüm, Allah.

 

Novruzu müjdələyən çiçəklərdən bənövşə zaman-zaman el aşıqlarının söz-söhbətinin əsas mötivi olduğu kimi müasir şairlərin şeir yaradıcılığında əhəmiyyətli yer tutur. Kimi onun boynu büküklüyündən, kimi həsrətindən, kimi tez aldanmasından, kimi sədaqətindən yazır. Ramiz Kərəmin poeziyasındaHeyf səndən bənövşəşeiri aldadılmış gülün ayrılıqlara düşməsinə bir təəssüf hissinin təsirini yaradır:

 

Aldatdı bahar səni,

Hələ çöllər qar imiş.

Hər görüşün sonunda,

Bir ayrılıq var imiş,

Heyif səndən, bənövşə.

 

Baharın müjdəçilərindən biri ağacdələn quşudur. Vaqif MəmmədovunAğacdələn, qapımı döyərsənşeirində ağacdələn şairin qapısını döyür. Qışın soyuğundan, sazağından qurtulmamış, yolların dumanlı-çənli olduğu bir vaxtda ağacdələnin şairin qapısını döyməsi şairi xəyaldan ayırır, ətrafına baxır, yaz küləklərinin əsdiyini, havanın hərarətini duyur, bu da ona ümid verir, yazın gəlişi ilə yeniliklərin gəldiyini bildirir. Ağacdələn şairi xəyaldan ayırıb müjdələdiyi kimi şair ağacdələni muştuluqlayır:

 

Ağacdələn, gözün aydın yaz gəlir...

Mənə tərəf bir müqəddəs iz gəlir.

İnsaf elə, belə günlər az gəlir,

Ağacdələn, qapımı döyərsən?..

 

Bahar gəlişi özü ilə sevgi, məhəbbət gətirir. Qızlar bulaq başında su sonaları kimi daranır, oğlanlar yol üstə dayanıb qızları gözləyir, birini gözaltı edib könlünü açmaq istəyir. Fəxrəddin MeydanlınınBir ki, Baharşeirinin lirik qəhrəmanı da günəşin zərrəsi kimi sevdiyi qızın saçlarına hopmaq, onun könül mülkünü odlu nəfəsi ilə isitmək istəyir. Sevgilisi gedən yollara xalılar düzmək istəyir ki, ayağına bir daş dəyməsin. Lirik qəhrəmanın iki sevgilisindən biri ona bu gözəl hissləri yaşadan ilk bahardı:

 

Öpəm, əzizləyəm, duyam, iyləyəm,

Barmağın toxunmuş ən kiçik var.

Car çəkib aləmə bunu söyləyəm,

Sevdiyim bir sənsən, bir ki, Bahar.

 

Sevgi, məhəbbət duyğularının isindiyi bir zamanda quşlar da bir-birinə nəğmə deyir, cavanlar bu bayram günlərində qaladıqları tonqalların atəşləri ilə bir-birlərini salamlayır, sevinclərini paylaşırlar. Qızlar oğlanlardan nişan gözləyir, vüsala çatacaqları günün həsrəti ilə yaşayırlar. Bu təbii hissləri alovlandıranBaharNazlı Hacılının poeziyasında özünəxas şəkildə, bədii boyalar, təşbihlərlə oxucuya çatdırılır:

 

Quşlar nəğmə deyir biri-birinə,

Cavanlar can atır tonqal qalasın.

Qızlar dünya verər kəmər yerinə,

Bir mərdin qolunu belə dolasın.

 

İlk baharda vüsala yetənlərlə bərabər sevgisinə qovuşa bilməyənlərin həsrəti oxucunu narahat edir. Son baharda doğulub ilk baharda eşq atəşinin alovunda yanan aşiqin göz yaşları yağışa bənzəyir. “Kim bəzədi bu yazışeirində tənhalıqdan, yalnızlıqdan kimsəsiz duruma düşübəsir-yesirolan buludlara oxşayır Rüstəm Behrudinin lirik qəhrəmanı. Şair pəncərədən gecə-gündüz yollara baxır, xəyalındasevda gecələrindəitirdiklərini xatırlayır, amma ilk bahar çiçəkləri son bahara qalmadığı kimi, onun da sevgisi unudulubdur, daha şairin getməyə bir yeri yoxdur:

 

Bu da, bu da ilk bahar,

Əsdi yenə ruzgarı.

Tanrı yenə sirr açır,

Açmağa sirrim yox.

Çiçək kimi açılır,

Bax dərdimin açarı,

Bu bədəndə yoruldum,

Getməyə yerim yox.

 

Baharın bu xoş anlarında Rüstəm Behrudinin sevgisi daşa dəymiş, unudulmuş lirik qəhrəmanı getməyə bir isti ocaq tapmasa da, Fərqanə Mehdiyevanın təsvir etdiyi lirik qəhrəmanlar isə bu baharda isti ocaq qurmaq arzusundadırlar. Bu bahar toylarında gələcək toyların da bünövrəsi qoyular, ürəyi quş kimi uçan qızları cavanlar xəlvətcə gözaltı edər. Hətta bu toylarda qol qaldırıb oynayan, durna kimi süzən nənələrin yadına öz toyları düşər. Xatirələrin işığında qızınarlar. Fərqanə Mehdiyeva şeirin sonunda gəlinlərin toy xınası yaxmalarını, sevən könüllərin qisməti olan bahar toylarını dünyanı nizamlayan bir toyxanaya çevrildiyi şəkildə yekunlaşdırır:

 

Gələr ömrümüzə bahar toyları,

Gəlinlər bələnər toy xınasına.

Sevənlər gözündə dönər bu dünya,

Sevən könüllərin toyxanasına.

 

Novruz bayramının mahiyyətini gənc nəslə çatdırmaq məqsədilə İbrahim Yusifoğlunun yazdığıNovruz adətlərimizşeirini xüsusilə qeyd etmək lazımdır. Uşaqlara xitabən yazılan bu şeirdə müəllif Novruz bayramı öncəsi bayram günləri keçirilən adət-ənənələri qələmə almışdır. Səməni göyərdilməsi, evlərin, həyətlərin süpürülüb səliqə-sahmana salınması, nənələrin təndir başında çökə, paxlava, şəkərbura bişirmələri, babaların tonqal qalamaq məqsədi ilə quru odunları toplamaları, axır çərşənbədə tonqal üstən atlamaları, bayram axşamı qızların qapı pusmaları, bayram günü səhər-səhər ağsaqqal ağbirçəklərin ziyarət edilməsi kimi ənənələrin təsviri şeirin əsas qayəsini təşkil edir. Şeirin sonuncu bəndində şair bayrama qədərhəddini aşmışcığal uşaqların da bayram günü barışdıqlarını qeyd edir:

 

Ərköyünlər, cığallar

Həddini hərdən aşır.

Kimsə kimdən küsərsə,

Bayram günü barışır.

 

Novruz dostluq barış bayramıdır. Novruzu digər bayramlardan fərqləndirən bir cəhəti bu bayramda küsülülərin barışmasıdır. Bu küsülülük ailə içərisində, dost-tanış arasında, hətta el-oba münasibətlərində ola bilərdi. Belə hallarda ağsaqqallar ortaya düşər, yaşca kiçik olan küsülünü özləri ilə birlikdə böyük küsülünün bayramını təbrikə aparardılar. Hamı kim küsülülər bir-birinin bayramını təbrik edər, əl verib salamlaşar küsülülük öz-özünə aradan qalxmış olardı.

Novruz bayramı haqqında bu günə qədər ədəbiyyatımızda çox yazılıb, çox deyilib. Bu gündən sonra da yazılacaq. Müstəqillik dövrü poeziyasında da Novruz mövzusu önəmli yer almaqdadır. Novruz bayramı elə bir bəşəri bayramdır ki, onun arxaik qatında olan mətləblər hələ tam açılmayıb. Ümid edirik ki, Novruz bayramının bəşəriyyətə təlqin etdiyi ali məqsədlər gələcəkdə bütün dünya xalqları tərəfindən əxz olunacaq qəbul edilərək ümumdünya mədəniyyət hadisəsinə çevriləcək.

 

Nizami Muradoğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq cəbhəsi.- 2017.- 10 mart.- S. 14.