Eynəli bəy Sultanov Novruz
bayramı və təntənələri haqqında
Qədim türklərin milli
bayramları, adət-ənənələri, ritual və mərasimləri,
tapınma və inancları nəinki türk alimləri, həm
də digər xalqların təfəkkür sahibləri tərəfindən
müxtəlif dövrlərdə öyrənilmiş və
bu gün də öyrənilməkdədir. Əlbəttə,
türk etnik düşüncəsində özünə yer
almış bu bayramlardan hər birinin yeri önəmli
görünsə də, Novruz bayramına münasibət,
fikrimizcə, müstəsnalıq təşkil etməkdədir.
Daha çox türklərin milli bayramı kimi
tanınan Novruza (çünki onu farslar, hindlilər, taciklər,
əfqanlar, puştular, urdular və başqaları da qeyd etməkdədirlər)
daha çox yiyə çıxmağa ixtiyarı olanlar da, məhz
biz türklərik. Məsələnin
tarixinə işıq hələ lap qədim dövrlərdən
tutulmuş və Novruzun hansı zaman kəsiyindən məlum
olması ilə bağ¬lı xeyli mülahizələr irəli
sürülüb. Azərbaycan
folklorşünaslarının (M.Seyi-dovun, A.Nəbiyevin, V.Vəliyevin,
B.Abdullanın, S.Rzasoyun,R. Allahverdiyevin, A.Xəlilin,
A.Rama¬zanovanın və digərlərinin)
araşdırmalarında bu bayramla bağlı
M.Qaşqarlının, Rəşidəddinin, Ö.Xəyyamın,
Ə.R.Biruninin, A.Olearinin, F.Kotovun, J.Batist Şardenin, M.Hatəm
Ordubadinin, İtalyan səyyahı C.Karrerinin, Y.V.Çəmənzəminlinin,
M.Təhmasibin, M.S.Ordubadinin, M.İbrahimovun və
başqalarının nəzər-nöqtələri yetərincə
araşdırılıb, Novruza “Avesta”da və digər mənbələrimizdə
verilən mühüm yer göstərilib.
Novruzun ritual əhəmiyyəti,
mifoloji xüsusiyyətləri ilə bağlı ortaya
çıxan hər bir araşdırma, tədqiqat və təhlillər
bu bayramın birbaşa türk etnik-milli düşüncəsi
ilə bağlılığını sübut etməkdədir. Bununla belə,bu sahədəki
şifahi və yazılı mənbələr müxtəlif
rakurslardan öyrənilsə də, Novruzla bağlı
böyük publisist, Azərbaycan maarifçiliyinin parlaq
nümayəndələrindən biri Eynəli bəy Sultanovun
mülahizələri, fikrimizcə, araşdırmalara
yetərincə cəlb edilməyib, təhlillərdən kənarda
qalıb. Onun publisistikasında Novruz bayramına
həsr olunmuş bir neçə məqalə yer
almaqdadır. Eynəli bəy Sultanova
görə, bu bayram bütpərəstlik dövründən
bizim çağlara gəlib yetişib. Onun
1914-cü ilin 9 martında “Zakavkazskaya reç” qəzetindəki
yazısında qeyd olunur ki, Novruz müsəlmanlarda (yəni
Azərbaycan türklərində) 9 mart günü bayram
edilir. Bu, qədim xalq bayramı olmaqla
yarıtarixi, yarıəfsanəvi İran şahı Cəmşid
dövründən gəlir ki, həmin dövrdə
bütün İran günəş kultuna, ayininə
sitayiş edirmiş. Daha sonralar isə
onlar bu bayramı islamla Xəlifə Əlinin öz
hüquqlarını icra etməsi ilə əlaqələndirib,
ona dini mahiyyət verməyə çalışıblar.
Beləliklə, farslarda bu bayram milli xüsusiyyətlərdən
kənarlaşdırılıb, onu şiəliyin tarixi ilə
bağlamalar cəhd edilib. Eynəli bəyin
söylədiyinə görə şiələr Novruz bayramını
Əlinin bayramı hesab edib, Məhəmməd peyğəmbərin
davamçısı olduğundan onun insanın yox, allahın
hökmü ilə bu rütbəyə layiq olduğunu qeyd
etmişdilər. Eyni zamanda Novruz
bayramının həm də yeni ilin ilk günü
olduğunu qeyd edən E.Sultanov bu bayramın heç də
yeni eranın başlanğıcı anlamına gəlmədiyini
söyləyib.
E.Sultanov Novruz bayramının müsəlmanlar
(yəni türklər) tərəfindən necə yüksək
əhval-ruhiyyədə keçirildiyini də yaxşı təsvir
edərək bayramın üç gündən az davam etmədiyini
və müsəlman (yəni azərbaycanlılar) məntəqələri
yerləşən küçələrdə (burada Tiflis
şəhəri kücələri nəzərdə tutulur)
böyük canlanma olduğu, izdiham yaşandığı, rəngarəng
paltar geymiş insanların şad və xürrəm şəkildə
ən gözəl geyimlərdə, təmiz paltarda, gülab
suyu və digər xoş qoxulu ətirlərdən istifadə
etməklə gəldiklərini, hamının çöhrəsində
şənlik olduğunu, tanışların bir-birinin evinə
qonaq getməsini, hamının bir-birini təbrik edib, xoşbəxtlik
arzulayaraq qucaqlaşıb öpüşməsini, evlərdə
zəngin süfrələrin açılmasını,
masalara şirniyyat, şərbət, mer-meyvələr
qoyulmasının, milli mətbəxin ən dadlı, ləziz
yeməyi olan aş gətirilməsinin vacibliyindən
danışır. Eynəlibəy Sultanov
yazır ki, Tiflisin müsəlmanlar yaşayan məhəllələrində
hava qaranlıqlaşandan sonra silahlardan atəşlər
aşılır, tonqallar çatılır və i.a.və
s.
Eynəli bəy Sultanov “Zakavkazskaya
reç” qəzetinin 1915-ci il 9 və 11 mart saylarında yenə
də başqa – “Müsəlman rautu (raut - təntənə)
Novruz” və “Raut Novruz” məqalələrində Tiflisdə
keçirilən Novruz bayramı ilə bağlı əlavəmülahizələrini
ortaya qoyur. Söyləyir ki, türklərin böyük milli
bayramı olan Novrüz həmin ilin 9 martında Tiflisdə
Saray küçəsindəki Yeni klubda yerli Müsəlman
(türk) Ziyalı Cəmiyyəti tərəfindən təşkil
edilmiş və buradakı şadyanalıqda ehtiyacı olan
müsəlmanlara və yerli müsəlman xeyriyyə cəmiyyətlərinə
(qadın və kişi) vəsait yığımını
gücləndirmək məqsədi ilə (çünki həmin
vəsaitin yığımı hər il ənənəvi gecələrin
ləğv edilməsi ilə bağlı nəzərəçarpacaq
dərəcədə azalmışdır) raut (ingiliscə
“raut” – “təntənəli gecə, qəbul”) təşkil
edilib.
Türklərin yeni ili
hesab edilən bu bayramı xeyriyyəçilik məqsədi
ilə təşkil etdiyinə görə Yeni klubun
ağsaqqalları klubun zalını heç bir təmənna
güdmədən türklərə veriblər. Başqa
şəhərlərdən gələnlər istisna olunmaqla
təntənəli gecəyə xüsusi dəvətnamə
ilə heç kim
çağırılmasa da, tədbir yetərincə
maraqlı keşib. Yenə də adı çəkilən
Yeni klubda Novruz bayramının yerli gürcü cəmiyyəyi
ilə türklərlə gürcülərin birgə
keçirməsi bu məclisin hamının xoşuna gəlib
bundan mütəəssir olduğunu söyləyərkən,
E.Sultanov həm də məsələnin rəsmi tərəfinə
diqqət çəkir. Qeyd edir ki, həmin
gün 1-2- radələrində buraya çoxlu insanlar
yığışıb. Onların
arasında Qafqazın Şeyxül-İslamı Pişnamazzadənin
başçılığı ilə nümayəndə heyəti
də iştirak edildi.Burada müftilik nümayəndəsi
Əvəddin Əfəndi müxtəsər dua oxuduqdan sonra
Şeyxül-İslam Novruz bayramının mahiyyəti ilə
bağlı lakonik nitq söyləyib. Rəşidbəy
Əfəndiyevin (E.Sultanov belə yazır, hər ehtimala
qarşı müəllif Rəşid bəy Əfəndiyevi
nəzərdə tutur) rəhbərliyi altında dualar
oxunduqdan sonra yerli sənət məktəbinin şagirdlərindən
ibarət xor kollektivi bir neçə milli mahnı ifa etdikdən
sonra “Mnoqiye leta” rus nəğməsini də oxuyub, Axund
Mövlazadə tatar (Azərbaycan türkcəsində) dilində
geniş nitq söyləmiş, təntənəli gecənin
məqsədindən danışıb. Bundan başqa buraya gələn
İranın Baş konsulu Mir Həsən Xan da Novruz
bayramı münasibəti ilə bağlı nitq söyləyib,
gecəyə İran konsulluğu ilə birgə, həm də
İran türklərinin nümayəndəsi qatılıb.
Maraqlı həm də
burasıdır ki, Eynəli bəy Sultanovun özü də həmin
gecədə iştirak edərək rus dilində nitq söyləyib. O, Novruzun sırf türklərin
milli bayramı olduğunu dilə gətirməklə nitqini
aşağıdakı sözlərlə bitirib: “Qoy bizim
bugünkü Novruzumuz Qafqaz xalqlarının sıx dostluq və
qardaşlıq həyatının yenilənmiş səhifəsi
olsun!”
Bu tipli təmtəraqlı
çıxışlardan sonra təntənəli gecənin təşkilatçısı
olan Həcər xanım şərqli zövqü ilə
hazırlanmış mer-meyvə, şirniyyat, tort, Asiya nemətləri
və şərbətlə zənginləşdirilmiş
masalara qonaqları dəvət edib, onlara çay və kofe də
verilib. Masa arxasında knyaz Sumbatov və K.Abaşidze
adlı şəxslər çıxış etdikdən
sonra Həcər xanımın etdiyi nitq onlarda yüksək təəssürat
oyadıb. Tiflisdə keçirilən bu
rautda türklərin yuxarıdan aşağıya
bütün cəmiyyətləri təmsil olunub.
Müsəlman ruhaniləri təntənəli
gecəni tərk etdikdən sonra səhnədə sazəndələr,
xanəndələr, xüsusən məşhur Tiflisli xanəndə
Seyid öz ansamblı ilə çıxış etmiş,
rautda şərq rəqsləri – “Ləzginka,” “Uzundərə”
və s. ifa edilib. Eynəli bəy Sultanovun şəhadətinə
görə müftinin xanımı Qaibovanın milli geyimdə
qızıl sikkələrlə naxışlanıb
tikilmiş paltarda çıxışı da öz fərqli
ifa tərzi ilə seçilib.
E.Sultanov Novruz bayramı ilə
bağlı təşkil edilmiş bu təntənəli gecədə
türk publisisti Ömər Faiqin (Ömər Faiq Nemanzadənin)
olduqca məzmunlu və ideyalı nitqində rautun nə məqsədlə
təşkilolunma mahiyyətini açıb. Sonda E.Sultanov
onu da vurğulayır ki, türk qaçqınlarına xeyriyyə
məqsədilə təşkil olunmuş bu
yığımda qonaq olan gürcülərin xüsusi ilə
fəallıq göstərməsi də təqdirəlayiq hal
kimi hamının xatirində özünə yer edib.
Eynəli bəy Sultanovun Novruz
bayramı ilə bağlı fikirlərinə nəzər
salarkən bizi ilk növbədə belə bir fakt özünə
cəlb edir ki, birinci, böyük publisistin yüz il bundan əvvəl
Novruzun milli bayram olması ilə bağlı dürüst təsəvvürləri
mövcud olub, ikinci, ən başlıcası isə Novruzla
bağlı təntənəli gecələrin təşkil
edilib ehtiyacı olanlara köməklik göstərmənin
vacibliyi göz önünə qoyulub. Sultanovun söylədikləri
həm də onu göstərir ki, bu gün bizim elə köməyə
ehtiyacı olanlarımız (uşaq evləri, yetim sığınacaqları,
ahıllar evi, əlillər evi, qayğıdan məhrum olanlar
və s.) var ki, belə xeyriyyəçilik gecələri təşkil
edib, onlara müəyyən yardımlar göstərib,
könüllərinə həmdəm ola bilməyin
özü də Novruzun humanist və bəşəri mahiyyətinə
daha mühüm rəng qata bilmək qənaətini ortaya
qoymaqdadır.
Nizami Tağısoy
professor
Xalq cəbhəsi.-
2017.- 15 mart.- S. 13.