Lələ təpəsi – Cəbrayıla
açılan qapı
1-ci yazı
Bu yazı əslən Cəbrayıldan
olan, filologiya üzrə fəlsəfə doktoru Şakir
Albalıyevin bu yaxınlarda Cocuq Mərcanlıya səfərindən
sonra yazılıb. O, bildirir ki, “2016-cı ilin aprel döyüşləri
zamanı döyüşçülərimizin Cəbrayıl
rayonu ərazisindəki strateji əhəmiyyətə malik Lələ
təpəsi yüksəkliyini düşmənlərdən
geri qaytarması ilə rayonumuzun yeganə kəndi kimi neytral ərazi
olaraq nəzarətdə saxladığımız Cocuq Mərcanlı
kəndinə gediş-gəliş təhlükəsi demək
olar aradan qaldırıldı. İş
yoldaşlarım həmin əraziyə getmək niyyətimi
eşidəndə, narahat oldular, hətta «Çalış
getmə, qorxulu səfərdi» deyə canyandıranlar da oldu.
Mən isə qorxmadığımı bildirdim.
Əslində, o şey insana qorxulu kabus təsiri
bağışlayır ki, onun mahiyyətindən xəbərsiz
olursan. Ölüm də heç kəsin
bu dünyada var ola-ola qedib-qayıtmış olduğu
(tanıdığı, gördüyü, bildiyi) adi
qapılardan deyil. Ölüm elə bir
qapıdır ki, o qapının ağzından içəri
girənlər bir də sağ geri qayıtmır. Bu səbəbdən də ölüm insanlar
üçün həmişə dəhşət, qorxu hissi
yaradır. Həm də ona görə ki,
ölümün sirri, mahiyyətinin nədən ibarət
olduğu, bir sözlə, ölümün fəlsəfəsi
hər adama agah olmur. Bax, budur ölümü
insanların gözündə-nəzərində,
düşüncəsində vahiməli edən...
Mən isə bir fərd
olaraq – keçmiş döyüşçü kimi
birbaşa ölümün içindən keçib gəlmiş
adamam. «Dəyirmanın
gözündən ölü salsan, sağ çıxan adam»
da heç ölümdən qorxarmı?!. Bir də ki, mən ölümün fəlsəfəsini
lap çoxdan anlamışam. Deyəsən,
«Elegiyadan doğulan şəhadətnamələr» adlı
silsilə yazılarımın birində də bu məsələyə
azacıq da olsa toxunmuşam. Üstəlik,
«Yas mərasimləri» mövzusunda tədqiqatımda da bu məsələnin
mahiyyətinə nüfuz etmişəm. Bu
kimi səbəblərdən də ölüm mənim
üçün nəinki qorxulu kabus simasını
çoxdan itirib, həmçinin ölümü
qarşılaya bilmək mənə evində adi bir
qonağı qarşılamaq dərəcəsində adi
görünəndir. Ölümün
yenilməsi həddi olan şəhidlik isə hər bir kəs
üçün şərəflə
qarşılanmalıdır. Şəhidlik
ölümün gözünün içindən şəstlə
yeriyib keçməkdir. Hələ
1993-cü ildə döyüşçü kimi qəflətən
ermənilərin əlinə əsir düşəndə də,
orada ölümdən qırpınıb-çəkinmədim,
qəddar düşmənlərimlə heç bir
ölüm qorxusu yaşamadan mərdi-mərdanə
davrandım, məni gözləyəcək işgəncəli
ölümün yolunu təbiiliklə qarşılamağa
daxili dünyamı səfərbər etdim. Lakin gözlənilməz təsadüf nəticəsində
əlimə düşən fürsətdən də
ağıllı şəkildə yararlandım, iki gecə-dündüz
gizlin yollarla gəlib azadlığa qovuşdum.
Ölümün ağzından salamat çıxdım və
o vaxt bədahətən anidən dilimdən qopan
aşağıdakı misralar həm də əbədilik
yaddaşıma həkk olundu:
Bu gidi dünyanın canlı
şahidi
Şəhid gedər hax
dünyaya haqq üçün.
Mən isə şəhidlik pəncərəsindən
Boylanıb dünyanı
gördüm böhtanda.
Bir Zümrüd quşunun
qanadlarında
Şəhidlikdən şəhidliyə
yol aşdım,
Şahid gəldim: bax düyaya haqq
üçün.
Aprel döyüşləri
zamanı telekanalların birində qonaq idim. Birbaşa efirə
yayımlanan proqramda ordumuzun rəşadətindən də
qürur hissilə söz açdıq. Mən
onda efir vasitəsilə bildirdim ki, əsgərlərimizin bu fədakarlıqları
düşmənlərimizə birbaşa bəri başdan
qandırılan qələbə mesajımızın
başlanğıcıdır. Bax, mən
onda həm də təzəcə yağılardan azad edilmiş
Cəbrayıl torpağındakı Lələ təpəsinə
də işarə edirdim. Çünki Lələ
təpəsi strateji mövqe baxımdan Cəbrayıla
açılan qapını xatırladır. Belə ki, uzun illər rayonumuzun neytral zonada
qalmış yeganə yaşayış məntəqəsi
olan Cocuq Mərcanlı kəndini Lələ təpəsindən
düşmənlər daim hədəf altında
saxlamışdılar. İndi isə
artıq rayonumuzun bu kəndi tam döyüşçülərimizin
nəzarətinə keçmişdi və yaxın gələcəkdə
dövlətimizin burada əhalimizin məskunlaşması ilə
bağlı tədbirlər görəcəyi də məlum
məsələ idi. Deməli, bu aprel
döyüşləri həqiqətən də gələcəkdə
çalınacaq şanlı qələbəmiz
üçün düşmənlərimizə bir
abırlı-başlı mesaj demək idi”.
O, daha sonra bildirir ki, elə Lələ
təpəsindən Cəbrayıl torpağına
açılmış qapının hesabına da biz Cocuq Mərcanlı
kəndinə qorxu-hürküsüz girdik: “Həm də
öz doğulduğumuz Cəbrayıl torpağının bir
parçası kimi illərdir həsrətində olduğumuz
yurdumuza ilk dəfəydi qədəm basırdıq.
Qorxmadıq ki, düşmənin qurmuş olduğu
ölüm tələsinə – minaya - zada düşüb məhv
ola bilərik, çünki “Ölsək,
doğma torpaqda rahat öləcəyik”- deyə
düşünüb-xəyallanırdıq.
Kəndin şimal-şərq tərəfində
gözümüzə sataşan bir abadan evə nəzərən
«Bir gül ilə bahar olmaz» deyimimizə əks olaraq «Bir
gül ilə də bahar olarmış» qənaətinə gəldim.
Belə ki, 23 ildir ki, doğma dədə-baba
yurdunu tərk etməmək həm də ata ocağını
kor qoymamaq demək idi. 26 hektar tut
bağı olmuşdu bu kəndin. Üstəlik kəndin
örüş sahəsində kənd təsərrüfatı
sahələrini – heyvandarlığı, əkinçiliyi və
s. yaşatmaq özü də cəbhəyanı bölgədə
bir başqa cür əmək cəbhəsi açmaq
anlamına gəlirdi. Bu bir ailənin
timsalında sanki bir gül açmışdı və bu
gülün rayihəsi xarabaya çevrilmiş kəndin mənzərəsini
dəyişdirməyə – cənnətməkan gülşən
bağçasına döndərməyə istiqamətlənmiş
fədakarlıq idi.
Ev sahibi Oqtay Həziyev və
ailə üzvləri ilə görüşdükdən sonra
Oqtayın maşınına əyləşib Cocuq Mərcanlı
kəndinin tükürpədici xarabalıqları ilə hərəkət
edirik. Hərbi hissə komandirinə mənim gəlişim
haqqında məlumat verilir ki, rayon qəzetinin baş redaktoru
gəlib. Kəndi gəzib-hərlənmək
və reportaj hazırlamaq fikrindədir. Komandirdən
razılıq alındıqdan sonra guya kəndarası yollarla
maşınımız irəliləyir. Ona
görə «guya» deyirəm ki, əslində çox vaxt yerlə
bir edilmiş evlərin xarabalıqları üstündən də
keçib-gedirdik. Kəndarası yollara gəlincə isə
artıq 24 ildir ki, gediş-gəlişi olmayan maşın
yollarını nəinki ot, həmçinin
kol-kos da basmışdı, belə demək mümkünsə,
heç yoldan nişanə-əlamət də
qalmamışdı. Kəndin sakinləri olmuş yol
yoldaşlarım Xanlar müəllim, Məhəmməd Misirov
kəndin İranla həmsərhəd olan cənub tərəfinə
işarə ilə «Bura şamdır», deyib
danışdıqda, mən ətrafı gözdən
keçirib, «Hansı şam ağacı, hansı şam
ağaclarından, hansı şamlıqdan söhbət
açırsınız?», - deyə soruşdum. Məlum oldu ki, Cocuq Mərcanlı camaatının
yerli danışığında buranın örüş sahəsinə
şam, şamlıq deyirmişlər. Düzü, mən
Qubadlıda Yazı düzü, Dağtumasda Gəyən
düzü, Füzulidə Haramı düzü və bunlara
uyğun da yazı, haramı, gəyən sözlərini
eşitmişdim, amma örüş sahəsi -
çöllük mənasında şam, ya şamlıq ifadəsini
indi eşidirdim.
Daha sonra xarabalıqları bir-birini əvəz
edən evlərin yan-yörəsindən ötüb
keçdikcə, onların öz aralarında: “Bu İfadə
Şahmarovun, bu, İsmət Həziyevin, bu, Seyfəddin
Qaraşovun, bu, rəhmətlik Əfəd Qaraşovun, bu, rəhmətlik
Kazım Cocuqovun... evidir, yandırılıb yerlə bir
edilib” – deyib təəssüflə başlarını yellədiklərini
müşahidə edirdim.
Deyirəm ki, yiyələri bir vaxtlar min bir əziyyət bahasına və min cür həvəs içində tikdikləri bu evlərin nə vaxtsa erməni vandalları tərəfindən uçurulub-dağıdılacağını heç eyinlərinə belə gətirməzdilər. İndi sahibsiz qalmış bu ev-eşiklərin yerinə-yurduna su calanmışdı, hətta mənimlə yol yoldaşı olan kəndin sakinləri bəzən yanından ötüb keçdiyimiz xarabalığın - evin kimə məxsus olmasını da ayırd etməkdə çətinlik çəkirdilər. Hətta «Taxta Qəşəm» kimi tanınmış kəndin varlı-hallı sakini Qəşəm Abduləzimovun şah sarayı kimi topdağıtmaz evindən də demək olar, əsər-əlamət qalmamışdı. Yalnız evinin yan-yörəsinə bərkidilmiş bir-iki ağır dəmir məhəccər dirəklərdən başqa, ona da gücləri çatmadığından söküb apara bilməmişdilər. Bax, kənd bu dərəcədə yerlə-yeksan edilib viranəliyə çevrilmişdi.
Bir də yuxarıda adları çəkilən kənd sakinlərindən birinin adının Kazım Cocuqovun soyadı diqqətimi özünə çəkdi. Necə? Cocuqov? – deyə özlüyümdə duruxdum. Axı bu, kəndin qabağına artırılmış «Cocuq» epitet – ifadəsi ilə eynilik təşkil edirdi: Cocuq Mərcanlı kəndi. Böyük Mərcanlı ilə Cocuq Mərcanlı kəndləri arasında Mehdili və Çaxırlı kəndləri qərar tutsa da, bu kəndin adamları eyni tayfaya-tirəyə mənsub adamlar olmalı idi. “Cocuq” sözü türkcə uşaq mənasını versə də, elə həm də «kiçik» mənasını da özündə daşıyan ifadədir: filankəsin cocuğu-uşağı, kiçiyi kimi anlaşılmaqla cocuq-uşaq öz atasının yanında həm də mahiyyətcə onun kiçiyi sayılır. Deyilənə görə, bir vaxtlar Böyük Mərcanlı kəndindən ailə qurub, ata-anasından fərdi təsərrüfat kimi ayrılan bir uşaq (ata-ana gözündə övlad hansı yaşında olmasına baxmayaraq, uşaq (cocuq) kimi təsəvvür olunub-adlandırılır) gəlib həmən bu Cocuq Mərcanlı deyilən ərazidə məskən salır. Elə o çağdan da kənd Böyük Mərcanlı camaatı tərəfindən «Cocuğun (uşağın) kəndi» kimi tanınır və nəticədə burada artıb-çoxalan ailələr hesabına yaranan kəndə də Cocuq epiteti artırılmaqla sonradan qeydiyyata alınanda rəsmi olaraq «Cocuq Mərcanlı» kimi sənədləşdirilir. Çox güman ki, hazırda kənddəki Cocuqov soyadı daşıyan nəslin ulu babası da həmin «cocuq» ləqəbi ilə el arasında adı tanınıb-hallandırılmış adamın törəmə-tayfalarıdır.
Maşını kəndin ortasında saxlayıb, hələ qarı tamam əriyib qurtarmamış kəndarası yollarla xeyli də piyada hərəkət etdik. Xanlar müəllimə gizlincə göz qoydum. Yerişini-duruşunu ondan xəbərsiz izlədim. Görkəmcə canlı-cüssəli adam olan Xanlar müəllim özündən ixtiyarsız olaraq doğma kəndinin bu vahiməli görünüşündən, acınacaqlı halından sanki özü də yazıqlaşmış, fağır bir görkəmdə məlul-müşkül dayanıb durmuşdu. Gördüyü dəhşətli mənzərənin təsirindən ağırlaşmış ayaqlarını da zorla çəkib aparır, ləng addımlarla hərəkət edirdi. Baxışlarına bir qüssə-kədər çökmüşdü. Mən nə qədər onu dindirib-danışdırmağa cəhd etsəm də, elə bil heç qabaqkı adam deyildi, sözə güclə, nəfəsi təngimiş kimi ağır-ağır cavab verirdi.
Kəndin məktəb binasının yerləşdiyi yerə çatanda isə onun ürəyindən keçirdiklərini bəlkə də qələm yazmaqda acizlik çəkər. Bir tərəfdən qayğısız uşaqlıq, məktəbli illərinin vətəni olmuş xarabaxanaya döndərilmiş məktəb binası, bir tərəfdən isə məktəbə lap yaxın olan doğulub dünyaya göz açdığı qayğısız uşaqlığının beşiyi olmuş evlərinin divarında özünə açıq-aydın şəkildə yer eləmiş topdan açılan mərminin açdığı yekə dəyirmi oyuq bu ağır zülmü çəkməyə adamdan tab istəyirdi...
Uğur
Xalq cəbhəsi.-
2017.- 16 mart.- S.13.