ABŞ Konqresinin
kitabxanasında Azərbaycan mətbəxinə səyahət
Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində
Vaşinqtonun ən tanınmış məkanlarından
olan Konqresin Tomas Cefferson adına
kitabxanasında ABŞ-dakı
səfirliyimizin və
kitabxananın regional bölməsinin
dəstəyi ilə həmvətənimiz Fəridə
Buyuranın “Nar və
zəfəran: Azərbaycana
kulinariya səyahəti”
(Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının rəsmi təqdimat mərasimi keçirilib.
Sözügedən tədbir kitabxananın möhtəşəm Şimal-Şərq
pavilyonunda baş tutub. Tədbirdə xarici ölkələri
təmsil edən diplomatlar, kitabxananın ziyarətçiləri, həmçinin
Amerikada yaşayan həmvətənlərimiz iştirak
ediblər. 2014-cü və 2015-ci illərdə
ABŞ-dakı səfirliyimiz
və Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin
(SOCAR) dəstəyi ilə
iki dəfə işıq üzü görən sözügedən
kitab Amerika ictimaiyyətinə təqdim
edilən ölkəmizin
mətbəxinə həsr
edilmiş ilk nəşrdir.
Beş böyük
beynəlxalq mükafata
layiq görülmüş
317 səhifədən ibarət
kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri
şəraitində hazırlanması
üçün uyğunlaşdırılmış
reseptləri təklif
olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan
seçilmiş reseptlər
də daxil edilib. Bundan başqa, nəşrdə
Azərbaycan mədəniyyəti
haqqında hekayələr,
ölkəmizin mətbəxinin
tarixi, milli bayramlar barədə məlumatlar da yer alıb. Tədbirdə kitabxananın Afrika
və Yaxın Şərq bölməsinin
rəhbəri Meri-Ceyn
Dib və Türkiyə
üzrə mütəxəssis
Coan Viks çıxış edərək
kitab və Azərbaycan mədəniyyəti
barəsində öz
təəssüratlarını bölüşüblər. Çıxışlarda Novruz bayramının
tarixinə və bu bayramı qeyd edən xalqlara, onların ənənələrinə xüsusi
diqqət yetirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış
edərək Fəridə
Buyuranın müəllifi
olduğu kitabın ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və
ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının
qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən
qədim ənənə
olduğunu bildirib.
Daha sonra kitab müəllifi
tərəfindən qonaqlara
Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı
məlumat verilib.
Ölkəmizin müxtəlif bölgələrinin
özünəməxsus mətbəxlərinin
xüsusiyyətləri barədə
danışan F.Buyuran
Azərbaycanın müxtəlif
ənənələri bir
araya gətirən zəngin mədəniyyətə
sahib olduğunu qeyd edib. Fəridə Buyuranın çıxışı
tədbirin çoxsaylı
iştirakçıları tərəfindən böyük
maraq və diqqətlə qarşılanıb.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət
müxtəlif təamlar
təqdim olunub.
Xalq Cəbhəsi.- 2017.- 17 mart.-
S.16.