Novruz ənənələri
və onların mənaları
1-ci yazı
Novruz dünyanın ən qədim bayramlarından biridir
və onun kökləri Zərdüştilik dini ilə
bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən
etibarən zərdüştilik təqvimində yeni ilin ilk
günü kimi qeyd edilməyə başlanıb. O
zamandan ərəb işğalına qədər Novruz həm
də zərdüştiliyin ən başlıca dini
bayramı hesab edilirdi. İslamın qəbulundan
sonra zərdüştilik dini ləğv edilsə də, onun
təqvimi “hicriye-şəmsi” adı altında günəş
təqvimi kimi bir sıra ölkələrdə, o cümlədən
də Azərbaycanda yaşayırdı. Ancaq
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda rəsmi təqvim
kimi xristian (Qriqorian) təqvimi qəbul edildi. Hal-hazırda biz Novruz bayramını artıq dini
bayram kimi yox, folklor və bahar bayramı kimi qeyd edirik. Bununla belə Zərdüştilik dini ilə
bağlı olan bir çox adət-ənənələr indi
də Novruz ənənələri çərçivəsində
yaşamaqdadır. Biz bu ənənələrin
mahiyyətini və mənasını unutduğumuza görə
indi onlar bizə çox sirli və müəmmalı
görünür. Çox vaxt tədqiqatçılar
da onları mənbələr əsasında deyil, öz
yozumları əsasında izah etməyə
çalışırlar ki, bu da Novruz haqqındakı təsəvvürləri
daha da dolaşıq hala salır. Ona görə də
Novruz mərasimlərinin mənasını başa
düşmək üçün dünya və onun
yaranışı ilə bağlı qısa şəkildə
olsa da, zərdüştilik təlimi ilə tanış
olmaq lazımdır.
Zərdüştilik dininin yaranış əsatirinə
əsasən, əvvəlcə yalnız tanrı Ahura Məzda
mövcud olub.
Bu adın mənası “düşüncə
hakimi” deməkdir və zərdüştilik dinində Ahura Məzda
canlı və ya fiziki bir varlıq kimi yox, “fikir,
“düşüncə”, “ideya” mənasında
qavranılır. Həmçinin, Ahura Məzdanın
ruh və ya mələk formasında olan iki əkiz oğlu –
Spentə Məinyu (Müqəddəs Ruh) və Ənhrə Məinyu
(Qəzəbli Ruh), yəni Əhrimən olub. Ahura Məzda Spentə Məinyunun köməyi ilə
dünyanın yaradılmasına başlayır. Əvvəlcə,
o, səmanı və səma cisimlərini, sonra suyu
(okeanları), suyun ortasında üzən yeri (torpağı),
yerin üzərində isə bir birki, bir buğa və “Kiyə
Mərtən” (“Kəyumərs”) adlı bir insanı
yaradır. Ən sonda isə Tanrı günəşi
və yer üzərində onun timsalı olan odu (atəşi)
düzəldir. Müqayisə üçün qeyd etmək
olar ki, İbrahimi dinlərin (yəhudi, xristian və islam dinlərinin)
yaranış barədəki əsatirinə görə Allah
dünyanı altı gündə və altı obyektdən –
səma, səma cisimləri (ay, ulduzlar və günəş),
yer, su, heyvanlar və insan varlıqlarından ibarət
yaradıb, yeddinci gün isə yorulub, istirahət edib. Ahura Məzdanın yaratdığı yeddi
varlıqdan və ya ünsürdən ibarət olan dünya
isə əvvəllər sabit halda dayanırdı və hərəkətsiz
vəziyyətdə səmanın ortasında qərar tutan
günəş aramsız olaraq yer üzərini
işıqlandırırdı. Onun
işığı qaranlıq zülmətdə
yatmış Əhrimənin üzərinə düşəndə
Əhrimənin gözləri qamaşır və o, oyanır.
Yalnız qaranlıqda yaşamağa
alışmış Əhrimən bu zaman qəzəblənib,
Ahura Məzdanın yaratdığı obyektlər üzərinə
hücuma keçdi. O, səmanı yardı, suyu
bulandırdı, yerin hamar səthini kələ-kötür
hala saldı, bitkini, buğanı və insanı susuz qoyub məhv
etdi, odu tüstüyə yoluxdurdu və nəticədə
işıqlı və isti dünyanı qaranlığa və
soyuğa qərq edərək, öz xoşladığı vəziyyətə
saldı. Bunu görən Ahura Məzda dünyanı hərəkətə
gətirir: günəş dövr etməyə, gecə ilə
gündüz əvəzlənməyə, buzlar əriməyə,
sular axmağa başlayır. Bitki, buğa və
insan da isti günəş hərarətinin təsirindən
canlanırlar. Bitkinin toxumlarından
bütün başqa bitkilər, buğanınkından
bütün heyvanlar, ilk insandan isə insan nəsli törəyir.
Bütün bu hadisələrin “baş verdiyi”
gün isə insanlar tərəfindən “Ahura Məzda
bayramı”adı altında qeyd edilməyə başlanır.
Ancaq islamın qəbulundan sonra “Ahura Məzda”
adı yasaq edildiyindən bayrama “Novruz” (“Yeni gün”) adı
verilir.
Əhrimən
isə öz mübarizəsini davam etdirir və şər əməllərdə
ona kömək etmək məqsədilə divləri (yeddi
şər ruhu; onların adlarının mənası belədir:
yalan, düşgünlük, təkəbbür, ölüm,
qərəz, qorxaqlıq) və cadugərləri yaradır.
Buna cavab olaraq Ahura Məzda yaratdığı yeddi
ünsürü qorumaq üçün Spentə Məinyudan əlavə,
daha altı “Ölməz Müqəddəsi” (“Ameşa Spentə”ni) yaradır. Bunlar səmanın
qoruyucu ruhu olan Şəhrivər (“həqiqət” mənasını
verir), suyun qoruyucusu Xordad (bitginlik, kamillik), yerin müdafiəçisi
Spentə Armanti (mərhəmət, şəfqət), bitkinin
qoruyucusu Əmordad (əbədilik), mal-qaranın qoruyucusu Bəhmən
(xoş niyyət), odun (atəşin) qoruyucusu Ordibehişt
(güc, qüdrət) ruhlarından ibarət idilər. İnsanın himayəçisi isə Spentə Məinyu
idi (bəzən o, Ahura Məzda ilə eyniləşdirilir).
Zərdüştilikdə bunlar işıq,
xeyir, yaxşılıq qüvvələri hesab edilir. Zərdüşt
dünyada baş verən bütün hadisələri və təbiətdə
mövcud olan qüvvələri “yaxşı” və “pis” kimi
iki qrupa bölür. O, “yaxşı”ya və “pis”ə belə
tərif verir: o şeylər ki, insanları xoşbəxtliyə
və şadlığa doğru aparır, onlar
yaxşıdır. O şeylər ki, insanların firavanlğa
və şənliyə doğru irəliləməsini əngəlləyir,
onlar pisdir. Ahura Məzda insanları xoşbəxtliyə
və sevincə səsləyir, ona görə də insanlar
daima yaxşı işlərlə məşğul olmalı,
ətrafındakılara xeyirxahlıqla yanaşmalı və
kömək etməli, onları əhatə edən təbiəti
də abadlaşdırmağa
çalışmalıdırlar. Ahura Məzdanın
yaratdığı səma, su, yer, od,
heyvan və bitkilər də xeyir qüvvələrə
aiddir. İnsanlar könüllü surətdə seçim etməlidirlər:
kim istəsə xeyir, kim istəsə
şər qüvvələrin tərəfini tuta bilər. Həyata təhlükə törədən,
qayda-qanunları pozan, xaos yaradan hər şey isə əbədi
qaranlıqda yaşayan və Ahura Məzdanın əbədi
düşməni olan Əhrimənə və onun köməkçilərinə
mənsubdur.
Bir-birinə qarşı dayanan bu iki xeyir və şər
qüvvəsi maddi formaya malik deyil, ancaq onlar hər yerdə
mövcuddur və daima mübarizə aparırlar. Zərdüştə
görə, dünyada baş verən hər bir hadisə bu
iki qüvvənin mübarizəsinin nəticəsi kimi ortaya
çıxır. Bütün xoş və
yaxşı şeylər – işıq, isti yay, ümumiyyətlə,
həyat xeyir qüvvələr tərəfindən
yaradılıb. Xəstəlik,
ölüm, zəlzələ, soyuq qış, zərərverici
həşəratlar və heyvanlar, bir sözlə, insana və
təbiətə zərər vuran bütün şeylər
isə şər qüvvələrin əməllərinin nəticəsidir.
Zərdüştilik dininin əsas qanunları olduqca
humanist və sülhpərvər səciyyə
daşıyır. Onlar insanları şər qüvvələrlə
mübarizə aparmağa, öz zəhməti ilə
yaşamağa, xeyirxahlığa və ədalətli
olmağa çağırır. İnsanın
niyyəti, əməli və sözləri üst-üstə
düşməli və xeyirə xidmət etməlidir. Başqa dinlərə sitayiş edənləri təqib
etmək də bu dində qadağan idi.
İlk peyğəmbərlik dinini yaradan Zərdüşt
ilk dəfə olaraq insanın qurban verilməsini tənqid
edib, qadınlarla kişilərin hüquqlarını bərabərləşdirib. Halal zəhməti
ilə yaşamaq, valideynlərinin və uşaqlarının
qayğısına qalmaq, həmçinin Novruz və digər
bayramları şən və təntənəli keçirmək
zərdüştilik dinində insanların tanrı
qarşısındakı ən müqəddəs vəzifələrindən
biri sayılırdı. Belə hesab
edilirdi ki, Novruzu insanlar nə qədər çox şən
və fərəhli keçirərlərsə, o qədər
də tez onlar şər qüvvələrin təmsilçisi
olan qışa, şaxtaya qalib gəlib, istinin, yazın, bərəkətin
gəlməsini asanlaşdırarlar. Zərdüştilik
təlimində təbiətdə olan bütün qüvvələr
və varlıqlar Ahura Məzda ilə Əhrimənin başçılıq
etdikləri iki dəstəyə – xeyir və şər
qruplarına bölündüyünə görə
qış da şər qüvvələrə, yay isə
xeyir qüvvələrə mənsub edilirdi. Bunu da qeyd
etmək lazımdır ki, Zərdüştün zamanında il yalnız iki fəsilə – qış və
yay fəsillərinə bölünürdü.
Beləliklə, Novruz bayramı, əsasən, iki mühüm funksiyanı yerinə yetirirdi: birinci, cari zamanda qışın, soyuq və şaxtanın təmsil etdikləri şər qüvvələri məğlub edərək, onların qovulmasını təmin edir, ikincisi isə, Ahura Məzdanın dünyanı hərəkətə gətirməklə Əhrimən üzərindəki ilkin qələbəsini yenidən yaşadaraq, dünyanın yaranışını, ölmüş təbiətin yenidən canlanmasını simvolizə edirdi. Belə hesab edilirdi ki, xeyir qüvvələrinin şər qüvvələr üzərində qələbə çalmasını təmin etmək və bu işdə yerdəki insanlara yardım göstərmək məqsədilə səmadakı xeyir ruhları, yəni yeddi “ölməz, müqəddəs ruh”, həmçinin vəfat etmiş mömin insanların ruhları Novruzdan bir neçə gün əvvəl yerə enirlər. Səmadan gələcək qonaqları yaxşı qəbul etmək üçün Novruzdan 10-15 gün qabaqdan başlayaraq ev-eşik, həyət-baca təmizlənib sahmana salınmalı, yeni və təmiz geyim paltarları hazırlanmalı və digər tədbirlər görülməli idi.
Novruzdan əvvəl keçirilən çərşənbə mərasimləri də məhz yeddi spentə ilə (yeddi müqəddəs ruhla) bağlıdır. İlin ayrı-ayrı aylarında (yazda və payızda baş verən gecə-gündüz bərabərliyi, yayda və qışda baş verən gündönümü hadisələri, ən uzun gün və ən uzun gecə zamanı) onların şərəfinə böyük bayramlar keçirilirdi. İlin sonunda isə onlar çərşənbə günləri vasitəsi ilə yad edilirdilər. Çünki zərdüştilik təliminə əsasən, Ahura Məzdanın yaratdığı işıqlı dünya 12 sütun üzərində dayanır. Əhrimənin yaratdığı şər qüvvələr bu sütunları yıxmaq və işıqlı dünyanı məhv etmək üçün daima mübarizə aparırlar. Qışda onların fəallığı daha da artır və az qalır ki, onlar sütunları laxladıb yıxsınlar. Məhz bu zaman insanlar hər çərşənbə günü (zərdüştilikdə çərşənbə günləri ruhlarla ünsiyyət günü hesab edilir) bir “müqəddəs ruh”a müraciət etməklə, onlardan kömək istəyirlər. Axır çərşənbə günü isə “müqəddəs ruhlar” dünyasını dəyişmiş mömin insanların ruhları ilə birlikdə yerə çatırlar. Beləliklə, bütün imkanlarını səfərbər edən xeyir qüvvələri ilin sonunda toparlanaraq, Novruz axşamı şər qüvvələr üzərində növbəti qələbə çalır və şər qüvvələri, qışı, qoyuğu və qaranlığı yer üzündən uzaqlaşdırırlar. İnsanlar isə bu mübarizədə xeyir qüvvələrinə öz xeyirxah əməlləri, xoş niyyətləri, gözəl sözləri, sevinc və nikbinlikləri ilə kömək edirlər.
“Səma elçiləri”nin qarşılanması mərasimi “axır çərşənbə” və ya “ilaxır bayramı” adlandırılan günün axşamı baş verirdi. Həmin axşam hamı, hətta kasıb adamlar belə, bütün imkanlarından istifadə edərək yaxşı bayram süfrəsi düzəltməli idi. Xəstə və imkansız ailələrə isə qohum-qonşuları “bayram payı” göndərirdi. Ruhların razı qalması üçün bütün tədbirlər görülürdü. Ruhların xoşuna gəlsin deyə, bayram axşamı hamı xoş sözlər danışmalı, küsülü adamlar barışmalı, borclular öz borclarını ödəməli idilər. İlaxır çərşənbəsi müqəddəs gün sayıldığına görə hesab edilirdi ki, həmin gün edilən niyyətlər də düz çıxacaq.
Kamil
Hüseynoğlu
Professor
Xalq Cəbhəsi.- 2017.- 17 mart.- S.14.