Lələ təpəsi – Cəbrayıla açılan qapı

 

2-ci yazı

 

Bu yazı əslən Cəbrayıldan olan, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin bu yaxınlarda Cocuq Mərcanlıya səfərindən sonra yazılıb. O, bildirir ki, Oqtayın 80 yaşlı ağbirçək anası Minarə xalanın doluxsuna-doluxsuna bütöv şəkildə deməyə dili gəlmədiyi bu el bayatısının sözləri sanki indiki durumda Xanlar Zeynalovun boyuna-əhvalına biçilmişdi: “Əsgərlərimizin içində yerləşdiklərini güman etdiklərindən məktəb binasını hədəf götürmüş düşmən mərmisi məktəbdən yan ötüb onların evlərinə düşmüşdü. Xanlar müəllim həyat yoldaşı Nubar xanımla məcburi köçkünlükdən sonra ailə qurmuş olduqlarından, Nubar xanım da, belə demək mümkünsə, ər evinə ilk dəfə idi indi ayaq açırdı. Ancaq nə «ər evi», nə «ayaq açmaq»... Hansı şəraitdə, hansı vəziyyətdə, məlum idi... Bu səhnənin özü də dərk edən üçün bir tükürpədici, cana üşütmə gətirən real acı həyat səhnəsi idi; bu, aktyorların kinoda, tamaşada oynadığı yarıəfsanəvi bir görüntü yox, acı həyat gerçəkliyi idi. Mənim təkidimlə onlar üçün doğma olan xarabası qalmış bu evin həyət-bacasında birgə şəkillərini çəkdim. Allah, necə götürürsən bu amansız işləri... ər evinə ilk dəfə gəlinlik paltarında mübarək qədəmlərini basmalı ikən, indiki anda oğlu əsgərlikdə, qızı ərgənlik yaşına çatmış bir ana kimi ər evinin xarabalığını görürdü Nubar xanım. Mən uçurulub-dağıdılmış bu evin içərisinə mina basdırılmasından və s. ehtiyat etmədən birbaşa içəri hissəyə keçdim, otaqların yerlərini gəzdim, hətta evlərinin birində bu 23-24 il ərzində hardansa düşmüş nar tumundan əmələ gəlmiş qollu-budaqlı nar ağacı da bitmişdi. Mən bu dəfə də israrla Xanlar müəllimlə Nubar xanıma təkid etdim ki, evin həyət hissəsindən içəri tərəfinə girsinlər. «Nubar xanım, sən indi xarabalığına girdiyin bu evə qaçqınlıq-köçkünlük müsibəti görməsəydik, ilk dəfə gəlinlik paltarında ayaq açmalıydın, rəhmətlik qaynatan Əvəz kişidən və Allah canına sağlıq versin, qaynanan Səkinə xaladan xeyir-dua, xələt-barat alıb toy-büsatla keçməliydin»,- deyə acı təəssüf hisslərimi də gizlədə bilmədim. Elə buradaca - bu evin içərisində də onların qoşa şəklini fotoaparatın yaddaşına köçürdüm.

Mən aşıq, dad eyləmə,

Qohumam, yad eyləmə.

Bir saralmış kəvşənəm,

Böyrümnən od eyləmə.

Minarə nənənin söylədiyi bu bayatı da elə bil bu acınacaqlı vəziyyətimizə rəğmən deyilmişdi. Saralmış otu qurumuş kövşənin böyründən azacıq bir od qoymaq kifayətdir ki, yansın, külə çevrilsin və tüstüsü də göz yaşardıb, aləmi ağlatsın. Biz saralmış kövşən timsalında, bu acınacaqlı mənzərə isə bizi odsuz-ocaqsız yandırıb tüstümüzü başımızdan çıxardan od səciyyəsində idi”.

O, deyir ki, bizimlə bir yerdə Bakıdan doğma od-ocağı ziyarət etməyə gəlmiş Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsinin keçmiş müavini Məhəmməd Misirovun da evlərinin xarabalığına gedib ürək ağrısı ilə tamaşa etdik: “Demək olar ki, heç ev olmayıbmış elə bil burada. Azacıq daş topası kimi nə isə gözə dəyməsəydi, deyərdin ki, bura heç yurd yeri, ev-eşik yeri olmayıb. O dərəcədə silinib-süpürülmüşdü evinin yeri. Bu yerdə əslən Araz Maşanlı kəndindən olan Nubar xanım mənə müraciətlə: “Şakir müəllim, indi gör bizim kəndlərimiz, bizim ata-baba evlərimizin yeri nə vəziyyətə salınıb eyy”, - deyib ah çəkdi.

Amma Məhəmməd Misirovun evinin yanında beton plitələrdən tikdirdiyi hamamı qalırdı. Onu da nə sökməyə, nə də uçurub-dağıtmağa gücləri çatmadığından, yerində tərpənməz qalmışdı. Burda da Məhəmməd müəllimin şəklini fotoaparatımın yaddaşına köçürdüm. Yaşının bu ixtiyar vədəsində onun qəlbindən necə qara qanlar axdı, onu da bir özü bildi, bir Allahı...

Nəsillər dəyişir, köhnə nəslin yerini yeni nəsil tutur. Maraqlandım ki, Cocuq Mərcanlıdan ən yaşlı sakinin yaşı neçə olar? Cavab aldım ki, 1919-cu il təvəllüdlü Növrəstə Qara qızı Abbasovadır ki, Biləsuvardakı məcburi köçkün qəsəbəsində yaşayır. Bu yaşlı adamları qorumaq, vaxtında ikən kəndə gətirmək və gənc nəslə onun vasitəsi ilə kəndin coğrafi mənzərəsini tanıtmağın vacibliyindən söz açdım...

Bizim yol bələdçimiz olan Qarabağ müharibəsi veteranı Oqtay Həziyevin maşınına oturub yenidən onlara gəldik. Hələlik Cocuq Mərcanlı kəndinin yeganə sakininin evinə. Qeyd edim ki, 16 noyabr 2016-cı ildə tərəfindən Oqtaya «Vətən naminə» medalı da verilib. Oqtaygildə süfrə başına keçməmişdə öncə ixtiyaryaşlı anası Minarə Hakiyevanın yanını kəsdirib durdum ki, bəs, ay nənə, bildiklərindən, eşitdiklərindən bir az danış.

Bir bayatı vasitəsilə nənəmiz qaçqınlıq-köçkünlük vaxtı ermənilərdən canını qurtarmaq üçün özünü Araza vuran və Arazın suyunda qərq olanlarımıza yaslama deyirdi, Arazın altınca gedənləri-məhv olanları nəzərdə tuturdu, Arazın üstüncə gələ bilməyin salamatçılıq olmağını demək istəyirdi. Ya da ki, Arazın altınca – alt tərəfincə, cənub tərəfincə – İran tayınca yox, Arazın üstüncə – üst tərəfilə - Cocuq Mərcanlı tərəfə gəlmələrini arzulayırdı, bununla həmkəndlilərinin də bizə qoşulub doğma kəndlərinə qayıtmaq arzusunu demək istəyirdi ki, ata-baba yurdumuzu kimsəsiz qoymayaq... Nə bilim ey, adamın ağlına min cür dürlü fikirlər gəlirdi bu yanıqlı səs-sədanın təsirindən... Bir bayatı da söylədi Minarə nənə:

Mən aşıq, o taya,

O xırmana, o taya.

Əl ver təmənnəşək,

Məni də çək o taya.

Bu bayatı bir vaxtlar o taya – Cənubi Azərbaycandakı soydaşlarımıza əlimizin çatmadığı vaxtların əhvalını əks etdirirdi. «Əl ver təmənnəşək» misrasında «təmənnəşək» ifadəsi “köməkləşək” mənasına gəlirdi. «Təmən» sözü farsca «damən»-«ətək» ifadəsinin dilimizə uyğunlaşdırılmış variantıdır. «Damənləşək» (təmənnəşək) – hərfi mənaca «ətəkləşək» - yəni bir-birimizin ətəyindən tutaq, köməkləşib özümüzü bir tərəfə çıxardaq anlamına gəlir. «Əl mənim, ətək sənin» məsəlimizdəki kimi, “əl vermək, ətəkdən yapışmaq yıxılanı yıxılmağa qoymamaq, dikəltmək, ayaq üstə saxlamaq” deməkdir. Ümumiyyətlə, bayatıdan çıxan məzmun təkcə «o taya çəkilmək» kimi hərfi anlamda yox, adamı çətinlikdən xilas edib bir taya-bir tərəfə çıxartmaq kimi anlaşılmalıdır. Yəni hər hansı bir çətin durumdan «əl ver təmənnəşək» deyə kömək istənilir bu bayatıda.

Cəbrayıl torpağının ziyarətgahlar beşiyi olduğunu bildiyimdən, sözarası Minarə nənədən burada ətraf ərazilərdə ocaqların-pirlərin olmasını soruşdum. Dedi ki, Seyid Rza ocağı deyilən pir var, ora bu saat gedib-gəlməyin çətin olduğunu dedi. Çünki ermənilər adamı hədəfə ala bilər. Aşıq Lələnin adı ilə bağlı olan Lələtəpəsi Cocuq Mərcanlının başının üstündə olduğundan, söhbəti bu mövzuya çəkmək istəyilə soruşdum ki, Aşıq Lələnin Arıq Alı adlı qardaşının olduğunu söyləyirlər, düzdürmü? Cavab verdi ki, yox, Qazaxlar kəndinin qəbiristanlığının alt tərəfində Arqalı piri olub. Dağıdılıb, indi qalmır, sadəcə adı qalıb. O özü ayrı bir ocaqdı, Lələ ocağına aidiyyatı yoxdu.

Sonra da əlavə etdi ki, həmin Arqalı pirinin altıncan İrana yol gedirmiş. Araz çayı qalırmış o yolun (yəni tunelin) üstündə. Başqa sözlə, o gizli yeraltı yol Araz çayının altından keçib gedirmiş İran tərəfə. Söhbəti bir daha Lələ təpəsinə bağlamaq üçün məşhur Lələ bayatısından bir-iki misra dedim. Minarə nənə tez sözümün üstünü gətirib, bayatını belə söylədi:

Lələyəm, başdan mən,

Yemərəm hər bişən aşdan mən.

Nə atam var, nə anam,

Yaranmışam quru daşdan mən.

 

Hənəmizin dili açıldı, nə açıldı. Başladı Lələ haqqında danışmağa ki, Lələ üç qardaş olub. Onların biri İran taydadı, biri bilmirəm hankı ölkədədir. Üçü də sonsuz olub. Bir şüş daşı bölüyüb, bir yüyrük qayırırlar. Qoyurlar yüyrüyə, yırğalayırlar. Allahdan uşağa can gəlir. İndi bu Lələ təpəsi həmin Lələnin özüdür, ora ocaxdı, pirdi. Lələ təpəsinin ucu şüş (şiş) idi. Onun şüş yerində işıx yanırdı. Ora pak adam getməliydi. İndi ora ermənilər getdi, ocax mundarlandı, işıq da söndü. O işıq çərşənbədən çərşənbəyə öz-özünə yanırdı. Lələ təpəsinin aşağısında bulaq var imiş. Bir natəmiz adam gəlib bulağa çatıb, onda yuyunub, bulaq murdarlanıb, ondan sonra işıq da sönüb.

Minarə nənə o bulağı gördüyünü də dedi. Bildirdi ki, bu Lələ təpə ocağının suyu da (bulağı da), çırağı da var idi. Sonra sözünə davam edib dedi ki, o Lələ təpəsi əvvəllər ucu şüş təpə idi. Təpənin başında üç ağac var idi, qurumuşdu. O ağacların dibindən öz-özünə ocax-çırax yanırdı. İndi də Lələ təpəsi bizim üçün ocax kimidi, müqəddəsdi.

Burada bir haşiyə çıxmaq istərdim. Minarə nənə dedi ki, Lələ təpəsi pirinin suyu da, çırağı da var idi. Bu məqamda su və od birliyi bir müstəvidə birləşib bütövlük təşkil edir. Bu, həm də su və od müqəddəsliyini əks etdirir. Lələ təpəsinin əvvəllər mövcud olan şüş hissəsi ağacdan imiş. Bu da ağacın türk mifologiyasında yaradılış, həyat ünsürü kimi müqəddəsliyini göstərir. Daş (torpaq) da müqəddəsdir.

Belə ki, Lələ təpəsinin coğrafi landşaftı torpaqdan ibarətdir. Deməli, Lələ təpəsi torpaqdandır, pirin-ocağın təpədə yerləşməsi isə yüksəkliyi bildirir. Yaradılış ünsüründən biri olan hava ünsürü isə pirin yüksəklikdə – təpədə qərar tutması ilə müəyyənləşir. Deməli, Lələ təpəsi ocağında bulaq (su), çırax (od), torpaq (təpənin torpaqdan olması) və hava (təpənin yüksəkliyi – açıq havaya, göylərə doğru boy verməsi timsalında) adlı 4 yaradılış stixiyası birlikdə iştirak edir. Ağac isə həyatı işarə edir, üçlü dünya modelini işarələyir. Bu da bir sirdir, möcüzədir ki, ayrıca araşdırma tələb edir.

Lələ təpəsi özü də bir möcüzədir. Bəzən televiziyada da adı yanlış olaraq Lalə təpəsi kimi səsləndirilən Lələ təpəsi! Aşıqlarımızın sələfi Dirili Qurbani, qadın aşıqlarımızın sələfi Aşıq Pəri Maralyanlı, daşdan yarandığı fərz edilən əfsanəvi Aşıq Lələ – ecazkar Cəbrayıl torpağının qoynundan pərvəriş tapıblar. Aşıqlıq sənəti özü də bir möcüzədir, müqəddəs sənətdir. Aşıq olan yerdə şadlıq, çal-çağır olar. Arzu edirəm ki, Lələ təpəsi – Cəbrayıla açılan müqəddəs qapı olub, üzümüzə taybatay açılsın, digər ərazilərimiz də işğaldan azad olunsun, Cəbrayıllı çal-çağırlı günlərimizə qayıdaq!”

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 17 mart.- S.13.