Novruz zəngin maddi-mənəvi dəyərlərimizi
özündə yaşadan böyük mədəniyyət hadisəsidir
2-ci yazı
“Novruz”un türklərin
Ergenekon bayramının
davamı olması haqqında da fikirlər çox geniş yayılıb. İndi “Novruz” adı ilə keçirilən bu bayramın türklərin əski “Ergenekon bayramı” olması haqqında fikirlər vardır.
Bu mülahizəyə görə, türklərin
əskidən bəri
keçirdikləri “Ergenekon
bayramı” müəyyən
bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlayıb.
Türk tarixində “Ergenekondan çıxış” günü
“Novruz” kimi xatırlanıb və bu adla qeyd
olunmağa başlayıb. Əlbəttə ki, bu səbəbsiz
deyil. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski
türklərin 400 il əziyyət çəkərək qaldıqları
yerdən bir bozqurdun yol göstərməsi
ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və
yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları
günə və yerləşdikləri yerə
“Ergenekon” deyiblər.
Bu mənada Ergenekon
həm zamandır, xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox
zəngin bir yerdir. Türklər həmin yerə
gəldikləri günü,
həmin gündə və həmin yerdə ənənəvi
olaraq qeyd ediblər. Yeni zamanın və
məkanın qeyd olunduğu hadisə, Tanrıya alqışetmə
ritualıdır.
Baharın gəlişi, havaların istiləşməsi, qarın
əriməsi, təbiətin
canlanması bütün
insanlara olduğu kimi türklərə də dərin təsir edib, həyəcanlandırıb və
bu dəyişikliyi müxtəlif mərasimlərlə
qeyd etmələrinə
səbəb olub. Türk sözü
olan “bayram” M. Kaşğarlının “Divan”ında
“Bedhrem” (bayram) – bir yerin işıqlarla
və çiçəklərlə
bəzənməsi və
orada sevinc içində əylənilməsidir”
– şəklində izah
edilib.
Əski türklərin dini mərasim və ayinlərinin necə icra edildiyini bu və ya
başqa şəkildə
Çin və ərəb qaynaqları ilə yanaşı türk boylarının dastanlarından, xalq əfsanələri və
rəvayətlərindəki məlumatlardan öyrənirik. Hazırda əski
ənənəvi inancları
və mərasimləri
qoruyub saxlamış
Altay və Yakut şamanlarının
keçirdikləri böyük
dini mərasimlər bizim əski türklərin ayinləri
haqqında təsəvvürlərimizi
genişləndirir.
Şamançı türklərin müəyyən
vaxtlarda keçirdikləri
ayinlərin yaz, yay və payız
mövsümlərində baş
verir ki, bunların da çox qədim dövrdən qaldığı
şübhə doğurmur. Əski türk
imperatorluğu dövründə
bu ayinlərin dövlətin rəsmi dini bayramları olduğu Çin qaynaqlarının verdiyi məlumatlardan aydın olur. Yaz və payız
bayramlarında ayinlərin
icra olunması hunların zamanından məlumdur. Əski türk dininin
saxlandığı monqol
imperatorluğu dövründə
yaz bayramı və bununla əlaqəli mərasimlər
dövlətin dini bayramları olmuş və bu bayramlarda
möhtəşəm ayinlər
icra edilib.
“Novruz” tərkib
elementləri etibarilə
arxaik ritualdır, mövsüm mərasimidir,
təqvim bayramıdır
və ya milli bayramdır. Bunlardan sonuncusu,
yəni müasir milli bayram anlayışı
onların məcmusunu
özündə ehtiva
edir.
Novruzun tərkibində
arxaik ritual elementlərinin
(səməni cücərtmə,
tonqal qalama, tonqal üstündən tullanma, qulaq falı və ya qapı dinləmə,
yumurta boyama və yumurta döyüşmə, qurşaq
atdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, nəğmələr
və s.) bəzən
geniş şəkildə
və bəzən də rudimentlər kimi müşahidə olunması onu ritualşünaslıq aspektindən
də araşdırmağı
şərtləndirir.
Onların hər biri müəyyən
bir elementlə simvolizə olunur. Məsələn, təbiətlə bağlı
olan və insanların yaşayışında
mühüm əhəmiyyət
daşıyan yaz mövsümü ilə başlanan yaşıllanmanı
“səməni” təmsil
etməkdədir. Bu
element təbiətin dirilməsini
bitki səviyyəsində
simvolizə edir.
Bu kompleksin içində
ən mərkəzi mövqeyi “tonqal” tutur. Tonqalın od, alov,
atəş mənası
bir sıra türk dillərində az fərqli sözlərlə işlənməkdədir.
Tonqal əski türkcədə günəşin
doğmasını bildirən
“tanq” və günəşin qürubunu
ifadə etmək üçün istifadə
olunan “tünq” kəlmələri ilə
fonetik və semantik baxımdan əlaqəlidir. Heç şübhəsiz ki, tonqal ilk öncə günəşi
və bundan sonra da Tanq
Tenqrini simvolizə edir. Əski türklərdə günəş həm Tanrıdır, həm də yaradıcı əcdaddır.
İnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması,
ilk öncə hər
hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir. Burada əcdad
dünyasına yola salma və tonqalda
Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşməkdədir.
Tonqal üzərindən tullanarkən
söylənən “ağırlığım,
uğurluğum burda qalsın” ritual deyimi “türklərdə odun arındırıcı” funksiyası
ilə izah olunursa olunsun, bizcə bu çox
bəsit və ritualın sakral mahiyyəti ilə uzlaşmayan bir yanaşmadan uzağa getmir. Özünü oda atan, alovun içərisindən
keçən “ritual personajı”
özünü Tanq Tenqriyə qurban etmiş olur.
Bu qurbanvermə ritual və
ya simvolik xarakter daşıyır. Özünü
odda qurban verən fərd Tanq Tenqrini simvolizə
edən Tonqalda onunla birləşir, bütövləşir, “o dünyada”,
xaos məkanında olur, əcdad ruhları ilə, “tın”la təmas yaradır, orada sakrallaşır və yenidən oddan çıxaraq “bu dünyaya”, kosmos məkanına qayıdır.
Bizcə, perifrastik formada işlənməsinə
baxmayaraq, tərkibində
iki semantemi birləşdirən ritual deyiminin
– “ağırlığın(fiziki) və
uğurluğun(mənəvi)”
odda, tonqalda qalması isə fərdin fiziki və mənəvi baxımdan özünü
Tanrıya qurban verməsinin ifadəsidir.
Novruz bayramı
ərəfəsində bayram
hazırlıqları başlanır. Buraya ev-eşiyin,
həyət-bacanın təmizlənməsi,
yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması
və s. daxildir.
Bayramda müqəddəs
yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər
barışır, kasıblara
yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca,
köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Küsülülük, kommunikativ böhran
sosial xaosun ifadəsidir. Təmizlik, təzə
paltar, yeməklər,
xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz
edir. Küsülülük barışla əvəzlənəndə
sosial harmoniya bərpa olunur.
Yumurta döyüşdürülməsi
iki dünyanın-qışla
yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş
etdirməkdir. “Toxum
cücərtmək” və
ya “Səməni qoymaq” da bir
şəkildə təbiəti
canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı
pusmaq” yeniləşmənin
məlumat səviyyəsini
əks etdirir. Novruza aid olan bayram adətlərindən
biri də müxtəlif şəkildə
adlandırılan torba
atmaqdır. Novruzla bağlı
orta əsrlərə
aid yazılı qaynaqlarda
bu adətlərin zərdüştlük dönəmində
mövcud olduğu və onun xüsusi
icraçılar – Zərdüşt
kahinləri tərəfindən
yerinə yetirildiyi haqqında məlumat verilir.
Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la
əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər
öz təsirlərini
göstərib. Ən
yeni dövrün “torba atmaq” mədəniyyətində
“dəsmal atmaq” və “papaq atmaq” kimi yeni
vasitələrdən istifadə
edildiyi müşahidə
olunmaqdadır. Novruz bayramının ritual əsaslarının
təhlilindən gəldiyimiz
qənaətlərə görə,
onun yaranışı
nə zərdüştlüklə,
nə də islam dini
ilə əlaqəlidir.
Çünki burada müşahidə
olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə
bağlı icra etdikləri ortaq rituallardır.
Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 18 mart.-
S.15.