Xocavənd rayonundan toplanmış folklor mətnləri
buranın türk yurdu olduğunu sübut edir
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman
Vaqifqızının Xocavənd rayonundan toplanmış
folklor mətnlərində Qaraca Çoban obrazı ilə
bağlı maraqlı araşdırma aparıb. Araşdırmadan bu qənaət
hasil olur ki, Qaraca Çoban və yaxud Qara Çobanla
bağlı bölgədə rast gəlinən folklor
materialları düşünmək, araşdırmaq
üçün ciddi ipucu verir, bir daha sübut olunur ki,
sözügedən bölgə tarixi Azərbaycan-türk
yurdudur: “Bölgədən qeydə aldığımız
materiallar arasında xeyli sayda mifoloji mətn var. Bunların bir
qismi bütün bölgələrimiz üçün
xarakterik olan mifoloji rəvayətlərdir. Xocavənd
sakinlərindən topladığımız rəvayətlərin
bir qismini də Qaraca Çobanla bağlı söylənən
mətnlər təşkil edir. Qeyd edək
ki, “Dədə Qorqud kitabı” ilə səsləşən mətnlər
həm bizim tərəfimizdən, həm də digər
folklorçular tərəfindən başqa bölgələrdən
də qeydə alınıb. Bunların
arasında “can yerinə can vermə”, “ölümdən
qaçma” motivləri, Təpəgöz və ya Kəlləgözlə
bağlı süjetlər, eləcə də
Əzrayılın quş formasında təsəvvür
olunmasına dair materiallar daha çoxdur. Bununla
yanaşı, müxtəlif bölgələrimizdə elə
alqış, qarğış, ağı və s. mətnlərlə
üzləşirik ki, bu mətnlərin bəzən ruhunda, bəzən
də qafiyələnməsində “Dədə Qorqud”la müəyyən
səsləşmələr özünü göstərir.
Xocavənd sakinləri arasında Qaraca Çobanla
bağlı mətnlər olduqca məşhurdur. Qaraca
Çoban obrazının bu bölgədə mövcud
olması ilə bağlı ilk məlumatlara mərhum
folklorşünas Şamil Cəmşidovun “Kitabi-Dədə
Qorqud”u vərəqləyərkən” adlı əsərində
rast gəlirik. Təəssüf ki,
Şamil Cəmşidov o zaman topladığı mətnləri
nəşr etdirməyib, yalnız yığcam məlumat verməklə
kifayətlənib. Bölgəyə səfər
etdiyimiz zaman bu obrazla bağlı ilk məlumatları hələ
Xocavənd Rayon İcra Hakimiyyəti nümayəndələri
ilə görüşümüzdə aldıq. Xocavənd rayonunun Muğanlı, Əmirallar,
Qaradağlı kəndlərinin camaatı arasında bu mətnlərin
daha geniş yayıldığının şahidi olduq.
Xocavənd və Kuropatkin kəndlərindən
olan söyləyicilərimiz Qaraca Çobanla bağlı bir
neçə mətn danışdılar. Onlar
bu mətnlərin yuxarıda adlarını qeyd etdiyim kəndlərin
sakinləri olan qonşularından eşitdiklərini qeyd
edirdilər. Mətni danışan şəxslərin
demək olar ki, hamısı söylədikləri mətnləri
vaxtilə öz ata-babalarından və yaxud kəndin
yaşlı sakinlərindən eşitdiklərini deyirdilər.
Bu faktın özü ərazinin
işğalından qabaq həmin mətnlərin bölgədə
nə qədər yayğın olduğunu göstərən
faktdır. Biz sakinlərdən bu obrazla
bağlı topladığımız mətnlərin
hamısını Xocavənd rayonunun sakinlərindən
toplayıb tərtib etdiyimiz kitabda vermədik. Onlardan yalnız doqquzunu seçib ora saldıq.
Qalanlarını isə bir-birini təkrarladıqları
üçün, bəzilərini isə zəif olması səbəbindən
kitaba daxil etmədik.
Söyləyicilərə Qaraçuxa ilə
bağlı sual ünvanladığımızda onlar bəzən
Qaraçuxanı Qaraca Çobanla dəyişik salır, onun
haqqında məlumat verməyə başlayırdılar. Söyləyicilər
bu obrazı gah Qara Çoban, gah da Qaraca Çoban
adlandırırdılar. Maraqlıdır ki, “Dədə
Qorqud kitabı”nın özündə də
Qaraca Çobanın müxtəlif cür
adlandırıldığının şahidi oluruq. Dastanda
Qaraca Çobanın adı 45 dəfə çəkilib ki,
onlardan yalnız beşində obraz Qaraca Çoban
adlandırılıb, beş dəfə Qaracıq Çoban,
bir dəfə Qaracuq Çoban, bir dəfə Qarıcıq
Çoban, otuz üç dəfə isə sadəcə
çoban formasında işlədilib. Şamil Cəmşidov
Martuni, Ağcabədi və Jdanov (Jdanov – Beyləqan rayonu Sovet
dövründə bir müddət Jdanov
adlandırılmışdı) rayonlarının əhalisinin
Qaraca Çobanın adını Qaraçuq Çoban,
Qaraçuq dağını isə eyni zamanda
“Qaraçuğun dağı”, yaxud “Qara Çoban
dağı” şəklində tələffüz etdiklərini
yazır.
Xocavəndli söyləyicilərimiz Qaraca
Çobanın Qaraçuq dağının ətəyində
yaşadığını, orada qoyunlarının yataq
yerinin, su kəhrizinin olması haqqında məlumat verir,
Qaraca Çobanın bütün var-dövlətinin bu
dağda olmasını deyirdilər. Qaraçuq
dağının da “Dədə Qorqud kitabı” ilə
bağlı toponim olması məlum həqiqətdir. Bu obrazın məşhur qəhrəmanlarından
biri olan Qazan xanın epitetlərindən biri də
“Qaraçuğun qaplanı”dır. Qaraca Çobanın
Qaraçuq dağından əyilərək Xonaşen
çayından su içməsi, çox böyük
olduğu üçün öləndə bir qəbrə
yerləşməməsi, bölünərək 3, 7, bəzən
də 40 qəbirdə dəfn olunması, məzarının
uzunluğunun 200-300 metr olmasının vurğulanması nəhənglərlə
bağlı təsəvvürlərin bölgədə bu
obraza transformasiya olunduğunun sübutudur”.
Qaraçuq
dağının ətəyində salınmış
Avşar qəbiristanlığında iri qara daşlar var:
“Yerli sakinlərin dediyinə görə, bu daşlar çox
ağırdır, qaldırmaq olmur. Həm də
bu daşların yalnız burada mövcud olması, yaxın ərazilərdə
rast gəlinməməsi ilə bağlı məlumatlarla da
tez-tez qarşılaşırdıq. Xocavəndlilərin
dediyinə görə, bu daşlar vaxtilə Qaraca
Çobanın atdığı daşlardır”.
Araşdırmaçı
hesab edir ki, “Dədə Qorqud kitabı”nda Qaraca
Çobanın Dəmirqapı Dərbənddə Qazan
xanın on min baş qoyununun ardınca gələn kafirlərlə
döyüşü zamanı və Qazanın evini
qurtarmağa getdiyi zaman kafir çəngəlinə vurulan
Uruzu qurtarmaq üçün sapanddan daş
atdığından bəhs olunur. Dastanda Qaraca Çobanın
sapandı belə təsvir olunur: “Çobanın üç
yaşar dana dərisindən sapanınını
ayasıydı, üç keçi tüyindən
sapanını qollarıydı. Bir keçi
tüyindən çatlagucıydı. Hər
atanda on iki batman daş atardı. Atdığı
daş yerə düşməzdi. Yerə
dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi
obrılur idi. Üç yıladaq
daşı düşdügi yerinı otu bitməzdi. Semiz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib
yeməzdi sapanını qorqusundan”.
Xocavənd sakinlərindən qeydə
aldığımız mətnlərdə Qaraca
Çobanın həmin daşları bir neçə səbəblə
atması vurğulanır. Bu mətnlərdən
birində göstərilən səbəb “Dədə Qorqud
kitabı”ndakı sapanddan daş atma məsələsi ilə
çox oxşardır. Yəni burada da
Qaraca Çobanın dağın başında dayanaraq
üstünə gələn düşmən qoşununa
sapandla daş atmasından söhbət açılır,
amma düşmənlərin nə səbəbə gəlməsi
göstərilmir. Digər mətndə
Qaraca Çobanın ölülərini çox ağlayan
avşar camaatını qəbiristanlıqdan qovmaq
üçün Qaraçuq dağında dayanaraq buranı
daşladığından bəhs olunur. Başqa
bir mətndə Qaraca Çobanın Qaraçuqda dayanaraq
Nooruz dərəsinə daş atmasından söhbət gedir.
Qaraca Çobanın daşının
böyüklüyünü nəzərə
çarpdırmaq üçün söyləyici “Savet
dövründə nə qədər texnika varıydı, onu
sahədən çıxara bilmədi, güjü
çatmadı çıxartmağa. Heylə
böyüh qayaydı” kimi cümlələrdən istifadə
etdi. Mətnlərdən birində isə
camaatın torpaq payı böldüyü zaman Qaraca
Çobanın daş atması, daşın getdiyi məsafə
qədər ərazini özünə yataq yeri götürməsi
qeyd olunur.
“Yerli əhalinin
Qaraçuq ərazisində Qaraçuq Çobanın adı
ilə əlaqədar olaraq göstərdiyi coğrafi əlamətlərindən
“Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq
Çobanın köç yolu”, “Qaraçuq Çobanın
bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”,
“Qaraçuq Çobanın sapand daşları” və nəhayət,
“Qaraçuq Çobanın 6 hissədən ibarət nəhəng
“qəbri” diqqəti cəlb edir. Martunu, Ağcabədi və
Jdanov rayonlarında yaşayan Allahverdi Xəlilov, Həmid Xəlilov,
Xanlar Məmmədov, Qaraş Cəfərov, Surxay
İsmayılov, Xanış Məmmədov, Hüseyn Məmmədov,
Heydər Nağıyev və başqalarının
ata-babalarından Qaraçuq Çoban haqqında eşitdikləri
rəvayətlərdə deyilir: “Qaraçuq Çoban son dərəcə
nəhəng bir adam imiş, o öz doğma məskəni
olan Qaraçuq dağının zirvəsindən əyilib,
dağın yaxınlığından axan Xonaşin
çayından su içərmiş, o bir pud saqqızı
bir dəfəyə ağzına alıb çeynəyərmiş.
Onun çomağı o qədər iri imiş
ki, yanınca sürüyərkən yerdə xış kimi
cız salarmış. Qaraçuq Çoban
özünün zəncir qollu sapandına böyük qoyun
boyda daşları qoyub atmaqla basqın edən düşmənləri
qovarmış....”. Şamil Cəmşidov
Martuni, Ağcabədi və Jdanov rayonlarının əhalisinin
Qaraca Çobanın adını Qaraçuq Çoban,
Qaraçuq dağını isə eyni zamanda
“Qaraçuğun dağı”, yaxud “Qara Çoban
dağı” şəklində tələffüz etdiklərini
yazır. Ş.Cəmşidovun verdiyi məlumatların
böyük bir qismi bu gün də bölgə əhalisi
arasında yaşayır.
Söyləyicilərdən biri Qaraca Çobanın dəfnindən
danışarkən qeyd etdi ki, o zaman yazı-pozu
olmadığından, dəfndə kimlərin iştirak
etdiyini bilmək üçün gələnlərin
hamısı əllərində bir dənə qara daş gətirib
qəbrin üstünə qoyublar. Şamil Cəmşidovun
yazdığına görə, bölgə əhalisi Qaraca
Çobanın ölümü haqqında belə məlumat
verir: “Qaraçuq Çoban peyğəmbər əyyamında
yaşamışdır. Lakin o, Allahı,
peyğəmbəri tanımazmış. Bir
gün iki dərviş onun yanına gəlib, peyğəmbər
adından danışaraq, qoyunlardan qurban kəsməyi tələb
edir. Bunu qəbul etməyib dərvişləri
qovduğu üçün Allahın Qaraçuq Çobana
acığı tutub, özünü və qoyunlarını
daşa döndərib”.
Başqa bir rəvayətdə isə onun öz əcəli
ilə öldüyü göstərilir. “Qaraçuq Çoban
ölümünün yaxınlaşdığını
duyub, Qaraçuq dağının başında dayanıb,
sapandına sapandına böyük bir daş qoyub atmış
və demişdir: “Sapandın daşı hara düşsə,
məni orada dəfn edərsiniz”. Daş gəlib
Qaraçuqdan təxminən 15 kilometr aralı olan Nərgiztəpəyə
düşüb. Odur ki, öləndə
onu burada dəfn ediblər. Lakin
Qaraçuq Çobanı nə götürmək, nə də
bir qəbrə yerləşdirmək mümkün
olmadığından baş, bədən, iki qol, iki
qılça olmaqla 6 hissəyə bölüb ayrı-ayrı
qəbirlərdə basdırıblar”.
Hazırda Qaraçuq Çobanın qəbri deyə
göstərilən Nərgiztəpə adlı bu yer çox
qədim bir qəbiristanlıqdır. Burada köhnə qəbirlərin
sinə və baş daşları üzərində ox-kaman,
at, atlı, ev, kuzə və s. şəkillər
həkk edilib. Söyləyicilər bəzən
bu obrazı müasir dövrlə əlaqələndirirlər.
Qaraca Çoban haqqında informasiya verən söyləyici
sonda mətnə təəssüf hissiylə belə bir əlavə
etdi: “Onnan sora Qara Çoban çıxdı getdi, erməni gəldi
ora yelihləndi”. Erməninin bu ərazilərə
yerləşməsi çox yaxın tarixin məhsuludu. Mifoloji obraz olan Qaraca Çobanın bəzən belə
“müasirləşdirilməsi” son dövr hadisələri ilə
əlaqədar olaraq olduqca təbii görünür, söyləyici
öz yer-yurd nisgilini məhz bu formada büruzə verir. Bəzi mətnlərdə söyləyicilər
Qaraca Çobanın yataq yerinin və qoyun arxacının ermənilər
tərəfindən əkilərək məhv edilməsini də
vurğuladılar. Bütün bu deyilənlərə
əsasən belə bir nəticəyə gələ bilərik
ki, bu bölgə qədim Azərbaycan torpaqlarıdır.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 18 mart.-
S.13.