“Türk etnokosmik yaddaşının Musa
Yaqub paradiqması”
Çağdaş Azərbaycan poeziyasının
tanınmış şairi Musa Yaqubun poeziyasına həsr
olunan növbəti kitab belə adlanır. Filologiya üzrə fəlsəfə
doktoru Qalib Sayılovun qələmə aldığı kitab
"Təfəkkürdə milli kimlik”, "Əfsanəvi
poeziyada əfsanə”, şairin öz şeirinin adı ilə
həmahəng olan "Bir sabah sənindir, bir sabah mənim” və
s. bölümlərdən ibarətdir. Kitaba
filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy ön
söz yazıb. Həmin yazını
oxuculara təqdim edirik.
***
Səsi səsləyənlər
və eşidənlər...
Poeziya bütün hallarda ruhun səsidir. Bu səsə qulaq vermədən
ruhu eşitmək, ruhu eşitmədən insanı görmək,
insanı görmədən ilahi yaradılışı
anlamaq mümkün deyil... Bu yol uzun bir yoldur: sonsuzdur. Əvvəlində də – Özü,
axırında da – Özü durur. Əvvəl də,
axır da Odur...
Bu əbədi dövriyyənin hər bir dövrəsində
biz Onunla varıq. O, bizə var olmağın, Onunla olmağın
yollarını bəxş edib... Həmin yollar
iti axan çaylar kimi içimizdən, qəlbimizdən,
ruhumuzdan keçir. Hərə bir yolu tutub “ağına
düşür”... İri cüssəsində zərif
poetik duyğular bəsləyən Qalib Sayılov “ruhun səsinə”
gedib. Ruh səsləyib – o da gedib.
Gedib də səsin sahibini tapıb: Musa Yaqub. Tapıb da
doymadan bu səsə qulaq asıb...
Bu səs onu səsləyib, sözə təşnə
ruhunu bəsləyib, fitrətinə oyadıb. O zamandan Qalib Səsin səsinə
aramsız yol gedir... Hələ nə qədər
gedəcək – bilmir. Bilmək də istəmir: onluq
deyil... Ruhunu Səsə, Səsləndirənə və Səsləyənə
kökləyib. Yalnız saysız səslər
içində Səsləyini tapanda dayanır, dincəlir.
Yol getdiyinin, yolla getdiyinin fərqində olur... Düşüncəsi
özünə qayıdır, hara gəlib
çatığının, kimin qonağı olduğunun fərqinə
vara bilir. Qarşımda bir kitab var: Qalib Sayılov:
“Türk etnokosmik yaddaşının Musa Yaqub paradiqması”. Təəccübləndim:
– Nə
zaman yazdın bu kitabı?
–
Özümü dərk edəndən yazıram.
“1980-ci il idi. O vaxt mən Şamaxının Həmyə kənd orta
məktəbinin şagirdi idim. Şeirlə,
poeziya ilə yatıb, şeirlə də duran vaxtlarım idi.
Bütün şairləri oxuyurdum, lakin eləsi
olurdu ki, qəlbimin süzgəcindən keçə bil¬mirdi.
Özüm də ara-sıra şeir yazır,
tez-tez şeirlərimi “Yeni Şirvan” qəzetinə
apa¬rırdım. Və redaksiyada şeir
“müəllimlərim” çoxalırdı. Mənə sərbəst şeirin fəlsəfəsindən
“gap” edirdilər. Guya ki, qoşma, heca şeiri dərin məna
yükünə malik ola bilməz... Nə isə. Belə söhbətlərin
birində qeyri-ixtiyari M.Yaqubun “Leyləklərin çöp
yuvası boş qalıb” misralı şeirini dedim və
soruşdum bu şeir hansı vəzndədir? Araya
çökən sükutu “ustad”lardan biri pozdu: – “Nəbilim
eee”. Bununla məsələ bitdi”.
Bitmədi, Qalib bəy. Dünyada heç nə
elə beləcə bitmir. Hər bitən bir
başlanğıcdır:
O yerdə
ki həmin söhbət bitdi – Sən başlandın...
O
yerdı ki həmin söhbət bitdi – hələ otuz il bundan sonra yazacağın kitabın ilk səhifəsi
yazıldı...
Sən yazıldın, kitabın yazıldı, Musa Yaqub
yazıldı və bütün yazılar yazıldı. Və
hamımız yenidən yazıldıq və
yazıla-yazıla gedirik. Hələ nə
qədər yazılacağıq, bunu da biz bilmirik. Bildiyimiz odur ki, hamımız bir yazının
içərisindəyik və hamımız öz
varlığımızla yazılmış bir səhifəyik.
İndi bu səhifəni təzədən
özümüz yazırıq. Bu da sənin
yazındır: Musa Yaqub səhifəsi...
Dünyamızın “Musa Yaqub” yazısı yazılandan
onun haqqında çox yazılar yazılıb. Hərə
öz yazısını yazıb. Bu yazı da fəlsəfə
doktoru, folklorşünas, ədəbiyyatşünas, publisist
Qalib Sayılovundur: “Musa Yaqub irsində folklor”. Niyə “Musa Yaqub?”
Niyə “folklor?”
“Mən hələ o vaxt duyurdum ki, xalq ruhundan, xalq dilindən
uzaq düşən şai¬rin ömrü uzun olmaz. M.Yaqubun
yaradıcılığını, zəngin ədəbi
irsini, fəlsəfi görüş¬lərini dərin¬dən,
obyektiv və sistemli şəkildə öyrənmədən
XX əsrin ikinci yarısını və xüsusilə də
1960-2010-cu illər dövrü poeziyasını
işıqlandırmaq mümkün olmaz. M.Yaqub
ilkin yaradıcılığından minillər ərzində
müstəqil siyasi-dövlət həyatını
yaşa¬mış xalqın tarixi yaddaşında, qanında və
ruhunda dərin kök salmış milli istiqlal
düşüncəsinə önəm verib. Rişəsi dərinə işləyən nəhəng
ağaclar kimi poezi¬ya¬sının ruhu çox keçmişlərdən
qidalanıb”.
Q.Sayılovun kitabının girişindən
götürdüyüm bu parça, əslində, Azərbaycan
poeziya məkanında Musa Yaqub kimliyinin üzərinə
işıq saldığı kimi, elə bir ədəbiyyatşünas
olaraq Q.Sayılov kimliyinin də üzərinə işıq
salır. Bu fikirdə Q.Sayılovdan görünən M.Yaqub
var. Amma təkcə o deyil, görən də, görünən
də burada vəhdət içərisindədir. Bu mənada:
Q.Sayılova görə, şair ömrünün,
yaradıcı sənətkar ömrünün
varlığı xalqın ruhuna və dilinə
bağlıdır. Xalqın ruhundan qopan, onun dilində
danışan sənətkarın ömrü, əslində, əbədiləşir.
Xalq yaşadıqca ruhu xalqın ruhu ilə
döyünən, dili xalqın dili ilə danışan şair
də yaşayır. Elə bu kontekstdə
müəllif belə hesab edir ki, XX əsrin ikinci
yarısının öyrənməyin yolu M.Yaqub
yaradıcılığından keçir. Müasir poeziya M.Yaqubun zəngin ədəbi irsi, fəlsəfi
görüş¬ləri üzərində durur.
Bu, çox böyük qiymət deyilmi, əziz oxucu? Qalib müəllimin
öz tədqiqat obyektinə məhəbbəti burada ümman
olub aşıb-daşmırmı? Bəli,
böyük qiymətdir, ümmana bərabər qiymətdir.
Lakin bu qiymət haqqı deyən şair
sözünün qəhətə çəkildiyi zəmanəmizdə
haqqın Musa Yaqubun dili ilə hayqıran səsinə
verilmiş obyektiv qiymətdir.
Musa Yaqub doğulduğu ocağın müqəddəsliyini
bütün ömrünün mənasına çevirməyi
bacardı. Ona görə də çoxlarının qəlbində
özünə heykəl qoydu. Q.Sayılov
da bu heykəli qəlbində gəzdirənlərdən
biridir. Amma o, təkcə bununla kifayətlənmədi:
qəlbindəki heykəli qarşınızdakı bu kitabla
alim sözündən tökülmüş heykələ
çevirdi.
Q.Sayılova görə, M.Yaqub istiqlalla yaşayan, ruhu, qəlbi
istiqlalla döyünən və bütün
varlığı ilə istiqlalı yaşadan sənətkardır. Poeziyasının
səsi milli yaddaşın dərin qatlarından gəlir.
M.Yaqub canı, qanı ilə bu torpağın
daşına-kəsəyinə, gülünə-çiçəyinə
bağlıdır. Mayası yoğrulduğu qara torpaqla
cismani-mənəvi ünsiyyəti bütün ömrü
boyu bir an da olsun kəsilməyib. Elə buna görə də yaddaşı diridir.
Q.Sayılov bir ədəbiyyatşünas kimi bu
qənaətdədir ki, M.Yaqub poetik varlığının
bütün mahiyyəti onun yaddaşa canlı şəkildə
bağlılığnda ifadə olunur. Folklor
milli yaddaşın yaşadığı,
daşındığı, qorunduğu və nəsillərdən-nəsillərə
ötürüldüyü düşüncə sistemi kimi
M.Yaqub yaradıcılığından məhz yaddaş
statusunda keçir.
“Hər şeyin bir başlanğıcı var” – deyir
Q.Sayılov, – başlanğıc varsa, son da var, deməli. Lakin ix¬ti¬yari
bir nöqtədən başlanan bir hərəkət sonsuza
uzanır. Şeir də belədir: haradan
başlandığı və harada bitəcəyi məchuldur.
Bəlkə, ona görə bizdən
ağıllı babaları¬mızın bizə ərməğan
etdiyi mənəvi arsenalımız – nağıllar “biri var
idi, biri yox idi” ibarəsi ilə başlanır. “Var olan başlanğıc, yox olan isə sondur”.
Əslində nəyin “var olması”, nəyin
“yox olması” da bir koddur. Minillərdir söylənir, hələ
də deşifrə olunmayıb... Musa Yaqubu oxuduqca duyursan ki,
bu adam nağıldan gəlib, bəzən
özü bir nağılı xatırladır”.
Q.Sayılovun bu lirik-fəlsəfi fikirlərinin
altında, əslində, varlığın intəhasız,
cavabsız sualları ifadə olunub. Başlanğıc və sonun
arasında məntiq itir: insan idrakının
anlamadığı sonsuzluq başlanır. İdrak
bu sonsuzluğun qarşısında acizdir. Q.Sayılov bu sonsuzluğu və insan idrakının
acizliyinin özünü bir düşüncə kodu hesab
edir. Və yenə də belə hesab edir
ki, idrakın dərk etmədiyi sonsuzluğa qeyri-idraki məntiqlə
– nağıl məntiqi ilə yanaşmaq lazımdır.
Belə yanaşıb da M.Yaqub düşüncəsinin
bütün poetik sirrini, bədii əsrarəngizliyini
nağılda görür. Şairin
özünü dünyamızın anlaşılmaz sirlərini
bizə öz şeirləri ilə nağıl danışan
“nağıl” hesab edir. “Nağıl” özü
nağıl danışanda maddi dünyanın məntiqi
qüvvədən düşür: dünyanın “la-məkan”
və “la-zaman” kontiniumunun məntiqi, “qeyri-səlis” məntiq
başlanır. Və ən əsas nöqtə
budur ki, Q.Sayılovu bir filkorşünas kimi Azəbaycan
folklorşünalıq və filoloji məkanında fərqləndirən
başlıca keyfiyyət onun folkloru məhz qeyr-səlis məntiq
müstəvisində anlaması, dərk etməsi və beləcə
də izah etməsidir. Bu məqamda
Q.Sayılovun ədəbiyyatşünas ampluasının
özünəməxsus keyfiyyətləri boy verir. O,
Musa Yaqubun simasında həqiqi ilhamın ifadəsi olan
poeziyanı məhz qeyri-səlis məntiqin, müəllifin
son zamanlarda tez-tez işlətdiyi ifadə ilə desək,
sinergetik məntiqin təcəllası hesab edir.
Q.Sayılov üçün M.Yaqub poeziyası poetik təcəlla,
yaxud yenə də onun leksikasında olan termindən istifadə
etsək, ilahi-poetik sublimasiyadır. Şair məkanla
qeyri-məkan, zamanla qeyri-zaman arasında körpü olub
şahidi olduğu amorf materiyanı bədii materiyaya sublimasiya
edir. Bu cəhətdən elə əlinizə
aldığınız kitabda da müəllifin şirin poetik
təhlil üslübunun axarında bəzən Q.Sayılovun
düşüncəsinin gedib çatdığı səviyyəni
ifadə edən “qəliz”, “mürəkkəb” cümlələrə
də rast gəlinir. Məsələn, Qalib
yazır ki, M.Yaqubun mövzuları hamısı “xalq
çeşməsindən” süzülüb gəlirdi. Folklor mövzusu heç bir dəyişikliyə
uğramadan M.Yaqubun bütün yaradıcılığı
boyu keçir. Folklor obrazı bəzən
kosmik miqyas əldə edir, obrazın mikrokosmosu kosmosla eyni
ölçüdə olur, ona mütəvazi qurulur.
Bu fikirdə dünyamızın lap
“başlanğıcından” – mifdən gələn həqiqiqət
– makrokosmla mikrokosmun, başqa sözlə, dünya ilə
insanın eyniyyəti konsepti ifadə olunub. Sonralar bu
konsept təsəvvüfi-irfani düşüncədə
makrokosmla mikrokosmun vəhdəti ideyasına çevrildi.
Təsəvvüf əhli dünyaya – Böyük Dünya,
insana – Kiçik Dünya dedi. Yaxud insana – Kişik İnsan,
dünyaya – Böyük İnsan dedi. Bu mənada bəyan etməyi
özümə borc bilirəm ki, Q.Sayılovun “ədəbiyyatşünaslıq”
ampluasının çərçivələri “ədəbi”
olanların sərhədlərini çoxdan aşaraq, milli
düşüncənin bütün inkişaf tarixi
miqyasına qalxıb. Yenə də bu mənada Q.Sayılov
üçün “ədəbiyyat” istər M.Yaqubun
poeziyasının, istərsə də ümumən Azərbaycan
ədəbiyyatının nümunəsində milli
düşüncənin bütün ədəbi və qeyri-əbəbi
ünsürlərini varlığın ilahi nizamına
kökləyən “ədəb”dir. O, M.Yaqub poeziyasında da “ədəbiyyat”
olanı “ədəb”, yəni varlığın ilahi
nizamı, ahəngi, harmoniyası statusunda axtarır. Sınmış böyük bir güzgünün hər
kiçik parçası yenə də dünyanın həqiqətlərini
göstərdiyi kimi, Q.Sayılov üçün də M.Yaqub
poeziyasına hansı paradiqmada yanaşmağın fərqi
yoxdur. Həqiqət bütün
güzgülərdə həqiqət olaraq qalır. Q.Sayılov bu kitabında M.Yaqub həqiqətini
“folklor” paradiqmasında axtarıb. Bunu
şüurlu edib. Özünü də, ədəbi
qəhrəmanını da yenidən dünyamızın məntiqinin
pozulduğu məqama kökləyib. Bizi də
buna çağırıb. Q.Sayılova
görə, bizim hamımızın zamanla mütəmadi
olaraq nağıl olmağa, nağıllaşmağa
ehtiyacımız var. Həqiqqətlə təmas bizim
varlığımızı həqiqi fakturaya çevirir.
Qalib də bir ədəbi mediuma
dönüşüb bizi onun “ədəbi transından”
görünən M.Yaqub həqiqəti ilə ünsiyyətə
çağırır.
Əziz dostuma da, əziz oxucuya da uğurlar
arzulayıram.
Seyfəddin RZASOY
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2017.- 28 mart.- S.14.