Mübariz yaşayıb mübariz ölmək
1-ci yazı
Mən
S.C.Pişəvərini ilk dəfə Ərdəbildə
görüb onunla tanış olmuşam.
1944-cü ilin baharında o, «Sülh uğrunda mübarizə»nin nümayəndəsi kimi Ərdəbilə
gəldi, birinci Səfəvi məktəbində geniş məruzə
etdi. İkinci gün Ərdəbildə və Astarada olan,
zindandan tanış olduğu
yoldaşlarları ilə görüşdü. Təbrizə gedən gün məni görmək
istədiyini dedilər. Görüşünə
getdim. Məni görən kimi «Mən səni
şeirlərindən tanıyırdım, elə bilirdim sən
də mənim kimi saçı-saqqalı ağartmısan, sən
lap cavan imişsən. Sənin şeirlərini
mən Təbrizdə çıxan «Vətən yolunda» qəzetində
oxuyuram, xoşuma gəlir. Dilin sadədir, xalq başa
düşən dildə yazırsan...». Ədəbi
səpgidə şeir və ədəbiyyat haqqında
çox gözəl və dərin mənalı fikirlər
söylədi. Axırda: «Biz azad (dövlət tərəfindən
idarə olunmayan) ruznamələrin (qəzetlərin) cəbhəsin
yaratmışıq. «Ajirin» fars dilində
çıxmasına baxma, şeirlərindən göndər
çap edək. Tehranda azərbaycanlılar çoxdur, qoy
oxuyub tanış olsunlar...» Mən ağayi Pişəvəriyə
xoş və dəyərli fikirlərinə görə təşəkkür
etdim və mütləq şeir göndərəcəyimi də
dedim və bir neçə şeir də göndərdim. Ancaq gözlədim, şeirlərim «Ajir»də
çap olmadı.
1945-ci
ilin may ayında Bakıda Azərbaycanda Sovet hökumətinin
yaranmasının 25 illiyini bayram edirdilər. İrandan
və Təbrizdən də qonaqlar dəvət olunmuşdu.
Tehrandan Məlükül-Şura Bahar və
Pişəvəri, Təbrizdən müxtəlif təbəqələrin
nümayəndələri ilə birlikdə, şairlərdən
M.Biriya, M.M.Cavuşi, Əli Fitrət, Ərdəbildən də
mən Bakıya dəvət olunmuşduq. Bakıda
mehmanxanada Pişəvəri məni görən kimi şair
Baharla tanış etdi və sonra mənə
dedi, sən mənə 50 tümən verməlisən. Mənim bir şey başa düşmədiyimi
görüb güldü. Sonra dedi:
- Sənin
Ərdəbildən «Ajir»ə göndərdiyin şeirləri
mən qəzetdə çap etdim, ancaq qəzetdə Azərbaycan
dilində şeir çap etdiyimə görə həmin
nömrəni müsadirə etdilər və üstəlik
redaksiya 50 tümən də cərimə olundu. Biz Bakıdan Təbrizə qayıdanda Pişəvəri
Tehrana yox, Təbrizə gəldi. Azərbaycan
Demokratik firqəsinin yaranması ilə bağlı işlərlə
məşğul oldu, buradakı siyasi-iqtisadi durumu, xalqın
müxtəlif təbəqələrində mövcud olan əhval-ruhiyyəni,
arzu və istəkləri öyrəndi. 1945-ci
ilin dekabrın 12-də (21 Azər günü) Milli Məclisin
nümayəndələri Təbriz bələdiyyəsinin
salonuna yığıldılar. Məclisi
ağsaqqallar adından ağayi Şəbüstəri
açdı. Sonra Mirəhim Vilayi nümayəndələrin
siyahısını oxuyanda adı çəkilən gəlib
səhnədə qoyulmuş Qurana əlini basıb milli
hökumətə sədaqətlə xidmət edəcəyinə
and içirdi.
Qurultay 2 gün çəkdi və baş vəziri
(naziri) və vəzirləri seçdi. Baş vəzir
ağayi Pişəvəri bölgələrdən gəlmiş
nümayəndələri 2 gün qəbul etdi, arzu və
qeydlərini dinlədi. Ərdəbildən
gəlmiş nümayəndələri qəbul edəndə
bizə şahsevən tayfaları ilə dostluq etməyi məsləhət
gördü. Sonra üzünü mənə tutub dedi, sən
Təbrizdə qal, sənlə söhbətim olacaq. İki gündən sonra getdim
görüşdük. Əvvəlcə
konqrə haqda fikrimi soruĢdu, sonra konqrənin qərarları,
xüsusilə Azərbaycan dilinin rəsmi dövlət dili
olması haqda olan qərarın xalqın həyatında olacaq
təsirini izah edib uşaqların doğma dildə daha tez,
daha yaxşı savadlanmasına şərait
yaradacağını söylədi. O, elm, mədəniyyət,
ədəbiyyat haqqında söhbət açdı,
axırda sözünü yekunlaşdıraraq, «dostum M.Biriya
indi maarif vəziridir, belə fikirləşirəm ki, sən
ona kömək edəsən, birinci müavin olasan. Onun bu təklifi o qədər gözlənilməz
oldu ki, nə deyəcəyimi bilmədim, susdum. Pişəvərinin
məndən cavab gözlədiyini görəndə dedim: - «Mən
Bakıda 10-cu sinfi qurtarmışam, maarif sahəsində
heç vaxt işləməmişəm, bildiyimiz kimi Təbrizdə
qocaman müəllimlər var, mən vəzir müavini kimi
onlara nə göstəriş verə bilərəm?» dedim. O, mənə qulaq asıb dedi: “Sözlərin
düzdür, ancaq biz də dövlət idarə etməmişik,
onu da bil ki, inqilab etmək nə qədər çətindirsə
onu qorumaq, axıra çatdırmaq ondan da çətindir. İndi biz Milli hökumət qurmuşuq, nə qədər
çətin olsa da onu qorumalıyıq, tədbirləri həyata
keçirməliyik» - deyib, o, fikrə getdi. Mənə elə gəldi ki, o məndən cavab
gözləyir.
Fikirləşdim ki, bir də təkid etsə razı
olmalıyam.
Ancaq o cavab gözləmədən dedi, onda M.Çemazərlə
birlikdə Dövlət Radio Verilişlərinə rəhbərlik
elə, çalış verilişlər təmiz Azərbaycan
dilində olsun. Özün verilişlərə bax, məqalələri
redaktə elə, çünki ziyalılarımız fars dilində təhsil aldıqları
üçün yazılarında fars sözləri çox
işlədirlər. Bəzən elə olur ki,
elə bil yazılar farscadan tərcümə olunub. Mən
Pişəvərinin qeydindən sonra radioda işə
başlayan kimi verilişdə gedən məqalələri əvvəlcə
özüm oxudum, imkan daxilində fars
sözlərini Azərbaycan sözləri ilə əvəz
etdim. Pişəvərinin bu
tapşırığından istifadə edərək radioda ədəbi
gecələr təşkil etdik, bu gecələrdə ana
dilində yazılmış şeirlər, hekayələr
oxundu. Bu da dilimizin səlisləşməsinə
və saflaşmasına kömək oldu.
1945-ci ildə Təbrizdə telefonlar mərkəzlə
idarə olunurdu. Danışmaq istəyəndə əvvəlcə
telefon mərkəzinə zəng edirdin, istədiyin nömrəni
Mərkəz vasitəsilə birləşdirirdilər. Pişəvərinin tapşırığına
görə onun baş vəzirlikdəki telefonu bütün vəzirlər
ilə ayrıca xətt ilə birləşdirilmişdi.
Növbə radio komitəyə çatanda mən
telefon ustasını özümlə baş vəzirliyə
apardım. Bu zaman onun otağında bir
qadın Pişəvəri ilə ötkəm-ötkəm
danışırdı. O deyirdi ki, atadan-babadan
Yurdçuda 4 kənddə torpaqlarım var. «Nə mənim kəndçilərdən,
nə də onlar məndən narazı deyillər. Əkirlər-biçirlər, öz haqlarını
götürürlər. İndi mahalda
söhbət gəzir ki, hökumət bizim torpaqları
alıb kəndçilərə paylayacaq. Düzü, mahalda buna inanan da var, inanmayan da. Odur ki, mahalın ağsaqqalları belə məsləhət
gördülər ki, həqiqəti mən gəlib sizin
özünüzdən öyrənim». Pişəvəri
ona dedi ki, milli hökumətin ölkədə islahat
keçirmək fikri var. Min illər bundan qabaq şahların
qoyduqları qaydalara yenidən baxmalıyıq. Bir
iddənin tox, bir iddənin ac qalmasını biz düzgün
hesab etmirik. Sizin eşitdiyiniz kimi maliklərin
torpağını, xozeyinin fabrikini də əlindən almaq
fikrimiz yoxdur. Biz bugünlərdə ölkənin fabrik,
zavod və torpaq sahibləri ilə birlikdə zavod fəhlələrindən,
kəndçilərindən nümayəndələri ilə
birlikdə yığıncaq çağıracağıq, məsləhətləşəcəyik,
nə fəhlə və kəndçilərin, nə də
malik və fabrikantların haqqı tapdalanmayan, ümumin xeyrinə
bir qanun qəbul edəcəyik ki, hamı razı olsun. Sən də o məclisdə iştirak edib
Yurdçu mahalının ehtiyaclarından danışarsan.
Əzəmət xanım Pişəvərinin
bu sözlərindən sonra heç nə demədi,
razılıq edib getdi. Ancaq zaman Pişəvərinin fəhlə
sahibkar, kəndli, ərbab haqqında ədalətli fikrlərinin
həyata keçirməsini imkan vermədi...
1946-cı
ilin payızından başlayaraq gərginlik daha da artdı,
Tehran radiosu demək olar ki, hər gün Azərbaycanın əleyhinə
verilişlər verir, Pişəvəri də Təbriz
radiosundan onları ifşa edən çıxışlar edir
və bu çıxışlar «Azərbaycan» qəzetində
dərc olunurdu. Tehran hökuməti seçkilərə
nəzarət etmək adıyla Təbrizə qoşun hissələri
göndərməsini tələb edirdi, Pişəvəri
onların işğalçılıq niyyətlərini
bildiyi üçün Azərbaycan özü seçkiləri
keçirəcəyini deyirdi. Moskva Qəvəmül-Səltənənin
şimaldakı neft haqda onlara verdiyi vədə inanaraq Pişəvərinin
şah qoşunun Təbrizə seçkilərə nəzarət
üçün gəlməsinə razı olmasını istəyirdi
və bu işdə təkidli idi.
Sovetlərin bu təkidi nəticəsində şah
qoşunu Zəncana gəldi və bu işğalçı
qoşun gələn kimi Zəncanda demokratlara və əhaliyə
divan tutmağa başladı. Bu zaman vəziyyətin
gərginləşdiyini görən Pişəvəri Milli Məclisin
iclasını çağırdı. Bu məşvərət
iclasına Milli Məclisin Təbriz və Təbriz ətrafında
olan nümayəndələri toplandı. Pişəvəri
vəziyyəti qısa şərh edərək sonra milli Məclisin
üzvlərinin fıkirlərini soruşdu. Nümayəndələr hamısı bir nəfər
kimi düşmənə müqavimət göstərilməsini
və milli hökuməti müdafiə etmək qərarında
olduqlarını bildirdilər.
Bu qərardan sonra hərbi hazırlıq gücləndirildi,
Təbriz ətrafında səngərlər qazıldı,
milli qoşun mübarizəyə hazır vəziyyətinə
gətirildi.
Pişəvəri hər gün saat 18:00-da hökumət
binasının balkonunda çıxış edib əhalini
baş verən hadisələrlə tanış
etməyi və eyni zamanda düşmənə cavab verməyə
hökumətin qadir olduğundan heç bir
nigarançılığa səbəb
olmadığını deyirdi. Tehranda və Təbrizdə
olan sovet hökumətinin konsulluqları isə onun Təbrizdən
çıxmasını istəyirdilər. Belə
ağır günlərin birində mitinqə
yığışanlara Biriya müraciət edib əhalini
sakitliyə dəvət edərək şah
qoşunlarının Təbrizə seçkiyə nəzarət
etmək üçün gəldiyini və bunun heç bir
nigarançılığa səbəb
olmadığını, onların seçkidən sonra gedəcəyini
dedi. Əslində bu xəbər şəhərdə
daha çox nigarançılığa səbəb oldu.
İkinci gün də Biriya çıxıb həmin
sözləri təkrar edəndə əhali Pişəvərinin
Təbrizdə olmadığını anladı və
sonrakı gün mitinqə gələn olmadı.
Mən bu
olaylardan müəyyən müddət gizli yaşadıqdan
sonra Bakıya gəldim... Mən Bakıya
İçərişəhərdə Əli Tudənin
yaşadığı evə köçdüm. May ayının son günləri idi, havalar artıq
qızışmışdı. Bakıda
olan fədayi və tələbə yoldaşlarım
çoxu hər gün axşamüstü dəniz kənarı
parka çıxırdı. Bura bir növ
cənubluların görüş yeri idi. Bir gün
Əli ilə axşamüstü sahildən evə gələndə
qonşumuz dedi ki, sizin yoldaşlardan bir nəfər gəlmişdi,
sizi xəbər aldı. Gedəndə dedi ki, evdə olsunlar,
yarım saatdan sonra gələcəyəm. Biz yarım saatdan
sonra qapıda MH-nin maliyyə naziri ağayi İlhamini görəndə
təəccüb etdik, görüşəndən sonra
İlhami dedi:
-
Ağayi Azəroğlu, mən sizin dalınızca gəlmişəm,
aşağıda maşın gözləyir, zəhmət
olmasa geyinin gedək. Sonra da Əliyə, «yoldaş Tudə, Azəroğlu
axşam gec gəlsə darıxmayın.»
- dedi. Bu sözləri yaxşı
tanıdığım İlhami dediyi üçün
heç nə soruşmadan onunla getdim. Küçədə
maşın var idi, içəridə Ağayi Qiyami
oturmuşdu, görüşdük. Biz
oturandan sonra maşın hərəkət etdi, yenə hara
getdiyimizi bilmədim. Maşın şəhərdən
çıxıb Mərdəkan yolu ilə hərəkət
edəndə fikirləşdim ki, yəqin «Yaşıl
bağ»a, gedirik. Bəlkə Təbrizdən
təzə gələn var, görüş olacaq. Mən sonradan öyrəndim ki, getdiyimiz bağ
M.C.Bağırovun Zuğulbadakı bağı imiş. Biz ora çatanda həyətdə MH-nin vəzirlərini,
generallarını gördüm.
Biriya, M.Rəhim, Mirqasım, şairlərdən S.Vurğun, S.Rümtəm bir tərəfdə dayanıb söhbət edirdilər. Görüşəndən sonra Mirqasım yavaşdan qulağıma dedi ki, heç bilirsən bizi bu dəniz kənarındakı bağa niyə toplayıblar? Mən dinmədim. O dedi: «Əvvəlcə bizi aparıb görünən dənizdə yaxşıca isladıb sonra yaxşıca şallaq vuracaqlar ki, nə üçün vuruşmadınız, milləti, Vətəni qoyub gəldiniz». Əlbəttə bu sözlər zarafat idi. Ancaq MH-in vəzirlərini, generallarını bir yerdə görəndə adam fikirləşir ki, doğrudan da bunların vətəni qoyub qaçmasına heç cürə haqq qazandırmaq olmazdı. Ancaq məsələ heç də belə deyildi, onları təpədən-dırnağa qədər silahlanmış şah ordusunun qarşısını almaq üçün sərhəddəki cəbhədən zorla geri çağırmışdılar. Niyə? Bunu Moskva bilirdi...
Balaş Azəroğlu
Xalq Cəbhəsi.- 2017.- 30 mart.-
S.14.