Ermənilər 1918-ci ildə Bakıda mart
qırğınlarını necə təşkil etmişdilər?
1-ci yazı
99 il öncə ermənilər Bakıda və Azərbaycanın
bölgələrində çoxsaylı soyqırım
aktları törətdilər. Bu gün
dayanmadan özlərinin fağır, məzlum obrazını
yaradan ermənilərin tarixən vəhşi xislətli
olduğu isə dünyaya aydındır. Tarix üzrə
fəlsəfə doktoru Vaqif Abışov 1918-ci il Bakı
qırğını ilə bağlı araşdırmasında
bildirir ki, Qafqaz və İran cəbhəsindəki türk
qoşunları tərəfindən
sıxışdırılan və Brest sülhünün
şərtlərinə (1918-ci ilin martında
bağlanmış Brest sülhünün şərtlərinə
görə Ərdəhan, Qars və Batum Türkiyəyə
verilmişdi) əməl etməyə məcbur olan rus-erməni
qoşun birləşmələrinin bir hissəsi Azərbaycan
torpaqlarına - İrəvan, Şərur-Dərələyəz,
Qarabağ, Bakı və başqa ərazilərə gəlirdilər.
Bakıda isə bolşeviklər özlərini vətəndaş
müharibəsinə hazırlayırdılar, həmin
müharibənin nəticələri onları Bakının və
uzun müddət bütün Zaqafqaziyanın əsl sahiblərinə
çevirə bilərdi: “Əslində, Cənubi Qafqaza sahib
çıxmaq və keçmiş rus imperiyasının ərazisini
yenidən bir dövlət tərkibində birləşdirmək
V.İ.Leninin arzusu idi. Çünki Bakı
nefti Rusiyada öz hakimiyyətlərini qoruyub saxlamaq istəyən
və buna görə də vətəndaş müharibəsi
aparan bolşeviklərə çox lazım idi. Ona görə də RSFSR hökuməti S.Şaumyana
hər cür yardım etməyə
çalışırdı. Bu
yardımların içərisində hərbi və maddi
yardım xüsusilə üstünlük təşkil edirdi.
1917-ci ildə Bakı Sovetinə keçirilən
seçkilərdə üstünlük qazana bilməyən
bolşeviklər silah gücünə hakimiyyətin ələ
keçirilməsinə üstünlük verirdilər. Bu dövrdə Bakıda Daşnaksütyun
partiyası və erməni milli şurasına tabe olan
yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi.
Daşnakların hərbi hissələri
yaxşı təlim görmüş və türklərə
qarşı dərin nifrət ruhunda tərbiyələnmişdilər.
Erməni milli hərbi hissələri Q.Korqanovun
yaratmağa başladığı silahlı qüvvələrlə
birləşdi. Bakıda mart
qırğını ərəfəsində
Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun
keçmiş polkovniki, “Daşnaksütyun” partiyasının
üzvü Z.Avetisov idi. Qafqaz cəbhəsinin
ləğv olunması nəticəsində vətənə
qayıtmalı olan rus alaylarının əsgər və
zabitləri də silah və sursatları dəyər-dəyməzinə
ruslara (molokanlara) və daha çox ermənilərə
satırdılar. Bakı bolşeviki Avakyan
vəziyyətindən və vəzifəsindən
asılı olmayaraq komitəyə gələn bütün
ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki,
ciddi silahlanırdılar, şəhərin ermənilər
yaşayan hissəsinə, ermənikəndə və
onların yaşadığı Bakı kəndlərinə
silah, patron, pulemyot daşınırdı. Bütün bunlar S.Şaumyanın rəhbərlik
etdiyi Bakı Sovetinin gözü qarşısında baş
verirdi. 1828-ci ildən 1918-ci ilədək, yəni
çar Rusiyasının əsarəti altında olduğu 90 il ərzində azərbaycanlılar heç
vaxt orduya çağırılmamışdı. Ona görə də azərbaycanlıların hərbi
təcrübəsi, demək olar ki, yox idi. Belə bir vəziyyətdə təpədən
dırnağa qədər silahlanmış və uzun müddət
hərbi təcrübəyə malik olan ermənilərin
qarşısına çıxmaq olduqca çətin idi.
1918-ci ildə Bakıda hakimiyyət uğrunda üç
siyasi qüvvə arasında ciddi mübarizə gedirdi: birinci
qüvvəyə daşnaklar, sağ eserlər və
menşeviklər, ikinci qüvvəyə bolşeviklər və
sol eserlər, üçüncü qüvvəyə isə
müsəlman təşkilatları ilə ittifaqa girən “Müsavat”
partiyası daxil idi. Lakin mübarizənin
şiddətli bir vaxtında birinci iki qüvvə erməni-rus
bolşeviklərin rəhbərliyi altında müsəlmanlara
qarşı birləşdi”.
S.Şaumyan
1918-ci il martın 15-də
çıxış edərkən “Bakı Soveti Zaqafqaziya vətəndaş
müharibəsinin mərkəzinə və istehkamına
çevrilməlidir” demişdi. O yazırdı: “Bizim siyasətimiz
- vətəndaş müharibəsidir. Kim bu
siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”.
Birinci
Dünya müharibəsi başlayanda Türkiyə ərazisinə
daxil olan rus ordusunun tərkibində 8 erməni alayı da var
idi: “Onlara türklərin qatı düşməni Andronik,
Dro, Hamazasp, Kerri, Canpoladyan, Banduxt, knyaz Arqutinski, Xeço rəhbərlik
etmişdilər. Bu erməni alayları
Türkiyə torpaqlarında ağır məğlubiyyətdən
sonra Azərbaycan ərazisinə soxularaq burada azərbaycanlılara
qarşı kütləvi qətliamlar törətməyə
başlamışdı. Həmin erməni
silahlı dəstələrinin bir hissəsi sonradan Bakıda
real hakimiyyətə malik olan və S.Şaumyanın rəhbərlik
etdiyi Bakı Sovetinin əsas hərbi qüvvəsinə
çevrilmişdi. Ümumiyyətlə,
Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən
ibarət idi. 3-4 minlik daşnak qoşun
hissələri də Bakı Sovetinin ixtiyarına
verilmişdi. N.Nərimanov
daşnakların məkrli siyasətini özünün “Qafqaz
işğalına baxış” adlı məqaləsində
açıb göstərmişdi. O yazırdı ki,
daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində
göstərdilər ki, onlar “Böyük Ermənistan”
arzularını həyata keçirmək üçün istənilən
halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya
imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi
partiya hesab olunurdular, Vorontsov-Daşkovun dövründə onun
ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı
idilər. Bunun səbəbi onda ki, Vorontsov
müharibədən sonra “Böyük Ermənistan”
yaratmağa söz vermişdi. 1918-ci il
mayın 16-da fəhlələr qarşısında
çıxış edən S.Şaumyan bildirmişdi ki,
müsavatçıların Bakını muxtar Azərbaycanın
paytaxtı elan etmək planı vardı. Onu
qorxudan Azərbaycanın muxtariyyəti, Azərbaycan türklərinin
müstəqil dövlət olmaq şansı idi. Heç cür razılaşa bilmirdi ki, Azərbaycan
müstəqil olsun. S.Şaumyan
yaxşı başa düşürdü, nə qədər
ki, Müsavat partiyası və Müsəlman Milli
Şurası mövcuddur, onların təkhakimiyyətliliyi
mümkün olmayacaq. Çünki
Bakının müsəlman (azərbaycanlı) əhalisinin
hamısı Müsavatı və Müsəlman Milli
Şurasını müdafiə edirdi. Həmin
təşkilatların əhali arasında nüfuzu
günü-gündən artırdı. Əyalətlərdə
də tam üstünlük Müsavat partiyasının və
Müsəlman Milli Şurasının tərəfində idi.
Sovet tarixçisi S.E.Sef qeyd edirdi ki, bolşeviklərə
silahlı mübarizə aparmaq üçün yalnız bəhanə
lazım idi. Həqiqətən də hadisələrin
sonrakı gedişi S.Şaumyan və onun ermənilərdən
ibarət ətrafının şəhərin müsəlmanlar
yaşayan hissəsinə hücum etmək üçün
yalnız bəhanə lazım olduğunu sübut etmiş
oldu. Belə bir bəhanə “Evelina” gəmisində
Lənkərana getməyə hazırlaşan əsgərlərin
tərksilah edilməsi hadisəsi oldu.
Martın 29-da Ş.Əsədullayevin oğlu, zabit
Əli Əsədullayevin komandanlığı altında
“Dikaya diviziya” hissələri Lənkərandakı öz hərbi
hissələrinə getmək üçün Bakı
limanında “Evelina” gəmisinə minmişdilər. Şəhərdə
çoxsaylı erməni silahlı dəstələrinin
olmasına göz yuman Bakı Soveti
martın 29-da gəmi ilə Lənkərana qayıtmaq
üçün toplaşan müsəlman zabit və əsgərlərini
S.Şaumyanın tapşırığı ilə tərksilah
etdi. Bu təxribatın təşkilatçıları
çalışırdılar ki, azərbaycanlıları
cavab hərəkətlərinə sövq etsin və onlara
qarşı əsl müharibəyə başlamaq
üçün bəhanə əldə etmiş olsunlar.
S.Şaumyanın qabaqcadan
hazırladığı təxribat baş tutdu və bu, vətəndaş
müharibəsinin başlanması üçün siqnal oldu.
Kimin birinci atəş açması əhəmiyyət
kəsb etmirdi. Əsas odur ki, 1918-ci il
martın 30-da axşam saat 6-da Bakı əsas döyüş
meydanına çevrilmişdi. Təxribatın əvvəlində
özlərinin bitərəfliyini bildirən erməni milli
şurası və ona tabe olan bütün erməni silahlı
qüvvələri, sonradan S.Şaumyanın rəhbərlik
etdiyi Bakı Sovetinin tərəfinə keçdi. Erməni-rus qüvvələrinin azərbaycanlılara
qarşı mart qırğınına başlaması ərəfəsində
menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri
ilə onlara kömək göstərdi, daha doğrusu,
S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini
müdafiə etdilər. Bakı sovetinin rəhbərləri
şəhərin bütün əhalisinə
ünvanladığı müraciətində özlərinin
bəd niyyətlərini gizlətmək üçün
yalandan beynəlmiləlçilikdən dəm vuraraq yüzlərlə
fəhlə müsəlmanı
silahlandırdıqlarını bildirirdilər. Halbuki Bakı Sovetinin hərbi-inqilabi komitəsinə
rəhbərlik edən Korqanovun yaratdığı “inqilabi”
orduya bir nəfər də olsun azərbaycanlı qəbul
edilmirdi. Ermənilər isə yeni
yaradılan orduya cəlb edilərək ciddi
silahlandırılırdı. Bu faktı
erməni müəlliflərinin özləri də etiraf
etmişdilər. Suren Şaumyan yazırdı: “Bakı
soveti ordusunun yalnız adı sovetlərin
siyahısındadır, əslində həmin ordu erməni
milli şurasına tabe idi”.
Bolşeviklər martın 31-də bütün
mübarizəni öz üzərinə götürən
inqilabi müdafiə komitəsi yaratmışdılır. Bu komitənin
tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Suxartsev (sol eser),
S.Şaumyan və başqaları daxil idilər. Eyni zamanda, mart döyüşləri günlərində
Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko,
komissarı isə S.Martikyan idi. Yeni
yaradılan erməni-bolşevik komitəsi aprelin 1-də səhər
tezdən bütün qüvvələri ilə hücuma
keçmişdi. Bakıda azərbaycanlılar
erməni silahlı dəstələrinin aktiv fəaliyyətini
gördüyündən, özünümüdafiə tədbirləri
görməli və silaha əl atmağa məcbur idilər.
Lakin azərbaycanlıların hərbi təşkilatı
və sursatı kifayət qədər deyildi, hətta demək
olar ki, yox dərəcəsində idi. Belə
olan halda təbii ki, mübarizədə azərbaycanlıların
qalib gəlməsi mümkün deyildi. Arxiv
sənədlərində qeyd olunur ki, erməni milli komitəsinin
hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik
etdiyi erməni silahlı dəstəsi müsəlmanların
yaşadığı ərazilərə atəş
açmağa başlamışdı. Martın
19-da səhər tezdən, hələ müsəlmanların
oyanmadığı bir vaxtda erməni əsgərləri
hücuma keçdilər. Ermənilərin
birinci hücumu şəhərin “Kərpiçxana”, “Məmmədli”
adlandırılan hissəsinə istiqamətlənmişdi.
Burada yaşayan əhalinin demək olar ki,
hamısı müsəlman idi. Şəhərin bu
rayonu və başqa müsəlman rayonları dənizdən
“Ərdəhan” və “Janr” hərbi gəmilərinin
toplarından atəşə tutulurdu, ermənikənd tərəfdən
isə toplardan atəş açırdılar. Erməni hərbi hissələri bolşevikləri
müdafiə bəhanəsi ilə azərbaycanlılara
amansızcasına və qəddarcasına divan tuturdular.
Rusların Xəzər dənizində olan hərbi
donanması ermənilərin fitvasına uyaraq müsəlmanların
sıx yaşadığı məhəllələri top atəşinə
tutdu. Bu atəş nəticəsində “Təzə
pir” məscidinin minarələri ağır zədə
aldı. Mənbənin verdiyi məlumata
görə, rus matrosları müsəlmanlara qarşı
çıxmaq istəmirdilər. Ermənilər
onları da aldadaraq inandırmışdılar ki, müsəlmanlar
rusları, ümumiyyətlə, bütün xristianların
hamısını doğrayıblar. Lakin matroslara
aydın olanda ki, müsəlmanlar ruslara nəinki
toxunmayıblar, əksinə, onları müdafiə edib və
yedizdiriblər, yalnız bundan sonra top atəşini
dayandırdı”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 30 mart.-S.13.